525.Az

Mirzə Kazımbəy xristianlığı necə qəbul etmişdi? - Araşdırma


 

Mirzə Kazımbəy xristianlığı necə qəbul etmişdi? - <b style="color:red">Araşdırma</b>

(Əvvəli ötən şənbə sayımızda)

Mirzə Kazımbəy yuxarıda da göstərdiyimiz kimi, xristianlığı dərin ruhi sarsıntı, uzun mübarizə və tərəddüdlərdən sonra, amma daxili bir inam əsasında qəbul etmişdi. 1836-cı ildə azərbaycanlı gəncin bütün həyatını dəyişdirən qeyri-adi metamorfoza haqqında Böyük Britaniyanın  "Xristian albomu" jurnalında xatirələrini dərc etdirən Qlen və Makferson yazırdılar: "Missionerlər bir qayda olaraq missiyanın müsəlman müəllimləri ilə aralarında fikir ayrılığına gətirib çıxara biləcək mövzular barədə mübahisəyə girişmirdilər. Lakin başqaları ilə müqayisədə Məhəmməd Əlinin rəftar, davranış və münasibətlərində elə sadəlik, səmimiyyət vardı, təbiət və xarakter baxımından öz fanatik, hər şeydən bədgüman görünən  həmyerlilərindən o qədər fərqlənirdi ki, missionerlər onunla ünsiyyətdə özlərini daha asudə və sərbəst hiss edirdilər". 

Mirzə Məhəmməd Əlinin sərbəst, səmimi davranışı, özünə qapılmaması, nəhayət, daim həqiqət axtarışında olması onunla missionerlər arasında dini mövzularda açıq fikir mübadilələrinə, mübahisələrə gətirib çıxarırdı. Mübahisələr bəzən əməlli-başlı söz duelinə, mövqe toqquşmasına çevrilirdi. Azərbaycanlı gənc ilk vaxtlar üzərinə daxilən yasaq qoyduğu dini söhbətlərdən xoşlanmırdı. Özünü saxlamağa çalışsa da, dözə bilmir, missionerlərin islamın əleyhinə işlətdikləri (yaxud bu şəkildə yozula bilən) hər sözə, kəlməyə sərt etirazını bildirirdi.

Sonralar həyatının bu təlatümlü günlərini xatırlayaraq yazırdı: "Mən müsəlmanlığın ciddi qayda-qanunları əsasında tərbiyə almışdım, həqiqətən də islamın təəssübünü çəkirdim və ona görə də heç vaxt öz şagirdlərimə (Şərq dillərini öyrənən missionerlər nəzərdə tutulurlar - V.Q.) iman gətirdiyim din barəsində kiçicik də olsun mübahisə, fikir mübadiləsi üçün imkan yaratmırdım. Təsadüf nəticəsində, tərəflərdən hər hansı birinin ehtiyatsızlığı ucbatından belə mübahisələr yarananda isə onlar həmişə mütləq xoşagəlməz sonluqla başa çatırdı: müsahiblərimə qarşı kobudluq edirdim və  biz qarşılıqlı şəkildə bir müddət belə söhbətlərdən imkan daxilində uzaq qaçmağa çalışırdıq".

Ancaq missionerlər də asanlıqla yaxa qurtarılası adamlar deyildilər. Onlar gəncin daxilində təlatümlər yaşandığını, daim axtarışda olduğunu, inadla mühitinin sərhədlərindən kənara çıxmağa can atdığını görürdülər. Məhəmməd Əlinin təbiət etibarı ilə hər şeylə maraqlanması əslində, missionerlərin xeyrinə idi. Bəzən saatlarla çəkən söhbət zamanı onlar konkret nümunələr əsasında yaşca özlərindən cavan müəllimə Avropada elm və maarifin inkişafından, ictimai institutların sərbəst fəaliyyətindən, insanların açıq fikirliliyindən, cəhalət və xurafat üzərində qazanılmış qələbələrdən danışırdılar. Qızıl dövrü çoxdan arxada qalmış islam  Şərqinin ədəbiyyat və mədəniyyət baxımından Avropadan müqayisəyəgəlməz dərəcədə geridə qaldığını, islam yazıçı, şair və alimlərinin ciddi mətləblərə toxuna bilmədiyini, əsərlərinin ictimai məzmun etibarı ilə kasadlığını hər təsadüfdə nəzərə çarpdırmağa çalışırdılar. Onlar gəncə Avropa rəssamlarının əsərlərini göstərir və ardınca da sanki elə-belə, sözgəlişi deyirdilər ki, Quran insan şəkli çəkməyə icazə vermir. Avropa musiqisindən söhbət açır və sanki sözarası yada salırdılar ki, Məhəmmədin şəriətinə görə musiqi dinləmək və musiqi alətində çalmaq haramdır. Onlar əlverişli fürsət yarandığı bütün təsadüflərdə iki dünyanı, iki həyat tərzini qarşılaşdırır və hər dəfə müsəlman aləminin geriliyini sübut etməklə gənci əməlli-başlı özündən çıxarırdılar.

Missionerlərin etirafına görə, o, əvvəlcə xristianlığın lehinə söylənən hər fikri qətiyyətlə rədd edirdi; bəzən dəhşətli dərəcədə qəzəblənirdi. Belə məqamlarda hisslərinə hakim ola bilmirdi. Missionerlər özləri də boyunlarına alırdılar ki, Məhəmməd Əli əsəbiləşdiyi vaxtlarda "bizim iman gətirdiyimiz müqəddəs din haqqında ən dəhşətli küfrlər söyləməkdən də çəkinmirdi. Amma hər şeyə rəğmən onun təbiətində bizə ümid verən nə isə bir məqam var idi. Məsələnin işimizə yarayan cəhəti isə belə kəskin mübahisələrdən bir neçə gün sonra Məhəmməd Əlinin  özünün sorğu-sualı təzələməsi, yenidən mübahisəyə can atması idi".

Gəncin daxilən narahatlıq və tərəddüd keçirdiyini, mənəvi müvazinət axtarışında olduğunu görən missionerlər psixoloji təzyiqlərini davam etdirirdilər. Məhəmməd Əli ilə şotland missiyasının əməkdaşları arasında qeyri-bərabər və müddətsiz bir mübarizə başlamışdı. Bir tərəfdə üzü-üzlər görmüş, təlqin etmə və inandırma qabiliyyətinə malik peşəkar din dəllalları, o biri tərəfdə isə sadəcə mövqeyinin haqlı olduğunu düşünən gənc dayanmışdı.

Missionerlər işlərini yaxşı bilirdilər və tələsmədən məqsədə doğru yaxınlaşırdılar. Aradan bir il keçəndən sonra Məhəmməd Əli xristian dini ilə müqayisədə islamın fəzilət və üstünlüklərini artıq əvvəlki ehtiras və inamla müdafiə etmirdi. Söhbət dindən düşəndə ya qəzəblə üzünü yana çevirir, ya da inadla susurdu. Qafqazlı gəncin çılğınlığına və acı dilinə yaxşı bələd olan missionerlər də belə məqamlarda çox dərinə getmirdilər.

Bəzən fikirləşirdi ki, missiya ilə əlaqəni ümumiyyətlə, yerli-dibli kəsmək lazımdır. Lakin gizli bir maraq bu həlledici addımı atmağa imkan vermirdi. Vəziyyətindəki dəyişikliyi, dərin bir tərəddüd içərisində olduğunu Qafqazda və İranda İngiltərə hökumətinin tək dini deyil, həm də siyasi maraqlarını təmsil edən ruhani atalar da yaxşı başa düşürdülər: Bunu missionerlərin xatirələrindən götürülmüş aşağıdakı sətirlər aydın şəkildə göstərməkdədir: Bizim yanımızda özünü xristianlığın qəti əleyhdarı kimi göstərsə də, tədricən islam dininə olan inamı sarsılırdı. Həmin inamın əsaslandığı zəmin artıq çat vermişdi, laxlamışdı. Vəziyyəti belə gördükdə o, narahat şəkildə arayıb-axtarmağa başlamışdı: “Bizdən eşitdikləri həqiqət idi, yoxsa yox?"

Missionerlərə fars və türk dillərini öyrədən Məhəmməd Əli özü də onların yardımı ilə ingilis və fransız dillərini mənimsəyir, Avropa dini, fəlsəfi və ədəbi-ictimai fikri, "köhnə qitə"nin tarixi  ilə tanış olurdu. Vaxtının çoxunu missiyanın zəngin kitabxanasında keçirirdi. Burada həm dini, həm də dünyəvi məzmunlu çoxlu əsərlər var idi. Məhəmməd Əli yorulmadan mütaliə edir, tarixçilərin və teoloqların, filosofların və yazıçıların kitablarında düşüncəsinə rahatlıq verməyən, yuxusunu ərşə çəkən mübhəm suallara cavab axtarırdı.

 

İnamı günü-gündən azalır, mübahisə şövqü öləziyirdi. Amma yenə də sanki qəfil bir möcüzəyə güvənərək müqavimət göstərməkdə davam edirdi. Bəlkə də həmin anlarda gözə görünməz bir qüvvənin imdadına yetişəcəyini gözləyirdi. İslam müqəddəslərindən, ilk növbədə Peyğəmbərdən, Həzrəti Əlidən yardım umurdu. Missionerlərdən biri belə epizod xatırlayır: "Bir dəfə birlikdə hansısa türk əlyazmasını oxuduğumuz zaman  mən Məhəmməd Əlinin diqqətini mətndəki bəzi gülünc fikirlərə cəlb etdim. Məsələn, müdrik kəlamlardan birində iddia olunurdu ki, kainat, mələklər və insanlar yalnız Məhəmməd Peyğəmbərin xatirinə yaradılıb. Əgər O, Yer üzünə gəlməsəydi, onda nə kainat, nə mələklər, nə də insanlar mövcud olardı. Məhəmməd Əli fikrin doğruluğunu qətiyyətlə müdafiə edirdi.

- Necə? - deyə soruşdum. - Bütün dünyanın bir nəfərin, həm də günahkar bəndənin xatirinə yaradıldığı fikrini qəbul etmək mümkün olan işdirmi?

- Nə? Siz deyirsiniz ki, Məhəmməd günahkar bəndədir? - deyə o, get-gedə artan bir həyəcanla soruşdu.

- Əlbəttə!

Məhəmməd Əli həyəcan və qəzəbdən özünü itirmişdi".

Həqiqət axtaran gənc sarsılmışdı. Bir tərəfdən missionerlərin söhbətləri, digər tərəfdən isə Avropa mədəniyyətinə, fəlsəfi və ictimai fikrinə dair oxuduqları ona öz mühitinin qüsurlarını, dörd bir tərəfdə hökm sürən fanatizm və cəhaləti daha aydın göstərir, islam dünyasının toranlıqlarını nəzərində daha da qatılaşdırırdı: "Gizli bir maraq tədricən qarşımda indiyə qədər bələd olmadığım biliklərə yol açırdı. Bir tərəfdən marağım, digər tərəfdən isə peşmançılıq və təəssüf hissim gündən-günə artırdı. Nəhayət, daxili ziddiyyətlərin mübarizəsi məni yorub əldən saldı. İnamım sarsılmış, şübhələr rahatlığımı pozmuşdu. Qarşısıalınmaz maraq isə dayanmaq bilmədən məni elə hey çəkib uzaqlara aparırdı. Sonda əzablı həqiqət axtarışlarımın nəticəsi belə oldu ki, mən ürəyimdə islamın ilahiliyi fikrini rədd etdim və bundan sonra  tamamilə əliboş, ümidsiz qaldım".

Bu zaman artıq ingilis dilini kifayət qədər yaxşı öyrənən  Məhəmməd Əli vaxtının çoxunu İncilin və digər dini kitabların mütaliəsinə sərf edirdi. Mütaliədə məqsəd nə idi? Hansı suallara cavab axtarır, hansı gizli mətləblərdən xəbər tutmaq  istəyirdi? Alim sonralar həyatının şübhə ilə güman arasında qalan  günləri haqda yazırdı: "Mən həmin kitabları artıq nə müsəlman, nə də xristian kimi deyil, həqiqət axtaran bir adam kimi oxuyurdum".

Kim necə fikirləşirsə fikirləşsin, ancaq şübhələri ilə baş-başa qalmış tənha gəncin sözlərinin səmimiliyinə inanmaq lazımdır. Xristianlığa tapınan Mirzə Kazımbəy barəsində düşünəndə yada istər-istəməz XIX əsr Avropasının iki görkəmli şərqşünası - həqiqəti Məhəmməd təlimində görən və islamı qəbul edən İohaim Lüdviq Burkhardt (İbrahim bin Abdulla) ilə Ulrix Qasner Zeetsen (Musa əl-Həkim) düşur. Ərəb Şərqinin bu iki böyük tədqiqatçısı Qurani-Kərim təlimini hansısa təzyiq və məcburiyyət üzündən deyil, bütün ömürləri boyu sorağında olduqları həqiqətə qovuşmaq üçün tapınmışdılar. Həmin həqiqət onlara Quran ayələrinin nurunda təcəlla etmişdi.

Şotland missionerləri təxminən il yarım davam edən inadlı mübarizədən sonra istədiklərinə nail oldular. 1823-cü il iyulun 11-də Dərbənd şeyxülislamının müctəhid olmağa hazırlaşan oğlu 21 yaşının tamamına on gün qalmış Həştərxandakı Edinburq cəmiyyətinin ibadət evində müqəddəs xaçı öpüb xristianlığı qəbul etdi. İsa dininin adeptinə çevrildi. Doğulanda atasının qulağına oxuduğu, o günədək fəxrlə daşıdığı Məhəmməd Əli adı Aleksandrla əvəz olundu.

Özü üçün təhlükəli, şəhərin müsəlman icması üçün təhqiramiz olan bu addımı atarkən Məhəmməd Əli həyatının mənasını dində görən, gecəsini-gündüzünü ibadətdə keçirən, şeyxülislam məqamına yüksələn ağsaqqal atasına necə sarsıdıcı zərbə endirdiyini yaxşı bilirdi. M.P.Poqodinə məktubunda son qərarını verdikdən sonra atası ilə bağlı düşüncələrindən söz açaraq yazırdı: "Başa düşürdüm ki,  dinimdən üz döndərməyim onu qəbirə aparacaq. Dərbənddə atamın çoxlu düşmənləri vardı. Şübhəsiz, onlar şeyxülislamın oğlunun islama arxa çevirdiyini eşidəndə  sevinəcək, ürəklərində dönə-dönə Allaha dua edəcəkdilər".

Bütün bunları bildiyi halda gənc Məhəmməd Əlinin həqiqət axtarışları ata məhəbbətinə üstün gəlmişdi. Amma Hacı Qasım bəy qətiyyən bu vəziyyətlə barışmaq niyyətində deyildi. O, həm bir ata kimi, həm də müsəlman ümmətinin ağsaqqalı  kimi amansız şəkildə təhqir edilmiş, alçaldılmışdı. Vəziyyətinin bütün qeyri-müəyyənliyinə baxmayaraq,  özünün və nəslinin ləyaqətini,  islamın şərəfini qorumaq üçün qorxub-çəkinmədən ən müstəsna tədbirlərə əl atmağa hazır idi. Hacı Qasım bəy oğlunun hərəkətindən xəbər tutan kimi dərhal missiyadan çıxarmış, ev dustağı eləmişdi. Qapadıldığı yarımqaranlıq otaqda ona yalnız quru çörəklə su verirdilər. Yanında son günlərlə qədər daim əlinin altında olan Qurandan başqa heç bir kitab, kağız-qələm yox idi. Amma Məhəmməd Əli də inadından dönmürdü. Atasının, onu özlərinə ağsaqqal sayan, daim başına toplaşan Həştərxan azərbaycanlıların (missionerlər onlardan Şirvan türkləri kimi söz açmışdı - V.Q.), fars, tatar, Noqay icmaları ağsaqqallarının bütün təlqin, təkid və xahiş-minnətlərinə baxmayaraq, keçmiş Məhəmməd Əli - indiki Aleksandr verdiyi  qərardan geri çəkilmək, tövbə edib islama qayıtmaq niyyətində deyildi.

Missionerlər israrla Hacı Qasım bəydən oğlunun heç olmazsa, gündüzlər missiyaya gəlməsinə icazə verməyi xahiş edirdilər. Ancaq onlara bildirildi ki, Məhəmməd Əli ev dustağıdır, dörd divar arasından kənara çıxa bilməz. İşi belə görən missiya başçısı Qlen Hacı Qasım bəyi xristian icmasının üzvünü haqsız yerə incitməsi ilə bağlı qubernatora şikayət edəcəyi ilə hədələmişdi. Bu zaman təhqir olunmuş, heysiyyəti tapdalanmış ata hiddətlə missionerlərin, qubernatorun, hətta əlahəzrət imperatorun bu məsələdə onun işinə qarışa bilməyəcəklərini demiş, dinindən üz döndərən oğlunu nəinki ev dustağı eləməyə, ac və susuz saxlamağa, hətta şəriətin hökmü ilə öldürməyə də haqqı çatdığını bildirmişdi.

Amma təbii ki, sürgün həyatı yaşayan Hacı Qasım bəy dövlətlə dövlətlik edə bilməzdi. Missionerlər bir neçə gün sonra qubernatorun əmri və Həştərxan polis rəisi vasitəsi ilə yeni din qardaşlarının həmişəlik missiyaya köçürülməsinə nail oldular. Öz etirafına görə, atasının evində saxlandığı günlərdə qəribə xəbəri eşidib dəstə-dəstə Hacı Qasım bəyin yanına gələn müsəlman ağsaqqalları yuxarıda da qeyd edildiyi kimi, gəncin başına ağıl qoymağa, onu düşdüyü yolun səhv olduğuna inandırmağa çalışırdılar. Amma Məhəmməd Əli onların haqlı irad və töhmətləri qarşısında elə dəlillər gətirirdi ki, əksəriyyəti bilikli din xadimləri kimi tanınan bu şəxslər susmalı olurdular. Belə mübahisələrdən birində atası hirslənərək oğluna demişdi ki, şeytanın hökmü ingilislərdən çox sənin ürəyində özünə yol tapıb. Əgər onlar da sənin kimi danışsaydılar, adamları sənin kimi inandıra bilsəydilər, onda bütün şəhər Peyğəmbərimizdən, dinindən üz döndərib xaçpərəst olardı.

Məhəmməd Əli - Aleksandr atasına ürəkdən bağlı idi. Onu bir daha görməyəcəyini, ondan ayrı yaşayacağını təsəvvürünə heç cür sığışdıra bilmirdi. Odur ki, missiyada bir neçə gün qalandan sonra atasının yanına adam göndərib onunla görüşmək istədiyini bildirdi. Hacı Qasım bəy görüş xahişindən boyun qaçırmadı. Ancaq bəri başdan şərtini bildirdi ki, onu oğlu kimi yox, hər hansı  ingilis, fransız, ümumiyyətlə, bir xaçpərəst kimi qəbul edəcək.

Hacı Qasım bəy neçə günlük intizardan sonra oğlunun - varisi kimi gördüyü ilk övladının yolunu səbirsizliklə gözləyirdi. Nəhayət, Məhəmməd Əli gəlib çıxanda heç kimin söhbətlərinə mane olmaması üçün qapını bağlamışdı. Alimin qızı O.A.Baratınskaya-Kazımbəy illər sonra atasının danışdıqlarına  əsasən həmin görüşü belə təsvir etmişdi: "Onlar uzun müddət ağladılar. Oğlu dinindən üz döndərsə də, ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin bədbəxt atasına bəslədiyi məhəbbət isə daha da artmışdı. Hacı Qasım bəy indi oğlunu qınamırdı, Ancaq tez-tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb; yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi".

Mirzə Kazımbəy isə həmin görüşün - müsəlman ata ilə xristian oğlun ilk qarşılaşmasının təfərrüatlarını belə xatırlayırdı: "Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: "Sən pak deyilsən, mən səni necə öpə bilərəm?" Sonra ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərar verə bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi. Mənə yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra da tez gedib ağzını yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu..."

Hacı Qasımbəy oğlunu başa düşə bilməsə də, tez-tez xüsusən tək qaldığı vaxtlarda onun tutduğu işdən dəhşətə gəlsə də, saatlarla günahının bağışlanması üçün Allaha dua etsə də, ürəyindəki atalıq hissini boğa bilmirdi. Dindar qoca başqalarının yanında oğluna bəslədiyi gerçək hissləri büruzə vermirdi. İkilikdə olanda isə onunla əvvəlki kimi səmimiyyət və mehribanlıqla rəftar edirdi. Amma sonra hərəkətində qorxuya düşür, dəhşətə gəlirdi. Qəzəb və peşmançılığın ilk dalğası artıq keçib getmişdi. Sarsılmış, ümidini itirmiş Hacı Qasım bəy indi hər şeyi Allahın iradəsi ilə bağlayırdı: "Görünür, qəzanın qədəri belə imiş ki, oğlum kafir olsun. Kim Allahın iradəsinə qarşı çıxa bilər?"

Görüşlərinin birində ata oğluna demişdi ki, onun dinindən üz döndərməsi xəbəri Dərbəndə çatıb. Camaat bir-birinə dəyib. Ailənin çoxsaylı qohumları əməlli-başlı dəhşətə gəlib. Onlar cavan Məhəmməd Əliyə artıq dünyadan köçmüş adam kimi yas məclisi keçiriblər, ehsan veriblər. Qadınlar müsəlman qaydasına uyğun şəkildə paltarlarını ortalığa töküb ağlaşma qurublar...

Atalıq hisslərini gizlində də olsa ürəyinin dərinliyində yaşadan Hacı Qasım bəydən fərqli olaraq nəslin Həştərxanda yaşayan qohumları, bütünlükdə yerli müsəlmanlar tamam başqa cür düşünür və bunu qətiyyən gizlətmirdilər. Onların fikrincə, mürtədlik yolunu tutan Məhəmməd Əli aradan götürülməli idi.

O.A.Baratınskaya-Kazım bəy atası ilə bağlı xatirələrində yazırdı: "Onun öz yaramaz nümunəsi ilə başqalarını da bu işə təhrik edə bilməsinin qarşısını almaq üçün tədbir görülmüşdü. Əvvəl Məhəmməd Əlini hər gün baş çəkdiyi qoca və xəstə atasının yanından qayıdanda öldürməyi qərar verilmişdi. Lakin iş elə gətirmişdi ki,  qərarın yerinə yetirilməli olduğu gün xəstəlik onu yatağa salmışdı. Nəticədə qurulan pusqu boşa çıxmışdı. İkinci dəfə isə gənci çayda çimdiyi zaman suda batırmaqla bağlı qərar verilmişdi. Niyyətlərini həyata keçirmək üçün üzməyi çox yaxşı bacaran bir farsı da pulla öz tərəflərinə çəkmişdilər. Lakin Məhəmməd Əlinin üzgüçülük məharəti həyatını xilas etmişdi".

Missiyada yaşadığı dövrdə Aleksandr Kazımbəy xristian dini mətnlərinin fars və tatar dillərinə tərcüməsi ilə birlikdə ərəb, fars və türk dillərində müsəlman ilahiyyatçıları ilə polemika xarakteri daşıyan traktatlar da yazırdı. "Qafqaz xalqlarının sirli dünyası: Edinburq missioner cəmiyyətinin arxivindən və XVIII əsrin sonu-XIX əsrə dair digər  mənbələrdən qeydlər" kitabının (Nalçik, 2000-ci il) müəllifləri Y.Mattis və A.Musukaevanın yazdıqlarına görə: "İslam dininin bilicisi, üstəlik, özü də keçmişdə müsəlman olmuş müəllifin qələmindən çıxan traktatlar müsəlmanlar arasında xüsusi maraq doğurmalı, onlara faydalı təsir göstərməli idi".

Başqa sözlə desək, həmin polemik traktatlarda islamın "zəif nöqtələrinə" daha çox diqqət yetirildiyini ehtimal etmək mümkündür.

1825-ci ildə sürgün müddəti başa çatan Hacı Qasım bəy Dərbəndə qayıtdı. Həştərxan limanında son bir neçə ilin içində qocalıb əldən düşmüş, ruhi sarsıntılardan tanınmaz dərəcədə dəyişmiş atası ilə vidalaşan Məhəmməd Əli - Aleksandr həyatının sonuna qədər onu bir də heç zaman görmədi. Lakin ata ilə oğul arasındakı əlaqələrin birdəfəlik kəsildiyini düşünmək də doğru olmazdı. Hacı Qasım bəy ömrünün axırına qədər Dərbənddə yaşasa da, oğlunun Kazan universitetindəki uğurlu fəaliyyətindən, onun keçən əsrin 30-cu illərində çap olunmuş bir sıra elmi əsərlərindən xəbərdar idi.

Professor Mirzə Kazımbəyin gündən-günə artan şöhrətinin sədaları uzaq Dərbəndə də gəlib çatırdı. Ata bu zaman ikili hisslər keçirirdi: Təbii olaraq sevinirdi ki, indi bütün Rusiyada, hətta Avropada da yaxşı tanınan alim onun övladıdır. Damarlarında onun qanı axır. Rus qaydası ilə olsa da, hər dəfə müraciət edəndə "Qasım oğlu" deyirlər. Eyni zamanda, sevinc və iftixar duyğusunu hamıdan gizlətməyə çalışırdı. Adamların qınağından qorxurdu. Məhəmməd Əlinin ad-sanı dinindən imtina hesabına qazanması ona rahatlıq vermirdi.

Mirzə Kazımbəy də atasını unutmurdu. Surəti günümüzə gəlib çatmasa da, məktublaşırdılar. Kazan universitetində şərqin öyrənilməsinə marağın artması  doğma şəhərində yaşayan Hacı Qasım bəyi də bu prosesə qoşmağa imkan yaratmışdı. Oğlunun təklifi ilə rektor, məşhur rus riyaziyyatçısı N.İ.Lobaçevski 1837-ci il avqustun 11-də Elmi Şurada Hacı Qasım bəyin Dərbənddə Kazan universitetinin müxbiri seçilməsi barəsində məsələ qaldırmışdı.

Həmin il noyabrın 30-da Xalq Maarif Nazirliyi universitet şurasının qərarını təsdiq etmişdi. Hacı Qasım bəyə ildə 100 manat məbləğində maaş təyin olunmuşdu. Onun əsas vəzifəsi Dərbənddə və ətraf ərazilərdə Kazan universiteti üçün maraq doğura biləcək Şərq dillərində əlyazmalar, nadir kitablar, habelə tarixi, etnoqrafik, statistik, numizimatik və s. xarakterli materiallar toplamaq idi.

Kazan Təhsil Dairəsi hamisinin sərəncamında universitet rəhbərliyinin Hacı Qasım bəylə oğlu, ordinar professor Mirzə Kazımbəy vasitəsi ilə əlaqə saxlayacağı göstərilmişdi. 1837-ci ildə Hacı Qasım bəyə universitetinin müxbiri seçilməsi barəsində diplom da təqdim edilmişdi. Mətni fars və rus dillərində tərtib olunan diplomun layihəsini Mirzə Kazımbəy hazırlamış və rektor N.İ.Lobaçevski ilə birlikdə imzalamışdı. Şübhəsiz, Rusiyada Şərqin öyrənilməsi üzrə mühüm mərkəzə çevrilən Kazan universiteti ilə əməkdaşlıq Hacı Qasım bəyin ictimai statusunun və hökumət yanında etibarının artmasına təsirsiz qalmamışdı.

Lakin əməkdaşlıq uzun müddət davam etməmişdi. Mirzə Kazımbəy 1839-cu il fevralın 8-də universitet şurasına məlumatında atasının keçən il noyabrın 16-da Dərbənddə vəfat etdiyi barəsində xəbər verirdi. Onun ölümündən sonra doğma şəhərdə universitetin müxbiri vəzifəsinə Mirzə Kazımbəyin hələ uşaqlıq çağlarından yaxşı tanıdığı Hacı Molla Tağı təyin edilmişdi.

Həştərxandakı hadisələrə qayıdaq.

Atası vətənə qayıdandan sonra Məhəmməd Əli - Aleksandrın vəziyyəti xeyli çətinləşdi. Hacı Qasım bəy zahirdə oğlunun hərəkətini nə qədər pisləsə də, nüfuz və mövqeyi ilə ona qarşı yönələn zərbələri müəyyən qədər zəiflədirdi. İndi belə bir yardım itirilmişdi. Dini hisslərinin təhqir olunması ilə barışmayan həmvətənləri və şəhərin müsəlman icması Qafqazın baş hakimi, general A.P.Yermolova Məhəmməd Əlini missionerlərdən ayırmaq barədə ərizə ilə müraciət etmişdilər. Yermolov Həştərxan qubernatoruna azərbaycanlı gəncin missiyanın tapşırıqlarını yerinə yetirməsinə şərait yaratmamaq və xüsusi göstəriş olmadan onun Həştərxanı tərk etməsinə heç bir halda yol verməmək barədə sərəncam göndərdi.

Bu sonuncu göstəriş şotland missionerlərinin Mirzə Kazımbəyi özləri ilə İngiltərəyə aparmaq planının qarşısını almaq məqsədi daşıyırdı.

Həştərxan qubernatorunun əmri ilə dərhal Mirzə Kazımbəydən şəhərdən icazəsiz çıxıb getməmək, missionerlərdən isə onu missiyanın fəaliyyəti ilə bağlı işlərə qoşmamaq barəsində iltizam alındı. İnzibati dairələr onu dövlət qulluğuna qəbul etməklə bir növ zərərsizləşdirmək istəyirdi. Mirzə Kazımbəyə gələcək həyatını təmin etmək üçün müəyyən fəaliyyət sahəsi seçmək təklif olundu. Tezliklə onun xarici işlər nazirliyi sistemində çalışmaq arzusu ilə bağlı ərizəsi Yermolov tərəfindən nazir qraf Nesselrodeyə təqdim edildi.

Qafqaz baş hakiminin xarici işlər nazirinə göndərdiyi məktubda göstərilirdi ki, "gənc Mirzə Kazımbəy təhsilinə və qabiliyyətinə görə xarici işlər kollegiyasında böyük fayda gətirə bilər. Amma bununla bir sırada belə bir zərurəti də nəzərə çatdırmaq istəyirəm - Mirzə Kazımbəy Peterburqa gələndən sonra onu müəyyən nəzarət altında saxlamaq və ingilislərlə əlaqə yaratmasına imkan verməmək lazımdır. Xüsusən onu İngiltərəyə getmək üçün hər cür imkandan məhrum etmək lazımdır".

Bütün bu hadisələr Həştərxandakı şotland missionerlərinin fəaliyyətinə də təsirsiz qalmadı. Çar hakim dairələri missiyanın Rusiya sərhədləri daxilindəki işini dayandırmaq haqda qərar qəbul etdi. Qafqazdakı ən qiymətli tapıntıları saydıqları Mirzə Kazımbəyi itirmək fikri ilə heç cür barışmaq istəməyən missionerlər İngiltərəyə yola düşməzdən əvvəl Peterburqda dayandılar və maarif naziri knyaz Qolitsın vasitəsi ilə çara ərizə ilə müraciət etdilər. Ərizədə xristianlığın presvetrian məzhəbini qəbul edən gənc Aleksandrın da onlarla birlikdə Edinburqa getməsinə razılıq verilməsini istəyirdilər. Lakin  bütün səylərinə rəğmən, heç nəyə nail ola bilmədilər. Rusiya dini mənsubiyyətindən asılı olmayaraq  təbəəsini ölkə hüdudlarından kənara buraxmaq niyyətində deyildi...

Üstəlik, gəncin taleyi həll olunmuşdu. Artıq rəsmi sənədlərdə Aleksandr Kasimoviç Kazımbəy kimi təqdim olunan Məhəmməd Əli Hacı Qasım oğlu xarici işlər nazirliyi sistemində çalışmaq istədiyini bildirsə də, 1825-ci il avqustun 25-də onun Omsk Asiya məktəbinə Şərq dilləri müəllimi vəzifəsinə təyin edilməsi daha məqsədəuyğun sayılmışdı. İllik maaşı 800 manat olacaqdı. Çar böyük lütfkarlıq göstərib geri qaytarmamaq şərti ilə mənzil başına çatmaq üçün 1000 manat yol xərci də ayırmışdı. Bir sözlə; Mirzə Kazımbəyi ömrünün dörd ən narahat, böhranlı ilini keçirdiyi Həştərxanla həmişəlik ayrılıq gözləyirdi.

 





10.03.2021    çap et  çap et