525.Az

Dəm qazından insanlar niyə və necə zəhərlənir? - Araşdırma


 

GƏNCƏDƏ "SƏSSİZ ÖLÜM"ÜN NÖVBƏTİ QURBANLARI - ANA VƏ ONUN İKİ AZYAŞLI UŞAĞI

Dəm qazından insanlar niyə və necə zəhərlənir? - <b style="color:red">Araşdırma</b>

Cəmiyyətimizi qarabaqara izləyən bədbəxtlik - dəm qazından zəhərlənmə problemi ilin soyuq aylarında özünü daha qabarıq göstərir.

Bu günlərdə Gəncədə bu qəbildən olan daha bir faciə baş verib. 34 yaşlı ana vanna otağında çimdirdiyi iki körpə uşağı - 6 yaşlı oğlu və 7 yaşlı qızı ilə birgə zəhərlənərək, həlak olublar. Belə görünür, dəm qazı məsələsi artıq sosial bəla miqyası alıb. Bəs bu bəlanın baş verməməsi üçün insanlar qızdırıcı qurğulala bağlı hansı zəruri texniki qaydalara diqqət etməli, hansı profikaktik addımlar atmalıdırlar?

Müşahidələr göstərir ki, dəm qazından zəhərlənmə halları daha çox çoxmərtəbəli binalarda, daha doğrusu, mənzillərin hamam otaqlarında, özü də suyu sadə, birbaşa üsulla qızdıran, el arasında "Minutka" və ya "Ten" kimi tanınan qurğularla bağlı baş verir. Bu halların texniki səbəblərini araşdırmazdan əvvəl, dəm qazı zəhərlənməsinin özünəməxsus tibbi xüsusiyyətlərinə də nəzər salmaq insanlar üçün faydalı olar. Odur ki, bu məqsədlə görüşdüyümüz həkimlə bu mövzuda məlumatlandırıcı söhbət etdik. O, başlıca xüsusiyyət kimi dəm qazı zəhərlənməsinin faktiki anidən və necə deyərlər, insanı "incitmədən" baş verdiyinə diqqət çəkdi və onun ağırlıq dərəcəsinə görə yüngül, orta və ağır olduğunu bildirdi.

"Dəm qazının iyisi və ya buruna qıcıqlandırıcı təsiri olmadığından, insan onu faktiki hiss etmir. Bir qədər keçdikdən sonra isə adam huşunu itirir. Bu halda çox qaldıqda zəhərlənmə dərinləşir və insan həyatını itirə bilir. Zəhərlənmiş insan təcili təmiz havaya çıxarılmalıdır və təcili yardım çağırılmalıdır. Çünki ev şəraitində vəziyyəti düzəltmək mümkün olmur. Ağır hallarda xəstənin hətta süni nəfəs aparatına qoşulması zərurəti yarana bilər", - deyə Gəncə şəhəri Təcili Tibbi yardım Xəstəxanasının həkimi Suliddin Musayev bildirir.

Zəhərlənmə, daha doğrusu, mənzillərin otaqlarına dəm qazı sızma hallarının texniki səbəbləri istər binalardakı bacaların tutulması, istər də qurğuların müxtəlif amillərdən doğan nasazlıqları ilə bağlıdır. Qurğularda nəyə fikir verməyin zəruriliyi haqda isə bizi bu növ qızdırıcıların təmiri ilə Gəncənin "Köhnə bazar"ı yaxınlığındakı emalatxanasında hər gün məşğul olan bir usta məlumatlandırdı.

"Ən əsası odur ki, bu "Minutka" adlanan qızdırıcıları hamama qoymaq olmaz. Axı bunlar o qədər də mükəmməl qurğular deyil. Ucuz olduğundan, cammat kütləvi surətdə bunlardan istifadə edir. İndi ki, belədir, onu açıq havada, otaqlardan kənarda quraşdırmaq lazımdır. Daha bir vacib məsələ: qurğudan çıxan tüstü ötürücü trubanı ən azı 60 santimetr şaquli surətdə yuxarı qaldırdıqdan sonra yana əymək olar. "Minutka"dan çıxan kimi əyilsə, mütləq tüstünü içəri verəcək. Həmçinin, qurğunu uzun müddət və yuxarı temperaturda işlətdikdə, onun "qazanı" əriyib, deşilir ki, bu da tüstünün bacaya deyil, korpusa ötürülməsinə gətirib çıxarır", - deyə gənc usta Müzadil Bayramov öz gündəlik praktikasından doğan vacib nəticələri bölüşür.

Əlaqədar qurumlar da vətəndaşların müxtəlif prinsiplərlə işləyən məişət su qızdırıcılarına yanaşmada davamlı səhlənkarlığa yol verdiklərini bildirirlər.

"Bu qurğuların çoxu qapalı yerlərdə istismar üçün nəzərdə tutulmayıb. Onlar quraşdırılarkən, mütləq yerli qaz istismar idarəsinin mütəxəsislərinin məsləhətlərindən istifadə olunmalıdır. Hamam otağında qazla işləyən qurğuların isə xüsusi parametləri olur. Hamamın ölçüləri, müəyyən hava axınına nail olunması, tüstü bacasının vəziyyətinin sazlığı və digər şərtlər təmin edilməlidir ki, yanma və tüstüötürmə prosesləri normada olsun", - deyə Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Bayramov bildirir.

Təhlükə mənbələrindən biri də bina və mənzillərdə tüstü bacalardan düzgün istifadə edilməməsi və ya onların vaxtında təmizlənməməsidir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin təmir tikinti və qəza xidməti şöbəsinin tərkibində bir neçə ildir ki, tüstü bacalarının təmizlənməsi ilə bağlı mobil qruplar yaradılıb.

"Bu məsələ ilə bağlı hər ay 150-160 məzilə baxış keçiririk. Əsasən payız-qış mövsümündə, vətəndaşların müraciəti əsasında, tüstü bacalarının nasazlığını yerində araşdırırıq", - deyə Gəncə şəhər MKTİB-nin şöbə rəisi Rəşid Kərimov bildirir.

Bacaların sazlığını təhdid edən bir amil də vətəndaşların mənzildə təmir apararkən bu sistemə xələl gətirilməsi məsələsidir.

"Mənzildə təmir işləri aparılan vaxt tüstü bacalarının oyuqlarına əhəmiyyət verilmədən bağlanması və bu zaman baca sisteminin  yolunun inşaat materialları ilə dolması halları da müşahidə olunur. Həmçinin, təmir zamanı vanna otaqlarında, onun  qapılarında havanın "oynaması" üçün zəruri olan deşiklərin qapadılması insanların həyatı üçün birbaşa təhlükə törədir. Axı oksigen azlığından cihazlarda dəm qazı yığılır və əfsuslar olsun ki, bu hal insanların ölümünə gətirib çıxarır. Hər bir vətəndaş, özünün və yaxınlarının həyatını düşünürsə, bunlara mütləq fikir verməlidir!", - deyə Gəncə şəhər MKTİB-nin rəis müavini İlqar Əsədov sakinlərə səslənir.

Amma təəssüf ki, əslində, sadə diqqət tələb edən bu məsələlərə biganəlik davam etməkdədir. 8 Mart Beynəlxalq Qadınlar Günündə bir gənc ananın iki körpəsi ilə sinələrə dağ çəkən faciəsi bu biganəliyin ən bariz nümunəsidir.

Zakir MURADOV
Gəncə

 





12.03.2021    çap et  çap et