525.Az

Qarabağdan Ermənistana qaçan ermənilərin 85 faizi geri qayıtmaq istəmir


 

Qarabağdan Ermənistana qaçan ermənilərin 85 faizi geri qayıtmaq istəmir<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Fransanın Daxili İşlər Nazirliyi Qarabağda Azərbaycanın ərazi bütövlüyünə qarşı vuruşmuş 10 nəfər erməni əsilli vətəndaşı ilə bağlı təhqiqata başlayıb. Görək ABŞ-a Azadlıq heykəli hədiyyə edən fransız xalqı Azərbaycanın azadlıq və müstəqilliyinə də eyni ədalətlə yanaşa biləcəkmi? Bu, əslində, Parisin özünü müdafiəçisi elan etdiyi dəyərlərə hörmətinin nümayişi olardı. Yoxsa terrorçuları dəstəkləmək Böyük Fransa inqilabının vətəninə yaraşmaz!

***

- "Arsaxpress" xəbər verir ki, 44 günlük müharibə zamanı Martuni (Xocavənd) rayonunda Azərbaycan tərəfinin artilleriya atəşləri nəticəsində 578 baş iribuynuzla mal-qara, 872 baş qoyun, 820 donuz gəbərib. 792 baş iribuynuzlu, 565 baş xırdabuynuzlu mal- qara isə xəbərsiz-ətərsiz itkin düşüb. panarmenian. net 3.03.2021.

Əcəb işdir!

İndiyə qədər bunlar gəbərdilmiş, yaxud itkin düşmüş ikiayaqlılarının dəqiq sayını müəyyən edə bilməyiblər. Amma heyvanlarla bağlı statistikaları mükəmməldir.

Deyəsən, Corc Oruellin uzaqgörənliklə təsvir etdiyi əsl "Animal farm" ("Heyvanıstan") respublikası qonşuluğumuzda qurulacaq...

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi faydalı bir rəqəmsal resurs hazırlayıb. Amma istifadəsinə başlamaq istədikdə rəqəmsal deməyinə peşman olursan.

Randevu sistemindən - COVİD-19 əleyhinə vaksinasiya üçün onlayn növbə sistemindən istifadə etmək üçün FİN kod yetərli deyil.

randevu.its.gov.az saytına daxil olduqdan sonra gərək mütləq şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi də sistemə daxil edilsin.

Görəsən, onda FİN kod nə üçündür?

Normalda isə FİN kod daxil edilən anda vətəndaşla əlaqəli vacib məlumatlar görünməliydi.

Sistemdə əks əlaqə imkanları da nəzərdə tutulmayıb.

Məəttəl qalırsan ki, bunları kim hazırlayır, kim bu resursları testdən keçirib istismarına razılıq verir görəsən. Eyni qüsurlar dəfələrlə təkrarlanır.

Dövlət qurumları öz rəqəmsal həllərini işə salmazdan öncə e-Gov-a cavabdeh qurumla razılaşdırmırlarmı görəsən?

Ölkədə e-Gov sahəsinə mövcud qanunvericilik tələb edir ki, bütün dövlət qurumlarına məxsus informasiya sistemləri inteqrasiya olunmalıdır. Hansısa bir dövlət qurumunda vətəndaşla bağlı məlumat varsa, digər dövlət qurumları bu məlumatları elektron və ya kağız formada vətəndaşdan tələb etməməlidir.

Təəssüf ki, göründüyü kimi, bu, belə deyil.

Ümid edək e-Gov-a cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi bu sahədə səylərini gücləndirəcək. 

Asif Nərimanlı, jurnalist:

- 44 günlük müharibə zamanı Qarabağdan Ermənistana qaçan erməni ailələrin 85 faizi geri qayıtmaq istəmir, 15 faizi isə ya Qarabağın böyük şəhərlərinə - Xankəndi, Xocavənd - qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi düşünür.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (United Nations High Commissioner for Refugees, UNHCR) sifarişi ilə hazırlanan 22.01.2021 tarixli araşdırmanın nəticələri...

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri:

- Metro açılsın, toylar bərpa edilsin deyənlər, yəqin yoluxmada artmaqda olan tempi görmürlər. Azərbaycan Çexiyanın gününə qalsa, necə olacaq? Çexiya Şərqi Avropada ən yaxşı səhiyyə sistemi və tibbi sığortası olan ölkələrdəndir. Amma xəstəliyin qarşısını ala bilmirlər. Yenidən qapanmaya doğru gedirik. Dinamika bu templə getsə, tezliklə dekabr vəziyyətindən daha pis olacaq. Peyvəndləşmə sürəti isə yaxın bir ildə kollektiv immunitetin yaranmasına imkan verməyəcək. Ayda 200 000 vaksinasiya olsa bu edir 100 000 nəfər (vaksinasiya və revaksinasiya). Bir ilə 1 200 000. Altı aydan sonra isə yenidən vaksinasıya olunmaq lazımdır. Bir sözlə, vəziyyət yaxşı deyil. Nəzərə alnmalıdır ki, bizdə test sayı qonşu ölkələrə nisbətən dəfələrlə azdır və deməli qeydə alınan yoluxma real sayı göstərmir. 

Vahid Qazi, yazıçı-publisist:

- Varşavada insan haqları mövzusunda beynəlxalq konfransların birində rus əsgərlərinin Çeçenistandakı vəhşiliklərindən bəhs edən film göstərirdilər. Gözü dönmüş əsgərlər dinc əhalini - qadın, uşaq, qoca demədən güllələyirdilər, yalvarana belə aman vermirdilər.

Ürək paralayan kadrlardan hamı şoka düşmüşdü. Kədərli baxışlarda təlaş, qorxu vardı. Ekranda gördüklərim məni də sarsıtmışdı, amma Xocalı qurbanlarını Ağdam məscidində gördüyümdən idi, ya nə səbəbdənsə, mən başqalarından sakit idim.

Dünyaca məşhur hüquq müdafiəçiləri, siyasi-ictimai xadimləri kimi ağlayır, kimi inildəyir, kimi də donub eləcə baxırdı. Birdən zalda nalə qopdu. Neçə adam eyni vaxtda fəryad elədi. "Oh my god!"

Filmdə yana-yana qaçan at göstərilirdi!

Rus əsgəri bir atın üstünə benzin töküb kibrit çəkmişdi.

O vaxtdan hardasa 25 il keçib. Hələ də düşünürəm, niyə o adamlar dirigözlü güllələnən körpələrə, yalvaran qadınlara yox, yanan ata nalə çəkdilər?

İnsanı anlamaqdan çətin işmi var...

Deyir, bu gün Beynəlxalq Yazıçılar Günüdür. İnsanı anladan əsərlər çox yazılıb, mənə görə elə əsl yazıçı da onları yazanlardır. Təbrik etmək istədim onları bu gün.

Məsələn, ağlıma bu anda gələn bu əsərləri yazmış yazıçılar kimisini...

Emin Piri, jurnalist:

- Keçən dəfə "Tarqovı"da gəzirdim, dedim bir çay içim. İki çaynikə hesab 39 manat oldu. Bayaq yenə oralarda idim, bu kərə dedim ucuz kafedə oturum. Arazda oturdum. Ta nə bilim... İki çaynik çay və 20.90 qəpik. A kişi, bir çimdik quru çaydı da, bunlar adamı lap bolşevik edər.

Dediklərinə görə, o çayniklər rəqs də edə bilir.

Vüqar Əli, Sosial şəbəkə istifadəçisi:

- Erməni mənbələrinə əsasən Azərbaycan əsgərləri Qubadlıda Gorusla sərhəddə səngər qazır. Ermənilər qorxuya düşüb.

 





05.03.2021    çap et  çap et