Dünya Bankı COVİD-19 pandemiyasının Azərbaycanda yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün layihə hazırlayır.
Dünya Bankından verilən məlumata görə, layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir. "Azerbaijan COVİD-19 Emergency Response Project" adlanan layihənin dəyəri 95 mln. ABŞ dolları göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.
Xatırladaq ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.
"Regional əlaqələr və inkişaf" ("Regional Connectivity and Development Project") layihəsinin may ayında təsdiqlənməsi gözlənilir.
çap et