525.Az

"Dialoq prosesi dövlət başçısının siyasi iradəsi ilə gerçəkləşib" - Müsahibə


 

MUSA AĞAYEV: "ÖLKƏMİZDƏ SİYASİ DİALOQUN ƏN BÖYÜK NƏTİCƏSİNİ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ GÖRDÜK"

"Dialoq prosesi dövlət başçısının siyasi iradəsi ilə gerçəkləşib" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı "Yeni Zaman" Partiyasının sədri Musa Ağayevdir. 

- Musa müəllim, bir ildən çoxdur ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiiniz?

- Həqiqətən də, bir müddətdir ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Bu dialoqu Prezident Administrasiyası şöbəsinin müdiri Ədalət Vəliyev aparır. Ədalət müəllim mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siyasi dialoq özü bir mədəniyyətdir. Bizim partiya əvvəldən siyasi dialoqun tərəfdarı olub. Hesab edirik ki, milli məsələlər dialoq vasitəsilə həll olunmalıdır. Problemlərin masa arxasında dialoq yolu ilə həll olunması bütövlükdə xalqa, dövlətçiliyə böyük fayda verir. Dialoq olmayanda məsələlər küçələrdə, meydanlarda həll olunur. 30 yaşlı müstəqil bir ölkə üçün məqbul olanı ümummilli məsələlərin danışıqlar yolu ilə həllidir. Bu, eyni zamanda, demokratiyanın, ölkənin, dövlətçiliyin inkişafına da fayda verər. Dialoq olmayanda, dediyim kimi, bunun alternativi küçələr, meydanlar olur ki, bu da nə xalqa, nə dövlətə, nə dövlətçiliyə xeyir gətirir. Ona görə də başladılan dialoq prosesini ümumilikdə müsbət qiymətləndirirəm.

- Bəzi həmkarlarınız ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz necə düşünürsünüz, nəticələrdən danışmaq mümkündür?

- Dialoqun ən böyük nəticəsini 44 günlük Vətən müharibəsi dövründə iqtidarla müxalifətin, bütövlükdə xalqın birliyində gördük. Bu, belə də olmalıdır. Milli məsələlərdə heç bir fikir ayrılığı olmalı deyil. Siyasi partiyalar birgə bəyanatlarla çıxış etdilər, birgə mövqe ortaya qoydular. Həmçinin, bir sıra partiyalar ofislərlə təmin olunub, dialoq davam edir, düşünürəm ki, ən böyük nəticələr hələ irəlidədir. Əgər doğurdan da, ümummilli maraqlardan çıxış ediriksə, dövlətin, xalqın mənafeyinə xidmət edəcək məsələlərin müzakirəsinə, qəbuluna nail olacağıqsa, bunlar böyük nailiyyətlər olacaq. Dialoq davam edir və hesab edirəm ki, həllini tapmalı olan mühüm məsələlər var. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, qarşıda böyük işlər var, siyasi, diplomatik uğurlarımız davam etməlidir. Həmçinin, ölkədə demokratiyanın inkişafı, siyasi, iqtisadi, sosial islahatların genişləndirilməsi, siyasi partiyalar mühitinin inkişafı üçün proses davamlı olmalıdır. İqtidar da, müxalifət də xalqın inkişaf etməsində maraqlı olduğunu sübut etmələri üçün qeyd edilən məsələlər dialoq vasitəsilə həllini tapmalıdır.

- Sizin rəhbərlik etdiyiniz partiya da yəqin ki, dialoq çərçivəsində müəyyən təkliflər irəli sürüb. Həmin təkliflərdən reallaşan olubmu?

- Dialoq çərçivəsində bizim partiya ilə görüş zamanı öz təkliflərimizi irəli sürmüşük, fikirlərimizi ifadə etmişik. Bunlar ümummilli maraqlardan irəli gələn, ölkənin inkişafına xidmət edən təkliflərdir. Dialoq davam edir, biz də təbii ki, öz təkliflərimizi, fikirlərimizi irəli sürəcəyik.

- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Vətən müharibəsində iqtidar və müxalifət birlik nümayiş etdirdi. Təbii ki, bu cür də olmalı idi. Qələbədən sonra həmrəyliyin davam etməsi daha vacibdir. Çünki tək Vətən müharibəsi ilə məsələ qurtarmır. Böyük qələbə əldə olundu, amma məlumdur ki, erməni həmişə alət olub və onların bir alət kimi istifadə olunması həmişə mümkündür. Ermənilərin özlərini mifləşdirməsinin əksinə olaraq, onlar heç vaxt güclü olmayıb, həmişə alət kimi istifadə edilib. Kapitulyasiyadan sonra özlərində güc tapacaqlarını düşünmürəm, amma xarici təsirlərlə yenə də hansısa oyunları oynaya bilərlər. Həmrəylik doğrudan da, bundan sonra da vacibdir. Ümummilli məsələlərdə birgə mövqedən çıxış edilməlidir.

- Hakimiyyət tərəfindən fərq qoyulmadan dialoqa bütün partiyalar dəvət edilib. Amma bu təklifdən imtina edən siyasi qüvvələr oldu. Sizcə, imtina ilə bağlı irəli sürülən səbəblər nə dərəcədə əsaslıdır?

- Dialoqa 50-dən çox siyasi partiya qoşulub. Əvvəl imtina edən Müsavat Partiyası da bildiyimə görə, dialoqun tərəfdarı kimi çıxış edib. AXCP-yə gəlincə, onlar müəyyən şərtlər irəli sürüb, hesab edirəm ki, əvvəlcədən şərtlər irəli sürməklə dialoqa getmək mümkün deyil. Dialoqa şərtsiz gedilməlidir. Şərt irəli sürülməsi onun alınmaması deməkdir. Ölkədə islahatların aparılması, demokratiyanın inkişafı, sosial iqtisadi sahədə islahatlar, korrupsiya ilə mübarizə və s. kimi məsələlər müzakirə olunursa, şərt əvvəldən irəli sürülməsi düzgün deyil. Dialoqda udan, uduzan tərəf olmur. Əgər dialoq alınırsa, ümummilli, siyasi məsələlər ətrafında müzakirələr gedirsə, burda udan xalq olur, deməli, həm də iqtidar və müxalifət. Alınmırsa, burda uduzan hamı olur, xüsusilə xalq və dövlətçilik. Ona görə də şərtsiz, hər hansı səbəb göstərilmədən mən dialoqun tərəfdarıyam.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Siyasi islahatlar, dialoq mühiti sözsüz ki, partiyaların cəmiyyətdəki roluna müsbət təsir göstərəcək. Ən azından ona görə ki, artıq partiyalara insanların gəlməsi, onların fəallaşması üçün bir mühit yaradılır. Sözsüz ki, islahatlar güclənməlidir, dialoq güclənməlidir və davam etməlidir. Siyasi mühit tam sağlamlaşmalıdır. Bütün bunlar partiyaların cəmiyyətdəki rolunun artmasına, cəmiyyətin özünün siyasi fəallığına gətirib çıxarır.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Dialoq prosesinin gələcəyini yaxşı görmək istəyərdim. Nəticələr əldə olunmalıdır. Siyasi proseslər, islahatlar genişləndirilməli, qanunun aliliyinin təmin olunmasında mühüm addımlar atılmalıdır. Müzakirələr, dialoq həmişə vacibdir. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim məsələlərin həllində bu dialoq böyük rol oynayacaq. Dialoq həmişə lazımdır.

- Musa müəllim, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında bildirdi ki, yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Eyni zamanda, dövlət başçısının da vurğuladığı kimi, əvvəl bu prosesi xarici vasitəçilər aparmağa çalışırdılar. İndi kənar müdaxilə olmadan, həm də fərqli yanaşma ilə prosesin getdiyini müşahidə edirik...

- Dövlət başçısının səsləndirdiyi bu tezisləri alqlşlayıram. Həqiqətən də bir xalq, dövlət üçün təhqirdir ki, hansısa xarici emissarlar gəlib iqtidarla müxalifət arasında dialoq aparsın, vasitəçilik etsin. Bizim bir millət olaraq, iqtidar və müxalifət arasında ölkənin əsas problemlərinin həllində hansısa xarici vasitəçiyə ehtiyacımız olmamalıdır. Çünki ölkədə demokratikləşmə, inkişaf onlara yox, bizim özümüzə, xalqa lazımdır. Ona görə də dialoq iqtidarla müxalifət arasında daxildə aparılmalıdır. Təqdir olunası hal budur ki, dialoqu Prezident özü irəli sürüb, bu proses onun iradəsi ilə baş tutub. Dövlət başçısının öz çıxışında qeyd etdiyi kimi, ölkədə demokratiyanın bərqərar olunmasında, siyasi partiyalar üçün mühitin formalaşmasında, ümummilli məsələlərinin həllində iqtidar-müxalifət dialoqu vacibdir və bu, heç bir vasitəçi olmadan aparılır və aparılacaq. Hesab edirəm ki, ölkəmizin gələcəyi üçün müsbət nəticələr əldə etməyə nail olacağıq.

- Yeri gəlmişkən, bu dialoq dövlət başçısının tapşırığı ilə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi tərəfindən aparılır. Şöbə artıq bir ildən çoxdur fəaliyyət göstərir. Bir ildə görülən işləri necə qiymətləndirmək olar? Bu müddətdə siyasi partiyalarla iş nə dərəcədə uğurlu olub?

- Mən şöbənin rəhbəri Ədalət müəllimin və əməkdaşlarının gördüyü işləri uğurlu hesab edirəm. Müntəzəm olaraq partiya rəhbərləri görüşlərin keçirilməsi, onların təkliflərini dinləmək, müharibə zamanı partiya sədrləri ilə videoformatda konfransların təşkili, birgə bəyanatların qəbulu, ondan sonrakı dövrdə fəaliyyət - bütövlükdə enerji sərf edilən böyük işlər görülüb. Amma söz yox, əsas məsələ böyük uğurlu nəticələrin alınmasıdır. Mən bu uğurlu nəticələrin də əldə olacağına inanıram.

PƏRVANƏ

 





10.03.2021    çap et  çap et