525.Az

İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib


 

İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

525.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.

Dövlətimizin başçısı deyib:

“Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.

Prezident qeyd edib ki, birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacaq. “Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, üç ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”, - deyə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vurğulayıb.

Görüləcək işlər sırasında şəhid ailələrinə göstərilən dəstək xüsusi yer tutur. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilib. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin üzvlərinin hamısına mənzillər, evlər veriləcək. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcək.

Şəhid ailələrinə qayğının mənzillərin, yaxud da avtomobillərin verilməsi ilə bitmədiyini söyləyən Prezident deyib:

“Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər. Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm”.

 

 





05.03.2021    çap et  çap et