525.Az

Səbir daşımız çatlamasın... - Mina Rəşid yazır


 

Səbir daşımız çatlamasın... - <b style="color:red">Mina Rəşid yazır</b>

Səbir elə bir nemətdir ki, bəzən onu səbirsizlik edə-edə, başın daşdan-daşa dəydikdən sonra anlayırsan. Yoxsa səbir haqqında nə qədər danışsalar, öyüd-nəsihət etsələr, dinləməz və ya dinləsən də, əməl etməzsən. Çünki tələskənlik, səbirsizlik insanın canında, qanındadır.

Bəzən elə tələsirik ki, günləri səhv salırıq. Axı günlər də tez keçir, göz açıb qapayınca axşam olur. Biz həyatla mübarizədə, bəzən bir-birimizlə qovğada, qaçaqaçda, qovaqovda yaşayırıq. Bəzən də, bundan usanır, dünyanın gərdişindən bezir, yaşamağa səbri, hövsələsi çatmır adamın. Bax, onda səbir etmək, dünyada bir damla olduğunu düşünmək qəlbi sakitləşdirir. Yoxsa özünü dünyanın mərkəzində görmək, təkəbbürlülük səni məhv edəcək...

Səbirin isə sonu salamatlıqdır, deyirlər. Bəzən bircə anlıq səbir etmək, dayanmaq həyatını xilas edər. Necə ki, Anadolu türkləri "öfkə ilə qalxan zərərlə oturar", - deyirlər. Günümüzdə ailədə, qonşular, qohumlar arasında baş verən üzücü hadisələr səbirsizliyin, zəifliyin nəticələri deyilmi? Bu gün pandemiya şəraitində biz istəmədiyimiz şəraitdə yaşamağa məcburuq. Eyni adamlar, eyni mühit, eyni mənzərələr, qayğılar adamı həqiqətən çox sıxır. Mütəxəssislər də, elə bu səbəbdən ailədə baş verən anlaşılmazlıqların səbəbi kimi bugünkü durumu önə çəkirlər. İdeal insan və mühit varmı? Səbirli olanlar öz-özlərinə bu sualı verir və düşünürlər. Səbirli olunca insan çox çətinliyin öhdəsindən gəlir. Yetər ki, özünə inanasan, "Bu da keçər!" deməyi bacarasan... Səbrin fəzilətləri ən gözəl şəkildə dinimizdə öz əksini tapıb. İmana görə, Səbir bədəndə baş kimi dəyərlidir. Səbir imanın yarısıdır. Səbirsiz adam balaca bir şam kimidir, tezliklə qaranlığa qərq olar. Səbir etmək isə səni zəfərə, arzularına qovuşdurar. Müqəddəs Qurani-Kərimdə Səbir sözünün 104 dəfə zikr edilməsi bizə çox şey deyir. Səbir deyiləndə göz önünə Əyyub peyğəmbərin imtahanı gəlir. Səbir etməkdə ən gözəl nümunə olan Əyyub peyğəmbər var-dövləti bir yana, övladlarını da itirir. Üstəlik, ağır xəstəliyə düçar olur. O, 7 il acılara səbir edir və bir gün yaralar gəlib dilinə yaxınlaşanda Uca Yaradana dua edir. Yalvarır ki, onun dilinə toxunmasın. Onu Uca Rəbbini zikr etməkdən məhrum buraxmasın... İmanın dərəcəsinə baxın! Əyyub peyğəmbərin duası elə o anda qəbul edilir. İmtahanı bitən Əyyub peyğəmbərin itirdiklərini Allah onun özünə qaytarır...

İndi kimsə düşünər ki, biz peyğəmbər deyilik, səbir etmək bəlkə Allahın seçdiyi qullarına xas olan bir keyfiyyətdir. Fəqət uca Allah buyurur ki, hər kəs çəkə biləcəyi imtahanla hesaba çəkilər. Kimsəyə gücü çatmayan yük verilməz. Yetər ki, sən səbirli olub qəlbində gözəl bir dünya qurasan. Xoşgörülü, gözü-könlü tox olasan. Məsələn, qonşunun bahalı mebelinə görə evində dava salıb, vay-şivən qoparmayasan. Bir nağıl yazmışam - "Xəyal gücü". Selcan adlı balaca qız kasıb daxmada yaşasa da, onun gözəl xəyalları var. Bir gün o xəyallar gerçəyə çevrilir. Bəzən bir işin arxasınca qaçarsan, düzəlməz ki düzəlməz. Bir gün yorulub dayandığın yerdə elə xəbər alarsan ki... Necə ki, ulu Füzuli buyurub:

Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər,
Səbr edən səbr ilə sərrişteyi-məqsud tutar.

Yaxud, məşhur bir atalar sözümüzdə deyildiyi kimi:

Səbr ilə halva bişər, ey qora, səndən,
Bəsləsən, atlas olar tut yarpağından...  

 





10.03.2021    çap et  çap et