525.Az

"Milli həmrəylik cəmiyyətimizi siyasi burulğanlardan qoruyacaq ali dəyər olmalıdır"


 

QÜDRƏT HƏSƏNQULİYEV: "SİYASİ DİALOQUN DAVAMLI OLMASI ÇOX ƏHƏMİYYƏTLİDİR"

"Milli həmrəylik cəmiyyətimizi siyasi burulğanlardan qoruyacaq ali dəyər olmalıdır"<b style="color:red"></b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXC) sədri, millət vəkili Qüdrət Həsənquliyevdir.

- Qüdrət müəllim, bir ildən çoxdur ki, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyətilə iş şöbəsinin yaradılmasını, onun rəhbərliyinə təcrübəli məmur Ədalət Vəliyevin gətirilməsini zamanında müsbət qiymətləndirmişəm. Siyasi partiya sədrləri və funksionerləri ilə mütəmadi olaraq müvafiq şöbənin müdirinin və əməkdaşlarının görüşləri əlbəttə ki, təqdir olunmalıdır. Bu, ölkədə siyasi proseslərin qanunvericilik çərçivəsində inkişafına, eyni zamanda, milli birliyimizə öz töhfəsini verməkdədir.

- Bəzi həmkarlarınız, yəni müxtəlif siyasi partiyaların liderləri ötən müdddət ərzində artıq dialoq çərçivəsində müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz necə düşünürsünüz, artıq dialoqun nəticələrdən danışmaq mümkündür?

- Hakimiyyətlə siyasi partiyalar arasında başladılan dialoqun nəticələrini ilkin mərhələdə qənaətbəxş hesab edə bilərik. 44 günlük Vətən müharibəsi zamanı bütün siyasi partiyaların Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsində əlbəttə ki, siyasi partiyalarla aparılmış dialoqun əhəmiyyətli payı var idi.

- Sizin rəhbərlik etdiyiniz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da yəqin ki, dialoq çərçivəsində müəyyən təkliflər irəli sürüb. Konkret hansı təkliflərlə çıxış etmisiniz və onlardan həyata keçiriləni olubmu? 

- Bizim partiya "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklikləri təklif edib. Məndə olan məlumata görə, başqa partiyaların da müxtəlif xarakterli təklifləri olub. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, iqtisadiyyatda azad bazar münasibətləri bərqərar olsun, şəffaflıq və hesabatlılıq təmin edilsin, siyasi islahatlar yolu ilə siyasi partiyaların siyasi sistemdə rolu gücləndirilsin. İri maliyyə tutumlu bütün layihələr və dövlət əhəmiyyətli qərarlar aparıcı siyasi partiyalarla müzakirə olunsun. Ümid edirəm siyasi dialoq hansısa mərhələdə bu məqsədlərə çatmağa imkan yaradacaq.

- Sizin də qeyd etdiyiniz kimi, Vətən müharibəsində bütün siyasi partiyalar birlik nümayiş etdirdi. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Milli həmrəylik cəmiyyətimizi siyasi burulğanlardan qoruyacaq ali dəyər olmalıdır. Ona görə hamı bu istiqamətdə çalışmalı, siyasi rəqabət ehtiyac duyulduqda bir araya gəlməyimizə maneə olmamalıdır. Siyasi dialoqun davamlı olması bu baxımdan çox əhəmiyyətlidir və əməkdaşlıq imkanlarını saxlayır.

- Hakimiyyət tərəfindən fərq qoyulmadan bütün siyasi partiyalar dialoqa dəvət edilib. Amma bu təklifdən imtina edən partiyalar da oldu. Müsavat Partiyası əvvəl təklifdən imtina etsə də, sonra müəyyən qədər təmaslara qatıldı, lakin AXCP ümumiyyətlə, imtina edib və müəyyən şərtlər də irəli sürüb. Bu yanaşmanı necə qiymətləndirirsiniz və imtina üçün göstərilən səbəblər nə dərəcədə əsaslıdır?

- Müsavat Partiyası ilə mənim də bildiyimə görə, əməkdaşlıq edilir. AXCP-yə gəlincə, ilkin şərt irəli sürdüyündən bu, baş tutmayıb. Həmin şərtlər qeryi-ciddi olmaqla "fərqlənmək" mərəzindən və kənar təsirlərdən qaynaqlanır. Hər bir partiya müzakirə zamanı istədiyi məsələni qaldıra bilər və qaldırır da. Mənim bildiyim qədəri ilə heç bir partiyaya vaxt məhdudiyyəti də qoyulmur. Partiyalar təkliflərini yazılı formada da təqdim edə bilərlər. Bu, o formada başa düşülməməlidir ki, iqtidar öz fəaliyyətini müxalifətin təklifləri əsasında qurmalıdır. Amma ciddi məsələlər barədə müxalifətin mövqeyi hökmən öyrənilməli və imkan daxilində nəzərə alınmalıdır.

- Qüdrət müəllim, sizin fikrinizcə, ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərir?

- Ölkədə aparılan siyasi islahatların sürəti məni qane etməsə də, siyasi partiyaların canlanmasına səbəb olub. Siyasi islahatların davam etdirilməsi siyasi sistemimizin, beləliklə də, dövlətimizin daha da güclənməsinə yol açacaq.

- Yuxarıda qeyd edilən kimi, siyasi dialoq bir ildən artıqdır ki, aparılır. Bu prosesin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, dialoq prosesi hara qədər davam edəcək?

- Siyasi dialoqun davam etdirilməsi tərəflərin siyasi iradəsindən asılı olan məsələdir. Əgər görüşlərdə qaldırılan heç bir məsələyə iqtidar diqqət göstərməyəcəksə, deməli, bu gözəl təşəbbüs bir müddətdən sonra ölüb gedəcək. Ona görə də proseslərin hara qədər davam edəcəyi barədə qəti bir söz demək olmaz. Biz BAXCP olaraq çox istərdik ki, bu proses davamlı olsun.

- Yeri gəlmişkən, bu dialoq dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi tərəfindən aparılır. Şöbə artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. Bir ildə görülən işləri necə qiymətləndirmək olar? Bu müddətdə siyasi partiyalarla iş nə dərəcədə uğurlu olub?

- Bu günə qədər adıçəkilən şöbənin gördüyü işləri müsbət qiymətləndirmək olar. Ümid edirəm, onlar Prezidentin siyasətini və konkret tapşırıqlarını bundan sonra da uğurla həyata keçirə biləcəklər.

PƏRVANƏ

 





09.03.2021    çap et  çap et