525.Az

Ter-Petrosyanın "Savaş, ya sülh" düşüncələri - Yeddinci hissə


 

Ter-Petrosyanın "Savaş, ya sülh" düşüncələri - <b style="color:red">Yeddinci hissə </b>

Mənim Qarabağım və ya Qarabağ düyünü

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

1918-ci ilin 31 mart Bakı qırğını ilə bərabər, Qara yanvar (20 yanvar 1990) və Xocalı qətliamı (26 fevral 1992) da Azərbaycanın milli faciə günləri oldu.  Azərbaycanın vəziyyəti dünyada çox əks-səda doğurmadı. Əksinə, ABŞ Azərbaycanı cəzalandırmaq qərarına gəldi. ABŞ Konqresi müstəqillik əldə etmiş  keçmiş Sovet respublikalarına maliyyə və texniki yardım göstərməyi nəzərdə tutan Azadlığı Dəstək Aktı qəbul etmişdi. Erməni lobbisinin səyi nəticəsində bu qanuna Azərbaycanın Ermənistana düşmən münasibət bəslədiyi və onu blokada etdiyi səbəb göstərilməklə Azərbaycana ABŞ köməyini qadağan edən 907-ci bölmə əlavə edildi.

Şuşa ciddi müdafiə olunmadı və erməni ordusu Şuşaya daxil oldu (9 may 1992). Həmin ay Ermənistanla Dağlıq Qarabağ arasındakı Laçın rayonu işğal olundu, Ermənistan-Dağlıq Qarabağ dəhlizi əmələ gəldi. 1992-ci ilin yayında uğurlu hücum əməliyyatı aparan Azərbaycan payızda ağır məğlubiyyətə düçar oldu. Erməni qüvvələri bəzi yerləri döyüşərək, digər yerləri müqavimətə rast gəlmədən ələ keçirdilər. BMT Təhlükəsizlik şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan rayonlarından çıxmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağıran dörd qətnamə /resolutions qəbul etdi. Türkiyə istisna olmaqla Ermənistanı heç kim açıq qınamadı; heç bir sanksiya tətbiq olunmadı. 1993-cü ilin sonu və 1994-cü ilin ilk ayları ağır döyüş getdi, hər iki tərəf çox canlı qüvvə itirdi. Azərbaycanın geri torpaq alma gücü yox idi. Son nəticədə Azərbaycan ağır məğlubiyyətə uğradı, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni ordusu tərəfindən işğal edildi. Danışıqlar başlandı və Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə edildi (9-10 may, 1994).

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış Minsk qrupu 1997-ci ildə son tam şəklini aldı - Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə fəaliyyətini genişləndirməyə çalışdı.

***

1-ci Qarabağ savaşı nəticəsində Dağlıq Qarabağ və Ermənistan sanki birləşdilər, Azərbaycan və Naxçıvan arasında quru yol bağlandı. Hər iki ölkə problemlərlə üzləşdi. Dağlıq Qarabağ Ermənistana sevinc də gətirdi, bəla da. Ermənistan dövlətinin inkişafı Dağlıq Qarabağ ermənilərinə status verilməsi məsələsinin kölgəsində qaldı. Qarabağ və onun ətrafındakı Azərbaycan bölgələrinin işğalı Ermənistanın inkişafına töhfə vermədi, əksinə, mane oldu. Dağlıq Qarabağ Ermənistandan, Ermənistan Dağlıq Qarabağdan asılı qaldı... Türkiyə Ermənistanla sərhədi bağladı. Azərbaycanın neft və qaz zənginliklərinin qərbə daşınmasında Ermənistan tranzit ölkəsi olmaq imkanını itirdi; bu imkandan Gürcüstan bəhrələndi.

Dənizdən dənizə Böyük Ermənistan yaratmaq, yəni tarixdə ermənilərin yaşamış olduqları bütün torpaqları erməni idarəçiliyi altında birləşdirmə ideyası get-gedə erməni ideoloqlarının və təbliğata uymuş erməni xalqının böyük hissəsinin idealına çevrildi. Dağlıq Qarabağın artıqlamasıyla - Azərbaycanın Dağlıq Qarabağdan çox-çox böyük olan və ermənilərin yaşamadığı 7 rayon ilə birlikdə alınması Böyük Ermənistan ideyasının həyata keçə biləcəyi illüziyası yaratdı. "İştah diş altındadır", erməni siyasətçiləri işğal edilmiş bu torpaqlara azad edilmiş torpaqlar və ya təhlükəsizlik zolağı adı verib özününküləşdirmək prosesinə başladılar. Şəhər və kəndlərin adı dəyişdirildi, erməniləşdirildi. Dağlıq Qarabağı da içinə alan bu böyük məkanı elə həmin adla - Dağlıq Qarabağ Respublikası adı ilə dünyaya sırımağa çalışdılar. Erməni ictimaiyyətində belə təsəvvür yarandı ki, Böyük Ermənistan qurulması yolunda böyük uğurlu addım atıldı - Ermənistan Respublikası ilə yanaşı dayanan, heç bir dövlət tərəfindən tanınmasa da, varlığını sürdürən genişlənmiş Dağlıq Qarabağ Respublikası.

Qeyd. Azərbaycanda "Oyuncaq Dağlıq Qarabağ respublikası" ifadəsi işlənilirdi. Ermənistanın Azərbaycana təcavüzünə qarşı Azərbaycanda yeni termin yarandı: Ermənistan Respublikasına Qərbi Azərbaycan deməyə başladılar... 

1-ci Qarabağ savaşında qalib gəlməklə ermənilər bir tərəfdən, sanki tarix boyu onları izləyən uğursuzluq hissindən xilas oldular, digər yandan isə işğalçı sifəti qazandılar. Böyük Ermənistan yolunda növbəti addım olaraq Gürcüstanın Cavaxeti (ermənicə Cavax) vilayətini Gürcüstandan qoparmaq nəzərdə tutulurdu. Sonrakı addımda Azərbaycanın Naxçıvan Muxtar respublikasını və nəhayət, tarixi Ermənistan torpağı saydıqları Qərbi Ermənistanı, yəni Türkiyə Cümhuriyyətinin şərq vilayətlərini ələ keçirmək planı gizli deyildi (Van, Bitlis, Diyarbakir, Harput, Sivas, Erzurum, Trabzon, Qars, Ardahan); Türkiyə vilayətlərində ermənilərin sayca çox az olması və ya yox dərəcəsində olması bu iddialara mane olmurdu. Beləliklə, "Erməni davası" - "Hay Tad" Ermənistan Respublikasının dörd qonşusundan üçünə torpaq iddiası irəli sürürdü. Əslində, uzun planda Türkiyədəki Kilikiya və İran Azərbaycanının bir hissəsinin də Böyük Ermənistana daxil edilməsi nəzərdə tutulur.

Erməni dili, ədəbiyyatı və ermənişünaslıq üzrə 5-ci Panerməni olimpiada iştirakçıları ilə görüşdə (23 iyul 2011) Ermənistan Prezidenti S.Sarkisyana ünvanlanan suallar arasında "Gələcək Ermənistanın sərhədləri necə olacaq, Ararat və Qərbi Ermənistan qaytarılacaqmı" sualı da vardı. Sarkisyanın cavabı: "Bu, tamamilə sizin nəsildən asılıdır. Düşünürəm ki, mənim nəslim üzərinə düşən vəzifəni yerinə yetirdi; 90-cı illərin əvvəlində vətənimiz Artsaxı düşmənlərdən qorumaq lazım gələndə biz bunu edə bildik".

... Yəqin ki, heç bir zaman mövcud olmayacaq "Böyük Ermənistan" xəyalı ilə yaşamaq, yaşatmaq və savaşmaq erməni xalqının başına bəlalar gətirmədimi?! Bəs deyilmi?!

***

1-ci Qarabağ savaşını uduzan Azərbaycan öz neft-qaz silahını işə salmaqla iqtisadiyyatı gücləndirmək fəaliyyətinə başladı. Azərbaycan Prezidenti Heydər Əliyev birinci növbədə qonşularla, xüsusilə Rusiya və İranla münasibətlərdəki qarşılıqlı şübhə və inamsızlığı aradan qaldırmağa, Türkiyə və Gürcüstanla işbirliyini gücləndirməyə nail oldu. Tam məxfi şəkildə aparılan neft-qaz danışıqlarında Prezident Heydər Əliyevin oğlu, beynəlxalq münasibətlər üzrə mütəxəssis İlham Əliyevin mühüm rol oynadığı şəksizdir. Neft üzrə "Əsrin müqaviləsi"nin uzun hazırlıq mərhələsi aparılmadan, gözlənilmədən tez imzalanması Rusiyanı təəccübləndirdi və müəyyən dərəcədə narahat etdi. Lakin Azərbaycan neftinin hasilatı və nəqli işində ABŞ və digər güclərin marağı Rusiyanın narazılığını neytrallaşdırdı. Azərbaycan ABŞ və Avropanın strateji maraq dairəsinə çevrildi. Və hər halda, Rusiya şirkəti "Lukoil" da Əsrin müqaviləsində yer almışdı. Əsrin müqaviləsi sonrakı çoxsaylı neft, qaz və ixrac boru sazişlərinə yol açdı. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan hasil olunan neft və qazın ixrac boru kəmərləri vasitəsilə Qərbə, Türkiyəyə axıdılması üzrə böyük layihələr həyata keçirdi, böyük nəqliyyat layihələrinə yaşıl işıq yandırıldı. İqtisadi güc qazanan Azərbaycan hərbi qüdrətini artırmağı da unutmadı.

Ter-Petrosyanın "Savaş, ya sülh" düşüncələri

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağ probleminin həlli və Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin qurulması üzərində düşünürdü. O, terrorçu Daşnaksütyəun partiyasını dövlət üçün təhlükəli sayaraq ləğv etdirdi. 1996-cı ildə yenidən prezident seçilən Ter-Petrosyan, nəhayət, Azərbaycanla bu münaqişənin belə getməyəcəyini anladı; bəlkə də bu fikrə daha əvvəl, addım-addım gəlmişdi.

26 sentyabr 1997-ci ildə Press-konfransda və sonra yazdığı "Savaş, ya sülh? Düşünmə zamanı gəldi" adlı məqalədə Dağlıq Qarabağ məsələsinin həlli üçün qarşılıqlı güzəştlərin zəruri olduğu barədə fikirlərini bəyan etmişdi. Onun fikirlərinin xülasəsini verirəm: Beynəlxalq ictimaiyyət, Rusiya da daxil olmaqla, Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəmir. Biz tək Azərbaycanla deyil, bütün dünya ilə yola getmirik, biz bütün dünyanın üzünə tüpürəndə, o, bizə nə ilə cavab verəcək? Bu status-kvonu uzun müddət və ya əbədi olaraq saxlamaq mümkündürmü? Yox".

Burada Ter-Petrosyan iki səbəb göstərir: buna dünya ictimaiyyəti izn verməz və  Ermənistanın iqtisadi potensialı da buna imkan vermir. Lakin o, daha bir mühüm səbəbi unudur: Azərbaycan status-kvonun uzun müddət saxlanmasına izn verməyəcək. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edəcək və Azərbaycan güclənəcək, hərbi sahəni kökündən gücləndirmək imkanı əldə edəcəkdi. 

Ter-Petrosyan vəziyyəti təhlil edib doğru nəticə çıxarır: Ermənistanın güzəşt fikrindən imtina etməsi və mümkün olanı deyil, maksimumu əldə etməyə can atması Qarabağın tam süqutuna və Ermənistanın vəziyyətinin pisləşməsinə aparan ən qısa yoldur. Güzəştə alternativ savaşdır. Güzəşt ancaq daha pis olandan can qurtarmaq vasitəsidir. Təəssüf ki, biz müharibəni deyil, döyüşü udmuşuq. Savaş, müharibə yalnız rəqib kapituliyasiya edəndə udulur. Savaş və döyüşün eyniləşdirilməsi çoxlarını dəfələrlə bəlaya salıb. Yanlış fikirlərə uymaq olmaz; ən təhlükəli olan "indiyədək hər şeyi bacarmışıq, deməli, qarşıda da uğur qazanacağıq, qələbə bizimlədir" düşünməkdir. "Bu gün nəyi rədd ediriksə, gələcəkdə onu xahiş etməli olacağıq, amma ala bilməyəcəyik, tariximizdə dəfələrcə olduğu kimi". O vaxtdan 23 il keçdi və Ter-Petrosyanın öngörüsü, proqnozu tam təsdiqini tapdı.

Doğrudur, Ter-Petrosyan məqaləsində Dağlıq Qarabağın statusu haqqında fikrini açıq şəkildə bildirməmişdi. Amma məqalənin ruhundan və onun ifadələrindən görünür ki, o, mərhələli həlli və Dağlıq Qarabağın yüksək muxtariyyət statusu ilə Azərbaycanda qalmasını doğru sayırdı. O, torpaq qaytarıb müstəqillik statusu almaq kimi paket həllin mümkünsüz olduğunu anlayırdı.

Ter-Petrosyandan ikiəlli yapışmaq əvəzinə, erməni siyasi elitası, xüsusilə Qarabağ klanını təmsil edən sonrakı iki Ermənistan prezidenti, faktik olaraq iki Azərbaycan vətəndaşı - Robert Koçaryan və Serj Sarkisyan, həmçinin, onlarla həmrəy olan siyasi-hərbi dəstə Ter-Petrosyanı istefa verməyə məcbur etdilər (3 fevral 1998). Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi imkanı, bu ilk imkan əldən buraxıldı.

2-ci Qarabağ savaşı. Qarabağ - Qordi düyünü

1-ci Qarabağ savaşından sonra keçmiş SSRİ ərazisində ən ağır ərazi münaqişəsi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həlli üçün nə işlər görüldü?

Geniş baxanda problemin həllinə çalışan üç tərəf var: erməni tərəf, Azərbaycan tərəf və beynəlxalq aləm. Tərəflərin istəkləri arasında üst-üstə düşənlər də var, fərqli olanlar da, tam bir-birinə zidd olanlar da. Bütün tərəflər problemin sülh yolu ilə, savaşa girmədən həllini istəmişlər; bu, anlaşılandır. Bəs problemi sülh yolu ilə necə həll etməli? Danışıqlar vasitəsilə bütün tərəfləri qane edən bir həllə gəlmək mümkündürmü?

Beynəlxalq aləmi təmsil edən Minsk qrupu "sülh yolu ilə, danışıqlar vasitəsilə həll yeganə yoldur, alternativ yoxdur”, - dedi, - “bizim vasitəçiliyimizlə iki tərəf intensiv danışıq aparın, qarşılıqlı güzəşt nəticəsində həll tapın".

Bəs Dağlıq Qarabağ problemi sülh yolu ilə niyə həllini tapmadı?

Cavab: Üç tərəfin məsələyə çox fərqli yanaşma nümayiş etdirdiyinə görə.

Bu, nə deməkdir? Azərbaycan tərəfi mərhələli həlli qəbul etmişdi, erməni tərəf hər vasitə ilə həllə "qəmiş qoymağa", danışıqları uzatmağa, stasus-kvonu saxlamağa  çalışırdı. Ermənistan dövlət siyasəti "qarabağlaşdırıldı", mühüm olan sanki Ermənistan Respublikasının inkişafı deyil, Qarabağ və Böyük Ermənistan ideyasıdır. Erməni tərəfin düşüncəsinə görə, bütün dünya "məsələ ancaq sülh yolu ilə həll olunmalıdır" deyirsə, ABŞ və Rusiya kimi nəhənglər bunu deyirsə, deməli, Qarabağ uğrunda savaş olmayacaqdı. "Savaş olmayacaqsa, biz niyə işğal etdiyimiz torpaqları elə-belə, heç nəsiz Azərbaycana qaytarmalıyıq? Azərbaycan zəhmət çəksin Dağlıq Qarabağı dövlət kimi tanısın, biz də əvəzində savaş nəticəsində qazandığımız torpaqları, bəlkə bir, ya iki rayon istisna olmaqla, geri qaytaraq. Vəssəlam. Azərbaycan bunu qəbul etmirsə, özü bilər. Zaman keçdikcə Azərbaycan da, dünya da mövcud vəziyyəti qəbul etməli olacaq..." Beləliklə, erməni tərəfin fikri bəlli idi. Bəs Minsk qrupu, böyük dövlətlər məsələnin həlli, yəni mərhələli həlli üçün Ermənistana təzyiq edə bilməzdimi? Ermənistan inad etsə, ona sanksiya tətbiq edə bilməzdimi? Mənim cavabım: Yox, Minsk qrupu da, böyük dövlətlər də məsələnin uzanmasından, status-kvonun davam etməsindən çox da narahat deyildi. Düşünürəm ki, Ermənistana ciddi təzyiq göstərmək onların heç ağıllarına da gəlmirdi... Onlar ancaq danışıqlar davam etsin deyirdilər, bu isə əslində, Ermənistanın dəyirmanına su tökmək idi, onun status-kvonu saxlamaq istəyinə xidmət edirdi...

Erməniləri arxayın edən bir fikir də "Azərbaycan savaşa başlasa belə, ciddi heç nə edə bilməz" düşüncəsiydi; iki səbəbə görə - "erməni ordusu güclüdür, bunu savaş meydanında sübut edib və Rusiya və ABŞ mümkün savaşın uzanmasına imkan verməzlər, hətta uzansa, onlar erməni tərəfə kömək edərlər". Beləliklə, Minsk qrupunun təmsil etdiyi beynəlxalq aləmin və erməni tərəfin Dağlıq Qarabağ probleminin həlli istiqamətində nə düşündüyü bilindi. Bəs tərəflərdən biri, təcavüzə uğramış, torpaqları işğal olunmuş Azərbaycan tərəf nə düşünürdü? Güman edirəm ki, bu barədə nə Minsk qrupu, nə də erməni tərəf tam xəbərdar idi...

***    

Azərbaycan öz ərazilərinin işğalı ilə bir an da barışmadı; Azərbaycan deyəndə dövlət başçısından tutmuş, ən sadə vətəndaşa qədər hamı - etnik mənşəyindən, dinindən, dilindən asılı olmadan bütün vətəndaşlar nəzərdə tutulur. Danışıqların uzadılması, heç bir nəticə verməməsi cəmiyyəti yormuş, "problemi hərbi yolla həll edə bilmərikmi, necə həll etmək lazımdır" kimi suallar düşüncələrə hakim kəsilmişdi. 

Ərazilərinin mühüm bir qismini itirən Azərbaycan yas tutmadı, öz iqtisadiyyatını inkişaf etdirməyə başladı. Təbii neft-qaz zənginliyini və digər gəlirlərini iqtisadiyyata, ölkənin abadlaşdırılmasına, yoxsulluğun böyük dərəcədə azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sahələrinin güclənməsinə, mədəniyyətin inkişafına sərf etdi.

Azərbaycan yaxşılığa tərəf çox dəyişdi. Bir dəfə Çində beynəlxalq elmi konfransda iştirak edirdim, hər ölkə təmsilçilərindən biri rəyasət heyətində oturmağa dəvət olunmuşdu, bu sırada mən də vardım. Cənubi Koreya nümayəndəsi, bir professor fasilədə mənə yaxınlaşdı, tanış olduq. Azərbaycana, Bakıya səfər etmək istədiklərini bildirdi. Mən onları məmnuniyyətlə dəvət edəcəyimi dedim və Azərbaycana maraqlarının səbəbini soruşdum, axı Koreya və Azərbaycan bir-birindən çox uzaqda yerləşirlər, üstəlik, Azərbaycan diqqəti cəlb edəcək dərəcədə böyük ölkə də deyil. Həmkarım, bu professorun izahı maraqlı idi: “Universitetimizin iqtisadiyyat üzrə mütəxəssisləri dünyanın ən sürətlə dəyişən, inkişaf edən, gözəlləşən şəhərləri barədə araşdırma aparmış və Bakının birinci olduğu qərarına gəlmişlər. Biz də bu şəhəri görmək, universitetləri ilə əlaqə yaratmaq fikrinə düşmüşük...”

Tək Bakı deyil, Azərbaycanın bütün bölgələri, kiçik və böyük şəhərləri abadlaşıb, hər yerə, hər istiqamətdə keyfiyyətli yollar çəkilib. İnzibati və yaşayış binaları, biznes mərkəzləri gözəl və yüksək standartlara uyğun şəkildə inşa edilir. Bəzən gözəlliyə, təm-təraqa niyə bu qədər pul sərf olunur deyə gileylənənlər də var; bəzən haqlıdırlar. Lakin hər şeyi keyfiyyətli və gözəl etmək artıq ölkədə aparıcı meyildir və bu, çox yaxşıdır. Bütün bunlar "Qarabağ problemini də ciddi həll etmək lazımdır, bunu edə bilərik, bunu etməliyik" düşüncəsinə təkan verdi - şüurlu surətdə və ya şüuraltında.

***

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq və yerli, rəsmi və qeyri-rəsmi görüşlərdə dəfələrlə bəyan edirdi ki, "biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik, amma sülh yolu ilə həll olunmazsa, hərbi yolla həll edəcəyik. O, qətiyyətlə bildirirdi ki, Azərbaycan torpaqlarında 2-ci erməni dövlətinin yaranmasına  heç vaxt icazə vermərik", eləcə də "status-kvonun belə, sonsuzadək davam etməsi mümkün deyil". Zənnimcə, Azərbaycan Prezidenti danışıqlardan bir şey çıxmayacağını, hərbi yola əl atmadan məsələnin həll olunmayacağını çoxdan duymuş və Azərbaycanın hərbi qüdrətini  maksimum gücləndirmək yolunu seçmişdi. 2016-cı il Aprel döyüşlərində Azərbaycan ordusunun qələbəsini və müəyyən ərazi azad etməsini, Ermənistan sanki ciddi bir şey olmamış kimi qələmə verdi, öz xalqını "görürsünüzmü, Azərbaycanı geri oturtduq, strateji əhəmiyyəti olmayan bir yer alıblar, Azərbaycanın sürətli və uzun döyüş qabiliyyəti yoxdur" fikri ilə arxayınlaşdırmağa çalışdı. Ermənistan gerçəkliyi, güc dəyişməsini görmədi.

Son zamanlar Ermənistan baş naziri Paşinyanın sülh danışıqlarını mənasız edən söz və hərəkətləri göz qabağında idi. Onun Dağlıq Qarabağın parlamenti adı verilən qurumun Şuşada yerləşəcəyini nümayişkaranə bəyan etməsi, Şuşada, Cıdır düzündə rəqs etməsi hər bir azərbaycanlının milli hissinə toxunmaq, Azərbaycan xalqına meydan oxumaq, onu təhqir etməkdən başqa bir şey deyildi. Onun bu hərəkətləri onsuz da xalqın gərilmiş simə bənzər əsəbləri ilə oynadı. Azərbaycan xalqı savaş tələb etdi.

Prezident İlham Əliyev Qarabağ problemi ətrafında bir çıxışında və ya bir müsahibəsində sözarası "hər şeyin vaxtı var" demişdi. Mən bunun savaş işarəsi olduğunu duymuşdum. Zamanı yetişəndə savaş başlayacaq. Savaş başladı. Ordumuzun qələbə ordusu olduğu göründü. Həm əsgər və zabitlərimizin, həm müasir silah-sursat və texnologiyanın, həm diplomatik hazırlığın yüksək səviyyədə olduğunu gördük, müttəfiqimizi yanımızda gördük, yüksək döyüş ruhunun şahidi olduq, ölkənin birliyini hiss etdik. Azərbaycan ordusunun Ermənistan ordusuna nisbətdə, Azərbaycan Ali Baş Komandanının erməni baş komandanına nisbətdə əzici üstünlüyə malik olduğu tam dəqiqləşdi.

***

Yunanlar arasında yayılmış əfsanəyə görə, Friqiya hökmdarı Gordius (və ya Gordios; sadə deyilişdə Qordi) öz adına şəhər salmış (Gordium), onu dövlətin paytaxtı elan etmişdi (indiki Yassıhüyük, Ankaranın cənub qərbində 70-80 km-liyində). Əfsanənin canı belədir: hökmdar Qordi öz oxlu arabasını şəhər məbədinə qoymuş və zoğal liflərindən düzəldilmiş bərk kəndirlə arabanın oxunu boyunduruğa bağlamış və boyunduruqda elə mürəkkəb düyün vurmuşdu ki, onu açmaq mümkün deyildi. Bu düyün tarixə Qordi düyünü adı ilə daxil olub. Yenə əfsanəyə görə, Makedoniyalı İskəndər Qordi şəhərini alanda məbədə getmiş, orada belə bir rəvayət eşitmişdi ki, kim Qordi düyününü aça bilsə, o, Asiyanı fəth edəcək. Asiyanı almaq iddiasında olan İsgəndər (Aleksandr) əli ilə düyünü açmağa çalışmış, amma aça bilməmiş və qılıncını çıxarıb bir zərbə ilə düyünü kəsmiş və "düyünü açdım" demişdi.

Bu rəvayət "Qordi düyününü kəsmək" deyimini doğurmuşdur: çox çətin, həllolunmaz kimi görünən bir məsələni bir şəxs qeyri-adi, bənzərsiz bir yolla həll edibsə, o şəxs "Qordi düyününü kəsdi" deyirlər. Uzun illər "Qarabağ problemini ancaq sülh yolu ilə həll etmək olar, yəni Qarabağ düyününü ancaq əl ilə açmaq mümkündür" dedilər. Azərbaycan Prezidenti İlham Əliyev buna çalışdı, Qordi düyününə çevrilmiş Qarabağ düyününü əli ilə açmaq, sülh yolu ilə həll etmək istədi. Sonra bunun mümkün olmadığını görüb Dəmir Yumruğunu qaldırdı və bir zərbə ilə, hərbi yolla Qarabağ düyününü darmadağın etdi.

Nə etməli? Yolumuz hayanadır?

1-ci Qarabağ savaşı oldu, sonra uzun sülh danışıqları dövrü başlandı. Ermənistan tərəfinin maksimalizmi sülh danışıqlarını heçə çıxartdı. 2-ci Qarabağ savaşı oldu. Savaşın gedişi Azərbaycan tərəfinin böyük üstünlüyə malik olduğunu göstərdi; Azərbaycan torpaqlarının işğaldan azad olunması başlanıldı. Amma Azərbaycan Prezidenti "Ermənistan baş naziri öz ordusunu işğal olunmuş bölgələrdən addım-addım çəkmə vaxtını bəyan etsə, həmin an Azərbaycan ordusu dayanacaq" demişdi. Çünki məqsəd savaş deyil, savaş vasitədir, məqsəd işğala son verməkdi. Məqsəd Ermənistan ordusunu məhv etmək deyil, məqsəd mümkün qədər az itki verməklə ədalətin bərpasına nail olmaqdı. 2020-ci il 9-10 noyabr günləri Azərbaycan Prezidentinin sözünün ağası olduğunu göstərdi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları savaşın dayandırılması və savaş sonrası işlərin tənzimlənməsi barədə üçtərəfli bəyannamə imzaladılar. Azərbaycan qələbə qazandı.

Ermənilər və azərbaycanlılar! Sülhə gəlmək lazımdır, "bəs deyilmi töküldü qan, axdı qan?" Bəzi beyinlərdə, ürəklərdə savaş davam edir. Dəyişmək vaxtıdır! Birbaşa, vasitəsiz ikitərəfli danışıqlara getmək zamanıdır. Ekstremist millətçilik millətə mif bəxş edir və bədbəxtçilik gətirir. Xəyal qanadlıdır, uçur, gerçəklik isə yerdə, ayaq üstündə yeriməkdir. İnsanın xəyal etməsi yaxşıdır, amma gerçək həyatda insan uçmur, yeriyir. Bu günü və sabahı düşünək. Emosional şok anlaşılandır. Hər xalqın tarixində faciələr olub. Bu, başqa xalqlara əbədi nifrət etməyə çağırmasın. Nifrət arada divar hörməkdir, bu, bizi məhdudlaşdırır, divarın o biri üzünü görməkdən məhrum edir. Bizə körpü salmaq lazımdır, insani münasibətlər, iqtisadi və mədəni əməkdaşlıq körpüsü nifrət divarlarından yaxşıdır. Tarix göstərir ki, zaman keçdikcə xalqlar, dövlətlər arasında baş qaldıran düşmənçilik aradan qalxır, çünki düşmənçiliyin əbədi davam etməsinin faydası yoxdur, hər iki tərəfə zərər verir.

 





08.03.2021    çap et  çap et