525.Az

Xorultunun gətirdiyi gizli təhlükələr


 

İNFARKT VƏ İNSULT RİSKİ

Xorultunun gətirdiyi gizli təhlükələr<b style="color:red"></b>

Xoruldayan insan həm özü, həm də ətrafı üçün problem yaradır. Xoruldamaq sadəcə vərdiş və ya yuxuda baş verən qeyri-iradi hal deyil.

Bu, orqanizmdə müəyyən sistemlərin düz işləmədiyini və problem olduğunu göstərir. Xorultu yuxu zamanı tənəffüsün pozulmasıdır. Bu pozğunluq burun-udlaq və qırtlağın yumşaq toxumalarının vibrasiyası, cingiltili səsin yaranması ilə müşayiət olunur. Xorultu qulaq-burun, boğaz orqanlarının patologiyası, artıq çəki və ya funksional dəyişikliklərlə bağlı ola bilər. O, çox zaman tənəffüsün dayanması (apnoe) tutmaları ilə eyni şəkildə baş verir. Bu da həyati vacib orqan və sistemlərin oksigen çatışmazlığına, infarkt və insult riskinin yüksəlməsinə gətirib çıxarır.

Xorultu hansı səbəblərdən yaranır?

Burunla nəfəsalma zamanı yaranan problemlər xorultuya səbəb ola bilir. Əsas səbəblərdən biri isə yatan insanda yuxarı tənəffüs yolları əzələlərinin tonusunun azalmasıdır. Normalda insan nəfəs alarkən döş qəfəsi boşluğunda mənfi təzyiq yaranır, hava ağciyərlərə keçir. Qırtlaq və udlaq əzələlərinin tonusu həddindən artıq azaldıqda isə hava ilə birgə yuxarı tənəffüs yollarının yumşaq toxumaları da sovrulur. Qırtlaq divarının, yumşaq damaq və dil kökünün titrəməsi xorultu səsinin formalaşmasına səbəb olur. Nəfəs aldıqda yumşaq toxumalar tənəffüs yollarını qapadıqda bu, baş verir. Lakin xoruldamağın anotomik və funksional səbəbləri də var. Anatomik səbəblər dedikdə burun çəpərinin əyriliyi, burun yolları və udlağın anadangəlmə darlığı, badamcıqların böyüməsi, burun boşluğunun polipləri və artıq çəki ilə bağlı ola bilər. Funksional səbəblərə isə yorğunluq, yuxusuzluq, yuxu dərmanlarının qəbulu, siqaret və spirtli içkilərdən istifadə, hipofiz və qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi səbəb ola bilər. Qeyd edək ki, yaş artdıqca, qadınlarda menopauza dövründə udlaq əzələlərinin tonusu azalır.

Xorultunun insan orqanizminə təsir edən bir sıra mənfi nəticələri də var. Əvvəla yuxunun pozulması orqanizmin gecə saatlarında normal istirahət etməməsinə gətirib çıxarır. Nəticədə insan gün ərzində tez yorulur, yuxulu vəziyyətdə gəzir. İnsanın yuxusu bir neçə ardıcıl fazadan ibarətdir. Xorultu səbəbindən tez-tez oyandıqda yuxunun dərin fazası, yəni əzələlərin tam boşalması prosesi getmir. Daimi mikrooyanmalar isə simpatik sinir sistemini aktivləşdirir. Nəticədə xorultudan əziyyət çəkən insanlarda nəbz sürətlə atır, arterial təzyiq yüksəlir.

Xorultu zamanı tənəffüs yollarının bağlanması döş qəfəsində daxili təzyiqin kəskin şəkildə azalmasına gətirib çıxarır. Bu zaman daxili orqanlarda qan çatışmır, ürək isə qanla yüklənir. Bu halın təkrarlanması hipertoniya, infarkt və insult ilə nəticələnə bilər. Eyni zamanda, xoruldayan insanlar çarəni yuxu dərmanları və alkoqoldan istifadədə görürlər. Yuxusu pozulan insan yuxu dərmanından istifadə etməyə məcbur qalır, nəticədə qırtlaq və udlaq əzələlərinin tonusu daha da zəifləyir və xorultu güclənir.

Afaq RZA

 





10.03.2021    çap et  çap et