Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
Filologiya elmləri doktoru
***
Leyla NEDAYİ
7 yanvar 1985-ci ildə Ərdəbildə kitaba və elmə vurğun olan ziyalı bir ailədə dünyaya göz açıb. Azərbaycanın yamyaşıl sinəsi olan barlı-bəhrəli Muğanda boya-başa çatıb. İlk və orta təhsilini Muğanda bitirib. Qrafik rəssamlıq ixtisası üzrə yüksək lisans diplomu alıb.
Hazırda universitetin hüquq fakültəsinin tələbəsidir. Leyla Nedayi ilk şeirini 13 yaşında ikən yazıb. "Ulduzlu gecələr" adlı şeir toplusu Təbrizin "Əxtər" yayım evində çap olunub.
Şeirlərini bir neçə qiraətçi oxuyub və internet səhifələrində səslənib. Uzun zamandan bəri böyük bir roman yazmaqla, eyni zamanda, 2-ci şeir kitabını hazırlamaqla məşğuldur.
Tanrının sıcaq qucağıdır
Sərilib sevgi dolu açına
Mən nədəndir hara baxıramsa
Səni görürəm
Gülün gülüşündə
Səmanın bulaq-bulaq
Dum-duru göz yaşında
Sellərin
Hönkür-hönkür kükrəməsində
Savalanın vüqarında
Yarpaqların göz yaşında
Yellərin dolanbac yollarında
Mən nədən bu qədər görürəm, axı səni?
İndi xəyala dalıb, şaşıb qalmışam
Görən mən sən olmuşam, ya sən mənmi?
Basıram bağrıma,
Öpürəm havanın nəfəslərini
Kainatın isti havasını
Axı hər gün tanrı əllərinlə
Qucaq-qucaq
Sevgi yollayırsan bizə, Canım mənim...
Mənə "Dəli olmusan" deyirlər.
O qədər yanıtsız gülüşlər içində sənsiz
Özümlə danışıb-gülürəm, sənsiz
Öpürəm səni, yenə sənsiz
Darıxıram səndən sarı
Boş yerini tumarlayıram, sənsiz
Dün gücə şeir oxuyurdum
Sən otaqda önümdə oturmuşdun
Xəyalın var idi, acaq özün yox
Neçə illərdi çayını içmirsən
Soyuyur dəyişirəm,
yenə də soyuyur dəyişirəm
Yenə sənsiz...
Mənə "Dəli olmusan" deyirlər,
Nə qədər sevirəm bu dəliliyi
Heç bir saya-hesaba sığmayan
Gizli sevgim...
İndi dəlilik şeirinə çevrilmişik
Vay, nə aləm var bu dəlilikdə
Sevgini anlamayanlar nə bilərlər axı
Boşla onları.
Anla bu andakı ləzzəti,
Dəyişək görüşlə bu həsrəti.
Gəl, çayını iç.
Mən hər gün sənlə yaşayıram, sənsiz
Və nə qədər körpə şeirlər
doğuram Sevgindən
Hər gecə-gündüz, sənsiz
Yenə boyluyam...
Axı, ürəyim şişib,
Az qala partlayır yenə
Və bu dönə tumarlamasan
duyğularımı
Körpə şeirlərimin örtüyü
kəfən olacaq ürəyim.
Səni şeirlərimdə doğanda
Zövqümün bağrı çatlayır,
Bir daha xəyalınla ola-ola,
Nə yazıq ki,
kimsəsiz hiss edirəm özümü...
Və bu yetim şeirlərimin
Qaynağı sənsən
Amma sənə həsrət yaşayan
Şeirlər yazıq-yazıq, şeirlər
Sənin varlığının əriş - arğacında
Dara çəkilmiş xalı kimi
Yaşayıram sənlə
Yenə sənsiz.
***
Bu "Əsən yellər" nədən bu qədər
Mənə xoş gəlir ilahi?
Dolaşır
ürəyimin dolam-dolam damarına
Səpilir bütün varlığıma
Çiçəklənib dolur içimə
Yaz olur payızımda
Qazır, sökür basdırdığım bütün
Səndən olan anılar!
Durur qarşımda talan edir
Oynadır, ağladır
Bütün gizli dərdlərimi
Çılpaqlandırır "Xatirələrimizi"
Ürəyim önündə,
Xoş toxdaqlıq verən bir gülüş
Oturur üzərimdə
Bu əsən yellərdə nə sirr var ilahi?
Alır, aparır məni çəkir ruhumu
Alıb qanadına (Uçuram) uçuram
İllər,
İllər,
İllər öncəyə
Bəlkə də dəyib üz-gözünə?
Qarışıb aldığın nəfəsdən ki,
bu qədər
Ətirli, çiçəkli xoş gəlir mənə
Sarılır dolanır "Sarmaşıq" kimi mənə
Sığal çəkir darıxan könlümə
Sığal çəkir qan ağlayan
Bağrıma...
Didir, boğur, sıxır,
Öldürür bir an bütün kədərlərim
Darıxan "Ürəyimi"...
Qucaqlayır məni bu yellər,
Nə deyir mənə, nə xoş gəlir,
Gülə-gülə ağladır,
Həm acı, həm də xoş gəlir...
Tamsınıram,
öpürəm bu yelləri, ilahi!
Nə xoş gəlir bu əsən yellər mənə!
Necə "sevindirir",
sərxoş edir məni
İlahi, İlahi...
***
Əyləşərdim qapınızda bir ömür,
Dilənərdim səni səndən, həyatım!
Xor baxışlar alanmazdı canımı,
Dilənərdim səni səndən, həyatım!
Əllərini tutmaq üçün əlimə,
Gözəl adın gətirərdim dilimə,
Heç baxmazdım günüm, ayım, ilimə,
Dilənərdim səni səndən, həyatım!
Sürünərdim addım-addım dalınca,
İsti səsin qulağıma alınca,
Ürəyimə canımda yer salınca,
Dilənərdim səni səndən, həyatım!
Yollarına qızıl güllər səpərdim,
Torpağını ovuc-ovuc öpərdim,
Hər gün gəlib küçənizdən ötərdim,
Dilənərdim səni səndən, həyatım!
Sənsiz hər an canıma od salını,
İstəmirəm bu dünyanın malını,
Dadmaq üçün dodağının balını,
Dilənərdim səni səndən, həyatım!
Bu sevgidə varlığımı danardım,
"Leyli" kimi eşq oduna yanardım,
Şeirlərimi bir-bir sənə sunardım,
Dilənərdim səni səndən, həyatım!
***
Ürəyimə
Səni əkmişəm...
Suvarıram əllərindəki buludlarla...
Ürəyim dərdli biri idi
Həsrətin və gözlərimin nəmli
Buludları ələyir, satır.
Gözlərin məni atır dənizlərə,
Ağrılı küçələrin saçları mənəm,
Əllərindəki susuz toxum...
Əllərin göyərdir məni, sevdiciyim
İçim səni deyir... Çölümsə məni...
Səni çölümün içində saçaqlanıram
Səni görməmiş toxumlarda
Ah!.. Yalvarıram,
Buludlar məndə can verir, səni suvarır
Ey... mənim sevdiciyim...
gizli eşqim...
çap et