525.Az

Südabə xanımla sonrakı görüşlər - Telman Orucovun yazısı


 

Südabə xanımla sonrakı görüşlər - <b style="color:red">Telman Orucovun yazısı</b>

Acı taleli qız

(Əvvəli ötən şənbə sayımızda)

Söhbətin bu yerində Hüseyn müəllim içəri girdi, arvadından nə baş verdiyin soruşdu və əlavə etdi ki, toy sahibi onun gəlməməsinə mütəəssir olmuş, hörmətsizlik nişanəsi kimi qəbul etmişdi. Əri dedi ki, toya iri məbləğdə pul da saldım ki, bizdən inciməsinlər. O, söhbət edə-edə həm də Ruhiyyəni süzürdü, onun gözəlliyini təsdiq edən baxışlarıyla bu qızın kim olduğu ilə maraqlanırdı.

Südabə dedi ki, Ruhiyyə ilə əvvəlcə tanış ol, çünki bundan sonra o, bizə tez-tez gələcəkdir. Yaşda olan fərqimizə baxmayaraq, biz istəkli rəfiqələr olacağıq. Əri Ruhiyyəni yenidən başı ilə salamladı və arvadı onu məlumatlandırdı ki, Ruhiyyə hamilədir, ana olmağa hazırlaşır. Bətnində bir az ağrı hiss etdiyndən, uşağı itircəyindən qorxub ağlamışdı. Mən onu evə gətirdim, həb və çay verdim, özünün dediyinə görə, ağrı artıq ötüb-keçmişdir.

Ruhiyyə Südabə xanıma onun vaxtını çox aldığını bildirdi və getmək istədiyini söylədi. Ev sahibəsi soyuducudan bir şokolad konfeti qutusunu çıxarıb ona verdi və əlavə etdi ki, bu, kiçik paydır, gələcəkdə səhvimi düzəltməyə çalışacağam, uşaq olanda isə sənə qiymətli hədiyyələr verəcəyəm. O, qızı qapıdan yola salanda, Ruhiyyə də özünü saxlaya bilməyib onu qucaqlayıb öpdü. Südabə xanım bir də təkidlə dedi ki, tez-tez zəng elə, gəl görüşək, rəfiqələr bir-birini daha yaxından tanımalıdır. Görüşlər isə daim mehribanlığın əlaməti kimi xidmət göstərir.

Südabə xanımla sonrakı görüşlər 

Baş verən hadisələrdən Ruhiyyə belə qərara gəlmişdi ki, onun bəxti açılmağa qədəm qoymuşdur. O, iyrənc peşəsindən uzaqlaşmış, özünə iş tapmış, surroqat anaya çevrilməyini gözləyir, ailə rahat hesab olunan özəl mənzilə köçmüşdür. İnsan qiyafəsindəki iki mələk - Yusif müəllim və Südabə xanım onu qorumaq, başqa yola çıxarmaq vəzifələrini öz üstlərinə götürmüşlər. Yad, bədbəxt bir qızın onların şəxsində alicənab hamiləri tapılmışdı. Valideynləri kimi onları da o, özü seçməmişdi, onlar onunla tanış olduqdan sonra onu himayəyə götürməyi qət etmişdilər.

İşi ağır idi, yeganə qabyuyan idi, bütün günü əli qaynar suyun altında olurdu. Maaşının artırılmasını gözlədiyi halda, xəbər gəldi ki, restoranın sahibi müştərilərin az olmasından, dövriyyənin aşağı düşməsindən, gəlirinin azalmasından şikayətlənir, maaşları ixtisar etməyi düşünür. Bir neçə dəfə təkrar etmişdi ki, icarəyə götürən olsa, bütün sahəni verərəm, çünki əziyyətin və böyük xərcin müqabilində mənfəət olduqca azdır, cüzidir.

Ruhiyyənin bircə təsəllisi o idi ki, restoranda pulsuz nahar edirdi, işçilər üçün ayrıca şorba və makaron bişirilirdi. Süfrədən qayıdan yeyilməmiş xörək qalıqları isə ofisiantlara çatırdı, bunlar da əsasən kartofdan, vermişeldən, makarondan ibarət olurdu. Kasıblıq dövrlərində kişi müştərilər ət xörəklərini son tikəsinə qədər yeyirdilər. Ruhiyyəyə qarşı hamının münasibəti yaxşı idi, baş aşpaz da, xörəkpaylayanlar da ona hörmətlə yanaşırdılar, bu məsələdə onun gözəlliyi də müəyyən rol oynayırdı. Baş aşpazın ondan xoşu gəlirdi, ilk anlarda onunla yaxınlıq etmək fikrinə də düşmüşdü. Ruhiyyə belə məsələlərdə diletant deyildi, birbaşa ona demişdi ki, belə eyhamlar, təkliflər davam etsə, o, işdən gedəcəkdir. Bu sözlər öz təsirini göstərmişdi, aşpaz öz istəyi puç olsa da, ona mehriban münasibət bəsləməyə başlamışdı. Həm də o, işinə çox məsuliyyətli idi, qab-qacağın, çəngəl-bıçağın, qədəhlərin təmiz olmasına xüsusi diqqət verirdi. Ofisiantların laqeyd münasibətinə dözə bilmir, onların üstünə qışqırırdı. Restoranda heç kəs onun hökmünə qarşı çıxa bilməzdi, çünki olduqca ləzzətli xörəklər bişirirdi, gəlir naminə xammal qənaətini yolverilməz hal hesab edirdi, keyfiyyətsiz ərzaqdan isə heç vaxt istifadə etmirdi. Restoranın müştəriləri də əsasən onun ləzzətli xörəklərinə görə buraya gəlir, onun ünvanına xoş sözlər söyləməyi də yaddan çıxarmırdılar. O, Çin mətbəxinə, italyan mətbəxinə də bələd idi və imkan düşdükcə onlara aid olan xörəkləri bişirir və əlavə rəğbət qazanırdı, çünki onun xörəkləri şəhərdəki xüsusi restoranlardakına nisbətən ucuz qiymətə satılırdı.

İş ağır olduğundan Ruhiyyə çox yorulurdu, evdə azacıq televizora baxır və sonra yatırdı. Çünki səhər tezdən oyanıb, xeyli məsafəni qət etməklə işə özünü çatdırmalı idi. Yorğunluğuna baxmayaraq, onun ürəyi Südabə xanımla görüşməyi, ünsiyyətdə olmağı çox istəyirdi. Ona görə də şənbə axşamı mobil telefonla ona zəng vurdu, Südabə xanımın şadlanmağının əlaməti olan mehriban və şirin səsini eşitdi. Hal-əhval tutduqdan sonra professor dedi ki, bazar günü, yəni sabah axşam səni şam yeməyinə gözləyirəm. Bilirdi ki, Ruhiyyə bazar günləri işləyir, çünki həmin günə restorana gələnlər nisbətən çox olurdu.

Südabə xanım onu gülər üzlə qarşıladı, əri də evdə idi. Ruhiyyə xatırlayırdı ki, üçümüz də mətbəxdə əyləşmişdik, ev sahibəsinin bişirdiyi yarpaq dolmasını ləzzətlə yeyirdik. O, Hüseyn müəllimin ona diqqətlə baxdığını sezdi, qorxdu ki, arvadı bunu hiss etsə, ondan inciyə bilər, onun qayğısına, mərhəmətinə qızın nankorluqla cavab verməsi fikrinə düşərdi. Artıq başa düşmüşdü ki, Südabə xanım ərinə çox qısqancdır. Lakin əri oğrun-oğrun qıza baxmaqdan doymurdu, tərs kimi, ikisi stol arxasında qabaq-qabağa oturmuşdular. Deyəsən, qızın gözləri onu məftun etmişdi. Axı kişilər qadın gözəlliyinə heç vaxt biganə qala bilmirlər, bu gözəllik qarşısında təzim etməyi, lal olmağı özlərinə şərəf bilirlər. Çoxları Ruhiyyəyə demişdi ki, onun gözlərində izahı mümkün olmayan bir məchulluq, özü isə belə qənaətə gəlmişdi ki, keçirdiyi əziyyətlərin, çəkdiyi ağrıların izi kimi bir hüzn vardır. Onun qıza diqqət yetirməsi də təsirsiz qalmamışdı, ağ yanaqlarının qızardığını hiss edirdi, elə bil ki, damarlarına gur qan dalğası gəlmişdi. Özündən asılı olmayaraq, elə bil üstünə bir ehtiras şehi tökülmüşdü. Ona elə gəldi ki, xırda döşləri də birdən-birə böyüdü, alt köynəyini yırtmaq istəyir.

Südabə xanım özü də təəccüb qalmışdı, bu fağır qızın sifəti elə bil ki, qəfləti bir bir həyat eşqi ilə əlavə gözəllik bəxş edən təbəssümlə mükafatlanmışdı. Ötən dəfə çox qəmgin görünən bu qız indi şimşəyə bənzəyən bir gülüşlə canlanmağa başlamışdı. Lakin bu, uzun sürmədi, az sonra kədər və nagümanlıq yenidən onun sifətinə qayıtdı. Yanaqlarındakı günəş altında pərvanə qanadlarının cilvələnməsini xatırladan çalarlar necə meydana çıxmışdısa, elə də yox oldu. Yəqin ki, ondakı bu məchul dəyişikliyi arvadından daha çox Hüseyn müəllim hiss etmişdi. Ruhiyyə ürəyində Allaha yalvarırdı ki, qoy Südabə xanım onun özünün buna baiskar olduğunu ağlına gətirməsin. Qoy o, daim öz görünüşü ilə "fantaziya ilahəsinə" çevrilən qızı yada salsın. Həm də çox istəyirdi ki, Südabə xanım qısa müddətdə baş verən səhnə dəyişikliklərinin səbəbindən agah olmasın. Çünki təbiətcə qısqanc olan bu qadın ərindən daha çox ona nifrət etməyə başlayardı və onların ünsiyyətinə birdəfəlik son qoyulardı. Ruhiyyə sevinirdi ki, Südabə xanım heç nədən şübhələnməmişdir. O da danışıb gülürdü. Ruhiyyəyə deyirdi ki, özünü utancaq aparma, açıq-saçıq ol, iştahla ye, sənin haqqında Hüseynə çox söhbətlər etdiyimdən o, səni yaxşı tanıyır. Ona görə də sənin süfrə arxasında hansısa bir sıxıntı keçirməyin məni heç cür açmır.

Şam yeməyi başa çatanda Südabə xanım süfrəyə tort qoydu və çay süzdü. Ruhiyyə belə hörmətli adamların evində əziz qonaq kimi qarşılanacağını heç təsəvvür edə bilməzdi. Özündən asılı olmayaraq, Ruhiyyə çox şad idi. Elə bil ki, bu ər-arvad onu sadəcə dadlı xörəklərə qonaq etməmişdilər, ona böyük bir dünyanı bəxş etmişdilər. O, özünü fantastik bir aləmdə hiss edirdi. Ona olan ana nəvazişi ilə yanaşan bir qadının və gözəlliyini diqqətsiz qoymayan bir yaşlı kişinin məclisi bu qızı uzaqlara, tanış olmadığı gözəl bir diyara aparırdı.

Birdən onu qara fikirlər bürüdü, gələcək həyatının qorxusu, əzablı illərinin davam etməsi, tənhalıqda keçəcək bir ömür perspektivi, bədənin və ağlın yorulduğunu hiss etdirən müdhiş qocalığın qəflətən haqlaması onu titrətməyə məruz qoydu. Ruhiyyə düşünürdü ki, illər ötüb-keçəcək, ruhu əzən tənhalıq, bədəni əsdirən əsəbi gərginliyin əlavə olunduğu yaşlılıq öz hökmünü verəcəkdir. Xəzan yarpağı rəngini dəyişib saralır və torpağa tökülür, mənim də kasıb dünyam məhvə doğru tələsəcəkdi. Bu mənzərə Südabə xanımın gözündən yayınmadı, hamiləliyin tez-tez melanxoliya yaratdığını deyib, izah etdi ki, pis hisslərə qapılmaq bətndəki uşağın da sağlam böyüməsinə mənfi təsir göstərə bilər. Lakin kədərli hisslərin onun üzərimə hücum çəkməsi heç də bu qızın özündən asılı deyildi, həyatında çox şeylər ondan asılı olmamışdı, ən riskli addımları da o, məcburiyyət qarşısında atmışdı. Gələcək özünün fərəhli donuna büründükdə, keçmişin xatirələri adama daha acı görünməyə başlayır. Arzuların da yerini qara fikirlər tutur və onlar adamı bir an da olsun rahat buraxmır. Arzuların özü də qüssə rəngini qəbul edir, keçirdiyin xoş anlar da onlara öz təsirini göstərə bilmir.

Çay dəstgahı da sona çatanda, Ruhiyyə onların istirahətini pozmamaq xatirinə getmək istədiyini bildirdi. Südabə xanım əvvəlcədən içini ərzaqla, konfetlə, süd məhsulları ilə doldurduğu sallofan zənbili ona verib dedi ki, bu, ananla bacın üçündür. Qız çox utansa da, hədiyyəni qəbul etməkdən imtina edə bilmədi. Onu ər-arvadın ikisi də yola saldı. Hüseyn müəllim birinci dəfə idi ki, belə hərəkət edirdi. Arvadı bunu onun sözlərinə ərinin diqqətlə yanaşması kimi qəbul etsə də, Ruhiyyə bunu kişinin onun özünə xüsusi diqqəti kimi qiymətləndirdi.

Üç həftə sonra yenə həmin dəvət, həmin şam süfrəsi təkrar olundu. Bu dəfə Hüseyn müəllim evdə yox idi. Mətbəxdə süfrəyə plov, çolpa çığırtması düzülmüşdü. Ruhiyyə hər iki xörəyi ləzzətlə yeyirdi, artıq Südabə xanımı özünə doğma hesab etdiyindən utanmırdı, gözləri sərhəd müşahidəçisi kimi onu müşahidə edən Hüseyn müəllimin evdə olmaması da onun özünü açıq-saçıq aparmasına şərait yaratmışdı.

Südabə xanım qızın səmimiyyətinə arxayın olduğundan yaxın adamı kimi ona etiraf etdi ki, bəzən əsəblərini cilovlaya bilmir, qiyamçı ruhu onu rahat buraxmır. O, Lermontovun "Parus" - "Yelkən" şeirindəki təsvir olunan qayığın sakitlik tapmaq üçün tufan aradığını söylədi və şeirdən iki misra oxudu:

"A on, mətejnıy, prosit buri,
Kak budto v burəx estğ pokoy".

Tərcümədə belə səslənir: 

"O qiyama susayıb, tufan axtarır,
Elə bil tufanda bir sakitlik var".

Onu da əlavə etdi ki, mən də, nə qədər qəribə görünsə də, həmin qayıq kimiyəm.

Südabə xanım Ruhiyyəyə öz doğma qızı kimi baxırdı və ona çox şeyi öyrətməyə çalışırdı. Onun təsiri ilə qız yenidən çoxlu bədii kitablar oxumağa başlamışdı. Qızla söhbətində bəzi eyhamlı, özünün dediyi kimi allüziya xarakterli sözlər işlədirdi. Lakin qız bunları başa düşməmişdi, axı professor qadının söhbətlərini anlamaq da asan məsələ deyildir. Nəhayət, özü dözə bilməyib, söhbəti açdı və Ruhiyyə onun ağlasığmaz təklifini eşidəndə, yerindəcə donan kimi oldu. O, qəmgin halda dedi ki, mən ağır xəstəyəm, ürəyim çox tez-tez ağrıyır, əsəblərim də artıq gərginliyə dözə bilmir. Kardioloqlar ürəyimdə açıq cərrahiyyə əməliyyatı aparılmasını təklif edirlər, lakin mən razılıq vermirəm. Özüm də hiss edirəm ki, çox yaşamayacağam. Hüseyni tək qoymaqdan qorxuram, övladımız olsaydı, ona həyan olardı. Kimsə ona qayğı göstərməlidir, o, balaca uşaq kimidir, evdə ona xidmət göstərilməsinə böyük ehtiyacı vardır. Belə qərara gəlmişəm ki, mən öləndən sonra sən Hüseynlə ailə həyatı qurasan.

Ruhiyyə dik atıldı, qulaqlarına inanmadı. Düşündü ki, ya özü, ya da Südabə xanım dəli olmuşdur. Bu təklif heç bir ölçüyə sığmırdı. Ona görə də yalvarmağa başladı:

- Südabə xanım, sən Allah, səhhətinizə fikir verin, sizə ölmək tezdir, hələ yaşamalısınız. Özü də həm Hüseyn müəllim üçün, həm də sizi sevən tələbələriniz və pərəstişkarlarınız üçün. Çalışın auditoriyada da çox əsəbiləşməyin. Məni də anasız, rəfiqəsiz qoymamalısınız, heç olmasa, mənə yazığınız gəlsin. Mən uzun illərdən sonra tapdığım sevimli anamı belə tezliklə itirmək istəmirəm. Yalvarıram sizə, ölüm barədəki düşüncələrinizi özünüzdən uzaqlaşdırın. İnanın, mən öz ölümümə razıyam ki, təki siz yasayasınız, ölməyəsiniz. Təkcə siz mənim kimi minlərlə cavan adamlara dəyərsiniz. Mən çox tez atadan yetim qalmışam, indi də ən sevimli anamdan yetim qalmaq istəmirəm.

(Ardı var)

 





09.03.2021    çap et  çap et