Avrasiya Yazarlar Birliyinin nəşri olan "Kardeş kalemler" dərgisinin mart buraxılışında yazıçı Seyran Səxavətin 75 illik yubileyinə xüsusi diqqət ayrılıb.
Jurnalın oxucuya ünvanlanmış giriş mətnində baş redaktor Yaqub Öməroğlu yazıçını təbrik edərək, bu önəmli hadisəyə və onun dərgidəki əksinə belə sözlərlə diqqət çəkir: "Bu ay Azərbaycanın dəyərli yazıçısı Seyran Səxavət 75 illik yubileyini qeyd edir. Azərbaycan türkcəsinin qiymətli qələm sahibini biz də sayğıyla salamlayır və 75-ci yaş hədiyyəsi olaraq onun əsərlərindən ibarət bir qovluğu sizə təqdim edirik. Yazıçımızın qələminə güc, özünə sağlam və uzun ömür diləyirik".
Sonrakı səhifələrdə dərginin Azərbaycan bölməsində Seyran Səxavətin 75 yaşına həsr olunmuş xüsusi rubrikadakı ilk yazı yubilyarın "Evin tikilsin, yaxud vəsiyyətnamə" essesidir. Professor Qəzənfər Paşayevə həsr etdiyi bu essedə yazıçı öz xatirələrini axıcı, aydın və obrazlı dillə qələmə alıb. Yazını Türkiyə türkcəsinə Mustafa Karataş və Nazlıcan Kılıç çeviriblər.
İkinci yazı Seyran Səxavət yaradıcılığı haqqında araşdırma məqaləsidir. Ədəbiyyatşünas Xəyalə Zərrabqızının qələmə aldığı "Seyran Səxavət dünyası" adlı məqalədə yazıçının yaradıcılığı, əsərləri, həyatı və müasir Azərbaycan ədəbiyyatındakı yeri dəqiqliklə incələnir və şərh olunur. Müəllif yazır: "Seyran Səxavət çağdaş Azərbaycan ədəbiyyatında ədəbi-bədii və ictimai-fəlsəfi fikrin formalaşmasında böyük xidmətləri olan yazıçıdır...Yazıçının yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan nəsrində ayrıca bir mərhələ kimi qiymətləndirilməlidir. Çünki Seyran Səxavət yaradıcılığı klassik Azərbaycan nəsri ilə çağdaş nəsr arasında etibarlı mənəvi körpü rolunu oynayır. Seyran Səxavət dilimizin gözəlliyini, zənginliyini özündə ehtiva edən, xalq ruhuna yaxın, Tanrıya sevgiyə və bağlılığa, insanın özünüdərkinə, mənəvi cəhətdən kamilləşməsinə həsr olunan, ümumbəşəri ideyalara söykənən, dərin məzmunlu, düşündürücü romanların, povestlərin və hekayələrin müəllifidir. O, dünyaya özünəməxsus baxışı olan yaradıcı şəxsiyyət, Sözə həssaslıq və ehtiramla yanaşan, Haqqı-Sözü yerində və zamanında deməyi bacaran cəsarətli qələm sahibidir".
Məqalədə 75 yaşlı ədibin əsərlərindən yola çıxılaraq yazıçı və şəxsiyyət məsələsi barədə də maraqlı fikirlər ortaya qoyulur: "İstedad həm də gerçəyi deyə bilməkdir. İstedad o vaxt böyük olur ki, cəsarətə söykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın... Bu cür insanlar dəyərdir - Seyran Səxavət kimi".
Sözügedən məqaləni Türkiyə türkcəsinə Mustafa Karataş və Həcər Çimən tərcümə ediblər.
Dərginin Seyran Səxavətlə bağlı sonuncu materialı yubilyarın öz qələminin məhsuludur. Onun "Adəm ilə Həvvanın otağı" essesi ən son qələmə aldığı yazılardandır. Dəyərli tərcüməçi, Azərbaycan sevdalısı Ülkü Taşlıovanın tərcümə etdiyi essedə Seyran Səxavət Azərbaycanın və türkün tarixindəki sonuncu ən möhtəşəm olaydan - Qarabağ zəfərindən söz açır. Özü də 30 ilə yaxın işğal altında olan Füzuli rayonunda göz açan yazıçı sevincini sətirlərə tökür, qələmlə, vərəqlə və ən nəhayət, oxucuyla paylaşır: "Sən demə, Qarabağın açarı Azərbaycan əsgərinin cibində imiş. Ali Baş Komandanın öndərliyilə Azərbaycan əsgəri 44 günlük müharibədə erməni ordusunu, onun məğlubedilməzliyi haqqındakı mifi darmadağın etdi. Yerlə-yeksan edərək "İti qovan kimi qovdu". Sonra da qızıl qabda Qarabağın açarını Azərbaycan xalqına təqdim etdi.
Yetmiş beş yaşım var. Bunun 30 ilini Qarabağsız, Füzulisiz yaşamışam. Qarabağsız, Füzulisiz keçən günlərimi ömürdən saymıram və belə hesablayanda mənim 75 yox, 45 yaşım olur. Birdən-birə 30 il gəncləşirəm. Sadəcə mən deyil, bütün Qarabağ xalqı, bütün Azərbaycan gəncləşmə dövrünə addım atır".
"525-ci qəzet" olaraq, biz də "Kardeş kalemler" dərgisinin təbrikinə qoşulur, özünün hesablamaları ilə 45 yaşını qeyd edən dəyərli yazıçımızı 75 illik yubileyi münasibətilə təbrik edir, sağlam can, Füzulili, Qarabağlı, bütöv Azərbaycanlı uzun ömür diləyirik!
Şahanə MÜŞFİQ
çap et