525.Az

"Azərbaycanda komikslə bağlı yanlış təsəvvür var" - Müsahibə


 

İLK MİLLİ VƏ YERLİ KOMİKSİN MÜƏLLİFİ KİMİ TANINAN TƏLƏT HÜSEYN DEYİR Kİ, BU "TƏSƏVVÜR"Ü DƏYİŞMƏYƏ, KOMİKS SƏNƏTİNİ İNKİŞAF ETDİRMƏYƏ ÇALIŞIRAM

"Azərbaycanda komikslə bağlı yanlış təsəvvür var" - <b style="color:red">Müsahibə</b>

Ədəbi və təsviri sənətləri özündə birləşdirən komikslərə maraq dünyada gündən-günə artır. Komiks hekayəni şəkillər vasitəsilə çatdırma sənətinə deyilir. Burada hekayə personajlarının dilindən verilən mətnlər şəkillərin üzərində qeyd olunaraq oxucuya ötürülür.

Yaranma tarixi XIX əsrdən başlayan komikslər XX əsrin ortalarından başlayaraq ABŞ, Qərbi Avropa ölkələri və Yaponiyada yüksəliş dövrünü yaşayıb. Komikslər ədəbiyyatda daha çox elmi fantastika janrını əhatə edir. Azərbaycan ədəbiyyatında bu janra çox müraciət olunmasa da, Sovet dövründə çəkilən "Sehirli xalat" filmi bu janrda lentə alınan ideal nümunədir. Müstəqillik illərində komikslərə olan tələbat xeyli azalıb. Bununla belə, 2017-ci ildə "Dalga Comics" tərəfindən Azərbaycanda komikslər yenidən dirçəldi və bu mövzuda filmlər çəkilməyə başladı.

Mövzu ilə bağlı müsahibimiz "Dalga Comics" şirkətinin rəhbəri Tələt Hüseyn oldu. O, Azərbaycan Kooperasiya Universitetinin Biznesin təşkili və İdarə edilməsi ixtisasının məzunudur.

***

- Komiks hazırlamaq ideyası necə yarandı?

- Hələ məktəb vaxtı öz həmyaşıdlarımdan fərqli olaraq tənəffüslərin çoxunda "Marvel" komikslərini oxuyurdum. O vaxtlardan ən böyük arzularımdan biri öz şəxsi komiksimi yaratmaq olub. Sinif yoldaşlarımdan biri rəssam idi və müxtəlif obrazlar çəkə bilirdi. Mənim verdiyim ideyalar əsasında da qəhrəmanlar çəkirdi. Beləliklə, illər keçdikcə bu arzumun arxasınca getdim və bu gün Azərbaycanda ilk komiks şirkətinin yaradıcısıyam.

- Azərbaycan dilində müəllifi olduğunuz komikslər ilk milli komiks hesab edilir?

- Bəli. 2017-ci ildə ideya müəllifi özümə, ssenari müəllifi isə iş ortağım Cəlal Cəmilliyə məxsus "Superion" komiksini yaratdıq. Bu, Azərbaycanın ilk milli və yerli komiksidir. Komiksdə hadisələr Azərbaycanı əhatə edir.

 

- İdeyalarınızı komikslə yanaşı, film olaraq da lentə alıb təqdim edirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Hazırda "Qaranlıq Dalğa Kainatı" adlı bir kainat yaratmışam. Bu kainata əsas olaraq "Aclıq" komiks seriyası, onu əhatə edən qısa filmlər və gələcəkdə çəkiləcəyi planlaşdırılan tammetrajlı filmlər daxil olacaq.H əm komiks, həm də filmlər hazırlamağımızın əsas səbəbini də izah edim. Biz istəyirik ki, izləyicilərimizə hekayələrimizi istər komiks üzərindən, istərsə də filmlər üzərindən təqdim edə bilək. Bir sözlə, işlərimizi fərqli bucaqlar altında təqdim etmək istəyirik.

- Ölkədə komiksi sevənlər kifayət qədərdir. Komikslə maraqlanmayan şəxslərin də diqqətini çəkmək istiqamətində hansı addımları atırsınız?

- Azərbaycanda komikslə bağlı yanlış təsəvvür var. Ölkəmizdə bir çox insan komikslərin yalnız uşaqlar üçün olduğunu düşünür. Əlimdən gəldiyi qədər bu düşüncəni dəyişməyə və komiks sənətini inkişaf etdirməyə çalışıram. Komikslə maraqlanmayan şəxsləri bu mövzuya cəlb etmək üçün ilk növbədə komiksin nə olduğunu və onu oxumağın uşaqlara aid olmadığını göstərəcək bəzi verilişlər hazırlamağı planlayırıq.

- Amerika, Avropa və Yaponiyada komiks ənənələri müxtəlif yollarla irəliləyir. Azərbaycan komiksləri bunlardan hansının yolunu davam etdirir? Ümumilikdə, Azərbaycan komiks ənənələrinin öz yolu varmı?

 

- Ölkədə komiks sənətini inkişaf etdirən az sayda qruplar var. Hazırda bu işlə aktiv məşğul olan "Dalğa Comics"dir. 1960-cı illərin stilistikasına əsasən deyə bilərəm ki, biz daha çox "Marvel" komikslərinin yolu ilə gedirik. Rəqəmsal çəkim əvəzinə kağız üzərində, dədə-baba üsulunda komiks hazırlayıb buraxırıq. Ölkəmizdə komikslə yanaşı, bir qrupun hazırladığı "manga" belə var. Biz daha çox 60-cı illərdə çıxan Amerika komiks üsulu ilə gedirik.

- 2017-ci ildə "Superion" adında komiks ortaya qoymusunuz. Bu işinizə reaksiya necə oldu? Oxucular daha çox nədən şikayət etdilər? Boşluğu harada gördülər?

- Bəli, "Dalğa Comics"in ilk işi "Superion" one-shot komiksidir. İlk işimiz olduğunu nəzərə alsaq, bu sahədə təcrübəmiz yox idi. İşimiz əsasən rəssam işi baxımından çox zəif alınmışdı. Komiksimizi oxuyanların çox olduğunu düşünmürəm. Çünki komiksimiz çıxmazdan əvvəl artıq bir qrup insan "Dalğa Comics"ə qarşı düşmənçilik aksiyasına başladılar. Bunun səbəbi həmin şəxslərin öz qruplarından olan birinin də komiks çıxartmaq istəyi idi. Hər yolla bizim işimizin tanınmaması üçün addımlar atırdılar. Bu və digər səbəblərdən komiksimiz tanınmadı. Lakin oxuyan az sayda insanlar daha çox rəssam işindən şikayət edirdilər.

- "Dalğa Comics"in "YouTube" kanalında hələlik 1 qısametrajlı film var. Gələcəkdə hansı filmlərin və ya veb-komikslərin nümayişi gözlənilir?

 

- Hazırda "Aclıq" seriyasından olan "ACLIQ: Qəfəsdə Qal" komiksi üzərində iş gedir. Komiksi mart ayında yayımlamağı planlayıram. Mart ayında bu komikslə yanaşı, "EŞİDƏN" qısa filminin təqdimatını da planlayıram. Həmçinin, komandamızla "Marvel's Dark Side" adlı "fan made" (fanatlar tərəfindən yaradılan) bir kainatda planlayırıq. Bu kainatda "Marvel" personajlarına həm komiks, həm də qısa filmlərdə alternativ qaranlıq baxış olacaq. Planımız odur ki, "Dalğa Comics"in "Qaranlıq Dalğa Kainatı"nı və "Marvel's Dark Side" kainatını inkişaf etdirək.

- Komiksə meyil göstərənlərə və bu işə başlamaq istəyənlərə hansı tövsiyələri verə bilərsiniz?

- Azərbaycanda komiks sənətini inkişaf etdirmək istəyən hər kəsə ilk növbədə sağlam rəqabət aparmağı məsləhət görürəm. Bu işə başladınsa, heç kimin sözlərinə fikir vermə! Sənə "bu iş sənlik deyil, bu, uşaq işidir", - deyənlər çox olacaq. Əgər yolun komiks sənətinin inkişafıdırsa, yalnız və yalnız irəli get, sağlam rəqabəti unutma!

Azad NURİYEV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





14.03.2021    çap et  çap et