525.Az

"Vətən qələbələr yürüşündədir" - Rafiq Ələkbərin şeirləri


 

"Vətən qələbələr yürüşündədir" - <b style="color:red">Rafiq Ələkbərin şeirləri</b>

Şair Rafiq Ələkbər 25 aprel 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İndiyə qədər 10-a yaxın kitabı işıq üzü görüb. İstanbulda da şeirlər kitabı nəşr olunub. Ədəbi yaradıcılığına görə bir neçə mükafata layiq görülüb. Şeirlərindən nümunələri oxuculara təqdim edirik.

Vətən qələbələr yürüşündədir

(8 Noyabr Zəfər Günümüzə)

Vətən alqışlayır qədəmlərini,
Çoxdan gözləyirdik bu böyük günü.
Dərbənd gülümsəyir Xəzərə baxıb,
Elə bil açılıb Təbrizin eyni.

Adınla fəxr edib coşur ürəklər,
Yeni Zəfərlərlə yaşa, Vətənim!
Çoxdan tilsimdəydi Şuşanın ruhu,
Ruhun azad oldu Şuşa-Vətənim.

Dünya heyran oldu bu qələbəyə,
Bu Zəfər dillərdən-dillərə gəzər.
Ulu Qarabağın xilası sanki,
Böyük İstanbulun fəthinə bənzər.

Bu Zəfər yazılıb şəhid qanıyla
Azadlıq naminə yüz yol and içdik.
Düşmənin qurduğu istehkamları,
Bir "Dəmir Yumruq"la dağıdıb keçdik.

Yadlara əzəldən gözdağı olub,
Türkün düşmən bağrı yaran Ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur - Turan ordusu...

Murov dağlarına Ağrı əl edir,
Kəpəz Savalanın görüşündədir.
Behşitdə rahat yat, Xətai babam,
Vətən qələbələr yürüşündədir.

Nizami günəşi

(2021-ci il Prezident İlham Əliyev tərəfindən "Nizami Gəncəvi ili" elan edildi)
 
Sənət zirvəsində, söz zirvəsində,
Ən uca zirvədi, dağdı Nizami. 
O, Şərqin ən müdrik işığı idi,
Şərqə günəş kimi doğdu Nizami.

Döndü qibləsinə bütün taxtların,
Sözlə sarayları yandırdı-yaxdı.
Şahların taxtından əzəmətliydi,
Sözün qüdrətindən qurduğu taxtı.

Sirli elmlərin açarı onda,
Çağlayan dənizdi çoşqun sinəsi.
Sanki bu dünyaya yol göstərirdi,
Böyük Nizaminin söz xəzinəsi.

Ona qibtə etdi hətta fatehlər, 
Dünyanı bürüdü şöhrəti, şanı.
Bərdəni, Gəncəni vəsf edən şair,
Heç vaxt tərk etmədi Azərbaycanı.

İlahi vergiydi hikmət boğçası,
Odda bişirəcək hər kəlməni o.
Göylərin izniylə yenilməz etdi,
Odlar diyarının Ağ Elmini o.
 
Dünya ədalətdən uzaq düşübdü,
Yayılan sədası-haqqın harayı.
Uymadı yadların şirin dilinə,
Gəncədə ocağı -Turan sarayı.

İlahi paylarla sözü yoğurub,
Sözün meracında ucalan şair. 
Qorqud müdrikliyi, Fitnə hünəri
Türkün pak ruhunda qocalan şair. 

Nurunu göylərdən götürən ustad,
Allahla yaratdı bir Bağ, Nizami.
Vətən səmasında şəfaətçidir,
O böyük övliya, o şeyx Nizami.

Göylərdə ev ucalt savab daşından
Ömür dediyimiz qaraçı köçü,
Beşiyi məlumdur, məzarı harda?!
Sonda barışırıq taleyimizlə,
Onu biz yaşadıq, Yazarı harda?!
Harada gizlədək sevincimizi,
Həyat itirməsin bu incimizi.
Vuraq qayalara külüngümüzü,
Görək, qəm-kədərin azarı harda?!
Ruhum dil açmasa sərtləşir ürək,
Ağır əzablara qatlaşır ürək.
Yatdıqca yuxuda yadlaşır ürək,
Bilinmir gileyi-güzarı harda?!
İki əllə yapış ömür yaşından,
Bəzən o ayırmır yazı qışından.
Göylərdə ev ucalt səvab daşından,
Soruşma bu yerin bazarı harda?!

Rafiq ƏLƏKBƏR

 





05.03.2021    çap et  çap et