525.Az

"Təbii doğuşa üstünlük verənlərin sayında xeyli artım müşahidə olunur"


 

MAMA-GİNEKOLOQ SAMİRƏ ƏJDƏROVA İLƏ MÜSAHİBƏ

"Təbii doğuşa üstünlük verənlərin sayında xeyli artım müşahidə olunur" <b style="color:red"></b>

Ginekologiya müstəqil elm kimi hələ IX əsrdən etibarən öyrənilməyə başlayıb. Bu elmin əsas məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdir.

Müasir tibdə inkişaf yolu keçən ginekologiya qadınlarda - uşaqlıq, uşaqlıq artımları, yumurtalıqlar, uşaqlıq boynunda əmələ gələn xəstəliklərin və s. müayinə və müalicəsi ilə məşğuldur.

Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır. Mama-ginekoloqlar isə əsasən hamiləlik və doğuş dövrlərinə nəzarət edirlər.

Səhifəmizin budəfəki müsahibi mama-ginekoloq Samirə Əjdərovadır. Onunla söhbəti təqdim edirik.

***

- Hamiləlik üçün optimal yaş dövrü neçə sayılır? Bir qadın üçün doğuşlar arasında nə qədər fasilə verilməsi məqsədəuyğun hesab edilir?

- Bu sualla bağlı bir məsələni qeyd etmək istəyirəm. Ana olmaq üçün ən münasib yaş anlayışı özü də nisbi anlayışdır. Lakin deyə bilərəm ki, qadınlarda bu yaş iki faktora əsaslanır: fizioloji yetişkənlik və psixoloji hazırlıq faktoru. Ana olmağı planlaşdıran hər bir qadın öz psixoloji və fiziki sağlamlığını yaşından asılı olmayaraq həmişə qorumalıdır. Əgər qadın birdən daha çox övlad sahibi olmağı planlaşdırırsa, o zaman ilk övladının dünyaya gəlişini mümkün qədər tezləşdirməsi lazımdır. Bu, təqribən 23 yaş hesab edilir. Hazırda Avropa ölkələrində olan statistikaya nəzər salsaq görərik ki, qadınların 51 faizi ilk övladlarını 20-29 yaş arası, 40 fazi isə 30-39 yaş arası dünyaya gətirir. İlk övlad dünyaya gətirənlərin arasında orta yaş 28 yaş hesab edilir. Lakin tibbi cəhətdən ən uyğun dövr 18-25 yaş aralığı hesab edilir. Əgər qadının sağlamlığı imkan verirsə, 40 yaşadək hamiləlik planlaşdırmaq olar. Normal doğuşlar arasında iki il fasilə, qeysəriyyədən sonra isə üç il fasilə verərək növbəti hamiləliyi planlaşdırmaq olar.

- Hamiləlik zamanı hansı hallarda təcili şəkildə ginekoloqla əlaqə saxlanılmalıdır? 

- Xanımlara hamiləliyin fizioloji gedişi zamanı ümumi yeddi gəlişi tövsiyə olunur. Bu, 12-ci, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı və  40-cı həftədir. Qeyd edim ki, hər gəlişin özünəməxsus laborator və instrumental müayinələri olur. Əgər hamilələrdə patoloji bir hal olarsa, mütləq həkimə müraciət etməlidir. Pataloji hal kimi birinci trimestrdə daha çox düşük təhlükəsi, üçüncü trimesterdə isə yüksək təzyiq, yaxud ciftin vaxtından qabaq ayrılması və s. hallar baş verə bilər. Ümumiyyətlə, hamilə qadın hər hansı dəyişiklik hiss edərsə, diqqətli olub vaxtında həkimə müraciət etməlidir.

- Genlər və irsi faktordan savayı, dölün inkişafına ətraf mühit də təsir göstərirmi?

- Bəli, ətraf mühit uşağın inkişafına təsir edə bilər. Bu səbəbdən hər zaman qadınlara lazımi məsləhətləri veririk. Ən çox da ana olmağa hazırlaşan xanımlarımızın qidalanması, həyat tərzi sağlam olmalıdır. Əgər seçim imkanı varsa, böyük şəhərlərdə yaşayan hamilə qadınlar bu dövru ekoloji cəhətdən daha təmiz yerlərdə keçirsələr, yaxşı olar. Bu, həm dölün inkişafı, həm də qadınların psixoloji cəhətdən rahatlığı üçün müsbət amildir.

- Hamiləlik zamanı qıcqırma və hıçqırtının səbəbi nə ilə əlaqəlidir?

- Burada əvvəla qıcqırma haqqqında ümumi məlumatı qeyd etmək lazımdır. Qıcqırma mədə şirəsinin reflüks nəticəsində qida borusuna qayıtması ilə əlaqədardır. Proses udlaqda və qida borusunda yanğı hissi, ürəkbulanma, mədə nahiyəsində ağırlıq, ağız suyunun ifrazını artması ilə özünü göstərə bilir. Normada qida borusu və mədə üzükvari klapan sinkterlə ayrılıb. Bəzən sinkter öz funksiyasını yerinə yetirə bilmir. Statistikaya görə, dünyada 20-50 faiz insan qıcqırmadan əziyyət çəkir. Hamiləlikdə isə buna 80 faiz qadınlarda rast gəlinir. Bunun əsas iki səbəbi var. Hamilə xanımlarda progestoron hormonu aktiv ifraz olunur. Bu hormonu hamiləlik hormonu da adlandırırlar. Çünki bu hormon doğuşa qədər əzələ və bağlardan gərginliyi götürür. Bu zaman qida borusu sinkteri də təbii olaraq boşalır və öz funksiyasını da tam yerinə yetirə bilmir. İkinci səbəb isə böyüyən döldür. Bu, hamilələrdə mədə və diafraqmanı getdikcə daha çox sıxır. Nəticədə mədədə də qıcqırma, hıcqırıq kimi narahatlıqlar yaradır. 

- Xanımlar hansı növ doğuşa üstünlük verirlər?

- Bəzən qadınlarımız həkim göstərişi olmadan belə qeysər kəsiyi ilə doğuşa üstünlük verirlər. Lakin qeysəriyyə zamanı fəsadların normal doğuşdan daha çox olduğunu nəzərə alıb deyirik ki, göstəriş yoxdursa, hamilələrimiz təbii doğuşu gözləsinlər. Ümumiyyətlə isə hər bir ölkədə bütün doğuşların yalnız 10-15 faizinin qeysər kəsiyi ilə baş verməsi normal sayılan haldır. Bu rəqəmlər təsadüfən müəyyənləşdirilməyib. Araşdırmalar göstərir ki, doğuşların 10 faizində qeysər kəsiyindən istifadə edən ölkələrdə ana və uşaq ölümünün səviyyəsi aşağı olur. Müasir zaman elədir ki, biz informasiya bol olan zamanda yaşayırıq. İndi qadınlarımız hamiləliyə və doğuma daha həssas yanaşırlar. Həkimə gələnədək hamiləlik barədə informasiyanı internet vasitəsil toplayırlar. Son zamanlar təbii doğuşa üstünlük verənlərin sayında xeyli artım müşahidə olunur. Bu isə yaxşı haldır. Xanımlarımıza üz tutub demək istəyirəm ki, təbii doğuşdan qorxmaq lazım deyil. Hamiləlik bir qadının həyatındakı ən gözəl duyğudur. Bu, onlarda sevgi və hüzur hissini çoxaldır. Arzulayan bütün qadınlara nəsib olmasını diləyirəm. Həkim olaraq xanımlarımızdan tək istəyimiz sağlamlıqlarını maksimum şəkildə qorumalarıdır.

Afaq RZA

 





10.03.2021    çap et  çap et