525.Az

“Macarıstanın Cənub Qaz Dəhlizindən istifadəsi vacibdir”


 

“Macarıstanın Cənub Qaz Dəhlizindən istifadəsi vacibdir”<b style="color:red"></b>

“2020-ci ilin sonunda yeni reallıq ortaya çıxdı, Cənub Qaz Dəhlizi istifadəyə verildi”.

525.az-ın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

P. Siyarto deyib ki, bu ilin sonunda Macarıstan Cənub Qaz Dəhlizinə birləşəcək:

“Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.

“Səfərimin məqsədlərindən biri macar şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətə cəlb etməkdir”.

“İnanırıq ki, regionda sülh və inkişaf bərqərar olacaq. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Macarıstan hökuməti macar şirkətlərinin Dağlıq Qarabağ regionunda fəaliyyətini dəstəkləyir və bunun üçün də maliyyə ayırıb”, - deyə nazir vurğulayıb.

Macarıstan xarici işlər və ticarət  naziri bildirib ki, Macarıstan şirkətlərinə 100 milyon dollar ayrılıb və bu şirkətlərə yenə vəsait ayrılması nəzərdə tutulur.

“Fəxr edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusuna malikik”.

P. Siyarto deyib ki, pandemiyanın ilk aylarında Türkiyə Macarıstana tibbi maska ilə bağlı yardım göstərib:

“Azərbaycan və Qazaxıstan da bizə yardım edib. Çindən Macarıstana avadanlıqlar daşıyan təyyarələrimiz də Azərbaycan üzərindən keçdi. Əsl dost pis gündə tanınar. Biz bunun şahidi olduq”.

Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Budapeştdə Türk Şurasının ofisi yaradılıb:

“Macarıstan Türk Şurasına üzv dövlətlərə əməkdaşlıqda, habelə birgə palata və investisiya fondunun, Türk Akademiyasının yaradılmasında maraqlıdır. Türk Şurasının Baş Assambleyasında da iştirak edirik. Biz Avropa Parlamenti və Türk Şurası arasında əməkdaşlığın yaranmasında iştirak etməyə hazırıq. Biz Avropa İttifaqı və Azərbaycan arasında əslində danışıqların son mərhələsindəyik. Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil”.


 

 





10.03.2021    çap et  çap et