525.Az

Qatilləri öz xalqı cəzalandırmalıdır - Telman Orucovun yazısı


 

Qatilləri öz xalqı cəzalandırmalıdır - <b style="color:red">Telman Orucovun yazısı</b>

Cənubi Qafqazda sülh şəfəqi

(Əvvəli ötən saylarımızda)

Qatilləri öz xalqı cəzalandırmalıdır

Həm Birinci Qarabağ müharibəsində, həm də 2020-ci ildəki müharibədə minlərlə gəncin qanı axmışdır. Həlak olanlar hər iki millətə - azərbaycanlılara və ermənilərə məxsus idi. Onların gənc həyatı erməni qəsbkarlarının acgöz iştahasının qurbanı olmuşdu. Məhz onlar Azərbaycan ərazisində qan gölü yaratmağa can atırdılar.

Hər iki müharibəyə erməni qatı millətçiləri start vermiş, qonşu xalqı əzablara məhkum etmək məqsədini güdmüşdülər, bilavasitə onlar bu qanlı dramın başlanmasına və davam etməsinə qərar vermişdilər. Qərəzsiz, tam obyektiv təhlil göstərir ki, uydurduqları çox sayda bəhanələrə baxmayaraq, müharibə təşəbbüskarının Ermənistan olduğuna heç bir şübhə yeri qalmır. Bu dövlət Dağlıq Qarabağda bədnam separatizm hərəkatı başlayandan müxtəlif təhrikçilik hərəkətlərinə əl ataraq (Sumqayıt hadisələri də onların sırasına daxildir), etirazların dinc müstəvidən çıxıb, silahlı toqquşmalara keçməsinə cəhd göstərdi, Xocalı qətliamı təşkil edildikdən sonra vuruşların iri hərbi texnikanın iştirak etdiyi qanlı müharibəyə çevrilməsinə nail oldu. Ermənistan ordusu Azərbaycan ərazisinə daxil olub, əsl işğalçılığa, dinc əhalini qırmağa, şəhər və kəndləri viran qoymağa başladı. 1992-1993-cü illər ərzində Şuşa da daxil olmaqla, səkkiz rayonun ərazisi işğal edildi və onların əhalisi zorakılıq qarşısında ev-eşiklərini tərk edərək, məcburi köçkünlərə çevrildilər. Dağlıq Qarabağ ərazisində və Ermənistanda, demək olar ki, bir azərbaycanlı ailəsi də qalmadı, ermənilər onları doğma yurd-yuvalarından qovdu.

Ermənistan ordusunun azərbaycanlılara qarşı amansızlığı ilə müqayisədə tarixdəki ən dəhşətli hadisələr də sönük görünür. Romalılar bizim eradan əvvəl 146-cı ildə Karfageni dağıdıb, məhv etmişdilər. Alman nasistləri 1937-ci ildə İspaniyada general Frankoya kömək məqsədilə təyyarə bombardmanı ilə basklar ölkəsindəki Gernika şəhərini, II Dünya müharibəsi ərzində isə İngiltərənin Koventri və Fransanın Oradur şəhərlərini yerlə-yeksan etmişdilər. Bu hadisələr müxtəlif dövrlərdə dörd ölkənin şəhərlərinin məhv edilməsi ilə əlaqədardır. 1992-1993-cü illərdə Ermənistan Azərbaycanın səkkiz şəhərini və yüzlərlə kəndini dağıtmaqla, yandırmaqla Yer üzündən silmiş, tarixdə heç bir bənzəri olmayan vəhşilik törətmişlər.

Günahkarlar Dağlıq Qarabağ separatizmini qızışdıran erməni qatı millətçiləri ilə yanaşı, bu separatizmə rəvac verib, ondan sui-istifadə edərək Azərbaycan  ərazisinə soxulan Ermənistan ordusu idi. Lokal silahlı toqquşmalar Ermənistanın istəyi və bilavasitə iştirakı ilə qızğın döyüşlərə, əsl müharibəyə çevrildi. Daha yaxşı silahlanmış güclü Ermənistan qoşunları azərbaycanlıların könüllü batalyonlarının müqavimətini qırıb, əsl işğal əməliyyatları apardı. Müharibəni ilk olaraq Ermənistan başladı və bizim böyük ərazidə torpaqlarımızı zəbt etdi, məhz Ermənistan ordusu bizim əraziyə girmiş, təkcə müharibəyə start verməklə kifayətlənməyib, onu qızışdırmışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində ardıcıl olaraq atəşkəsi pozmasına cavab olaraq, hücuma keçdi və onlara ağır zərbələr vurdu. Ermənistan döyüşlərdə çox sayda canlı qüvvə və hərbi texnika itkisinə məruz qaldı, onların ordu sıralarında fərarilik da geniş yayılmışdı.

Minlərlə erməni gənci Ermənistan rəhbərliyinin cinayətkar siyasəti nəticəsində cəbhədə həlak oldu, əsir düşənlər də az deyildi. Belə bir səfeh misal irəli sürülə bilər ki, onlar Azərbaycan əsgərlərinin güllə atəşlərindən həyatlarını itirmişlər. Əlbəttə, müharibə gözəllik müsabiqəsi deyildir, burada canlı qüvvəni və hərbi texnikanı məhv etmək üçün müxtəlif növ silahlar işə salınır. Səbəb araşdırılsa, Ermənistan ordusu Azərbaycan ərazisinə soxulmuşdu, nə 90-cı illərdə, nə də 44 günlük son müharibədə Azərbaycan əsgərlərinin ayağı Ermənistan ərazisinə dəyməmişdi. Ona görə də həm azərbaycanlı, həm də erməni əsgərlərinin qatilləri, məhz Ermənistanın siyasi və hərbi rəhbərliyidir. Separatçılara kömək adı altında Ermənistan ordusu qonşu dövlətin suveren ərazisinə yeridilmişdi. Bu ordu təkcə döyüşmürdü, həm də mülki insanların qanını axıdır, şəhər və kəndləri viran qoyur, xarabazara çevirirdi.

Ermənistan rəhbərliyi geniş miqyaslı vandalizmin yeni, daha dəhşətli növü olan hayizmə görə tarix qarşısında cavab verməlidir. Evləri dağıdılmış, yandırılmış on minlərlə Azərbaycan ailələri Ermənistandan vurduğu ağır maddi ziyanın ödənilməsini tələb edəcəkdir. Ancaq heç bir təzminat azərbaycanlılara vurulan ağır maddi və mənəvi ziyanın əvəzini verə bilməz.

Erməni valideynlər isə öz övladlarını işğal və onu əbədiləşdirmək məqsədilə ölümə göndərən öz siyasi rəhbərliklərindən cavab tələb etməlidirlər. Həlak olan cavanlar azərbaycanlı əsgərlərin gülləsi ilə cəzalandırıldıqları halda, onların əsl qatilləri məhz Ermənistan rəhbərliyi, ölüm zəmisindən bol bəhrə götürmək məqsədini güdən erməni qatı millətçiləridir.

Erməni marginalları minlərlə gəncin öz həyatlarını itirməsinə görə tam məsuliyyət daşıyırlar. Onların çirkab suyu timsalındakı ideyaları və təbliğatı iki xalq arasında düşmənçilik toxumu səpməklə, müharibənin getməsinə yol açmışdı.

Təbliğat olduqca qorxulu işdir, o, millətin şüurunda ciddi dəyişiklik etməyə müvəffəq olur. Gobbelsin başçılıq etdiyi nasist təbliğat maşını yüksək intellektual səviyyəyə malik olan alman xalqını qısa müddət ərzində qatillər millətinə, ölüm düşərgələri yaradanlara və onları idarə edənlərə, yəhudilərin bütünlüklə məhvinə çalışan vəhşilərə çevirmişdi. Mənfur irqçilik təbliğatının təsiri altında bir neçə il ərzində qatillər yetişdirən istixana mühitində xalqın böyük əksəriyyəti öz mənəviyyatını tamamilə itirməyə sövq edilmişdi.

Ermənilər arxitekturalarında geniş işlətdikləri tuf daşı və öz lokal tarixlərinə düşmüş qatı millətçiləri ilə öyünürlər. Tuf vulkan püskürəndə meydana gəlmişdirsə, əksinə, xalqın mübarizə qüvvəsi sönəndə qatı millətçilər səhnəyə çıxmışdılar. Tufdan Yerevanın binaları inşa edilmiş, milli qəhrəmanlar da yerli simvollara çevrilmişdilər. Parfenon, Panteon, Borobudur, Bağlı şəhər, Vasili Blajennı kilsəsi tuf daşından tikilmədikləri halda, dünya şöhrətinə malikdilər. Erməni milli simvol nümunələri də Spartak, Uilyam Uelles, Janna Dark və Skandarbeqlə müqayisə edilə biləcək bir səviyyəyə yaxınlaşa da bilməmişdilər.

Ermənistanda millətçilik yüksək ideologiya hesab olunur. Erməni xalqı özünə təlqin etdiyi müstəsna olması fikrini uşaqların da şüuruna yeridir. Bunun isə ən xırda əsası belə yoxdur. Nə qədər ki, ermənilər öz uydurduqları miflərin girovu olaraq qalacaqlar, onlar başqa xalqlarla qarşılıqlı münasibət qura bilməyəcəklər. Bu köhnəlmiş toksik yük, nəhayət, müasir ideya gəmisindən kənara atılmalıdır.

Millətçiliyin yoluxucu xəstəliyinə məruz qalan xalq daim faciələrlə üzləşir. Totalitar rejimlər əgər düşüncə azadlığını əzirsə, qatı millətçilik normal insani münasibətlərə qənim kəsilir. Qızmış beyinlər öz sərsəm ideyalarının zəfəri naminə bütün insan hisslərini məhdudlaşdırmağa çalışır.

2020-ci ildə onların burnu Azərbaycanın qələbəsi ilə möhkəm əzildi, artıq onlar taqətdən düşmüş, xeyli zəifləmişlər. Təskinlik tapdıqları xülyalarla da onların gücü elə böyük deyildir ki, Azərbaycana və ya başqa bir ölkəyə hansısa bir təhlükə törədə bilsin. Lakin güman etmək olar ki, bu güc öz xalqını yenidən daha ağır vəziyyətə salmaq iqtidarındadır. Erməni xalqı onların yalanlarından, sayıqlamalarından, bu dözülməz əsarətdən xilas olsa, öz mənəvi qamətini düzəldə biləcəkdir. Xalq öz daxilində mövcud olan xəyanətkar qüvvəni ən mənfur ehtiras kimi boğmağı bacarmalıdır.

Vaxtilə Azərbaycana qarşı dövlət terrorçuluğu ilə məşğul olan Ermənistan daha ağır qaydada cəzalandırılmağa layiq idi. Həmin dövrdə ABŞ prezidenti işləyən Bill Klinton terrorizmi "bizim nəslin düşməni" adlandırmışdı. Təəssüf ki, onun özü də daxil olmaqla, bütün dövlət və hökumət başçıları Ermənistanın Azərbaycana qarşı terrorçuluğna göz yummuşdular. 

Ermənistan siyasi rəhbərliyinin və erməni qatı millətçilərinin son otuz il ərzindəki fəaliyyəti cinayətkarlıq törətməyə istiqamət götürmüşdü və axırda onlar buna görə cavab verməli oldular. Lakin onların qana batmış əllərini, Şekspirin obrazlı ifadəsi ilə desək, heç okean suları da təmizləyə bilməz. Əllərindəki qurumayan, yoxa çıxmayan qan izi onlar üçün ən ağır cəzaya çevriləcək və onları hamıya daha yaxşı tanıtdıracaqdır.

Ermənistan uçurumun kənarında

Məğlubiyyətdən sonra Ermənistanda vəziyyət xeyli gərginləşmişdir. Müxalifət hərbi uğursuzluğun bütün günahını Nikol Paşinyanda görür, onu "xain" adlandırırlar. Hətta ordunun 40 nəfər yüksək rütbəli zabiti onun istefaya getməsini tələb edir. Belə çıxır ki, müharibəni ordu, generallar deyil, yalnız baş nazir uduzmuşdur və az qala məhvə məhkum olmuş ordunun rəhbərliyinin bu mövqeyi təəccüb doğurmaya bilməz. Görünür, onlar bu yolla hakimiyyəti ələ keçirməklə, 20 il ərzində Ermənistana hökmranlıq edərək, ölkəni talamaqla məşğul olan əvvəlki Koçaryan-Sarkisyan xuntasını bərpa etmək istəyirlər. Həmin dövrdə orduya ayrılan vəsait də mənimsənilirdi, onu qidalandırmaq üçün olan ərzaq da oğurlanırdı, işğalı davam etdirmək üçün arxalandıqları əsgərləri də yarıac saxlayırdılar. Hazırda ölkədə böhran zəifləmək bilmir, baş nazirlə prezident arasında da narazılıq mövcuddur. Rusiya və Türkiyənin prezidentləri Ermənistandakı vəziyyətdən narahatlıqlarını ifadə edib, tərəfləri ölkədə sakitliyi bərpa etməyə çağırmışlar.

Tarixdə məğlub ordunun baş qərargah rəisinin oxşar tələbi I Dünya müharibəsinin sonunda Almaniyada baş vermişdi. General Erix Lyudendorf ordunu məhv olmaqdan xilas etmək üçün imperator II Vilhelmdən Antantaya sülh təklif etməyi tələb etmişdi. Bağlanan sülh həm də kayzerin taxt-tacdan əl çəkməsinə səbəb olmuşdu. Ermənistanda isə generallar fürsətdən istifadə edib öz hərbçi formalarını siyasətçi qiyafələri ilə əvəz etmək eşqinə düşmüşlər. Yerevanda hələlik mitinqlər dinc xarakter daşıyır, bu, məhvərdən çıxsa, ölkəni vətəndaş itaətsizliyi bürüyəcəkdir, həmin variant isə vətəndaş müharibəsinə gətirib çıxara bilər. Erməni qatı millətçilərinin aludə olduqları oyun bir gün hökmən öz başlarında çatlamalı idi.

Yaxşı haldır ki, ölkədə reallığı düzgün qiymətləndirənlərin də səsi eşidilir, onlar hər cür kompromislərə getməyi, güzəştlər hesabına Azərbaycanla razılığa gəlməyi təklif edirlər. Çünki dövlət ağır günlərini yaşayır və zaman, 44 günlük müharibəyə qədər istehza obyekti saydıqları Azərbaycanın xeyrinə işləyir. İş o yerə çatmışdır ki,  artıq Azərbaycanla birbaşa sərhəddə olan Sünik (keçmiş Zəngəzur) mahalının sakinləri özlərini heç də rahat hiss etmirlər.

Paşinyan öz sadəlövhlüyünün cəzasını çəkir, o, generalların hər cür yalanlarına inanırdı. Onlar naşı baş naziri inandırmışdılar ki, yeni müharibə başlasa, Azərbaycan daha çox ərazi itirəcəkdir. Ona görə də, o, illiyuzor qələbə qanadlarında uçacağı ümidi ilə yaşayırdı. Qələbə ona yeni, xüsusi status gətirəcəkdi, mənfur nümunəyə uyğun olaraq bütün dünya erməniləri bir-birini salamlayanda "Barev Paşinyan!" nidasını qışqıracaqdı. Döyüş vaxtı da hərbçilər onu aldatmaqda davam edirdilər. Qubadlıdakı növbəti uğursuzluqdan sonra onu inandırdılar ki, Azərbaycan ordusu tələyə salınıb məhv ediləcəkdir və bu yalanın əsasında o, lovğa bəyanatla çıxış etdi. "Tələ" isə rəqib ordunun Laçın dəhlizinə çıxması ilə nəticələndi. Şuşaya hücum olmayacağına da onu inandırmışdılar, 8 noyabrda ordumuz öz doğma şəhərini işğaldan azad etdi.

Paşinyan faciəli siyasi fiqurdur, müharibədən gözlədiyi dividend əvəzinə, fiasko ilə üzləşdi. Yaponiya imperatoru da ölkəni militarizmə sürükləyənlərə inanıb, Asiyaya hökmran olmaq istəyirdi. Hər şey tərsinə oldu, min ildən yuxarı tarixi olan Yaponiya ilk dəfə yadelli düşmənə məğlub oldu. 1945-ci ilin avqustunun birinci ongünlüyndə ABŞ Hirosima və Naqasakiyə atom bombası atdıqdan sonra, 14 avqustda yaponlar ilk dəfə radio ilə səslənən imperator Hirohitonun səsini eşitdilər. Mikado xalqa müraciət edərək dörd il davam edən müharibənin sonunda düşmənin yeni,  əzabverici dəhşətli bombadan istifadə etdiyindən, dörd dövlətin (ABŞ, Böyük Britaniya, Çin və Sovet İttifaqı) birgə bəyanatına qoşulmaq lüzumunu qeyd etdi. Bildirdi ki, müharibəni davam etdirsək, nəticə yapon millətinin süqutundan, məhv edilməsindən ibarət olacaqdır. Zaman diktə edir ki, bütün nəsillər üçün sülh yoluna daş döşəyək.

Hirohitodan fərqli olaraq Paşinyan məğlubiyyəti xalqdan gizlədirdi, sonrakı etirafları da artıq fayda vermədi. Yapon ordusu ilahi qüvvə kimi tanıdığı imperatorun göstərişinə əməl etməyə məcbur olub, təslim oldu. Bir sıra generallar və zabitlər qeyd-şərtsiz təslim kimi təhqirə dözməyib, ənənəyə uyğun olaraq xarakiri yolu ilə intihar etdilər. Erməni hərbçilərində isə biabırçılığa "təmkinlə" dözmək xüsusiyyəti vardır. Gətirilən paralel, əlbəttə, axsaya bilər, çünki bu ölkələrin miqyası və təcrübəsi də, xalqların psixologiyası da da tam fərqlidir.

Müəllifə irad tuta bilərlər ki, Ermənistan barədə çox söhbət getdi, ancaq səbəb kimi bir cəhət də nəzərə alınmalıdır ki, bu dövlət ən ağır anlarını yaşayır və xəstəlik ağırlaşanda hətta konsiliuma ehtiyac yaranir. Qalib Azərbaycanın isə, ingilislərin ibarəsincə desək, obrazına düzülmək üçün heç bir əlavə lələyə ehtiyacı yoxdur. Lakin qalib xalq, yəqin ki, layiq olduğu tərənnümü də gözləyir. Çünki buna da tarixi nümunələr vardır. Böyük dramaturq Uilyam Şekspir Elizabet epoxasının İngiltərəsindən vəcdə gələrək, özünün "II Riçard" pyesində doğma vətənini böyüklük adası, Marsın (müharibə allahı - müəllif) məkanı, başqa bir Edem (Yerüstü cənnət, Gülüstani-İrəm - müəllif), yarım cənnət, xoşbəxt tərbiyə olunmuş adamların kiçik dünyası, divar rolunu oynayan gümüş dənizin haşiyəyə aldığı qiymətli daş (daş-qaş nəzərdə tutulur - müəllif) adlandırmışdı. Şair üçün İngiltərə xoşbəxt bir torpaq, bir səltənət idi, onu məğlub etmək istəyənlər özləri biabırçı qaydada məğlub olurdular.

Şekspir istedadının məhsulu olan və qələmindən süzülən bu sözlər bir qədər fərqli şəkildə olsa da, mahiyyətcə Azərbaycana da şamil edilə bilər. Doğma ölkəmizin və xalqımızın başını indi Qələbə çələngi bəzəyir. Qoy bu uca sözlər və qazandığı çələng həmişə onu tanıtdıran, nişan verən bir əlamətə çevrilsin, sonrakı tarixini də məhz  həsrəti ilə yaşadığımız bu şöhrət altında davam etdirsin, ölkəmizin ləyaqəti bir də heç vaxt ləkə görməsin.

SON

 





05.03.2021    çap et  çap et