525.Az

Halımın yuxa yerin saxladım bayatıya - İlham Qəhrəman


 

Halımın yuxa yerin saxladım bayatıya - <b style="color:red">İlham Qəhrəman</b>

Mindiyin bəy atı ya!
Nə söhbət bəy atıya?!
Halımın yuxa yerin
Saxladım bayatıya.

***

Ulduzlar aya sızlar,
Bulaqlar çaya sızlar,
Varlı mayadan yeyər,
Neyləsin mayasızlar.

***

Dağlara qar yağırdı,
Dağdan bir səs çağırdı.
Tabutuma güc verin
Dərdlərim çox ağırdı.

***

Dəryaya qayıq düşər,
Qayıqçı ayıq düşər.
Bacım çox ağlamasın,
Məzarım duyuq düşər.

***

Qəm çəkdim sayrı düşdüm,
Kəm bəxti əyri düşdüm.
Sonayam səfim vardı,
Vuruldum ayrı düşdüm.

***

Durna, teli sana qoy,
Arı, balı şana qoy.
Qəribəm tanıyan yox,
Qəbrimə nişana qoy.

***

Bağ-bağat yolağ oldu,
Bağbanı çolağ oldu.
Sinəmdə bağ becərdim,
Dərd dərdə calağ oldu.

***

Sayaram bir cüt, bir tək,
Təsbeh dolanar pər tək.
Heç yerdə dil açmadın,
Pəltəksən, dərdim, pəltək.

***

Axşam nə, ertə nədi,
Yaxın nə, ötə nədi?!
Ağ günlər barmaq sayı,
Qara gün çitəmədi.

***

Od vurdum yana kağız,
Halımı qana kağız.
Şair də toxucudu,
İp sözdü, hana kağız.

***

Yorğaraq ürgə getdi,
Buruldu mülkə getdi.
Dədəm, nənəm qeyb oldu,
Üstümdən kölgə getdi.

***

Canımda adsız nisgil,
Ya aç, ağla, ya aç, gül.
Könül dərviş üstədi,
Nə xirqə var, nə kəşkül.

***

Bu gələn nəyə gələ,
Qəm odun düyə gələ.
Keçmiş havalı könül,
Keçmişə dəyə gələ.

***

Gül üstə yatan səni,
Saxlayar butan səni.
Məndə o ürəkmi var,
Gözümdü tutan səni.

***

Şirin olar yar dadı,
Gözdən salar hər dadı.
Görən heç soruşurmu -
Zəhləm qaçan hardadı?!

***

Gülü şaxından görək,
Azı çoxundan görək.
Ürək deyir: Qalx gedək,
Yarı yaxından görək.

***

Könül evi uçuxdu,
Dam üstünə kim çıxdı?!
Ürək yay pəncərəsi,
Hər vaxt sənə açıqdı.

***

Nə sevdadı yasalı,
Göz yanağa su salı?!
Mən sayınca qeyb oldun,-
Bir gizlənpaç misalı.

***

Qızılgülün gül vaxtı,
Gül üstündən gül baxdı.
Yara varmaq qorxulu,
Hər bir yanım çildaxdı.

***

Dünyagirlər taxt sevir,
Taxt tutanı baxt sevir.
Könül axar su kimi,
Səni vaxt-bivaxt sevir.

***

Körpü salan ad salır,
O tay-bu tay yurd salır.
Canan maşallah olsun,
Cana odsuz od salır.

***

Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu
Xınalı qoçu kəsin.

***

Ağac yarpağı sevər,
Əsgər bayrağı sevər,
Daha mən torpaq oldum,
Sevən torpağı sevər!

***

O düşmən fasıq getdi,
Dabanı basıq getdi.
Elə qorxdu - Şuşadan
Quyruğu qısıq getdi.

***

Bağ salan cərgələdi,
Tutunu silkələdi.
Şükür, əsgərlərimiz
Yurdu süpürgələdi.

***

Mən görən yar saxlayıb,
Üzündə ar saxlayıb.
Əsgərin payı deyib
Ağaclar bar saxlayıb.

***

Gözəllik aşıq salır,
Hissi qarışıq salır.
Qələbə çıraq kimi
Vətənə işıq salır.

***

Telini dara bəri,
Ağ yana, qara bəri.
Varmı elə bir dəyər,
Zəfərin bərabəri?!

 





05.03.2021    çap et  çap et