525.Az

Naxçıvan səhnəqrafiyasının unudulmaz fədaisi - Anım


 

ƏMƏKDAR RƏSSAM ƏBÜLFƏZ AXUNDOVUN ONSUZ KEÇƏN 60 İLLİK YUBİLEYİNƏ

Naxçıvan səhnəqrafiyasının unudulmaz fədaisi - <b style="color:red">Anım</b>

Azərbaycan realist rəssamlığında fərqli texnikası, müasir üslubu ilə seçilən, yaddaqalan sənətkarlardan biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, mərhum Əbülfəz Axundovdur.

O, qrafika və rəngkarlığın müxtəlif janrlarına tez-tez müraciət edər, sulu boyalarla çəkdiyi mənzərələr, səhnəqrafika sahəsində yaratdığı kompozisiya və portretlər hamının diqqətini cəlb edərdi. Onun özünəməxsus yaradıcılıq texnikası tərtibat verdiyi tamaşaların ideya-məzmununun açılmasında da xüsusi rol oynayardı. Əbülfəz Axundov yaşasaydı, 60 yaşı olacaqdı. Yubileyini birlikdə qeyd edəcəkdik. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, təəssüf ki, ömrünün ən məhsuldar çağında, 2019-cu ilin avqust ayının 5-də Naxçıvan şəhərində əbədiyyətə qovuşdu.

Tanınmış teatr rəssamı Əbülfəz Marlen oğlu Axundov 1961-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olub. Rəssamlığa olan həvəs onu 1977-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə aparıb. O, burada rəssamlıq sənətinin sirlərini öyrənib. 1981-ci ildə təhsilini başa vurub müstəqil yaradıcılığa başlayıb. 1982-ci ildə SSRİ Gənc Rəssamlar Birliyinin, iki il sonra İttfaqın üzvlüyünə daxil olub. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Ə.Axundovun yaratdığı əsərlər rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi ilə fərqlənirdi. Tamaşalara verdiyi tərtibat işləri isə dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvi idi. O, səhnə tərtibatında müasir və klassik üslubda işləməyə üstünlük verirdi. Hazırladığı kompozisiyalar monumentallığı və obrazlı səhnə həlli ilə maraq doğururdu. Tərtibatlarındakı və geyimlərdəki rənglər şux və koloritli, ahəngdar və cazibəli idi.

Ə.Axundov Naxçıvan teatrında bədii tərtibat sahəsində səmərəli fəaliyyəti ilə diqqət çəkirdi. Onun tərtibatları monumental olduğu qədər, ifaçılar üçün hərəkət və ifa imkanları yaradan genişliyə malik idi. 1987-ci ildə Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan Ə.Axundov burada 62 əsərə yaddaqalan bədii quruluş verib. "Bir gün də insan ömrüdür", "Bəxt üzüyü", "Dəyirman", "Qəribə adam", "Aydın", "Şəhidlər", "Dəli yığıncağı", "Nadir şah", "Ər və arvad", "Fərhad və Şirin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Şeyx Xiyabani", "Arılar arasında", "İblis", "Dirilən adam", "Araz sahilində doğan günəş", "Müdrik Natan", "Yəhya və Dilqəm", "Qurtuluş dastanı", "Əli və Nino", "Ehsan xan Kəngərli" və s. tamaşalara.verdiyi bir-birindən fərqli, maraqlı, rəngarəng kompozisiya quruluşları diqqəti cəlb edirdi.

Naxçıvan teatrında 38 illik fasilədən sonra, 1997-ci ildə E.Mirzəbəylinin quruluşunda səhnəyə qoyulan "Nadir şah" (N.Nərimanov) tamaşası Ə.Axundovun bədii quruluşunda rəng koloritinin zənginliyi, geyim formalarının tarixi və xarakterə uyğunluq baxımından düzgün seçimi diqqəti cəlb edirdi.

Rəssamın səhnə tərtibatında əsasən 60-90 illərdə səhnəqrafiyada təcəssüm tapan, aparıcı üsluba çevrilən lirik-psixoloji üslub xüsusiyyətli "Dəyirman" (M.Süleymanlı) əsərində simvolik Dəyirman obrazı ilə Sovet quruluşunun çürüməyə başladığını real lövhələrlə əks etdirilirdi. El imanında ruzi, bərəkət mənbəyi olan dəyirman artıq dən üyütmür, adamları ehtiyacın, qara günün pəncəsindən xilas etmir, indi o, sərxoş başları ovundurur. Simvolik məna daşıyan bu təzad rəssamın tamaşaya verdiyi tərtibatda lirik ahəng özünəməxsus dəsti-xətti ilə təcəssüm etdirilirdi.

1999-cu ildə Naxçıvan MR yaradılmasının 75 illiyi münasibəti ilə mayın10-da "Atabəylər" (N.Həsənzadə) Azərbaycan Milli Akademik Dram Teatrının rejissoru M.Fərzəlibəyovun quruluşunda tamaşaya qoyuldu. Bu monumental tarixi pyesdə xalqımızın qəhrəmanlıq salnaməsi, yadellilərə qarşı mübarizəsi yüksək dərəcədə izləyicilərə çatdırıldı. Quruluşçu rəssam özünəməxsus üslub xüsusiyyətləri, texnikası və rəng tembri ilə tamaşanın təsirini daha da gücləndirirdi. Tamaşada rəssamın xüsusi cazibədarlıqla təsvir etdiyi Möminə Xatun türbəsi və giriş qapıları tamaşanın mövzusu ilə həmahəng səslənir və əsərin ideyasının tamaşaçılara çatdırılmasında xüsusi rol oynayırdı. Yuxarıdan asılmış ox ucluqları, nizələr əsərin ideyasında simvolik məna daşımış, tamaşanın geyim eskizlərində isə dövrə, obraza, xarakterə uyğunluq istər onların formalarında, istərsə də rəng koloritində öz əksini tapmışdı. Geyimlərdə, dekorlarda daha çox istifadə etdiyi qırmızı rəng kolariti tamaşanın əsas ideyası olan mübarizliyin, qəhrəmanlığın, əyilməzliyin simvolu kimi xararakterizə olunmuşdu. Tamşanın güclü bədii tərtibatı tanınmış rejissor M.Fərzəlibəyovun diqqətindən yayınmamışdı. O, teatrın qurluşçu rəssamı haqqında demişdir: "...Tamaşanın quruluşçu rəssamı Ə.Axundovdur. Bu başdan deyim ki, bu rəssam olduqca istedadlı, səhnəni, səhnəqrafiyanı gözəl bilən bir yaradıcıdır. Əbülfəzdə olan yaradıcı fantaziya mənim çox xoşuma gəldi. O, olduqca zövqlü və geniş yaradıcı təxəyyülə malik teatr rəssamıdır... Əgər mən Naxçıvan teatrında yenidən tamaşa qoysam, tərəddüd etmədən gözəl teatr rəssamı Ə.Axundovla birgə işlərdim".

 

H.Cavidin "İblis" mənzum faciəsi 2003-cü ildə K.Quliyevin quruluşunda səhnəyə qoyuldu. Əsərin bədii ruhu, fəlsəfi ideyası Ə.Axundovun hazırladığı maraqlı bədii quruluşda daha aydın şəkildə, forma, rəng və kompozisiya baxımından çox təsirli alınmışdı. İctimai qəzəb və etiraz hissləri müharibə ideyaları ilə yaşayanlara qarşı yönələn "İblis" faciəsində insanları əzab və iztirablara salan, min bir dona girərək riyakarlığı və böhtanları ilə həzz alan İblisin təbiəti ilə müasir dünyanı fəlakətə sürükləyənlərin törətdikləri mənfur oyunlar, tamaşanın bədii tərtibatında öz bədii və fəlsəfi duyumları ilə əks olunurdu. Tamaşada İblisin xislətini onun geyiminin forması və rənglərində aydın görmək mümkün idi. Əzəmətli və qorxunc, şər və qisas mücəssiməsi olan İblisin qirimi sadə olsa da, onun geyimi üçün seçilmiş forma və qırmızı astarlı qara plaşı, qırmızı işıq effektləri ilə daha da heyrətamiz və qorxunc görünürdü.

C.Məmmədquluzadənin "Dəli yığıncağı" dramında verilən mənəvi-əxlaqi, ictimai-siyasi problemlərin fəlsəfi dərinliyi və psixoloji mahiyyəti 2005-ci ildə K.Quliyevin quruluşunda (rəssam Ə.Axundov) göstərilən tamaşanın bədii tərtibatında soyuq rəng koloritinin üstünlüyü, bu rəng fonunda boz, ağ, mavi və qara rənglərdən ibarət formalar təcəssüm tapmışdı. Pərdədə bu rənglərlə verilmiş yarımdairə formasındakı zolaqlar, tamaşanın məzmun, ruhun duyulması ilə yanaşı, səma sonsuzluğu da dərin təsir bağışlayırdı. Bədii tərtibatda  müxtəlif formaların harmonik sintezi, poetik füsunkarlıqla vəhdəti tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşanın məzmununun açılmasına, onun daha təsirli olmasına şərait yaradırdı.

Mir Cəlal Paşayevin "Dirilən adam" əsəri K.Quliyevin quruluşunda 2006-cı ildə tamaşaçılara təqdim olundu. Tamaşanın bədii quruluşunu rəssam Ə.Axundov fərqli bədii ifadə vasitəsi, zəngin palitrası ilə əsərin ruhunu hiss etdirməsi, soyuq və isti rəng ahəngi, ağ rəngin simvolik mənadakı ifadəsi və digər məsələləri fərqli tərzdə qabartmışdı. Hadisələrin mürəkkəb toqquşması ilə yaranan konflikt, onların psixoloji mahiyyətindəki faciəvilik diqqət mərkəzində olmuş və rəssam tərtibatda işıq effektlərinin vasitəsilə rəng harmoniyasından istifadə etməyə üstünlük vermişdi.

 

Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli dramaturq Hüseyn Cavidin 125 illik yubileyinin keçirilməsi haqqında 2007-ci ilin aprelində imzaladığı Sərəncamın işığında dramaturqun "Səyavuş" mənzum faciəsi həmin ilin 24 oktyabrında K.Quliyevin quruluşunda tamaşaçılara təqdim olundu. Quruluşçu rəssam Ə.Axundovun hazırladığı səhnə tərtibatı sadə, qara fonda daha aydın və diqqətəlayiq idi. Geyimlərin rəng koloritini hadisənin baş verdiyi dövrə, obrazların xarakterlərinə uyğun rəssam H.Əliyev hazırlamışdı.

Qırğız yazıçısı Ç.Aytmatov türk, Altay, qırğız əfsanələrindən bəhrələnərək qələmə aldığı "Gün var, əsrə bərabər" əsərində müasir dünyamızın əxlaqi-mənəvi problemləri ilə yaxından səsləşən, tarixi, adət-ənənələri, milli dəyərləri, soykökü unudub manqurtlaşan insanların təhlükəyə çevrildiyi əks olunur. Həmin əsərin motivləri əsasında Tofiq Seyidovun quruluşunda (quruluşçu rəssam Ə.Axundov) hazırlanan "Manqurt" tamaşası 2013-cü ildə uğurla səhnəyə qoyuldu. Rəssam   tamaşanın bədii quruluşunu olduqca sadə və yığcam olmaqla, əsasən rəngləri formalardakı rəmzə üstünlük verməklə obraz-atributu kimi hazırlamışdı. Səhnənin mərkəzində, qara fonda simvolik olaraq ağ ipəkdən olan çadır qurulmuşdu. Sərhəd dirəklərinin, məftillərin qırmızı rəngdə verilməsi də rəmzi məna daşıyırdı. Tərtibatda qırğız milli koloritinə uyğun geyimlər də diqqətəlayiq idi. Ümumiyyətlə, rəssam əsərin ideyasının açıqlanması üçün zəruri olan bədii ifadə vasitələrindən və işıq effektlərindən məharətlə istifadə edərək, rəng harmoniyasını yerli-yerində dəyişdirməklə, tamaşanın emosional təsirini daha da artırırdı.

Əbülfəz Axundovun Naxçıvan teatrında səhnəqrafiya sahəsində qoyduğu izlər hər zaman yaşayacaq. Bundan sonra da teatrda tamaşalara quruluş verən rəssamlar onun səhnəqrafiya sahəsindəki işlərindən bəhrələnəcəklər.

Əli QƏHRƏMANOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





10.03.2021    çap et  çap et