525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub və 1999-cu ildə həmin Universitetin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedra oxuyub və Leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə hərbi xidmətdə olub və Baş leytenant kimi xidmətini başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon Şöbəsində işləyib. 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb.

2020-ci ilin 21 sentyabrında ordu sıralarına qatılıb. Vətən müharibəsində igidliklə fərqlənən Ə.Əsədov Füzulinin azad olunmasında şücaətlər göstərib və oktyabrın 12-də qəhrəmancasına şəhid olub. O, şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Şəhidimizdən yadigar 2 oğul və 1 qız övladı qalıb.

***

 

Məzdək Əli oğlu Eyvazlı 26 fevral 1996-cı ildə Bakıda anadan olub. 2002-2013-cü illərdə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbdə oxuyub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılan M.Eyvazlı bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə yollanıb. 29 oktyabrda Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lökbatanda Şəhidlər Xiyabanında dəfn edilib.

M.Eyvazlı şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Nəsirov Elçin Ramiz oğlu 13 yanvar 1988-ci ildə Füzulinin Əhmədalılar kəndində doğulub. 1993-cü ildə I Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkün kimi İmişli rayonunda məskunlaşıb. 1994-cü ildən İmişlidəki 2 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2006-cı ildə Füzuli rayon Əhmədalılar kənd Baxşalı Əliyev adına tam orta məktəbini bitirib. 2006-2008-ci illərdə Həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülkü işlərdə işləyən Elçinin vətən sevgisi, hərbçi olmaq arzusu 2016-cı ildə onu könüllü, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa sövq edir.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə döyüşən E.Nəsirov  oktyabrın 24-də Füzuli rayon Qorqan kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Əhmədalılar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra Füzulinin və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilib.

Bacısı Zülfiyyə xanım deyir: "Elçin hərbidə kəşfiyyatçı snayper vəzifəsində idi. Döyüş yoldaşları onun haqqında çox dəqiq tuşlayıcı, məsuliyyətli hərbçi olduğunu, nişan aldığı hədəfin boşa çıxmadığını, öz həyatını təhlükəyə atıb, özündən əvvəlki postda döyüşən hərbçilər üçün sürünərək yemək-su təminatı çatdırdığını deyirlər.

Elçin futbolu çox sevirdi, hətta məktəb dövründə kənd uşaqlarından ibarət futbol komandası yaratmış, kəndlərarası, rayonlararası yarışlarda iştirak edərdi. 2016-cı ildə aprel döyüşlərində kəndimizin igid oğullarından Orxan Həmidov şəhid olandan sonra Elçini hərbçi olmaq fikrindən heç kim ayıra bilmədi. Elçin "Orxan 2 övlad sahibi olaraq şəhid olub vətən uğrunda canından keçibsə, mən niyə keçməməliyəm" - deyərək o gündən MAXE olaraq fəaliyyətə başlayır.

Şəhadətindən bir gün əvvəl Elçin evə anamı, atamı görmək üçün gəlmişdi, üzündə yorğunluq, gözlərində bir durğunluq vardı, sanki. Anam ona "oğul, paltarını dəyiş, yuyum, təmiz geyin, get" - dedi. O isə "ana, paltarımı elə ehtiyatla yu ki, o paltarda nə qədər şəhid qanı var, bilmirəm, bəlkə mənim də qanım o qanlara qarışdı, onda üzülməzsən, oğlunla fəxr edərsən" - dedi".

Həmin gün gedənə kimi ailəsinə "bəlkə də sizi son dəfə görürəm" - deyib Elçin. Həqiqətən də elə olub. Evdən gedənin səhəri gün onun şəhidlik xəbəri ailəsinə verilib. Atası Ramiz Nəsirov oğlunun yoxluğuna dözməyib, 10 yanvar 2021-ci ildə vəfat edib.

***

 

Xalid Saleh oğlu Orucov 1996-cı il avqustun 7-də Neftçalanın Aşağı Surra kəndində anadan olub. 2013-2017-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Leytenant X.Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Xocavənd döyüşləri zamanı şəhid olub və Neftçalada torpağa tapşırılıb.

***

 

Həmidov Elşən Məzahir oğlu 28 avqust 1979-cu ildə Füzulinin Əhmədalılar kəndində doğulub.1986-1996-cı illərdə B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbində təhsil alıb. 1998-ci ildə Həqiqi Hərbi xidmət keçib. 2002-ci ildə ANAMA Ərazilərin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyində 18 il Tədqiqatçı minaaxtaran vəzifəsində işləyib. 15 avqust 2020-ci ildə Füzulidə yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə sürücü olaraq könüllü fəaliyyətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin fəal iştirakçısı E.Həmidov noyabrın 8-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhramancasına şəhid olub və Əhmədalılar kəndində dəfn edilib.

Ailəli olan şəhidimizin 3 övladı yadigar qaldı. 11-ci sinifdə oxuyan qızı Tavat deyir ki, atası şəhadətə qovuşmazdan bir gün öncə evlərinə ailəsini görməyə gəlib. Onlarla bir neçə saatlıq gözəl vaxt keçirəndən sonra səhər təhlükəli bir yerə gedəcəyini, əgər şəhid olarsa, üzülməmələrini, qürurlu olmağı tapşırıb. Səhər erkən saatlarda həyat yoldaşı Leyla xanımla, övladlarıyla vidalaşıb, yoldaşına son sözlərini deyib, uşaqları əmanət edib və cəbhəyə yollanıb. O gedəndən 3 saat sonra şəhidlik xəbəri gəlib.

***

 

Coşqun Mikayıl oğlu Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçalanın Xol Qaraqaşlı kəndində doğulub. 2004-2015-ci illərdə kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdiyi il H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2019-cu ildə həmin məktəbin motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi fakültəsini bitirərək Beyləqanda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Xidməti müddətində 3 dəfə fəxri fərmana layiq görülüb.

Leytenant olan Coşqun 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. C.Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı məhz Füzuli rayonuna üç rəngli bayrağımızı sancan zaman şəhid olub. Neftçalada dəfn olunub. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Əliyev Rafael Oruc oğlu 4 may 1984-cü ildə Horadizdə doğulub. Füzuli rayon 2 nömrəli tam orta məktəbi bitirib. 2002-2004-cü illərdə Bakıda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Məktəb dövründə idmanın karate növü ilə məşğul olan Rafael diplom və sertifikatlara layiq görülüb. Bir müddət mülki işlərdə çalışmasına baxmayaraq, Rafaelin ürəyindəki vətənpərvərlik hissi onu hərbçi olmaq arzusundan ayıra bilmir. 2016-cı ildən MAXE kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlayır.

Kəşfiyyatçılar üçün bütün təlim kurslarını layiqincə, uğurla, yüksək nəticələrlə başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olub. İlk erməni postlarının azad edilməsində Rafael xüsusi şücaət göstərərək ilk sırada gedən döyüşçülərdən olub. Yaralı və şəhid hərbçi yoldaşlarını döyüş meydanından çıxarıb.

R.Əliyev Füzuli uğrunda gedən döyüşlərdə sentyabrın 29-u düşmənin atdığı minaatan mərmisindən aldığı zərbə nəticəsində şəhidlik zirvəsinə ucalıb. Son mənzilə Horadiz şəhərində yola salınıb. Şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilib.

15 illik ailəli olan şəhidimizin 2 qız övladı Vətənə əmanətdir. Onun son telefon danışığı sentyabrın 28-də qardaşıyla olub. Hər şeyin yaxşı olduğunu deyən Rafael, Qarabağı azad edəcəklərini də bildirib. 

***

 

Mehdi Zaman oğlu Fərzullazadə 1995-ci il iyul ayının 27-də Bakıda doğulub. Məscid xidmətçisi idi. Ailədə bir bacı, iki qardaş olublar. 2001-ci ildə Bülbülə qəsəbəsində yerləşən 208 saylı məktəbdə birinci sinifə gedib. Məktəbdə oxuyarkən tərbiyəli və intizamlı şagird olması ilə seçilirdi. Uşaqlıqdan futbola böyük marağı var idi. Yetkinlik yaşına çatan kimi namaza başlayır. İslam elmləri ilə yaxından tanış olur. Əqaid, fiqh, əxlaq dərslərinə gedirdi. İmam Hüseyn mərasimlərində xidmət etməyi xoşlayırdı. Dostları ilə zarafatcıl, kənarda ciddiyyəti ilə seçilirdi. Ən böyük arzusu Kərbəla ziyarəti idi. 2013-cü ildə hərbi xidmətə yollanır. Göygöldə Milli Ordunun N saylı hərbi hissəsində xidmət edir. İyul döyüşləri ona bərk təsir edir. Polad Həşimovun şəhadətindən sonra könüllü orduya yazılır. Suraxanı rayon hərbi komissarlığından ilk olaraq Füzuli uğrunda döyüşlərə qatılır. Komandiri deyir ki, döyüş tapşırıqlarını yerinə yetirir, çətinliklərdən qorxmur, cəsarəti ilə seçilirdi. Anası narahat olmasın deyə döyüş bölgəsində olmağını ondan gizlədir. Lakin anası onunla telefon danışığında düşməndən qisas almağı tapşırır. 7 noyabrda Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 16 noyabrda ailəsinə təhvil verilir. O, Bülbülə qəbiristanlığındakı şəhidlər məzarlığında dəfn olunur. Şəhadətindən sonra "Xocavəndin azad edilməsinə görə" medalı ilə təltif olunub.

***

 

Əliyev Əli Ələsgər oğlu 1997-ci il 6 iyun Füzulinin Aşağı Yağlıvənd kəndində babası Məmmədqulu kişinin ocağında doğulub. 2004-cu ildə Aşağı Yağlıvənd kəndində Bəxtiyar Əzimov adına tam orta məktəbdə ilkin təhsilə başlayıb. 5-ci sinifə qədər həmin məktəbdə oxuyub, sonra ailəsi ilə Bakının Abşeron rayonu Qobu qəsəbəsinə köçüblər. Qobu qəsəbəsində 1 saylı orta məktəbdə 9-cu sinifi bitirdikdən sonra peşə məktəbinə daxil olub və qaynaqçı peşəsinə yiyələnib. 2016-cı ildə Füzuli rayon Hərbi Komissarlığından xidmətə çağırılıb və atıcı manqa komandiri kiçik çavuş vəzifəsində həqiqi hərbi xidmət keçib. Aprel döyüşlərinin fəal iştirakçısı olan Əli 2017-ci ildə əsgərlik xidmətini başa vurub. Qobu qəsəbəsində mühafizəçi olaraq bir müddət işləyib. 2017-ci ildə anası Şərqiyyə xanım uzun sürən ağciyər serrozundan dünyasını dəyişib. 2020-ci ildə atası Ələsgər bəy də rəhmətə gedib. Hər iki valideynini itirmiş Əli Əliyev 2020-ci il sentyabrın 21-də Füzuli rayon Hərbi Komissarlığından səfərbərliyə çağırılıb. 27 sentyabrda başlayan Vətən müharibəsində cəsarətlə, ürəklə döyüşən Əli Füzuli, Hadrut, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavəndin azad olunmasında qəhrəmanlıqları ilə seçilib, xüsusi şücaət göstərərək ilk sıralarda gedən cəsur döyüşçülərdən biri olub.

Əlini son dəfə döyüşə dayısı oğlu Hüseynov Qədir və dayısının həyat yoldaşı Sədaqət xanım yola salıblar. Qədir danışır: "Sentyabrın 27-dən döyüşlərə qatıldı. Bir müddət Əlidən xəbər ala bilmədik. 19 gündən sonra yaralandığını və hospitalda yatdığını öyrəndim, dərhal yanına getdim. Mənə keçdiyi döyüş yolundan danışırdı. Gizir rütbəsi almışdı, komandir olmuşdu. Buna çox sevinirdi. Deyirdi, müharibədən sonra qalıb gizir kimi xidmət edəcəm. Həmişə gizir olmağı arzu edib".

Bir həftə hospitalda yatandan sonra geriyə müharibəyə, döyüş yoldaşlarının yanına qayıtmaq istədiyini deyib. Oktyarın 18-də yenidən döyüşlərə qatılıb.

Ə.Əliyev 2 noyabr 2020-ci il Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Yaxınlarına noyabrın 6-da xəbər verilib və noyabrın 7-də Qobu qəsəbəsindəki qəbiristanlıqda anasının yanında torpağa tapşırılıb.

***

 

Rüfət Zöhrab oğlu Mustafayev 12 mart 1996-cı ildə Sumqayıtda doğulub. 2002-2013-cü illərdə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü qatılıb.

27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsinə ailənin yeganə övladı olan əsgər R.Mustafayev də qatılıb. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam edib. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri, polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhid olub. Əslən Qubadlıdan olan R.Mustafayev Qubadlının Vətən müharibəsindəki ilk şəhididir. Şəhidimiz oktyabrın 13-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

 

Kəlbiyev Telman Yadigar oğlu 24 mart 1988-ci ildə Neftçalanın Bankə qəsəbəsində 7 bacının bir qardaşı olaraq dünyaya gəlib. Orta təhsilini həmin qəsəbədəki məktəbdə alıb. T.Kəlbiyev əvvəl Daşkəsəndə gizir kimi, sonra isə şəhid Polad Həşimovun seçimi ilə Şəmkirdə həmlə bölüyündə xidmət edib. Şəhidimiz torpaqların düşmən tapdağından azad etmək üçün başlanan 2-ci Qarabağ müharibəsinə qatılıb. O, Murovdağ Canavar postunun alınmasında yaxından iştirak edib və Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək ilk yarasını da orda alıb. Sağ ayağından qəlpə yarası alan Telmana döyüş yoldaşları geri qayıtmağı desələr də, o, döyüşə davam edib. Oktyabrın 2-si düşmənin minaatan mərmisi onların yanına düşüb və Telman ayaqlarından ağır yaralanıb. Onu döyüş meydanından çıxarmaq istəyən döyüş yoldaşını isə vəziyyət gərgin olduğu üçün "get, şəhid olacaqsan yoxsa!" - deyərək qovub, özü şəhidlik zirvəsinə yüksəlib. İtkin düşmüş şəhidimiz 85 gün sonra tapılaraq, dekabrın 2-si doğulub boya-başa çatdığı Neftçala Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Anası 85 gün heç bir xəbər ala bilmədiyi oğlunun tabutu qarşısında qurban kəsib. Ailəli olan şəhidimizin Elcan və Səid adında iki oğul övladı yadigar qalıb.

***

 

Ataməli Seyidməhəmməd oğlu Musaoğlu 5 mart 1995-ci ildə Lökbatan qəsəbəsində doğulub. Əslən Neftçaladan olan Ataməli Bakı Dövlət Universitetinin məzunudur. Xəzər Universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasında irəliləyirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. İlk gündən Vətən müharibəsinə qatılan Baş Kəşfiyyatçı A.Musaoğlu 2020-ci il oktyabrın 16-da Ağdərənin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub və Lökbatan Şəhidlər Xiyabanında dəfn edilib. A.Musaoğlu şəhadətindən sonra "İgidliyə görə medalı" ordeni ilə təltif edilib.

***

 

Xəyyam Əli oğlu Əzizov 1995-ci il noyabrın 8-də Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 2013-2017-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Baş leytenant olan X.Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralansa da, döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayıb, sona kimi mübarizəni davam etdirib Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olan X.Əzizov Neftçalada dəfn olunub.

Şəhadətindən sonra Xəyyam Əzizov "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Nicat Qasımzadə Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvarın Zəhmədabad kəndində doğulub. İki bacının tək qardaşı idi. 2007-ci ildə həmin kənddə Şəhid Ənvər Rəhmətov adına 28 saylı orta məktəbdə təhsilə başlayıb. Məktəbi bitirəndən Tovuz Dövlət Sosial İqtisad kollecinə qəbul olub. Amma oxumaq istəməyib. Hərbi xidməti bitirib Rəssamlıq Akademiyasına qəbul olmaq istəyirdi. 2019-cu il yanvarın 3-də hərbi xidmətə yollanıb. Xidməti dövründə nümunəvi əsgər olub. İlk xidməti dövründə Goranboyda artilleriyada, sonrakı aylarda Ağdamda "Manqa komandiri", xidmətinin sonuna 2 ay qalmış isə "Kiçik çavuş" rütbəsini qazanıb evə qayıdıb. Bacısının təhsil haqqını ödəmək üçün gecə-gündüz işləyirdi. Xidmətini başa vurub evə geri dönməyində 3 ay keçməmişdi ki, əks-hücum əməliyyatları başlayandan könüllü geri dönüb, döyüşə qatılıb. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə saatlar, bəlkə də dəqiqələr qala Şuşada noyabrın 9-dan 10-a keçən gecə, öz ad günündə ürəyindən dəyən qəlpə yarası ilə şəhid olub. Noyabrın 12-si ailəsinə xəbər verilir. Onlar Nicatla son dəfə noyabrın 3-də danışmışdılar. Anası: "Oğul balam, hələ sənin ayaqlarının yaraları sağalmamışdı, bir az ehtiyatlı ol" - deyəndə, Nicat cavab verir: "Ana, sənin 3 qızın yox, 2 qızın var idi. Mən əlimdən gələni əsirgəməyəcəm. Rəbbim alnıma nə yazıbsa, onu yaşayacam. Görüşərik".

N.Qasımzadə şəhadətindən sonra"Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə medal", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Əliyev Maarif Təbriz oğlu 9 sentyabr 1994-cü ildə Neftçalada doğulub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Maarif Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. M.Əliyev noyabr 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəhadətindən sonra "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





11.03.2021    çap et  çap et