525.Az

Ukrayna ilə Rusiya arasında müharibə olacaq?! - Şərh


 

Ukrayna ilə Rusiya arasında müharibə olacaq?! - <b style="color:red">Şərh</b>

Ukranyanın Rusiya ilə bağlı siyasətinin tamamilə yeniləndiyi, təslimçiliyin yerini suverenliyin təmin edilməsinə yönəlmiş qətiyyətli xarici siyasətin tutduğu aydın görünür.

Son üç ay ərzində rəsmi Kiyevin atdığı addımların təhlili ümumiyyətlə, belə qənaət yaradır ki, Ukrayna Rusiya ilə qarşıdurmadan çəkinmir. Aydın görünür ki, rəsmi Kiyev məqsədli şəkildə Moskvanın təsirlərini zərərsizləşdirmək kursu götürüb. Həm də bu zaman Rusiyanı qıcıqlandırmaqdan da çəkinmir. Halbuki bunları bir neçə ay əvvəl təsvir etmək belə mümkün deyildi. İndi isə rəsmi Kiyev Ukrayna ərazisində rus dilinin işlənmə dairəsini daraltmaqdan çəkinmədiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin şəxsi dostları olan şəxslərə və rusiyayönümlü təbliğatları ilə seçilən media orqanlarına qarşı sanksiyalar da tətbiq etdir. 

Bunların ardınca isə rəsmi Kiyev Moskvanı radikal addımlarla hədələyir və diplomatik əlaqələrin kəsilə biləcəyinə işarə edir. Ukrayna Prezident Administrasiyası rəhbərinin sabiq müavini Valeriy Çalıy bəyan edib ki, Kiyevin Moskva ilə diplomatik əlaqələrinin kəsilməsi istisna olunmur və hətta bunun üçün şərait yetişmək üzrədir. Çalıy rəsmi vəzifə tutmasa da, Ukraynada ciddi mövqeyə malik siyasətçilərdən biridir. Xüsusilə də, bu şəxsin ABŞ-ın indiki hökumət üzvüləri ilə yaxın əlaqələrə malik olduğunu nəzərə alanda, onun Kiyevin Moskva ilə diplomatik əlaqələri kəsməsi mümkünlüyü ilə bağlı açıqlaması Ukrayna siyasi elitasının fikirlərinin ifadəsi kimi də qəbul edilə bilər. Çox maraqlıdır ki, Çalıy ölkəsinin hava hücumundan müdafiə sistemlərinin yoxlanışını da həyata keçirməyə başladığını bəyan edib.

Ukraynanın ilk prezidenti, üçtərəfli əlaqə qrupunda Kiyevin nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk bəyan edib ki, Rusiya Donbasdakı hərbi münaqişənin iştirakçısı olduğunu etiraf etməsə, Zelenski hökuməti sərt addımlar atacaq. Təcrübəli dövlət adamı olan Kravçukun bu fikrini çılğın siyasətçilərin bəyanatları ilə eyniləşdirmək olmaz. Ukraynanın üçtərəfli əlaqə qrupundakı nümayəndə heyətinin üzvü Aleksey Arestoviç isə bir qədər əvvəl bəyan etmişdi ki, müharibə olacağı halda Ukrayna hücuma keçəcək və Rusiya üçün ikinci Əfqanıstan yaradacaq.

Ukrayna parlamentinin rəhbərlərindən biri, Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin sədri Aleksandr Zavitneviç martın ilk günü mətbuata verdiyi açıqlamada rəsmi Kiyevin Donbasdakı münaqişəni güc yolu ilə həll etməyə hazır olduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı isə küçə döyüşlərinə hazırlığa başladıqları haqda məlumat yayıb.

 

Müşahidəçilər rəsmi Kiyevin Rusiyaya yönəlik siyasətindəki kəskin dönüşü təsadüfi saymır və bunu Vaşinqtonun bölgəyə yönəlik siyasətində baş verən dəyişikliyin nəticəsi hesab edirlər. Məlum olduğu kimi, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ukraynanın üzləşdiyi işğalı Avropanın problemi hesab edirdi və Kiyevlə Moskvanın qarşıdurmasında bitərəf qalacağını açıqlamaqdan çəkinmirdi. ABŞ Konqresinin Ukraynaya hərbi yardımla bağlı qanun şəklində qəbul etdiyi qərarların da icrası bir çox hallarda tam təmin edilmirdi. İndi isə Vaşinqtonda vəziyyət dəyişib. ABŞ-ın hazırkı Prezidenti Co Bayden Ukrayna məsələsində sələfindən kəskin fərqlənən mövqe tutur. Co Baydenin Pentaqonda ABŞ ordusunun yüksək vəzifəli şəxsləri qarşısında çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünü qoruyacaqları barədə açıqlama ilə çıxış etməsi Kiyevdə böyük sevinclə qarşılanıb. İlk dəfədir, ABŞ prezidenti Ukrayna ilə Rusiya arasında hərbi münaqişə baş verəcəyi halda Kiyevin yanında olacaqlarını çox açıq mətnlə ifadə edir.

Moskvada isə Co Baydenin bu ifadəsinin arxasında nələrin dayandığını müəyyən etməyə çalışılar. Moskvada əksər təhlilçilər hesab edirlər ki, Ukrayna ilə Rusiya arasında hərbi toqquşma baş verəcəyi halda ABŞ bölgəyə əsgər göndərməsə də, Vaşinqton birbaşa hərbi müdaxilə istisna olmaqla bütün addımları atacaq. Buraya Ukraynaya siyasi, diplomatik, iqtisadi və silah-sursat yardımının edilməsi ilə yanaşı, Rusiyanın beynəlxalq maliyyə şəbəkəsindən xaric edilməsi, neft satışına qadağa qoyulması sankiyasının da daxil ediləcəyi ehtimal olunur. Hətta bir sıra ekspertlər ABŞ-ın Rusiyaya qarşı kiber zərbə endirəcəyini də proqnozlaşdırlar. Əgər onu da nəzərə alsaq ki, ABŞ-ın nüfuzlu "Nyu-York Tayms" qəzeti Vaşinqtonun Rusyaya qarşı bir sıra gizli kiber əməliyyatlar aparmağı planlaşdırdığı haqqında məlumat yayıb. Qəzetin yazdığına görə, bu əməliyyatlarla bağlı açıqlama verilməyəcək, amma Rusiya prezidenti, xüsusi xidmət orqanları və hərbi qurumlar keçiriləcək əməliyyatı hiss edəcəklər.

"Nyu-York Tayms" qəzetinin bu məlumatından sonra Rusiya rəsmiləri qlobal internetin qapadılacağı ilə bağlı ard-arda açıqlamalar verməyə başlayıblar. Belə görünür ki, Rusiya ABŞ-ın ehtimal olunan kiberhücumunun qarşısını qlobal interneti bağlamaqla almaq istəyir. Ancaq İnformasiya Texnologiyaları üzrə mütəxsislər bu addımın çox ağır nəticələrə səbəb olacağını bildirirlər. Mütəxəssislər hesab edirlər ki, internetin qapadılması elektrikin kəsilməsi kimi effekt doğuracaq. Rusiya müxalifətinin aparıcı şəxsləri isə internetin kəsiləcəyi halda bütün ölkə boyu itaətsizlik aksiyası təşkil edəcəklərini bildirirlər. Sosioloqlar xəbərdarlıq edirlər ki, internetin kəsilməsi cəmiyyətin çox böyük hissəsini hakimiyyətə qarşı çıxışa sövq edəcək.

Aydın görünür ki, rəsmi Moskva çox çətin vəziyyətlə üzləşib. İndi əvvəlki illərdən fərqli olaraq Ukrayna Rusiya qarşısında yalnız deyil. ABŞ-la yanaşı, NATO-nun əksər üzvləri də bu dəfə Ukraynanı dəstəkləyəcəklər. Xüsusilə də, son illər bölgədə fəal və cəsarətli siyasət aparan Türkiyənin də Ukraynaya ciddi dəstək verəcəyi gözlənilr. Rusiyanın daxilində parçalanma isə rəsmi Moskvanın uğur qazanmasına ciddi əngəl yaradacaq. Kiyevdə bu mənzərəni aydın görürlər və buna görə də Moskva ilə danışıqlarda əzələ nümayiş etdirməkdən çəkinmir, müharibəyə hazır olduqlarını açıq bildirirlər.

 





10.03.2021    çap et  çap et