525.Az

"Ağlar" qalib gəldi" - Nübar Eldarqızının şeirləri


 

"Ağlar" qalib gəldi" - <b style="color:red">Nübar Eldarqızının şeirləri </b>

Uşaq varsa...

Küləyin pəncərədən çıxardığı pərdə
gedənin dalınca əl yelləyirdi...
- Qısqanc ərin gözündən iraq!
Qonaqdı, gələr də, gedər də.
Bəlli etmə bu qədər də!
- Bu nə qaşqabaq, əzizim?..
"Əzizin"in hikkədən qırılan dişi
bağırsağını kəsir...
İlan tək, dişinin dibindəki
zəhəri axıtmağa bəhanə gəzir...
- Hə... bu gələn qonaq sizin
ən yeni tarixinizdən gəlib!..
- Ee, nə olsun?
- Toyda gəlinə baxıb demişdi:
Sağ əlin başımıza,
bəxtin gətirib, dostum!..
Paltara düşən güvə kimi
şübhə içini gəmirir "dostun"...
Təzə gəlin çay gətirir.
- Bir qənd də ver, dilinin altına qoysun,
Təki dava olmasın!
Yoxsa bətnindəki körpə
dünyaya gəlməkdən qorxacaq.
Uşaq varsa,
bütün davalar yasaq..!

Həvva kimi...

Bu yarıüryan qızlara
Qəhətdir paltar-geyəcək?!
Biri yoxmu - "mirət" alıb
"Çılpaq gəzmə, gey!" deyəcək?!

Bəlkə, kimsə bu qızlara
Baxanda ceyranı görür.
Eləsi var, Məcnun kimi
Aşiqdi, Leylanı görür.

Qızmı deyək, "yem"mi deyək,
Tilov atan, tor quran var.
"Kor olaydım, görməyəydim! -
Allahına yalvaran var.

Dinib nə deyəsən axı,
Bilirsənmi nə deyəcək?!
Ölübdü Adəm atası,
Gəzir Həvva anasıtək!

Sözüm sındı...

Daha məni sındıran yox sözüylə,
Gözlərimi qorxudan yox gözüylə,
Hər gedən bir söz apardı özüylə,
Hər gələnə "Şükür!" - dedim, İlahi!
Dünən bir "var", bu gün bir "var" yox oldu,
Nə işdisə, keçən il "yox" çox oldu,
Güvəndiyim dağlar belə yıxıldı,
"Öz evindir, süpür", - dedim, İlahi!

Sözüm sındı, çilikləndi, hərf oldu,
Sözdən ötrü ömür verdim, səhv oldu.
Dilbilməzəm, dilimdəcə məhv oldu
Sözün bəlkə... Nə cür dedim, İlahi?!

"Ağlar" qalib gəldi

Dünən bütün günü yağdı,
Göydə daha qar qalmadı.
Axır "ağlar" qalib gəldi,
Ağ bayraqsız yer qalmadı.

Təslim oldu yerlər göyə,
Yer ilə göy bütünləşdi.
Yerdən olan şikayəti
Göyə demək çətinləşdi.

Köhnə hərflərlə...

Məndən vaxt istəmə, artıq vaxtım yox,
Allah nə vermişdi, tükətdim - bitdi!
Kimə maya qoyub karlı çıxsa da,
Məndə sərmayəsi ziyana getdi.

Böyük bir iş görüb ad qazanmadım,
Qohumu o verdi, yad qazanmadım.
Köhnə hərflə təzə söz yazammadım,
Nübardı, adımın mənası, itdi...

"Niyə"lər

Bir sual ətrafında
dövrə vurub oturmuşuq.
Mübahisə baş alıb gedir.
Ortada çatılan ocaq kimi
hərə bir söz deyir,
Hər söz də
ocağın tüstüsünə qoşulub gedir.
- Niyə həmişə elə bilmişəm,
qara adamlar üşümür?..
Ağlar "D" vitamini almaqçün
üsullar düşünür...
- Ən güclü rəng - qara!
Hər şeyin üstünü örtə bilir.
Güc, müəmma, matəm rəngi!
Ayrılığın sevimlisi, qəm rəngi!..
- "Ağ ev" neçə yüzildə
Tək bircə qara prezident gördü.
- Niyə?
- "Ağ ev"dən idarə olunan ölkədə
həmişə ağlar qaraları qaraladı...
- Niyə?
Ocaq söndü...
Bir zamanın gözəl ağacları
qaralıb kömürə döndü...
Bir sözün arxasınca
nə qədər sual süründü...

Ayılan gündəlik

Köhnə əşyaların yığıldığı
damı təmizlərkən
Sapsarı qəzetlər arasından
Köhnə bir gündəlik tapıldı...
O gündəlik sanki
letargiya yuxusundaymış,
ayılıb
bomba kimi düşdü həyatımıza.
Yaşlı-başlı ürəklərin - evlərin
qapısını zərblə açdı.
Gözəlim evlər uçdu...
O evlərdəki adamlar
səpələndi dünyanın hər yerinə:
biri Sibirə,
biri Saxara çölünə,
biri lap dərinə -
o dünyaya perikdi...
Hamısının ortaq nöqtəsi
bu gündəlikdi.
o dağıntıdan
Salamat çıxan olmadı,
Tavan altında nəsə qalmadı.
Amma yox...
Yazanın ürəyi qalmışdı,
Çünki öləndə
orqanlarını bağışlamışdı...


Qurdlar süfrəsində

Alıb qucağına başın, oturub,
Tutub ki, "qaçmasın" başı adamın.
Qarpız öz içindən yeyilən kimi
Yeyilib, qalmayıb huşu adamın.

Heç yola getmədi onunla dünya,
Ona kabus oldu, hər kəsə röya,
Özün sındırmazdı, sınmazdı guya:
Sınıb ruhu, qalıb nəşi adamın.

Qurdlar süfrəsində nə işi vardı?
Kalı töküləndə dəymişi vardı?!
Yaralı yeridi: kişi olardı
Keçmişdə düşməni kişi adamın!

Özüylə üzləşmək gözünə durub,
Güzgü hər səhvini üzünə vurur.
- Gor borcu deyilmi - ölümünə dur!
Borcuna qoyuldu daşı adamın!..

... Gəlmədin

Sən onu dinləmədin,
Keçən il
Noyabrla getdin.
O, neçə il qocaldı bu bir ildə...
Atasızlığın bir, anasızlıgın iki,
sənsizliyin onların cəmi boyda
yeri vardı ürəyində.
Gecələr ağrılarıyla baş-başa verib
səssiz-səmirsiz yatırdı.
Zaman içində hər ağrı
bir az təskinlik tapır.
Ata evinə gəlirmiş kimi
yenə gəldi noyabr.
Amma sənsiz...
- Hardasan?!
Külək vıyıltıyla
gəzir məhəllələri:
- Hardasan?!
Yarpaqlar qapılara çırpılır,
Arxası açıq doqqazlar
ürək kimi çırpınır
(mağıl, kirimişdi)...
Neçə yol yuxusuna girmişdin -
Öz otağına girdiyin kimi.
"Bir ilin tamamında
gələcəm!" - dedin.
Sən onu noyabrla aldatdın,
Noyabr səni gələn ayın birinə,
o da başqa bir ayın
neçəsinəsə satdı...
Dediyin vaxt çatdı,
Sən gəlmədin...

 





09.03.2021    çap et  çap et