525.Az

"O videonun çəkilməsindən xəbərim yox idi" - Müsahibə


 

VƏTƏN MÜHARİBƏSİ QAZİSİ FƏRİD SƏMƏDOV: "QAZİLƏRLƏ BAĞLI VİDEOLARI PAYLAŞMASANIZ DA OLAR, AMMA ŞƏHİDLƏRİMİZİ UNUTMAYAQ"

"O videonun çəkilməsindən xəbərim yox idi" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Vətən müharibəsi günlərində hər birimizin ürəyi Azərbaycan əsgəri ilə döyündü. Təsadüfi deyil ki, Azərbaycan əsgəri ilə bağlı o günlər sosial mediada yayılan ən kiçik video belə, inidiki dillə desək, izlənmə rekordu qırırdı.

Budəfəki həmsöhbətimiz həmin videolardan birinin qəhrəmanı, Vətən müharibəsinin 23 yaşlı qazisi Fərid Səmədovdur.

Söhbətə müsahibimizin sosial şəbəkələrin faydaları və zərərləri ilə bağlı fikirlərini öyrənməklə başladıq.

***

- Sosial şəbəkələrdən, xüsusilə də İnstaqramdan son məlumatlardan xəbərdar olmaq üçün istifadə edirəm. Sosial mediadan faydalanmaq onu necə istifadə etməyimizdən asılıdır. Əgər biz ondan yaxşı işlər üçün istifadə etsək, müsbət tərəflərini görəcəyik. Əks halda, mənfi cəhətləri də az deyil.

- Tərxis olunan zaman çəkilən videonuz sosial mediada böyük marağa səbəb oldu. Həmin videonun bu qədər diqqət görməsi sizin üçün gözlənilməz olmadı ki?

- Həmin video çəkiləndə özümün xəbərim yox idi. Sonradan həmin yoldaşım videonu mənə göndərdi, öz səhifəmdə paylaşdım. Bundan sonra böyük auditoriyası olan səhifələr də videonu yaymağa başladı.

- İzləyicilərin əvvəlki münasibəti ilə indiki münasibəti arasında hansı fərqlər var?

- Xalqımızın əsgərə qarşı sevgisi, hörməti birə-beş artıb. Tez-tez yazıb halımı əhvalımı soruşurlar. Hətta şəhid ailələri də əlaqə saxlayırlar.

- Fərid bəy, Vətənin müdafiəsinə könüllü yollanmışdınız, yoxsa səfərbərlik xidməti tərəfindən çağırılmışdınız?

- İyul döyüşləri vaxtı könüllü olaraq yazılmışdım. Müharibə başlayan zaman, sentyabrın 29-da hərbi hissəyə getdim.

- Döyüşlərə hansı istiqamətdən başladınız, necə irəlilədiniz?

- Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişik. Yaralandığım günə qədər Hadrut istiqamətində döyüşdüm. Hadrutda gedən açıq döyüşlərdə yaralandığım üçün irəli gedə bilmədim.

- Hansı döyüşdə yaralanmısınız?

- Hadrutda təzə azad olunan hündürlükdə post qurub oturmuşduq. Bu hündürlüyü qoruyurduq. Səhər yeməyini postun o biri tərəfində yeyirdik. Yeməkdən qayıdanda partlayış səsi gəldi. Arxaya dönüb baxanda gördük ki, oturduğumuz yerə mərmi düşüb. Bu zaman hələ yaralandığımı hiss etməmişdim. Bir an ayağıma istilik gəldiyini hiss etdim. Və qəlpə dəyən yeri axtarmağa başladım. Gördüm ki, batinkam deşilib. Yoldaşların köməyi ilə ayağımı sarıyıb aşağı düşdük. Ordan ambulansla Cəbrayıla, sonra Füzuliyə gəldik.

- Təxris olunandan sonra ilk hara getdiniz?

- Evə qayıdanda yeriyə bilmədiyim üçün harasa gedə bilmədim. Amma indi tez-tez şəhid ailələrini və məzarlarını ziyarət edirəm. Demək olar ki, iki gündən bir Fəxri Xiyabana gedirəm.

- Bəzən insanlar sosial şəbəkələrdə digər videoların qazi və şəhid videolarından çox paylaşıldığından şikayət edirlər. Bu haqda siz necə düşünürsünüz?

- Qazilərlə bağlı videoları paylaşmasanız da olar, amma şəhidləri unutmayın. Onlar bizim bu günümüzə görə canlarından keçdilər. Hərdən sosial şəbəkələrdə gəzişəndə hiss edirəm ki, yavaş-yavaş hər şey unudulur. Biz xalq olaraq bəzən başımıza gələnləri tez unuduruq. Ömür boyu borclu olduğumuz o müqəddəs ruhları unutmamalıyıq.

- Ən böyük arzunuz nədir?

- Tək arzum ailəmin salamat, sağlıqlı olmasıdır. Döyüşdə olanda da həmişə ailəmi, dostlarımı fikirləşmişəm. Ölümdən yox, ailəmə nəsə olar deyə qorxmuşam.

- Gələcək üçün hansı planlarınız var? Bundan sonra nə etməyi düşünürsünüz?

- Atamın yolunu davam etdirmək, polis sistemində çalışmaq istəyirəm.

Günel ABBAS

 





10.03.2021    çap et  çap et