525.Az

"Amalım elmimizin, səhiyyəmizin inkişafına xidmətdir" - Təhsil


 

İSTANBUL UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN CƏMİLƏ BAYRAMOVA BUNUN ÜÇÜN İMKAN YARADAN DÖVLƏT PROQRAMININ ÖNƏMİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

"Amalım elmimizin, səhiyyəmizin inkişafına xidmətdir" - <b style="color:red">Təhsil</b>

Müasir dövrdə hər bir ölkənin davamlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil hər ölkənin davamlı inkişafının başlıca hərəkətverici qüvvəsi  hesab olunur. Buna görə də son illər dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin noyabrında imzalanmış "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı ali təhsil sahəsində qəbul olunan ən mühüm qərarlardan biri kimi göstərmək olar. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək mümkündür. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili  alanlardan biri də Cəmilə Bayramovadır. O, 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbində ibtidai təhsilinə başlayıb. 2010-cu ildə Bakıdakı  Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbi bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura təhsilinə başlayıb və 2017-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Hazırda "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Xərçəngin genetikası" ixtisası üzrə İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.

C.Bayramova deyir ki, Dövlət Proqramı bu sahədə bir çox imkanlar təqdim edir. Bunlardan birincisi yerli ali təhsil müəssisələri (ATM) ilə sıx əməkdaşlığın təmin edilməsidir: "Düşünürəm ki, biz dünyanın bir sıra ölkələrindəki tədqiqat mərkəzlərində əldə etdiyimiz bilik və bacarıqları ölkəmizə gətirdiyimiz, Azərbaycanda elm, təhsil, texnologiyanın inkişafına təkan verdiyimiz halda məqsədimizə çatacağıq.

Bu baxımdan yerli ali təhsil müəssisələri ilə əməkdaşlığın bizim təhsil müddətimizdən etibarən qurulması olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün də körpü rolu oynayacaqdır. Bundan başqa, Dövlət Proqramı müxtəlif ixtisas sahələrində fəaliyyət göstərən tələbələri əhatə edir, eyni və ya oxşar ixtisasa sahib, lakin fərqli tədqiqat mərkəzlərində çalışan tələbələrin bir-biri ilə əlaqə qurmasına, öz təcrübələrini bölüşməsinə imkan yaradır".

C.Bayramova qeyd edib ki, dünya təcrübəsində də, təhsil, səhiyyə, texnologiya, hərbi və sair, istənilən peşə sahəsində bu, çox rast gəlinən və təbii bir haldır. Xüsusilə elm sahəsində dünyada elə bir mərkəz yoxdur ki, orada bütün mövcud elmi yeniliklərin hamısı ilə tanış olmaq, onları mənimsəmək mümkün olsun. Nəticədə, təbii olaraq, elmi yenilikləri yaxından izləmək üçün müxtəlif ölkələrdə, tədqiqat mərkəzlərində mütəmadi olaraq ezamiyyələrdə, "workshop"larda, kurslarda olmaq ehtiyacı yaranır. Amma xaricdə təhsil almaq bir qədər daha fərqli təcrübədir. Bizlər bu haqda qərar verərkən, Azərbaycanda hazırda olmayan və ya zəif inkişaf etmiş elmi istiqamətləri seçmişik. Bu isə bizlərə, həmin ixtisas sahəsi üzrə möhkəm elmi baza yaratmağa və inkişaf etdirməyə imkan verir: "Dövlətin bu sahədə dəstəyi, heç şübhəsiz, olduqca əhəmiyyətlidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz". Bu gün Azərbaycanın güclü iqtisadiyyatının, hərbi texnikasının, neft və qeyri-neft sahəsinin inkişafı bu sahələrdə çalışan yüksək ixtisaslı, savadlı kadrların sayəsindədir. Belə yüksək ixtisaslı kadrların yetişdirilməsi isə ibtidai sinifdən başlayaraq gənc nəslin maariflənməsinə, elmi bilik-bacarıqlarının artırılmasına, inkişafına şərait yaratmaqla mümkün olur. Dövlətin bu sahədə diqqətini, qayğısını və bunun müsbət nəticəsini görmüşük və görməkdə davam edəcəyik. Dövlət Proqramının təsis edilməsi dövlətin elmin inkişafında maraqlı olduğunun, gənclərə qarşı olan maddi və mənəvi dəstəyin  növbəti göstəricisidir".

 

C.Bayramovanın dediyinə görə, istənilən peşə sahibi öz işini sevməli, onu böyük məsuliyyətlə yerinə yetirməlidir. Eyni zamanda, işində ən yaxşı olmağa çalışmalıdır. Biz bəzən "rəqabət" sözünü yanlış şərh edirik. Rəqabət yalnız özünü təkmilləşdirmək, bilik və bacarıqlarını artırmaq, vəzifəsini ən yaxşı şəkildə və vicdanla yerinə yetirməyə çalışmaqla olmalıdır: "Biz yüksək ixtisaslı mütəxəssislər ola bilərik, amma şəxsən mən, əsas amal kimi, ölkəmizin inkişafına çalışmağı, dövlətimizə, xalqımıza layiqli xidməti görürəm. Fikrimcə, bütün peşə sahiblərinin əsas amalı ailəsinə, vətəninə və millətinə xidmət etmək olmalıdır. Bunu etdiyimiz halda öz borcumuzu yerinə yetirmiş olarıq".

C.Bayramova vurğulayıb ki, təhsilini davam etdirdiyi "Xərçəngin genetikası" ixtisası olduqca əhəmiyyətlidir. Belə ki, bu istiqamətdəki tədqiqatlar sadəcə xərçəngin effektiv müalicəsinə yönəlməyib, eyni zamanda, xərçəng xəstəliyinin erkən dövrdə aşkarlanmasını hədəfləyir. Xərçəngin genetik xəstəlik olduğunu nəzərə alsaq, ailədə bir və ya bir neçə xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin olması digər sağlam ailə fərdlərində və dünyaya gələcək yeni nəsildə xərçəngin müşahidə olunma ehtimalını artırır. Xərçəng xəstəliyinin genetikasının öyrənilməsi, məhz bu şəxslərdə, xərçəng xəstəliyini meydana gəlmədən öncə aşkarlamağa və profilaktik tədbirlər almağa imkan verir. Bu proses genetik testlər və konsultasiyalar ilə həyata keçirilir: "Tədqiqat mövzusunu seçmək mənim üçün bir qədər çətin oldu. Çünki tədqiqat mövzumun həm xərçəng xəstəliyi üzrə tədqiqatlara töhfə verməsini, həm də əldə etdiyim elmi-praktik bilik və bacarıqların Azərbaycana qayıtdıqda onkoloji tədqiqatların inkişafına təkan verməsini istəyirdim. Nəticədə tədqiqat mövzumun Dünya Xərçəng Statistikasının (GLOBOCAN -The Global Cancer Observatory) 2019-cu və 2020-ci illərin nəticələrinə əsasən xərçəngə bağlı ölüm sayına görə birinci yeri tutan ağciyər xərçəngi haqqında olmasına qərar verdim. Qeyd etmək istərdim ki, cari ildə dünya üzrə xərçəngə bağlı 10 milyon ölüm müşahidə edilmişdir ki, bunun 18 faizi ağciyər xərçənginin payına düşür. Bu baxımdan, həmin istiqamətdə tədqiqatların aparılması olduqca böyük əhəmiyyət kəsb edir. Tədqiqat işində əsas məqsəd xərçəng xəstəliyinin formalaşmasına və inkişafına səbəb olan genlərin susdurulması, bununla da xərçəng xəstəliyinin inkişafının qarşısını almaq, eyni zamanda, xərçəng hüceyrələrini öldürərkən sağlam hüceyrə və toxumaların qorunmasına nail olmaqdır. Düşünürəm ki, bu istiqamətdə görüləcək işlər, eyni zamanda, DP-nin digər iştirakçılarının nailiyyətləri və Azərbaycana gətirəcəkləri yeni elmi yeniliklər Azərbaycanda elm, səhiyyə, texnologiya və başqa sahələrdə böyük inkişafa səbəb olacaqdır".

Onun sözlərinə əsasən, çalışdığı "Xərçəngin genetikası" laboratoriyası İstanbul Universiteti Onkologiya İnstitutunun binasında yerləşir. Hansı ki, onkoloji xəstələrin qəbulu, onların müalicəsi bu mərkəzdə aparılır. Tədqiqat İnstitutları əsasən xəstə nümunələrini xəstəxanalardan qəbul edir və üzərində işləyir. Onkologiya İnstitutunda isə həm xəstələrin qəbulu və müalicəsinin, həm də genetik tədqiqatarın eyni struktur daxilində olması bizim xəstələrlə birbaşa əlaqədə olmağımıza və onları müalicənin müxtəlif mərhələlərində müayinə etməyimizə imkan verir. Deyək ki, əgər biz müxtəlif genetik göstəricilərin xəstənin aldığı müalicələrdən (kimya terapiya, şüa terapiyası, cərrahiyə, hormon terapiyası və s.) əvvəlki və sonrakı dinamikasını ölçmək istəyiriksə, bunu dərhal etmək mümkündür. Xəstələrin aldığı müalicənin effektivliyini, sonrakı müalicənin seçilməsini məhz bu nəticələr müəyyənləşdirir. Bundan başqa, laboratoriya müasir genetik tədqiqatların aparılması üçün lazım olan bütün növ maddi-texniki baza ilə təchiz edilmişdir: "Türkiyədə virusun ortaya çıxması mart ayında oldu və artıq 1 ildir ki, bütün dünyada olduğu kimi, Türkiyədə də bir çox sahələr kimi təhsil və səhiyyə sahəsinə də pandemiya öz təsirini göstərdi. Dərslər onlayn formada keçirilməyə başladı. Pandemiyanın geniş vüsət aldığı ilk dövrdə və ikinci dalğa müddətində tədqiqatlara və xəstə qəbuluna müəyyən məhdudiyyətlər gətirildi. Profilaktik tədbirlər alınaraq, daha az işçi sayı ilə gündəlik iş yükü yerinə yetirilməyə çalışıldı. Hal-hazırda normal iş rejimi bərpa olunmuş haldadır. Təbii ki, lazımi tədbirlər daxilində".

O bildirib ki, doktorantura təhsilinin artıq 2 il yarım müddəti geridə qalmaqdadır: "Bu müddəti müvəffəqiyyətlə başa vurmuşam. Bundan sonrakı müddətdə də, tədqiqat işimin ən yaxşı şəkildə icrasına və xərçəng xəstəliyinin müalicəsində rol oynaya biləcək nəticələr əldə etməyə çalışacağam. Doktorantura təhsilini başa vurmuş şəxslərə ixtisası üzrə "fəlsəfə doktoru" elmi dərəcəsi verilir və "alim" olaraq qiymətləndirilir. Bu ad mənim üçün çox dəyərli və hazırda doktorantura təhsilimi davam etdirməyimə baxmayaraq, olduqca yüksək, əlçatmazdır. Mənim arzum bu ada layiq bir tədqiqatçı olmaqdır. Başlıca amalım Azərbaycanda elmin, təhsilin, səhiyyənin inkişafına xidmət etməkdir. Gələcək planlarım və arzum "Azərbaycan vətəndaşı" və "Azərbaycan alimi" kimi faydalı işlər görməkdir".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





11.03.2021    çap et  çap et