525.Az

"Ombudsmanın cərimələrin tətbiqi ilə bağlı təklifi başadüşüləndir"


 

QULU MƏHƏRRƏMLİ: "BU MƏSƏLƏDƏ CƏMİYYƏTİN MARAĞI VƏ VƏTƏNDAŞLARIN İNFORMASİYA ALMAQ HÜQUQU ƏSAS GÖTÜRÜLÜR"

"Ombudsmanın cərimələrin tətbiqi ilə bağlı təklifi başadüşüləndir"<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində "Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsini təklifi öz əksini tapıb.

Məsələni "525"ə şərh edən televiziya üzrə ekspert, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bildirib ki, Ombudsmanın insan hüquqları və ictimai maraqlar baxımından çıxış edərək televiziya və radio verilişlərinə verilən tələblər sırasında göstərilən bir sıra maddələrlə bağlı cərimə tətbiq olunması təklifini başa düşmək olar:

"İrəli sürülən niyyət xoşdur. Yəni burada cəmiyyətin marağı əsas götürülür, insanların informasiya almaq hüququ əsas götürülür və qeyd olunur ki, bütün bunlar pozulacağı təqdirdə teleradio qurumları mütləq cərimələnməlidir. Yəni burada söhbət cəmiyyətin, insanların həyatı və sağlamlığı, bütövlükdə ölkənin təhlükəsizliyi üçün olan məsələlərdən gedir. Bu barədə rəsmi məlumatların teleradio ilə vaxtında verilməməsi əlbəttə ki, ciddi pozuntudur və düşünürəm ki, televiziyanın cərimələnməsinə heç kimin etirazı olmaz. Qeyd etdiyim kimi, burada niyyət xoşdur və ictimai maraqlar, insan haqları güdülür. Ona görə mən bu cür təklifə müsbət baxıram. İkinci bir tərəfdən, qeyd etməliyik ki, ümumiyyətlə, teleradio və yayım üzərində son ildə Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər, onun konkret cəzalar tətbiq etməsi müsbət nəticələr verir. Amma bununla yanaşı, televiziyalar da tamaşaçı, dinləyici auditoriyası qarşısında məsuliyyətini dərk etməlidirlər". 

Qulu Məhərrəmli hesab edir ki,  dövlət qurumlarına, o cümlədən, yayım təşkilatlarına qarşı tətbiq olunan inzibati cəzalar öz effektini verir:

"Misal üçün MTRŞ-nın yayımı bir neçə saat dayandırmaq cəzası, eləcə də cərimələrin irəli sürülməsi və s. tədbirlərinin təcrübədə effekt verdiyi görünür. Mətbuatda, hətta Milli Məclisin özündə  televiziyalar tənqid olunur, amma bu tənqidlər ciddiyə alınmır. Bunu çox zaman hansısa teletənqidçinin subyektiv mülahizəsi, yaxud hər hansı deputatın mövqeyi kimi qiymətləndirirlər. Halbuki bu tənqidlər əsaslı olanda və tədbirlər görüləndə bu iş televiziyanın özünün xeyrinə olur. Çalışmaq lazımdır ki, məsələ cərimə və inzibati tədbir səviyyəsinə qalxmasın. Ona görə də hesab edirəm ki, bu cür cəzaların səmərəsi var. Televiziyalar hər halda bundan özlərini qoruyurlar".

Ekspert onu da vurğulayıb ki, son 1-2 ildə televiziyalarda müəyyən  müsbət proseslər gedir:

"Artıq televiziyalara yuxarıdan verilən bəzi zərərli vərdişlər yoxdur. Çünki o göstərişləri verən məmurlar da yoxdur. Ikincisi, bir çox telekanalların rəhbərləri dəyişdirilib və bu da müəyyən dərəcədə öz effektini verir. Əvvəlki şit, bayağı şou-proqramların sayı qismən azalıb. Auditoriyanı qıcıqlandıran aparıcılar da sanki özlərini yığışdırıblar. Bunların hamısı bir tərəfdən ictimai qınaqla bağlıdırsa, digər tərəfdən inzibati cəzalarla bağlıdır. Hər halda bütün tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz arzulayırıq ki, televiziya menecmenti ən yüksək səviyyədə olsun, məzmun auditoriyanı hər zaman cəlb edə bilsin və televiziyalarımız auditoriyalar qarşısındakı məsuliyyətini hiss etsin.

Son yarım ildə pandemiya ilə bağlı təşkil edilən informativ verilişlər, müzakirələr, dəyirmi masalar istənilən telekanalda xeyli effekt verir. Vətən müharibəsi zamanı da insanlar auditoriya qarşısında çox toplanırdı və televiziyalar bundan çox məharətlə istifadə etməli idilər.

Təəssüf ki, müharibədən sonra auditoriyani saxlamaq xeyli çətinləşdi. Çünki televiziyaların çoxu ekranlardakı parlaq məzmunu davam etdirə bilmədi. Plüralizm mütləq olmalıdır. Bu gün çatışmayan ən ciddi cəhət fikir müxtəlifliyinin ekranlarda az olmasıdır. İnsanlar təbiət və xislət etibarilə münaqişəli, konfliktli məsələlərə meyl göstərirlər. Ona görə də bu məsələləri şou səviyyəsindən dəyirmi masa, parlaq diskusiyya, debat səviyyəsinə qaldırmaq lazımdır ki, həm insanlar buna maraq göstərsinlər, həm də iştirak etsinlər. Bütün bunlara əməl etsək, televiziyalarımızın auditoriyası da genişlənəcək, maraq da artacaq.  Hətta sosial şəbəkə həvəskarlarının da çoxu televiziya proqramlarına baxacaq. Bütün bunlar çox ciddi və televiziyaların fəaliyyəti ilə bağlı strateji məsələlərdir. Bütün bunların nəzərə alınması yalnız televiziyaların öz xeyrinə olacaq".

Afaq RZA

 





10.03.2021    çap et  çap et