525.Az

Xarıbülbüllü Azərbaycan xanımları


 

Xarıbülbüllü Azərbaycan xanımları<b style="color:red"></b>

Hər bir qadının mütləq sevdiyi bir çiçək növü, özünə bənzətdiyi gül oxşarı vardır. Fərq etmir ki, o, uzaq əyalətdə ömür sürən yaşlı bir xanımdır, yoxsa şəhərdə yaşayan gənc bir qız. Qadın dediyimiz – təbiətə ən yaxın varlıqdır, təbiəti gözəlləşdirən, çevrəsinə rəngarənglik verən çiçəklər kimi.   

Qadın öz ailəsinin başının tacı olduğu kimi, hər bir xalqın, millətin mənəvi, əxlaqi dəyərlərinin simvoludur. Qadınla çiçəklərin bənzərtisi təkcə vizual xarakterli deyil, eyni zamanda mənəvi bağlantı, ruhi ifadə mənası verir.

Millətlər, xalqlar fərqli olduğu kimi, güllər, çiçəklər də fərqli mənanı, çeşidli mənəvi dəyərləri ifadə edir. Hər bir millətin xanımının mənəvi, əxlaqı dəyərləri fərqli olduğu kimi, bu dəyərlərin təbiətdə mövcud təbii bənzərtisi olan çiçəklər də fərqlilik mahiyyətinə malikdir.

 

Azərbaycan xanımının gözəllik, sadiqlik, vətənsevərlik, sevgi-məhəbbət simvolunu özündə ehtiva edən Xarıbülbül kimi. O Xarıbülbül ki, yalnız Azərbaycanda, müqəddəs Şuşada bitir. O Xarıbülbül ki, tarixlər boyu min bir əzab-əziyyətə düçar olsa da, böyük bəlalarla, yağı düşmən əsirliyinə məruz qalsa da öz qürurunu, sadiqliyini, ləyaqətini qorumuş, hifz etməyi bacarmışdır. Məhz Azərbaycan xanımları kimi.  

Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa Qacarlar xanədanlığına gəlin köçəndən sonra vətəni üçün, doğma Şuşa üçün xiffət çəkəndə həyat yoldaşı Qacar hökmdarı Fətəli Şah onun üçün Tehranda Şuşadakı bağının eynisini salmağı qərara alır. Bu bağda Şuşadan gətirilən bütün bitkilər, gülllər-çiçəklər bitdiyi halda yalnız Xarıbülbül yad torpaqda bitmir. Ağabəyim ağa kimi vətəninə sadiq, Şuşasına vurğun olan Xarıbülbül bu bağın gülünə çevrilmir. Ağabəyim ağanın bayatılarında deyildiyi kimi:

Vətən bağı al-əlvandır,
Yox içində xarıbülbül.

Budur Xarıbülbülün sadiqliyi, vətənə bağlılığı. Məhz Azərbaycan xanımları kimi.
Bu gün Azərbaycan xanımlarının bayramıdır. Əziz xanımlar, fransızların Kardinal de Richelieu, Şarl de Mills, hollandların Mohana, Vendela, sevimli Lidiya adlı çiçəkləri varsa Sizin də Xarıbülbülünüz vardır.
Bu bayramı Xarıbülbüllü edən, mənfur düşməni Müqəddəs Qarabağdan qovaraq Xarıbülbülümüzü bizə qovuşduran  ər oğullarımızı böyüdüb, min bir əziyyətlə boya-başa çatdıran Şəhid, Qazi və Əsgər anaları qarsısında baş əyir onları bu gün münasibətilə xüsusi təbrik edirik.

Əziz Azərbaycan xanımları, sizə bütün gözəliklər yaraşır. Sizə xanım-xatınlıq yaraşır. Bütün hədiyyələr, bütün güllər yaraşır. Xüsusilə də bütün bu gözəlliklərin fövqündə dayanan, sadiqlik, ləyaqət, gerçək sevgi rəmzi olan, məhz sizin olan, yalnız Azərbaycan xanımına məxsus olan Xarıbülbül yaraşır. Əziz Xarıbülbüllü Azərbaycan xanımları, 8 mart xanımlar bayramınız mübarək olsun.

 

 





08.03.2021    çap et  çap et