525.Az

Co Baydenin sanksiya "kötəyi" - Xaqani Cəfərlinin şərhi


 

Co Baydenin sanksiya "kötəyi" - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Aleksey Navalnının zəhərlənməsini və daha sonra da həbs olunmasını müxalifət liderinin fiziki məhvinə cəhd kimi qiymətləndirən ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Vaşinqtonun bu addımı geniş müzakirə doğurdu. Bu da təsadüfi deyil. Çünki İkinci Dünya müharibəsindən sonra dünyada gedən siyasi, iqtisadi proseslərə ən çox təsir edən amillərin önündə Vaşinqtonla Moskva arasındakı münasibət dayanır.

Co Baydenin prezidentliyinin ikinci ayında ABŞ-ın Rusiyaya qarşı güclü sanksiya tətbiq etməsi Vaşinqtonla Moskva münasibətlərində yumşalmanın olmayacağının xəbərçisi idi. Artıq birmənalı söyləmək mümkündür ki, qarşıdakı 4 ildə, yəni Co Baydenin birinci prezidentliyi dövründə ABŞ-ın Rusiyaya  qarşı siyasətində yumşalma olmayacaq. Aydın görünür ki, Co Bayden Rusiyaya qarşı əlinə götürdüyü kötəyi bundan sonra yerə qoymayacaq. Bu amil müxalifət lideri Aleksey Navalnıya görə tətbiq edilən sanksiyanın siyasi əhəmiyyətini dəyərləndirərkən nəzərə almalı olduğumuz ikinci məqamdır.

Sanksiyanın tətbiq edildiyi şəxslər arasında Rusiya Prezident Administarsiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Administrasiyanın daxili siyasət idarəsinin rəisi Andrey Yarin, Baş prokuror İqor Krasnov, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov, Federal Penitensiar Xidmətin rəisi Aleksandr Kalaşnikov, Müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavl Popovun adlarının yer alması isə Vaşinqtonun müxalifət lideri ətrafında yaranmış vəziyyətə görə birbaşa rəsmi Moskvanı ittiham etməsi deməkdir. Ümumiyyətlə, sanksiyanın preambulası Rusiyanın dövlət terrorizmində ittiham edilməsi üçün çox ağır ifadələrlə zəngindir. Buna görə bir çox təhlilçilər sanksiyanın preambulası ilə müqayisədə ünvanlı qadağaların daha zəif olduğunu qeyd edirlər. Hətta buna görə, Vaşinqtonu yumşaqlıqda, qətiyyətsizlikdə ittiham edənlər də vardı. Ancaq indi məlum olur ki, müxlifət liderinin təqibinə görə Rusiyaya qarşı sanksiyanın yalnız birinci hissəsi tətbiq edilib. Vaşinqton Moskvanı sanksiyanın ikinci hissəsini tətbiq edəcəyi ilə təhdid edir. ABŞ Rusiyadan tələb edir ki, kimyəvi silahların mövcudluğunu etiraf edərək ləğv etsin. Əks halda, 1991-ci ildə qəbul edilmiş Kimyəvi və Bioloji Silahlara Nəzarət Qanunun işə salınması qaçılmaz olacaq.

Dövlət Departamenti xətti ilə tətbiq edilmiş sanksiya rəsmi şəxslərə qarşı yönəlibsə, Maliyyə Nazirliyi və Ticarət Nazirliyinin tətbiq etdikləri sanksiya siyahısında aralarında Dövlət Üzvi Kimya və Texnologiya Tədqiqat İnstitutu, Rusiya Müdafiə Nazirliyinin 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu və 27-ci Elmi Mərkəzinin yer aldığı 10 elmi-tədqiqatının da adı var. Vaşinqtonda hesab edirlər ki, bu elmi tədqiqat institutları və mərkəzləri kimyəvi silahların hazırlanması ilə məşğul olur. Müxalifət lideri Aleksey Navalnıya qarşı istifadə edildiyi iddia olunan "Noviçok" zəhərinin isə Rusiya Müdafiə Nazirliyinin 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutunda hazırlandığı güman edilir.

 

Rusiya rəsmiləri sanksiyaların ölkənin inkişafına ciddi zərər vermədiyini qeyd etsələr də, qadağaların ağır nəticələr doğurduğunu gizləmək mümkün olmur. ABŞ iqtisadçılarının araşdırmasına görə, sanksiyalar nəticəsində Rusiyanın 500 şirkətinin itkisi 180 milyard dollardan çox olub. Bu da Rusiyanın ümumdaxili məhsulunun 8 faizini itirməsi deməkdir. Rusiyalı oliqarxlar da çox ciddi itkilərə məruz qalırlar. Məsələn, "Renova" Qrupunun sahibi Viktor Vekselberqin Qərb banklarındakı 1.5 milyard dollar sərvətinin saxlandığı bank hesabları dondurulub. Ümumilikdə, Rusiyanın sanksiyalar nəticəsində məruz qaldığı iqtisadi itkilərin miqyasını tam şəkildə müəyyənləşdirmək mümkün deyil.

Politoloqlar hesab edirlər ki, sanksiyalar nəticəsində Rusiyanın zərəri yalnız iqtisadi itkilərdən ibarət deyil. Sanksiyalar Rusiyanı bütövlükdə siyasi-iqtisadi münasibətlərdən kənarlaşdırır. Bu, faktiki olaraq Rusiyanın təcridi deməkdir. Rusiya başqa ölkələr üçün zərərli dövlətə çevrilir. Moskva ilə münasibətlərin Qərblə əlaqələri zədələyəcəyindən ehtiyatlanan dövlətlər Rusiyadan məsafə saxlamağa çalışırlar. Bu da öz növbəsidə Rusiyanın dünyadakı proseslərə təsirini azaldır. İtirilən siyasi və iqtisadi mövqeləri isə hərbi müdaxilələrlə geri almaq mümkün olmur.

Ancaq belə görünür ki, Qərblə Rusiya arasındakı münasibətlər bundan sonra da pisləşməkdə davam edəcək. Çünki ABŞ artıq müxalifət lideri Aleksey Navalnıya görə sanksiyaların ikinci hissəsinin tətbiq olunacağının anonsunu edib. Sanksiyaların tətbiq olunmaması üçün Vaşinqtonun irəli sürdüyü tələbi isə Moskva qəbul etməyib. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Vaşinqtonun şərtinin qəbuledilməz olduğunu bildirib. Peskov bildirib ki, Rusiya çox illər əvvəl kimyəvi silahlarını ləğv edib. Ona görə Vaşinqtonun bu tələbi tamamilə əsassızdır. Əgər yaxın günlərdə Moskva Vaşinqtonun tələbi ilə bağlı mövqeyini dəyişməsə, sanksiyaların ikinci hissəsinin tətbiqi qaçılmaz olacaq. Sanksiyaların ikinci hissəsinin birincidən daha ağır olacağını isə proqnozlaşdırmaq mümkündür.

Rusiyanın Qərbdən tamamilə üz çevirəcəyi və qapalı sistemə keçəcəyi ilə bağlı Moskvada səslənən bəyanatlar vəziyyəti daha da ağırlaşdırır. Avropa İnsan Haqları Məhkəməsinin Aleksey Navalnının həbsdən dərhal azad olunması ilə bağlı tələbi Rusiya ədliyyəsi tərəfindən rədd edildi. Bu hal Rusiyanın Avropa Şurasından kənralaşdırılmasına səbəb ola bilər. Rusiya Dövlət Dumasının rəhbərləri isə Avropa Şurası Parlament Assambleyasını tərk edə biləcəklərini bildirirlər.

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi üçün müxalifət liderinin məsələsindən başqa mövzular da mövcuddur. Bunların arasında ABŞ-a qarşı həyata keçirilmiş kiber hücum xüsusilə fərqlənir. Vaşinqtonda bu kiber hücumu ABŞ-a qarşı hərbi zərbə kimi qiymətləndirirlər və çox sərt qisas alacaqlarına işarə edirlər. Çox böyük ehtimalla, aprel-may aylarında Vaşinqtonun vəd etdiyi qisasın şahidi olacağıq.

 





06.03.2021    çap et  çap et