525.Az

Qaçaq Nəbi: 12 mart sui-qəsdi


 

Qaçaq Nəbi: <b style="color:red">12 mart sui-qəsdi</b>

Zəngəzur qəzasının qazısı, tarixçi, folklorşünas Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" kitabı Qaçaq Nəbinin həyatına və mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin, etibarlı, əhatəli mənbədır.

1920-ci illərdə qələmə alınmış 55 başlıqdan ibarət bu əsər hələ Sovet ideologiyasının tam və qəti qələbə çalmadığı, repressiyaların tüğyan etmədiyi illərdə yazılıb, əlyazması sovetlərin 70 illik hakimiyyəti dövründə arxivlərdə gizli saxlanıb, nəşrinə izn verilməyib, nəhayət, 2011-ci ildə nəşr edilib. Kitabın mündəricatındakı bəzi başlıqlara diqqət yetirək: "Nəbinin Sarımsaqlı dağında (Kəlbəcər rayonunda) Naxçıvan naçalniki Slovenki ilə davası və qar tığına düşməsi", "Qaçaq Nəbinin Ərikli dağında (Laçın rayonunda) üç naçalniklə davası" və s.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Hüseyn Baykara "Azərbaycan Milli İstiqlal mücadiləsi" kitabının "Azərbaycan tarixində qaçaq hərəkatı" bölümündə Qaçaq Nəbinin mübarizəsində çarizmin müstəmləkə siyasətinə qarşı çıxmasını önə çəkib, xüsusi qabardaraq bəzi tədqiqatçıların "öz məhdud görüşü ilə yanlış qiymətləndirdiyi" məqamları, Qaçaq Nəbinin "əsl şəxsiyyətini aydınlaşdırmaq məqsədilə" yazırdı: "Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi... həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus Çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin əsas düşmənləri Çar rejimi, xanlar və bəylər idi. O, bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur... "Qaçaq Nəbi" dastanının da əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda "Nəbi urusları burda qoymadı" misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur".

XIX əsrin 90-cı illərində Peterburqda və Tiflisdə çıxan "Qafqaz", "Zaqafqaziya", "Novaya vremya" qəzetləri Rusiyanın hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı.

Bəhlul Behcətin kitabında "Nəbinin birinci dəfə tutulması", "Nəbinin ikinci dəfə tutulması" başlıqlı bölmələrdə qələmə alınan olaylar igidlik, cəsarət nümunəsidir. Nəbi ilk qaçışında dağıstanlı imam Şeyx Şamilin silahdaşı Hacı Muradı təkrar etmişdi: 8 il katorqa cəzası alıb Şuşa həbsxanasına aparılan Nəbi qolları özündən qabaqkı və arxadakı kazakın əllərinə qandalla bağlı olduğu halda, dar, sıldırım yarğandan onların hər ikisini dartıb özü ilə bərabər uçuruma tullanıb sağ qalmış, silahlarını götürüb qaçmışdı. Qaçaq Nəbinin bu hərəkəti qəzetlərə düşüb onu məşhur etmişdi. Nəbinin ikinci qaçışı isə B.Behcətin doğulub həbsinə qədər yaşadığı qazılığın və nahiyə pristavlığının yerləşdiyi Dondarlı kəndində yerli əhalinin köməyi ilə baş tutmuşdu. Nəbinin gücü xalqın ona arxa, dayaq durmasında idi.

İrəvan qubernatorunun Tiflisə raportundan: "Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur".

B.Behcətin kitabındakı "Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi", "Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi", "Nəbinin Xuçmanski Lütvəli bəyi öldürməsi", "Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçıvan kəndində ermənilər tərəfindən öldürülməsi və intiqamı" və sair başlıqlı yazılarda bədnam ermənilərin mənfur niyyətləri, Azərbaycan-türk əhaliyə qarşı kin-küdurəti və cinayətləri müqabilində Nəbinin onlara verdiyi cəzalar yerli-yataqlı əks olunub.

1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Ordubad qəzasının Qarçıvan kəndində qaçaq dəstəsindən ayrılıb kazakların onların izinə düşüb-düşmədiklərini, eləcə də kazakların sayını, getdikləri istiqamətləri öyrənmək üçün orada gizlənib qalır. Nəbinin əlindən yanıqlı olan erməni hampaları bunu bilib gecə ilə onun düşdüyü evi tapıb mühasirəyə alır, Mehdini işgəncə ilə öldürürlər.

Nəbi qardaşının ölüm xəbərini, nəşinin düşmən əlində qalmasını eşidən kimi dəstəsiylə gecə geri qayıdır, ətraf dağlarda gizlənib fürsət gözləyir. İyulun 23-də öz dəstəsi ilə kəndə girməzdən əvvəl silahdaşlarından iki nəfəri kazak çaparı qiyafəsində göndərib, Ordubad həbsxanasından qaçıb guya bu kənddə gizlənən Qəmbər adlı bir dustağı tutmaq üçün pristavın kəndə gələcəyini hampalara xəbər verirlər. Onların arxasınca "qəza rəisi" və "18 kazak" kəndə daxil olur. Kəndin hampaları və keşişləri "rəis"in pişvaza çıxırlar. Hamını məsləhət üçün kilsəyə yığırlar, qapı bağlanır, üst geyimlər atılır, erməni başbilənləri qarşılarında Nəbini və qaçaqları görəndə hesab verəcəklərini anlayıb tir-tir əsir, onun ayaqlarına döşənirlər. Qətli törədənlərin bir neçəsi qabaqcadan qaçıb aradan çıxsa da, qalanların cəzası ağır olur, kəndin erməni varlılarından toplanan qəniməti 17 dəvəyə yükləyib Arazın o tay-bu tayında yolboyu ərazilərdə yaşayan kasıb-kusuba paylayırlar. Mehdinin nəşi yaxınlıqdakı müsəlman kəndində etibarlı dostların yardımı ilə gizli dəfn edilir. Tiflisdə çıxan "Kavkaz" və digər qəzetlərdə gedən məlumatda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyərinin 29 min rubl dəyərində olduğu bildirilirdi. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan qisası bu gün də  xalqın yaddaşında yaşayır.

 

Ermənilərə nifrət və qəzəbi daha da artan Nəbi Dərələyəz, Uz, Dulus, Ağkənd, Binis kəndlərində də erməni, rus dəstələrinə qarşı savaşlarda yenə xeyli rus, erməni qırıb, çox sayda silah, patron ələ keçirib ehtiyat tədarükü görmüşdü. 1895-ci il  sentyabrın 12-də Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz mahalının Uz kəndində  rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin həyətinə erməni varlılarını toplayır, Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli əşyalar, atlar alaraq çıxıb gedir. Arxalarına düşən kazak dəstəsi ilə Dulus kəndi ətrafında döyüşə girir. Nəbi dəstəsini iki hissəyə bölərək Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri həndəvərində də pusqu qurub xeyli rus sərhədçi, kazakı öldürür. Hökumət qüvvələrinin hər tərəfdən üzərinə gəldiyini görən Nəbi təqibdən yayınaraq hər keçidinə bələd olduğu başı qarlı, dumanlı, çənli Salvartı dağlarında gözdən itirlər. Lakin yolda o, Qafana bitişik Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin bir neçəsinə divan tutur, şikayət sənədlərində göstərilən 1000-1200 rubl dəyərindəki qəniməti ələ keçirir.

...Peterburqdan gələn təlimat üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə Çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.Nakaşidze, İrəvan qubernatoru A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.Slavoçinski və digərlərinin teleqramlarından, bir-biri ilə yazışmalarından aydın görünür ki,  40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsinin cəsarəti, eləcə də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxırdı.

18 nəfərlik dəstənin İran tərəfə keçmək istəməsi barədə məlumat alan A.Freze Arazboyuna 114 kazak, 16 uryadnikdən ibarət əlavə silahlı atlı dəstə göndərsə də, Nəbi öz dəstəsi ilə onların arasından o taya keçməyə bacarır. 1895-ci ilin avqustunda Peterburqa yazdığı təliqədə A.Şeremetyev Qaçaq Nəbiyə qarşı görülən bütün tədbirlərin nəticəsiz olmasına toxunaraq cəzasını verə bilmədikləri Nəbinin dəstəsinin istənilən vaxt İrana keçmək iqtidarında olduğunu qeyd edir.

Nəbinin səsi tez-tez Maku, Qaradağ, Urmiya, Xoy, Qars, Iğdır, Dərələyəzdən gəlirdi. Nəbi bu tayda rus hökumətinə qarşı necə vuruşurdusa, o tayda da fars sərbazlarına elə qan uddururdu.

Nəbi son vaxtlar qaçaq ailələrini incidən, sürgünə göndərən Çar məmurlarının bir neçəsini də öldürmüşdü. Vedili qaçaq Xanbala Sultanoğlu və Sibir sürgünündən qaçıb özünə dəstə toplamış qaçaq Heydərin də Nəbinin dəstəsinə qoşulması ilə dəstədəkilərin sayı ilk dəfə 80 nəfərə qalxmışdı. 1895-ci il sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi A.Frezenin A.Şeremetyevə yazdığı təliqədə belə təsvir olunur: "Qaçaq Nəbinin keçəcəyi ehtimal olunan dağ, dərələrin ayrı-ayrı yerlərində gizli mühafizə qərargahları qurulmuşdur.

Ostrouxovun dalınca adam göndərməklə onu da vuruşma yerinə tələsdirdim. Tezliklə döyüş yerinə poruçik şahzadə Şahruxun başçılığı ilə kazak dəstəsi də gəlib çıxdı. Tərəflər arasında döyüş axşama kimi davam etdi. Sayca üstün olan hökumət qüvvələrinə müqavimət göstərmək əhəmiyyətsiz olduğundan Qaçaq Nəbi qaranlığın düşməsindən istifadə edərək oradan uzaqlaşdı. Atışmalarda qaçaq dəstəsindən iki nəfər öldürüldü".

Bu döyüşdə Çənnab kəndinin yüzbaşısı erməni Ter-Sarkisovun  komandiri olduğu ermənilərdən ibarət dəstə atışmada fərqləndiyinə görə, o özü və dəstənin üzvləri general-leytenant Frezedən qızıl saat və digər mükafatlar alırlar.

... Tiflisdən Peterburqa göndərilən raportlar da nəzərə alınaraq, Nəbinin qətli üçün Peterburq sarayı ən təcrübəli xəfiyyələrdən olan general-leytenant D.Skalonu Qafqaza ezam edir. İran Culfasındakı Rusiya ali konsulluğunun başçısı knyaz Dobidze və İranın Hərbi naziri, general Əmir Pəhləvan Cəng Paşa xan da bu xəyanətkar plana qoşulur. B.Bəhcət Qaçaq Nəbinin Rusiya və İranın polis orqanlarının təşkil etdikləri xüsusi əməliyyat nəticəsində öldürüldüyünü ayrıca bölmədə yazır: "Əmir Bahadır Cəng Paşa xan Nəbini öldürmək işində".

... Urmiya şəhərində yaşayan tacir Paşa Hacı Fərəc oğlu Nəbinin çoxdankı dostu idi. İki dövlət yetkililərinin qızıl medal, torpaq, mülk, həmçinin, əlavə olaraq, 1000 rubl pul vədi onu yoldan çıxardır. O da öz növbəsində Nəbinin yaxın silahdaşları olan Şahhüseyni və Kərbəlayı İmanı belə şirin vədlərlə şirnikləndirir, onları Nəbinin öldürülməsinə razı salır. Planlanan sui-qəsd 1896-cı il martın 12-də Urmiya vilayətinin Larni kəndində Novruz çərşənbəsinin gecəsi baş tutur. Şahhüseyn irəlidə gedən Nəbini arxadan güllə ilə vurub qaçır. O vaxt Nəbinin 45 yaşı hələ tamam olmamışdı.

Mən bu qələbəyə inanırdım... - Hacı Nərimanoğlu yazır 

... Nəbinin öldürülməsindən sonra da düşmənləri onun adından xoflanırdı. İrəvan quberniya dəftərxanasının rəisi A.Saroyan Tiflis canişinliyinə bu məlumatın bir daha yoxlanılmasının vacibliyini vurğulayaraq yazırdı: "Məlumatın həqiqiliyinə inanmaq düzgün olmazdı. Çünki biz Nəbinin öldürülməsi ilə bağlı şayiələrin yayıldığının çox şahidi olmuşuq".

Gürcüstan Mərkəzi Dövlət Arxivində Qaçaq Nəbini kimlərin öldürməsi, bunun müqabilində nə qədər pul, bəxşiş ödənilməsi barədə bütün sənədlər saxlanılır.

"Atları yəhərləyin" filmindəki Nəbi, Həcər obrazlarını canlandıran aktyorlarımızın boy-buxunu tarixdən xəbərsiz sadəlövh seyrçiləri çaşdırır. Həm B.Behcətin kitabında, həm də Nəbi ilə Həcəri şəxsən görən çox sayda yaşlı insanların hamısının xatirələrində, yazı, yaddaşlarındakı təsvir üst-üstə düşür; Həcər balacaboy, qarayanız, olduqca cəld, at sürətlə qaçarkən üzəngisinin, qantarğasının altından keçib belinə qalxan, sərrast atəş açan, uşaqdan at minməkdə əmisi nəvəsi Nəbi ilə yarışa girən xanım olub. Nəbinin görkəmini, xarakterini B.Behcət belə təsvir edir: "Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O, yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. "Aynalı" tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş "osmanlı" tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə də gözəl bir at idi".

Görkəmli folklorşünas alim, professor M.Təhmasib Nəbiyə yüzlərlə hekayə, roman, povest, pyes, nəğmə, dastan qoşmasının köklərini xalqın səmimi sevgisi ilə əlaqələndirir: "Nəbi xalqın, həm də ədəbiyyatın, musiqinin yaddaşında yaşayan qəhrəmandır".

 





11.03.2021    çap et  çap et