525.Az

Hər birimizin vətəndaşlıq borcu - Məqalə


 

Hər birimizin vətəndaşlıq borcu - <b style="color:red">Məqalə</b>

Heç kim qanundan üstün deyil.

İlham Əliyev

İnsanların əksəriyyəti getdikcə başa düşür ki, cəmiyyətdəki mənəvi dəyərlər sistemində mövcud qanunların tətbiqində neqativ proseslər cərəyan etməkdədir və bu pozuntuların qarşısını almaq, onun sürətini azaltmaq və nəhayət, prosesi dayandırmaq vaxtı çatıb. Dövlət başçısı təxminən bir ildən çoxdur ki, bu istiqamətdə ciddi tədbirlər həyata keçirir. Özünü "toxunulmaz qüvvə" hesab edənlər pərən-pərən düşüb, hərə öz canının hayındadır. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının dediyi fikirlər bütün bunları bir daha sübut edir: "Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir".

Bu gün cəmiyyətimizdəki xoşagəlməz halların (korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə, ədalət prinsipinin pozulması) qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər mənə yazqabağı ağaclar daha yaxşı bar gətirsin deyə aparılan "budama" prosesinı xatırladır. Təbiətdə olduğu kimi, cəmiyyətdə də dövlətçiliyə xələl gətirən, insanlıqla bir araya sığmayan, ümumi inkişafımızı ləngidən dərin kök salmış "alaq otlarını" zərərsizləşdirməyin zamanı gəlib çatıb. Həm də bu mühüm və mürəkkəb prosesin mümkün qədər sürətlə aparılmasına ehtiyac var.

Məsələnin mənəvi-psixoloji tərəfi daha acınacaqlıdır. COVİD-19 pandemiyası səbəbindən bütün dünyada yaşanan iqtisadi böhrana, sosial problemlərə görə onsuz da gərginləşən cəmiyyət haqsızlıq, ədalətsizlik, özbaşınalıq görəndə bir qədər də bədbinliyə uğrayır. Artıq optimist kimi tanıdığımız dost-tanışlarımızın belə, ümidsizliyə qapıldığını görürük. Vətəndaş amilinə hər zaman prioritet kimi yanaşan dövlətimiz cəmiyətdə baş verən bütün neqativ halların təkamül çərçivəsində həllinə cəhd edir. Bu gün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirmək və dəstəkləmək hər bir vicdanlı, vətənpərvər insanın mənəvi borcudur. Etiraf edək ki, bu yükün altından çıxmaq o qədər də asan deyil. Bu, tək Prezidentin işi kimi qiymətləndirilməməli, ümumxalq məsuliyyəti kimi dəyərləndirilməlidir. Dövlət başçısı korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, məmurların qeyri-təvazökar davranışlarına qarşı sərt mövqeyini ictimaiyyət qarşısında açıq səsləndirir. Baş verən qanunsuzluqlar barədə ən sərt tənqidi mövqeni elə Prezident özü vurğulayır və bu halların  aradan qaldırılması üçün həm hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, həm də medianın, digər ictimai nəzarət institutlarının, hətta adi vətəndaşların belə öz funksiyalarını yerinə yetirməsinin vacibliyini dəfələrlə dilə gətirir.

Biz, bir qədər əvvəl dediyim kimi, kütləvi budama - təmizləmə əməliyyatına şahidlik edirik. Bu işdə hər birimiz öz töhfəmizi verməyə çalışmalıyıq. Şumlama torpağı çevirərək hər şeyi qarışdırmaq, kol-kosu ayırıb yenidən əkib-becərmək deməkdir. Bizim buna ehtiyacımız yoxdur. Bu gün baş verənləri sadəcə təmizləmə prosesi kimi qiymətləndirməli, buna əsla inqilabi don geyindirməməliyik. Çünki tarix boyu inqilablar qurucu deyil, dağıdıcı xarakter daşıyıb. Bunu təhlil etmək üçün təkcə 90-cı illərə nəzər yetirmək kifayətdir. Xatırlasanız, bir daha əmin olarsınız ki, o zaman baş verənlər inqilabın əlamətləri idi. Həmin illərdə yaxşı və pis hər nə var idisə, yenidən qurmaq məqsədilə tamamilə dağıdıldı. Necə deyərlər, qurunun oduna yaş da yandı. Dağıdıcı ünsürlər sanki son fürsətdir deyib ölkəni alt-üst etdilər. Bütün sahələr viran olundu. O zaman törədilən dağıntıların tör-töküntüsünü hələ də yığıb-yığışdıra bilmirik. Yaxşı ki, neft və qaz kimi təbii sərvətlərimiz, ən əsası isə bu sərvətlərdən məntiqli və məqsədyönlü şəkildə istifadə etməyi bacaran möhkəm siyasi iradəyə, liderlik bacarığına malik dövlət başçımız var idi. Əks halda nə baş verəcəyini təsəvvür etmək belə istəməzdim. On ilə qədər bir müddət şumlanmış torpağı yenidən hamarlayıb məhsuldarlıq üçün münbit şərait yaratmağa sərf olundu. Təəssüflər olsun ki, torpağa qarışıb cücərti verən alaq otları indi yenidən baş qaldırmağa başlayıb.

Ötən 15-16 il ərzində baş verən proseslər, ən əsası da 44 günlük Vətən müharibəsi çox sirləri açdı, çox gizlinləri üzə çıxardı. Nə yaxşı ki, bu illər ərzində cəmiyyətin özünüqoruma instinkti qorunub saxlanmışdı. Kimsə inkar edə bilməz ki, qazandığımız Qələbədə xalqımızın güclü iradəsi, dözümlülüyü, ruh yüksəkliyi mühüm rol oynadı. İlk gündən hər birimiz bir toplum kimi dövlət başçısının ətrafında birləşib gələcəyə nikbin baxdıq, qalib gələcəyimizə şübhə etmədik. Bir daha əmin olduq ki, insan istədiyi hər şeyə zəhmətlə, əzmlə nail ola bilər. Bu istək, bu inam bizdə bu gün də var. Fürsəti isə Allah şans olaraq ayağımıza gətirib. Ədalətə, qanunun aliliyinə, yüksək mənəvi keyfiyyətlərə, ədalətə söykənən cəmiyyət qurmaq üçün gözəl imkan yaranıb. İndi biz seyrçi mövqeyində qalmamalıyıq. Qazandığımız qələbə yeni təmizləmə, saflaşdırma prosesinə təkan verdi. Bu imkan, bu münbit şərait bir daha təkrar olunmaz. Mən elə hesab edirəm ki, dövlətçiliyimiz üçün 2020-2021-ci illər ən məsuliyyətli illər kimi qiymətləndirilib, nəticə çıxarılmalıdır. Bu tarixi sınaqdan üzüağ çıxsaq, mənən rahatlıq tapa bilərik. Əksini fikirləşmək belə istəmirəm. Ədalətin, qanunun hökm sürəcəyi bir dövlətdə yaşamaq istəyi, arzusu daha üstündür. Bu məqsədə inanıb yaşamalı, mübarizə aparmalı, hakimiyyət tərəfindən həyata keçirilən təmizləmə prosesində yaxından iştirak etməliyik. Əlimizdən nəsə gəlməsə belə, ən azından susmamalıyıq. Çünki bu dövlət, bu ölkə orada yaşayan xalqa mənsubdur. Dövlətimizə, ölkəmizə, cəmiyyətimizə sahib çıxmağın əsl zamanıdır. Ədalətsizliyə dözüm əqidəsinə yox deyib, quruculuq işinə qoşulmalı, başlanmış saflaşma prosesinə mümkün dəstək verməliyik. Hər kəs öz gücü və bacarığı ilə əminliklə dayanmadan irəli getməlidir. Biz ədalətə və qanuna söykənən dövlətin vətəndaşı ləyaqətini saxlamaq naminə fədailik etməkdən çəkinməməliyik. Bu, necə deyərlər, hər birimizin vətəndaşlıq borcudur.

 





05.03.2021    çap et  çap et