525.Az

Babadağ yolumuzu gözləyir... - Yazı


 

Babadağ yolumuzu gözləyir... - <b style="color:red">Yazı</b>

Quba dedikdə, təkcə Quba şəhərini deyil, "Bir yanı Şahdağı, bir yanı Xəzər" olan ərazini düşünmək daha düzgün olar.

Quba bölgəsinin gözəlliklərini: Nabranı, Şabranı, Şahdağı, Babadağı, Çıraqqalanı, Söhüb qalasını, Xınalığı, Afurcanı görmədən necə demək olar ki, mən Qubanı görmüşəm? Bu ərazidə gəzməli, görməli, istirahət etməli yerlər çoxdur. Cimi, Xaltan və Dəhnə istisuları yolsuzluq səbəbindən gözdən uzaq, könüldən iraq yerlərə çevrilib. Bu yerləri nəinki başqa regionlarda yaşayanlar, hətta Quba rayonu sakinlərinin çoxu görməyib, yaxud heç tanımır.

Qubaya hər il xeyli turist gəlir. Onların getdiyi marşrutlar belə olur: Afurca, Xanə-gah, Qəçrəş, Xınalıq, Ləzə, Alıc və Tüləkəran. Turizm diyarı olan Qubanı bu marşrutlar tam əhatə etmir. Axı Qubanın Dərk, Söhüb, Adur, Qarxun, Hapıt kimi qışı da, yayı da ecazkar, füsunkar məskənləri də var. Yayda ziyarətgah kimi, qışda ov turizmi kimi gedilən bir marşrut da var ki, bu da Babadağdır. Yolun çətinliyinə baxmayaraq, hər il Babadağın da qonaqları olur. Təngə dərəsinə, Afurcaya, eləcə də Babadağ istiqamətində olan ərazilərə Bakı istiqamətindən istirahətə gələnlər üçün Qubadan dolanıb gəlmək bu yerləri uzaq edir. Bakı-Quba yolundan Zərqavaya asfalt yol Təngəyə çatdırılsa, yaxud Çiçiyə gələn yol asfaltlansa, yeni turizm marşrutu açılmış olar, rayonumuzun xəritəsində mühüm dəyişikliyə səbəb olar.

Qlobal istiləşmənin başladığı bir vaxtda Böyük Qafqazın şərqində paytaxt əhalisinin, eləcə də xarici turistlərin ilin bütün fəsillərində istirahətləri üçün saf havalı, təmiz sulu ərazilərdən səmərəli şəkildə istifadə olunması rayonumuzun iqtisadi baxımdan inkişafına da böyük təkan verər.  

Həzrət Baba ziyarəti

Həzrət Baba kimdir? Bu suala cavab vermək çox çətindir. Çünki deyiləcək bütün fikirlərin üstündən nəinki əsrlər, min illər keçdiyindən bütün məlumatlar əfsanələşdirilib. Lakin inamla demək olar ki, belə bir şəxsiyyət olub, ilahi qüdrət onun adını insanların yaddaşına həkk edib, ona qarşı hər bir imanlı insanın qəlbində silinməz bir sevgi yaranıb.

Allaha yaxınlığı ilə dərəcəsi yüksək insanlardan elimizin ağsaqqalı, bilicisi olmuş Dədə Qorqud, Allahın dostu (övliyası) Həzrət Baba haqqında əhvalatlar əsrlərlə yaddaşlarda, xatirələrdə yaşayıb, xalqın zəkasının məhsuluna çevrilib.

Həzrət Babanın məqamı Babadağın zirvəsindədir. Təkallahlılığı qəbul etmiş, buna görə də dini inamları, baxışları kamilləşməmiş insanlardan uzaqlaşan Həzrət Babanın söylənilən əhvalatlara əsaslanaraq 2500 il bundan əvvəl yaşadığını güman etmək olar. Azərbaycanda olan müqəddəs ziyarətgahlardan ən yüksəkdə olanı Həzrət Babadır. Bu zirvə dəniz səviyyəsindən 3629 metr yüksəklikdədir. Şübhəsiz ki, zirvənin adı da Həzrət Babanın adı ilə əlaqədar Baba dağı adlandırılıb, Babadağ şəklinə düşüb. Zirvədə Həzrət Babanın qəbri var. Babaya gedən yol boyu tarixi, həm də dini rəvayətlərlə bağlı yerlər çoxdur. Əriştəlik, Musa bulağı, Aman evi, Həzrət babanın anasının qəbri, əskər qəbri, Dədəgünəş baba və bu kimi adların hər birinin arxasında bir əhvalat, əhvalatın daxilində tarixlə bağlı bir işartı gizlənir.

Bu zirvəyə daha işlək və əsas yollar üç istiqamətdən; biri İsmayıllı, ikisi Quba rayonu ərazisindəndir. Quba rayonu tərəfdən yolun biri Yerfi-Dərk kəndlərindən, digəri isə Yerfi-Söhüb-Qarxun kəndlərindən keçir. Ziyarətə gedənlər İsmayıllı tərəfdən və Qarxundan keçən yolun çoxunu maşınla gedir, qalan qısa və dik yolu piyada qalxmalı olurlar. Yerfi-Dərk istiqaməti ilə gedənlər isə maşınla Dədəgünəşə qədər getdikdən sonra qalan yolu piyada getməli olurlar. Bu yolun digər yollardan üstünlüyü ondadır ki, piyada getməyə çətinlik çəkənlər Dərk kəndində at kirayə edib lap zirvəyə qalxa bilirlər.

Şəkil:20160731T084129 Lat 41 0 54.62593206 N Long 48 17 47.58766803 E.jpg —  Vikipediya

Babadağın zirvəsi çox vaxt - ilin 9-10 ayı qarlı olur. Odur ki, ziyarətə gələn adamlar iyulun ortalarından başlayaraq axın-axın gəlirlər. Bu müddət havaların necə keçməsindən asılı olaraq iki ay və ya 10-15 gün çox çəkə bilir. Həzrət Babanı ziyarət etməyi diləyi olan da, olmayan da, qəlbində Allaha məhəbbəti olan hər kəs özünə mənəvi borc bilir. Ziyarətə gedən müsəlman ruhən təmizlənmək məqsədi güdür. Ona görə də əxlaqında olan hər hansı pis vərdişi, xüsusiyyəti tərgidib tövbə edir. Bu cür niyyətlə ardıcıl yeddi dəfə ziyarətə getmiş şəxs öz nöqsanlarını aradan qaldırmış olur. Dindarlar yeddi dəfə Həzrət Babanı ziyarət etdikdə qazanılmış savabı Həcc ziyarətinin savabına bərabər tuturlar. Həcc ziyarəti zəngin müsəlmanlar üçündür. Zəngin olmayıb Allah məqamında savaba nail olmaq istəyənlər bu yolla qəlblərinin məhəbbət və istəklərini həyata keçirirlər. Odur ki, yolun ağır və çətinliyinə baxmayaraq, hər il iyul və avqust aylarında Həzrət Baba ziyarətinə gedənlər olur. Qəlblərində Allaha olan böyük inamla, ümidlə yola çıxan insanlar üçün sanki Həzrət Baba onların Allahdan diləklərinə görə bir vasitəçi, yardımçı olur. Ziyarətə gedənlər əksəriyyətlə cavanlardan ibarət olur. Yol rahat olarsa, ziyarətə gələnlərin arasında ortayaşlıların, eləcə də yaşlıların sayı artar.

Yayda ziyarətə, qışda ova...

Uzun illərdir ki, xarici turistlər Babadağa ov turizminə gəlirlər. 1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Təbiəti Mühafizə Komitəsinin turist qəbulu məntəqəsi üçün Dərk kəndindən yuxarıda, Dədəgünəş adlı ərazidə 5 hektar torpaq sahəsi ayrılmış, gələn turistlər üçün yaşayış binası tikilmişdi.

Yayda ziyarətə, qışda ova gələnlər Quba turizm mərkəzi ilə əlaqədar olmasa da, unutmayaq ki, Babadağ zirvəsi Azərbaycanın siyasi xəritəsində Quba rayonunun ərazisi kimi göstərilir. Babadağın qərbi İsmayıllı rayonu olduğundan bəzi mənbələrdə səhvən Babadağ sözünün qarşısında mötərizədə "İsmayıllı rayonu" yazırlar. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı əsasında Şahdağ Milli Parkı yaradılmış, Quba rayonunun dağlıq ərazisinin xeyli hissəsi də ora daxil edilmişdir. ŞMP-nın yaradılması bu ərazidə yaşayan insanları sevindirmiş, bu münasibətlə nəşr olunmuş bukletlər xoş xəbərin müjdəsinə çevrilmişdir. Lakin illər keçib, sevinclə oxuduğumuz həmin bukletlər artıq saralsa da, hələ də sakinlər bu yöndə atılan addımların əməli bəhrəsini görməyiblər.

Regionlarımızda gedən quruculuq işləri hamı kimi dağ kəndlərində yaşayan əhalini də sevindirir, onlarda xoş duyğular oyadır.  Regionların inkişafı ilə bağlı proqramlar həyata keçirildikcə kəndlərimizin simasında yaranan dəyişikliklər bir gün onların da həyatlarında baş verəcək yeniliklərə ümidlərini artırır. Sovet hakimiyyəti illərində Təngədən yuxarı keçməyən asfalat yolun və qazın Qonaqkənd qəsəbəsinə də çəkilməsi dağ camaatı üçün böyük hadisə oldu.

Turizm üçün geniş imkanlar

Çoxlarına məlumdur ki, Quba rayonu 30 ilə qədər mövcud olmuş Qonaqkənd və Quba rayonlarının ərazisini və əhalisini əhatə edir. Uzun illər baxımsız qalan Qonaqkənd rayonu ərazisinə - Xınalığa və Qonaqkəndə məhz Prezident İlham Əliyevin sərəncamları ilə asfalt yol çəkilmişdir. Bu əvəzi olmayan işin davamı kimi Babadağa doğru yola asfalt döşənməsi və qaz xəttinin çəkilməsi ilə həm bu dağlarda yaşayan əhali, həm də turizm üçün geniş imkanlar açılar, meşələrimiz qorunar, rayonumuzun, eləcə də əhalinin gəlirlərinə, yaşayışına müsbət təsirlər artar. Onu da qeyd edək ki, qış turizmi üçün Xınalıq yolu çox çətinliklər yaradır. Amma Babadağ istiqaməti o qədər də qorxulu deyil. Dərk kəndindən yuxarı Kələnov, Soyuq bulaq əraziləri qış turizmi üçün münasib yerlərdir. Şahdağda olduğu kimi, Babadağın ətəyində - Dədəgünəş adlı ərazıdə istər yay, istərsə də qış turistləri üçün istifadə oluna bilən otel olarsa, bu yerlərdən ilboyu turist əskik olmaz.

Bu gün respublikamızın hər bir sakinini Qarabağımızda gedən quruculuq işləri düşündürür. Yəqin ki, düşməndən azad edilmiş torpaqlar turizmin inkişafı üçün geniş üfüqlər açacaq. İstərdik ki, respublikamızın Şimal zonasında da aparılan quruculuq işləri səngiməsin, Qonaqkəndə çəkilmiş asfalt yolun davamı kimi, bu il də Babadağa gedən yolların ayrıcına qədərki hissə - Yerfi kəndinə qədər - asfaltlansın, yeni turizm marşrutları regionumuzun turizm xəritəsini zənginləşdirsin.

Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi

 





12.03.2021    çap et  çap et