525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Çox adamlar öz uğursuzluqlarının, istedadsızlıqlarının qisasını alırlar...

***

Marıqda gözləyən fürsətcillər var...

***

Məktəb direktoru işləmək istəyənlər azdır ki? Bu qədər vakant yer var.

***

İlk dəfə gördüklərin sənin üçün təzədir, görənlər üçün çoxdan adiləşib...

***

Əvvəl xəbəri, yazını oxumaq üçün pul ödəyərdilər, indi oxutdurmaq üçün reklam edirlər:

"Bir abbası verim, bu yazını oxuyun, bu videoya baxın!.."

***

Mark imkan yaratsa da, hər şeyə münasibət bildirməyə məcbur deyilsiniz...

***

Cümlə qurmağı, imla yazmağı bacarmayan "jurnalistlər" zəmanəsi...

***

Pul ovsunlayır...

***

Sevgili və televiziya oxşardır: ikisi də göstərir, danışır, oxuyur, susur... və sair və ilaxır...

***

Sevgilinin cinsi olmur - O, ayrıca, xüsusi insan növüdür...

Bəlkə də, quş, ya balıqdır...

***

İnsanlar xəbərdən, informasiyadan, məlumatdan yorulublar. Çox bilmək güc mənbəyindən iztirab və əzab qaynağına çevrilməkdədir...

***

Xərifləmək də bir ayrı dərddir...

***

Heç nəyə tələsməsəniz, hər şeyə çatacaqsınız...

***

8 milyard da çoxdur, 10 milyon da...

Elə 3 nəfər də...

Adəmlə Həvva bəs eləyər...

***

Bu gözəl Ayfonlar məhv etdi bizi.

(Orxan Vəlinin misrası müasir yozumda)

***

Bir az da nəfəs alın, virusun təzə dalğası gələcək...

***

"Like"la özünə dost tutanlar...

***

Boyunduruq sevənlər...

***

İnsanlar bir-birinə qarşı qəzəbli, kinli olublar. Müəllimin tələbəyə, tələbənin müəllimə kini isə ən yolverilməzidir...

***

Biri var utancaq yalan, biri də var pafoslu yalan...

***

Maska taxacaqsansa, üzünü yumağa nə ehtiyac?..

***

Səhər-səhər cavanlıq dostum bu şeirimi mənə göndərdi. Deyir, əla şeirdir, unutmamışam.

Ötən əsrin 80-ci illərində, 20 yaşlarımda yazmışdım. Görünür, nəsə var şeirdə, qalır yaddaşda və illər keçsə də, hərdən, hansısa ovqatda yada düşür.

Minnətdaram xatırlatdığına və yaddaşımı təzələdiyinə görə, əzizim...

YASTIQ
 
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi - düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
... Yatıb yuxuda gördü ki,
ipək yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır,
Əli-qolu balacalaşır,
Boyu balacalaşır.
... Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Bir də təzədən
Çəkdi yastığı başının altına... 

***

Qadına və içkiyə maraq bitəndə, ömür başlayır. Ya da tərsinə...

***

Hərənin öz həqiqəti varsa, əsl həqiqət çətin bilinə...

***

Yas sevən millət...

***

İçində qurd varsa, haçansa mütləq üzə çıxır...

***

Siz PUA-nı öyrənənəcən, GUA-lar yaranacaq...

***

Neçə il deputat olub, heç SMS də yaza bilmir...

***

Gec, ya tez, bütün alışqanlıqlar keçir...

***

Damlar ağarır...

***

Hava şəraitini nəzərə alıb, sabahkı dərsləri təxirə salmaq lazımdır.

Uşaqlar xəstələnəcək.

Hələ üstəlik, qar da artsa...

***

Siz o kəndə mənim gözümlə baxın...

***

Bu qarlı havada düşündüm ki, görəsən, Mirzə Ələkbər Sabirin məşhur "Uşaq və buz" şeirindən xəbəri olmayan, bu şeiri eşitməyən var?

Bəs bu şeirin ən parlaq misrası hansıdır, sizcə?

***

Özü də, vəzifəsi də bəyan edir, amma ruhani deyil.

Ruhanilik qəlbin və beynin adi, dəyişməz halıdır, hər kəsə nəsib olmur...

***

Feysbukda canlı yayıma çıxıb sualları cavablamaq təqdirəlayiqdir. Amma havanın soyuyacağını bilib, əhalinin qaz təchizatını normallaşdırmaq daha peşəkar və təvazökar addım olardı...

***

Dərinə gedəndə əmin olursan ki, məntiqsiz heç nə yoxdur. Hər hadisənin izahı var.

***

"Cıvrıxlamaq", "cıvrığını çıxarmaq" nədir?

***

Köhnəlməyən dəyərlər var.

Məmməd Araz demiş:

"Od kimi, su kimi köhnəyəm, bala!"
Odunuz gur, suyunuz bol olsun! 

***

Hərə bir şeydən coşur; biri pul qoxusundan, biri vəzifədən, karyera arzusundan, biri pislik etməkdən, hiylə, kələkdən...

Az da olsa, xeyirxahlıq, yaxşılıq etməkdən də zövq alanlar, coşanlar var.

***

Pandemiyadan qabaqkı dövr lap eradan əvvəl qədər uzaq görünür. Adama elə gəlir ki, bir il yox, iki min ildir bu küçələrdə olmayıb...

***

Təbrikləriniz quru yox, dolu və sulu olsun...

***

"Yer üzündə təmənnasız sevən bir Qadın var. Onun adı - Anadır".

Deyilənə görə, Avraam Linkolnun sözüdür. Amma dəqiq mənbə tapmadım.

***

Qadının göz ağartmasını kişiyə şiddət saymaq olar, ya yox?

Kişilər var ki, bircə belə baxışdan infarkt keçirir...

***

Ən böyük xoşbəxtlik ruhun dincliyidir.

***

Qeybətlə media qarışıq düşüb. Çayxana söhbətləri, küçə jarqonları, bazar qeybətləri medianı küncə qısnamaqdadır...

***

Mədəniyyət və tərbiyə kökdən, gendən gəlməlidir, uşaqlıqdan aşılanmalıdır. Yarımçıq olanda haçansa özünü büruzə verir.

***

Deyir, Novruz bayramınadək Qarabağda bənövşələrin qoxusu olmur...

 





10.03.2021    çap et  çap et