525.Az

"Şərq qapısı" qəzetinin ilk qadın müxbirləri - Araşdırma


 

1920-Cİ İLLƏRDƏ DƏ NAXÇIVANIN VƏ ÜMUMƏN AZƏRBAYCANIN MƏDƏNİ-İCTİMAİ HƏYATINDA QADIN MÜƏLLİFLƏR FƏAL ROL OYNAYIBLAR

"Şərq qapısı" qəzetinin ilk qadın müxbirləri - <b style="color:red">Araşdırma</b>

"Şərq qapısı" qəzetinin 1923-1926-cı il nömrələrini nəzərdən keçirərkən aydın olur ki, o illərdə Səkinə Rasizadə, Siddiqə Bağırova, Qəşəng Kəngərli, Rübaba Sadıqova, Məmurə Rəhmiyeva, Xanım Mehdiyeva, Qəmər Nəcəfzadə, Rübaba Nəsirbəyova, Güllər Ənnağıyeva, Tərlan Kazımbəyova, Fatma Rəhimova, Şövkət İskəndərova kimi qadın müəlliflərin müxtəlif məzmunlu yazıları dərc edilib.

Həmin illərdə "Şərq qapısı" qəzetinin səhifələrində "Zəhmətkeş qadın", "Talibə R.S.", "Türk qadını" imzalı qadın müəlliflərin yazılarına da rast gəlmək olur.

Sovet hakimiyyətinin ilk illərində ictimai həyata atılan bu qadınlar Naxçıvanda qadınlar hərəkatında fəal iştirak etmələri ilə digər müasirlərindən fərqlənirdilər. Onların bəhs edilən dövrdəki fəaliyyətləri haqqında müxtəlif mənbələrdən bəzi məlumatlar əldə edə bilmişik.

Görkəmli şair Hüseyn Cavidin kiçik qardaşı Əlirza Rasizadənin həyat yoldaşı Səkinə Rasizadə 1926-cı ildə Naxçıvan Zəhmətkeş Qadınlar Komitəsinin sədri olmuşdu. 1923-cü ildə Bakıda nəşrə başlayan "Şərq qadını" jurnalının Naxçıvandakı müxbiri idi.

Siddiqə Bağırova Naxçıvan şəhərində qadınlar üçün açılmış savad kursunda 1925-ci ildə dərs deməyə başlamışdı. 1925-ci ilin fevral ayında Naxçıvanda keçirilən IV Sovetlər Qurultayında iştirak edən doqquz qadından biri olmuşdu. Bakıda nəşr olunan "Şərq qadını" jurnalında yazıları dərc edilirdi.

Sonralar Qəşəng Baharova kimi Azərbaycan miqyasında tanınan Qəşəng Kəngərli 1921-1922-ci illərdə Bakıda partiya məktəbində oxumuş, 1922-1924-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin qadınlar şöbəsində təlimatçı vəzifəsində işləmişdi. "Yeni fikir" qəzetinin redaksiya müdiri Ələkbər Qəribin imzası ilə Q.Kəngərliyə verilən 30 aprel 1924-cü il tarixli arayışdan məlum olur ki, o, Naxçıvanda həmin qəzetin müxbiri imiş. "Şərq qapısı" qəzetində dərc olunan bir məlumatdan isə öyrənirik ki, 1924-cü ilin avqust ayında Naxçıvan Darülmüəlliminin həyətində keçirilən müsamirədə "Qəşəng xanım mahnılar oxuyub".

Məmurə Rəhmiyeva Naxçıvan Qadınlar Klubunda İşçi-kəndli Qadınlar Şöbəsinin sədri vəzifəsində işləmişdi. 1922-ci ildə Azərbaycan Kommunist (bolşevik) Partiyası şəhər və rayon partiya komitələri yanında qadın şöbələri müdirlərinin birinci müşavirəsinin iştirakçısı olmuşdu.

Rübaba Sadıqova 19 yaşında ikən Naxçıvan Qadınlar Klubuna rəhbərlik etmişdi. 1925-ci ildə Naxçıvanda kommunist partiyasına üzv qəbul edilən 12 qadından biri Rübaba Sadıqova olmuşdu. 1924-cü ilə aid olan bir sənəddə Naxçıvanda fəaliyyət göstərən qadın dram dərnəynin üzvləri arasında R.Sadıqovanın da adı vardır. O, Naxçıvanda çadrasını atan ilk qadınlardan idi.

Qəmər Nəcəfova məşhur mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın qızı olduğu üçün Naxçıvanda daha çox tanınmışdı. "Şərq qapısı" qəzetinin 1924-cü ildə çıxan nömrələrinin birində onun fəaliyyətin əsas istiqaməti barəsində belə bir məlumat vardır: "Darülmüəlliminin (Naxçıvanda - F.X.) həyətində müsamirə keçirilib. Həsən Səfərlinin rəhbərliyi ilə konsert verilib... Qəmər Nəcəfova türk şairi Orxan Seyfinin "Həsbhal" və Hüseyn Cavidin qadın haqqındakı şeirlərini əzbər deyib və alqışlar altında təzədən səhnəyə qayıdıb".

Güllər Ənnağıyeva "Güllu" imzası ilə şeirlər yazıb, Naxçıvanda təşkil edılən qadın dram dərnəyinin fəal üzvü olub.

Fatma Rəhimova Naxçıvanda qadınların savadsızlığına qarşı mübarizə hərəkatında fəal iştirak etmiş, 1925-ci ildə Naxçıvan şəhərində fəaliyyət göstərən qadınlar üçün savad kursunun müəllimi olmuşdu.

Tərlan Kazımbəyova 1921-ci ildə Naxçıvan şəhərindəki 2-ci qız məktəbinin müdiri olub.

Xanım Mehdiyeva, Rübaba Nəsirbəyova, Şövkət İskəndərova da Naxçıvanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən qabaqcıl qadınlar kimi tanınıblar.

Yuxarıda adı çəkilən qadınların hamısının diqqəti cəlb edən bir fəaliyyəti də "Şərq qapısı" qəzeti ilə əməkdaşlığı və həmin qəzetdə günün aktual problemlərinə həsr olunan məqalələr dərc etdirmələri idi. Bu müəlliflərin 1923-1926-cı illərdə "Şərq qapısı"nda çap olunan yazılarının leytmotivini qadın azadlığı mövzusu təşkil edir. Həmin yazılarda Naxçıvanın mədəni-ictimai həyatı üçün xarakterik olan maarif, mədəniyyət, səhiyyə, kitabxana, klub və müxtəlif dərnəklərin işi, qadınlar şöbələrinin fəaliyyəti, uşaq tərbiyəxanası, qız məktəbləri, savad kurslarının təşkili kimi problemlərə toxunan müəlliflər qaldırdıqları məsələləri özünəməxsus tərzdə oxuculara çatdırır və mövqelərini nümayiş etdirə bilirdilər. 

Qadın azadlığı mövzusuna həsr olunan məqalələrin əsas məzmunu isə savadsızlıq, hüquqsuzluq, ailələrdə kişilərin despotizmi, azyaşlı qızların ərə verilməsi, çoxarvadlılıq, çadra əleyhinə mübarizə, qadınların geri qalmasının səbəbləri, onların inkişaf yolu və qarşılarında duran vəzifələr təşkil edirdi.

Məqalələrdə qadınları hüquqsuz və cəhalət girdabında saxlayan köhnə adət-ənənələr və rəzalətlər də tez-tez xatırladılır. Müxbirlər Azərbaycan qadınlarının əsarətdən qurtulub öz azadlıqlarına qovuşmasının yolları haqqında bəhs etməyə də xüsusi diqqət yetirirdilər. Onların fikrincə, bu yollardan ən birincisi təhsil almaq, elmə yiyələnməkdir. Q.Kəngərlinin çağırış ruhlu bir məqaləsində qadınların öz müqəddəratlarını həll etməyinin elə özlərində olduğu vurğulanır: "Möhtərəm bacılar! Sizin azadlığınız, sizin qurtuluşunuz fəqət kəndi inqilabi hərəkatınızdan, kişilər ilə müttəhid fəaliyyətinizdən asılıdır. Vəxtiki sizin azadlığınız kəndi əlinizdədir. Başqalarına ümid olmayıb, "Qonşuya ümid olan şamsız qalar" - deyə kəndi azadlığınız uğrunda özünüz çalışmalısınız".

Qadın müxbirlər təkcə elm və maarifi təbliğ etməklə kifayətlənmirdilər. Onlar həm də Naxçıvanda qadınlar üçün açılan savad kursları, qız məktəbləri, kitabxanaların fəaliyyətinin yüksəldilməsini arzu edirdilər. Tərlan Kazımbəyova yazırdı ki: "Bisavad analarımızı qaranlıqdan və mövhumatdan xilas etmək üçün ən birinci lazım olan bir kaç yollar varsa, bunlardan mühümü ikidir. Birincisi qadınlar arasında bisavadlığı ləğv etmək, digəri isə qadınlar qiraətxana və kitabxanası açmaqdlr".

Qadın müxbirləri maraqlandıran məsələlərdən biri də Azərbaycan, o cümlədən, Naxçıvan qadınlarının qısa bir müddət ərzində keçdiyi inkişaf yolunu təhlil etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək idi. Bu baxımdan Qəmər Nəcəfova və Məmurə Rəhmiyevanın məqalələri daha çox diqqət cəlb edir. Hər iki müəllif öz məqalələrində əvvəlcə keçmişdə Azərbaycan qadınlarının necə acınacaqlı bir şəraitdə yaşamalarından söz açır. Azərbaycan qadınlarının o illərdə keçdiyi inkişaf yolundan da söz açan M.Rəhmiyeva konkret faktlara söykənərək bu nailiyyətləri alqışlayır və təbliğ edirdi. Q.Nəcəfova diqqəti Naxçıvan qadınlarınin uğurlarına yönəldərək böyük sevinclə yazırdı: "Naxçıvan qadınları göstərdikləri fəaliyyətləri Azərbaycan tarixinin qiymətli və ən parlaq səhifələrinə altun qələm ilə yazılacaqdır..."

Qadın müəlliflərin məqalələrinin mövzusu təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmırdı, bu yazılarda həm də digər regionlarda - Şərur, Ordubad, Baş Noraşen, Yengicə, Cəhri, Təzəkənd kimi rayon və kəndlərdə qadın həyatı ilə bağlı məsələlərə də toxunulurdu.

Onlar Naxçıvanın ictimai-siyasi, mədəni və iqtisadi həyatı ilə bağlı digər məsələlər də maraqlandırır və bu istiqamətdə yazdıqları müxtəlif məzmunlu məqalələrini oxuculara çatdırırdılar. Məsələn, Q.Kəngərli "Qadınlar və vahid kənd təsərrüfatı vergisi" sərlövhəli məqaləsində yazırdı ki, "qadınlar köylərdə öz ailələri ilə çalışıb hasilə gətirdiyi məhsulatdan - meyvə, nəbatat və heyvanatdan verilən vergi qismlərini hökumətə verməklə yüzlərcə çalışan qadınların gələcəkdə maarifləşmələrinə kömək edirlər".

Səkinə Rasizadə isə məqalələrinin birində səhiyyə məsələsinə toxunaraq qeyd edir ki, xəstələrə tibbi xidmət göstərməli olan həkim "həmişə sərxoş halda doxturxanada əyləşir". Belə bir vəziyyəti qəbuledilməz hesab edən S.Rasizadə sərxoş həkimə müraciət edərək məqaləsini təsiredici rişxəndli sözlərlə bitirir: "Mən də doxturdan rica edirəm, xidmətə gələn zaman ayıq gəlsin, fəqət evlərinə gedəndən sonra şərab boçkasını təmiz içsə də, sözüm yoxdur".

Keçən əsrin 20-ci illərindən özünəməxsus ənənələrə yiyələnən Ordubad teatrı laqeydlik və baxımsızlıq ucbatından 1926-cı ildə öz böhranlı dövrünü keçirməyə başlamışdı. Xanım Mehdiyevanın "Ordubad teatrının halı" adlı məqaləsi də bu məsələyə həsr olunmuşdu. "Ölkənin başqa yerlərində olan teatrolar günü-gündən tərəqqi etməsinə baxmayaraq, Ordubad teatrosu hər il keçən ildəkindən pozğun vəziyyətə girərək dağılmaq üzrədir. Hazırda teatro sahibsizdir" - yazan müəllif "Ordubad teatrosuun irəliləməsi üçün" bir sıra təkliflər irəli sürür.

Qadın müxbirlərin məqalələrində Naxçıvanın mədəni-ictimai həyatında həll edilməsi zəruri olan digər məsələlər də qaldırılırdı. Məsələn, Siddiqə Bağırova, Rübaba Nəsirbəyova, Xanım Mehdiyeva, Rübaba Sadıqova, Məmurə Rəhmiyeva, Səkinə Rasizadə və başqalarının yazılarında Naxçıvanın aid orqanlarından maarif və mədəniyyət ocaqlarının yerləşdiyi binaların təmir etdirilməsi, bəzi təşkilatlarda nizam-intizamın bərpa edilməsi, kəndlərdə səhiyyə məntəqələrinə diqqətin artırılması, yeni həyatın üstünlüklərinə aid təbliğatın zəif məqamlarının aradan qaldırılması kimi məsələlərin həlli xahiş və tələb edilirdi. Bu xahiş və tələblər, şübhəsiz ki, bəzi problemlərin aradan qaldırılmasına öz həlledici təsirini göstərirdi.

Qadın müxbirlərin məqalələri ilə tanışlıqdan aydın olur ki, onların müəlliflərinin hər birinin özünə məxsus üslubu vardır. Məsələn, S.Bağırovanın yazılarında tənqid güclüdürsə, R.Sadıqovada müqayisə və təhlilə üstünlük verilir. M.Rəhmiyevdə güclü ümumiləşdirmə, S.Rasizadədə isə mollanəsrəddinçilərin təsiri və yazı manerası daha çox özünü göstərir. Q.Gəngərlidə bədiiliyə meyil, X.Mehdiyavada qətiyyətlilik diqqəti cəlb edir. Tərlan Kazımbəyova, Şövkət İskəndərova, Rübaba Nəsirbəyova isə hələ qələmi püxtələşməyən həvəskar müəllif  təsiri bağışlayır.

1923-1926-cı illərdə öz ictimai fəaliyyətləri ilə Naxçıvanda yaxşı tanınan haqqında bəhs etdiyimiz müəlliflər "Şərq qapısı" qəzetinin ilk qadın müxbirləri kimi şərəfli bir vəzifənin öhdəsindən layiqincə gəlməklə yanaşı, keçən əsrin 20-ci illərində Naxçıvan ədəbi mühitində yeni meydana çıxan publisistikanın da ilk nümunələrini yaradanlardan olublar.

 





09.03.2021    çap et  çap et