525.Az

Qar adam - İzzət Mikayılzadə yazır


 

Qar adam - <b style="color:red">İzzət Mikayılzadə yazır </b>

Ömrünün hansı fəslində olur-olsun, insan mütləq şəkildə o biri fəsillərin əlamətləri üçün darıxır: yayda qar, qışda günəş. Çünki hər bir fəslin əlaməti müəyyən bir hissin qarşılığına bərabər olur.

Mənə görə, Günəş ümidin, qar sakitliyin - fasilənin qarşılığıdır. Amma etiraf edək ki, Günəş qədər insana ümid verən heç nə yoxdur. Bir müəllimim həmişə deyirdi ki, ümid həmişə var. Mən də onun sözü ilə yola çıxaraq demək istəyirəm ki, harda Günəş varsa, orda ümid var. Sözlərdən yapışıb yaşamaq lazımdır. Bu sözləri uşaqlara başa salmaq isə çətindir. Axı, min bir əziyyətlə özünə qardan adam düzəldən uşağın əziyyətini əridən Günəşin "ümid" olduğunu ona necə başa sala bilərsən? Onsuz da insanların yaratdığı hər şey bir gün nə vaxtsa məhv olur, sıradan çıxır. Tanrının yaratdıqları isə daimidir. Tanrının yaratdığı adamları əridən, əslində, günəşli günlər yox, kədərli günlərdir və bu, çox təəssüfedicidir. Bu adamların cırılmış əlcəklərinin, boyunlarına dolanmış şərfin hərəsinin öz hekayəsi var. Mən də bu yazıda qələmimi həmin qardan adamların birinə ötürürəm.

"31 dekabr. Hava çovğunlu idi. Qarşıda yaşlı bir qadın rəngbərəng yumaqlar satırdı. Qalan iki yumağını yaşlı qadından aldım ki, çıxıb evinə getsin, üşüməsin. Onun bu qədər xoşbəxt ola biləcəyini düşünməmişdim. Evə gəldim, əlimdəki yumaqları xəstə yatan ömür-gün yoldaşıma verdim. Ona çox hədiyyə almaz, sevgimi çox da bəlli etməzdim. Əksinə, bəlkə də, çox vaxt acılayar, heç nədən məmnun olmazdım. Bu iki yumağı da mən ona hədiyyə almamışdım. Ancaq o, bunu hədiyyə kimi qəbul eləmişdi: gözlərindəki xoşbəxtliyi hiss etmək o qədər də çətin deyildi. Uzun zaman idi ki, bu qədər içdən gülməmişdi. Özüm də bilmədən bu gün iki qadını xoşbəxt eləmişdim. İşinə yaramayacaq bu iki yumaq onu niyə bu qədər həvəsləndirmişdi? Mənə ən maraqlı gələni də bu idi.

5 fevral... Mənim doğum günüm... 45 yaş - nə az, nə də çox... Ad günü qeyd etməyi sevməzdim, heç mənə hədiyyə alınmasını da.

Həyat yoldaşım hər ad günümdə tort hazırlayıb gözləyər, mənsə ad günüm ötənə qədər evə gəlməzdim. Səhər tezdən mənə qəzetə bükülü bir şey uzatdı. Gözləri gülürdü. Onu bu qədər sevincli görmək mənə təsir elədi, bükülünü açdım. Gözlərim doldu - bir cüt əlcək, bir də şərf var idi... O an sevincimdən söz tapıb bircə "Təşəkkür" kəlməsini də dilimə gətirə bilmədim. Amma mən deməsəm də, o kəlməni yəqin ki, gözlərim demişdi...

O gündən 20 il keçib. Onun məzarı başındayam. Qardan adam kimiyəm: əlində cırıq əlcəkləri, boynunda köhnə şərfi..."

 





06.03.2021    çap et  çap et