525.Az

Ruhun ruhumun göy qurşağıdı!.. - Anım


 

Ruhun ruhumun göy qurşağıdı!.. - <b style="color:red">Anım</b>

Cəmil Əlibəyovun "Mənim analı dünyam" romanını neçə dəfə oxumuşam. Zaminin düşüncələrini düşüncələrimə tən bilmişəm.

Əsəri hər oxuyanda bir daha əmin olmuşam ki, hamının analı dünyası ruhunun dünyasıdı. Analı dünyanın səyyarəsi dünyanın səyyarələrinə bənzəmir, ayları-illəri bütün yaşlarda oğulların-qızların ömrünün beşiyidi. Mənim analı dünyam son nəfəsiməcən işığını uğurumdan - yolumdan, yaşantılarımdan - ömrümdən, közünü - közümdən, sözünü - sözümdən əsirgəməyəcək. Analı dünyam ona görə müqəddəsdi...

Ana adı gələndə salavat çevirsək, Allaha da xoş gedər...

Yeniyetməliyimdə ünlü Rəşid Behbudovun oxuduğu "Ana" mahnısının gözlərimdən yaş üzdüyünü hiss etməmişəmmiş. Onda anamın əlləri saçlarıma daraq olmuşdu. "Gözlərinə qurban olum, ay oğul..." - demişdi. Boynuna sarılmışdım. "Ay ana..." - pıçıltım dodağımda közə dönmüşdü. Fikrimi tamamlaya bilməmişdim. Mənə elə gəlmişdi ki, indiyəcən yaşadığım illərdə bundan müqəddəs anım olmayıb, yaşayacağım illərdə də olmayacaq...

İllərdi analı dünyamdan iraq düşmüşən. Analı dünyamda dünya nə qədər gözəliydi, İlahi, nə qədər gözəliydi! Qüdrətim olsaydı, analı dünyamın gözəlliyini beş-üç kəlmə ilə ifadə edərdim. Təkcə mən yox, kimsə analı dünyasının ecazkarlığını sözlə ifadə edə bilməyəcək, heç zaman buna qüdrəti çatmayacaq. Bunu heç zaman bacarmayacaq. Ana adının böyüklüyünə görə...

Bayaqdan bəri anamın ruhuyla kəlmələşməkdəyəm:

Laylalarını xatırlaya bilmirəm, ay ana. Onu bilirəm ki, sənin bayatıların bütün anaların bayatılarından fərqlənərmiş. Bacım Səadət də belə deyir. Sənin bayatıların çox gözəl, çox şeiriyyətli, çox düşündürücü, çox həyati olub. Belə olub ki, balaların dum-duru ömür yaşayıb...

Sənin də uşaqlığın müharibə illərinə düşüb, ay ana. O illərin ağrı-acılarını, gizlin-aşkar qubarını sən də yaşamısan. Ananı itirəndə dörd yaşın olub, sonra atanı itirmisən. Qardaşların davadaymış, hayançın yoxuymuş. Hayançın göydə Allah olub, Yerdə özün olmusan. Kiçik qardaşın Ələsgərlə yetim qalmısan. Dərdini kimsəyə açmamısan. Dünyamalı kişinin qızının xiffət çəkdiyini kimsənin duymasını istəməmisən. Sənə elə gəlib ki, bunu kimsə duysa, atanın ruhu səndən gileyli qalar. Ürəyin qan ağlasa da, kiçik qardaşını təhsildən ayırmağa məcbur olmusan. Zamanənin üzü qara olsun, "sümüyünüz bərkiməmiş" ikiniz də kolxozda işləmisiniz.

Qardaşın Surxaydan "qara kağız" gələndə göz yaşlarını Ələsgərdən gizlədə bilməmisən, gecənin üzünə pıçıldamısan:

Dərd bir olar, dərd beş olar, çəkərsən.
Necə çəkim bir ürəkdə min dərdi?!.

"Dərd gələndə batmanla gəlirmiş"; qardaşın Surxayın oğlu Ələkbər dünyadan qəfil köçüb. Onun 2 yaşlı bacısı Sahibə sənin himayəndə böyüyüb...

Kolxoz idarə heyətinin qərarı ilə səni Ağdama, kolxoz sədri hazırlayan kursa göndəriblər. Kursu bitirib Canbara qayıtmısan. İşləmisən. Candərdi işləməmisən, can yandırıb işləmisən. Sonralar bizə deyərdin ki, halal çörək şirin bərəkətdi, a bala. Özün o illərdə halal çörək qazanmısan. Harada işləmisənsə, həmişə yaşıdlarından öz zəhmətsevərliyin ilə fərqlənmisən və sayılıb-seçilmisən. Rayon komsomol komitəsinin büro üzvü olmusan, Azərbaycan komsomolunun qurultayına nümayəndə seçilmisən. "Şərəf nişanı" ordeni ilə, rəşadətli əməyə görə Lenin yubiley medalı ilə təltif edilmisən. Dəfələrlə sosializm yarışının qalibi olmusan. Əmək veteranı medalı veriblər sənə. Dəfələrlə kommunist əməyi zərbəçisi olmusan...

İnsanlarla səmimi ünsiyyət və mehriban münasibət qurmaq bacarığın sənə el arasında sonsuz xətir-hörmət qazandırıb. İnsansevərliyin, sadəliyin, əməksevərliyin, şirin dilin, qayğıkeşliyin, el-obanın xeyir-şərində can-dildən iştirakın sənə bitib-tükənməz el məhəbbəti qazandırıb. Hər yaşı artan qadın elin ağbirçəyi sayılmayıb. Elin ağbirçəyi olmusan, El sənin kimi ağbirçəyin bir sözünü iki eləməyib. Ağbirçəkliyin neçə-neçə ailənin uğurlu təməlini qoyub.

Bizə - balalarına, bala bildiklərinə "Vətəndən ayrı düşənin sağ canı ayrı düşər" deyərdin, həm də illərin o üzündə qalanlardan danışardın. Baban Ələsgərdən, atamın babası Məhəmməddən, sonralar Canbar kəndində bulaq kompleksi tikdirən, Xustub dağına gedən yolun dar cığırdan ibarət 100-150 addımlıq uçurum hissəsinin qayalıqlarını yardıran Zeynəb nənəndən - Ələsgər babanın halalından, Qaçaq Nəbiyə kişi kimi dayaq duran əmin İldırımdan, Qaçaq Nəbinin ona bəxşiş göndərməsindən, İldırımın iki qoluzorlunu qol-qola çatıb atlarına mindirməsindən, babam Dünyamalının Gorus türməsinə niyə salınmasından, sonra nələrdən, nələrdən danışardın. Bunlar təkcə tarix, olmuşlar, yaşanılmışlar deyilmiş, ay ana, bunlar bizə - ciyərparalarına tarix dərsi imiş. İllər sonrası o dərs hər birimizin həyatının işığına, hər birimizin düşüncələrinin nuruna döndü.

Birinci sinfə getdiyin günü unutmurdun, unuda bilmirdin. Surxay dayıma görə unuda bilmirdin. "Elini ən şirin sözü kimi, görər gözü kimi, ocağının közü kimi sevərdi qardaşım. Ona görə davadan qayıtmayanda el yanıb-yaxıldı...", - deyərdin. Deyərdin ki, mən birinci sinifə gedəndə yağışlı günüydü. Məktəblə evimizin arası heç 100-120 addım da olmazdı. Surxay məni qucağında apardı ki, ayağım palçığa batmasın. Məktəbdə hamı mənim təp-təzə paltarlarıma, bir də qup-quru ayaqqabıma baxırdı. Surxayın üzündə iki damcı yaş gördüm. İllərdi o yaş ürəyimə axır, ay oğul. Ürəyimə axır...

Kövrələrdin, ay ana, bizi də kövrəldərdin. Göz yaşını baş yaylığınla silib deyərdin ki, dayınız Surxaya oxşayın. Dayınız tay-tuşlarına da, qohum-əqrəbaya da deyərmiş ki, kəndimizin hər qarışı bizə əzizdi, deməli, rayonumuz əzizdi, deməli, Azərbaycanımız əzizdi. Bizim kənddə biz, o biri kəndlərdə o biriləri elə yaşamalıdır ki, elə yaşamalıyıq ki, bu torpaqlara yad ayağı dəyməsin...

Ancaq dəydi. 1993-cü ilin oktyabrında Zəngilan işğal olundu. Ruhundan aralı düşənlərin dərd bacısı oldun. Dili bayatılı anaydın, ay ana. Hər mətləbi bayatıyla deyərdin. Bayatını bitirər-bitirməz yanağını közə döndərən göz yaşlarını silə-silə qardaşın Surxayı xatırlayardın: "Bizi bayatıya, şeirə, şeiriyyətə sən alışdırmışdın, a qardaş. Bu bayatıları səndən nişanə bilirəm. Balalarımı da belə böyüdürəm. Duyumları dayılarına oxşasın deyə...", - deyirdin...

Qaçqınlıqda bircə dəfə də özünə görə asılanmadın, el-obanın intizarına görə yeri-göyü qınadın, qınanılasıları qınadın. Əlini işdən ayırmazdın ki, dərdini unuda biləsən. Unuda bilməyəcəyini bilsən də, belə edərdin. Üzü Zəngilana sarı baxardın, Allah günaha yazmasın, ruhunun ziyarətgahına baxar kimi baxardın. Son nəfəsinəcən belə yaşadın, anam mənim. Sənin bu yaşantıların - Canbarsız, Zəngilansız günlərin, ayların, illərin həsrəti 12 nəvənin, 16 nəticənin nənə, böyük nənə öyüdü oldu:

... dənə sarı,
Saçlarım dənə sarı.
Canım qara torpağa
Ruhum Vətənə sarı.

Bu bayatın necə ömür yaşadığının söz heykəliydimi, ay ana? Səndən sonra bu bayatı Vətənsevərlərin dilinin əzbəri olmalı deyildimi?

Nəvələrini həmişə başına toplayıb keçmişdə xalqımızın başına gətirilən müsibətlərdən ürək yanğısı ilə söhbət açardın, onları Vətəni sevməyə, hərbi xidmət borclarını şərəflə yerinə yetirməyə, doğma və müqəddəs torpağı göz bəbəyi kimi qorumağa, lazım gələrsə, məqamında şəhid olmağı məsləhət görərdin. Onlara böyük sevgi və məhəbbətlə vətənpərvərlik dərsi keçmisən. Keçdiyin vətənpərvərlik dərsləri artıq öz müsbət nəticəsini verib:

Nəvən Rəhman mayor rütbəsində baş zabit kimi xidməti vəzifəsini şərəf və uğurla davam etdirir. Vətən müharibəsi başlayanda könüllü döyüşlərə getdi, kişi kimi döyüşdü, sağ olsaydın ona "Surxayıma oxşamısan..." deyərdin. Qalib Azərbaycan əsgər və zabitləri ilə birlikdə Vətənə oğulluq borcunu sənin də arzuladığın səviyyədə yerinə yetirdi. İlham baş leytenantdı, İldırım leytenantdı, İldırımın bacıları Sevda, Səidə ordumuzda hərbi xidmətdədi. Orxanla Natiq ehtiyatda olan zabitdi, Natiq Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisidi... Nəticən balaca Bayram "Mən babam Bayram müəllim kimi olacam", - deyir. Öz ecazkar uşağlıq şıltaqlığı ilə gələcəkdə nəslin layiqli davamçısı olacağına xoş ümid və inam yaradır. Sənin ruhunun işığında böyüyür balaca Bayram. Belə olacağına necə inanmayaq?!

Orxan əlbəyaxa döyüşlər üzrə beşqat dünya çempionudu. Sağ olsan, "balamın qollarını fil də əyəmməz" deyərdin. Yerə-göyə inandığım kimi inanıram ki, Orxanın hər döyüşünü sənin ruhun uğurlayır...

Ruhun şad olsun, ay ana! Zəngilanımız, Canbarımız işğaldan azad edildi. Azərbaycan Ordusu düşməni torpaqlarımızdan nəyə layiqdirsə, həmin səviyyədə də qovdu. Göz torpağı götürmüşdün Canbardan, əzizlərin vəsiyyətinə əməl eləmişdi...

Sağ olsaydın, bu gün yenə dan yeri sökülər-sökülməz boynuna sarılardım, əlindən öpərdim, saçlarından öpərdim. Sənin göz yaşların mənim kürəyimi isladardı, mənim gözyaşlarım sənin kürəyini. "Mən yaşda adama nə bayram, a Bayram?", deyərdin. "Sən varsan deyə hər gün mənə bayramdı, ay ana", - deyərdim. Məni bağrına basardın. "Dayına oxşamısan" kəlmələri dodaqlarında közə dönərdi; təəssüf şükranlığa qarışardı, şükranlıq təəssüfə...

Bayaqdan bəri ruhunla dərdləşirəm, ay ana. Ruhuna deyirəm ki, bayramın mübarək. Ruhuna deyirəm ki, 27 il bayramları candərdi qeyd edən anamın ruhuna builki təbrik çox yaraşır. Zəngilan azad edilib deyə, Canbardan düşmən nəfəsi çəkilib deyə.`..

Anaların ruhu balalarının səsini eşidir, nəfəsini duyur. Ruhun ruhumun göy qurşağıdı, ay ana!..

 





05.03.2021    çap et  çap et