525.Az

"Yada düşdü" jurnalının 10 yaşı qeyd olundu - Reportaj


 

"Yada düşdü" jurnalının 10 yaşı qeyd olundu - <b style="color:red">Reportaj</b>

Yaddaşımızda kök salan xatirələr ömrümüz uzunu bizi izləyir və daha da mənalı yaşamağa sövq edir. Həmin xatirələrə boylananda insan həm sevinir, həm də kədərlənir: çünki xatirələrində var olan kəsləri bəzən ətrafında tapa bilmir və yaxud o hadisənin özündə nəsə bir kədər olur. Buna rəğmən, o xatirələrin yazıya alınması, gələcək nəsillərə ötürülməsi, başqa insanlara da təqdim olunması çox lazımlı işdir.

Düz 10 ildir ki, "Yada düşdü" ədəbi-bədii, nostalji jurnalı bu missiyanı uğurla, əzmlə həyata keçirir. Jurnalın redaksiya heyətinin, ələlxüsus təsisçi və baş redaktor, şair-publisist Nəzakət Məmmədlinin fədakarlığının, yaradıcılıq şövqünün nəticəsidir ki, "Yada düşdü" 10 ildən bəri ardıcıllıqla ərsəyə gəlir və öz oxucularına və müəlliflərinə sadiq qalır.

"Yada düşdü" jurnalının 10 yaşına həsr olunan dünənki yığcam, amma sözü-söhbəti zəngin tədbir də xatirələr üzərində qurulmuşdu. Jurnal 10 ilin xatirələr ilə yoğrulub və belə görünür ki, bu il kollektivin özü və nəşrin oxucuları üçün yubiley ab-havasında keçəcək.

Dəvət olunan kəsləri xüsusi bir sevgi cəmləşdirmişdi. Onların çıxışlarında həm "Yada düşdü" jurnalına, həm də Nəzakət Məmmədlinin təşəbbüsünə böyük ehtiram, bu ənənəyə böyük sevgi və hörmət öz ifadəsini tapdı.

İlk çıxışçı elə Nəzakət xanım özü oldu və "Yada düşdü"nün ərsəyə gəlməsi ilə bağlı xatirələrini, xüsusən jurnalın ilk baş redaktoru, mərhum yazıçı Nahid Hacızadə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: "Allah Nahid müəllimə qəni-qəni rəhmət eləsin. Mən sevinirəm ki, ömrümün 19 ilini Nahid Hacızadə ilə çiyin-çiyinə çalışdım. Dövr elə idi ki, jurnalın nəşrindən xəbər tutan insanların çoxu onun ən yaxşı halda 1 il davam edə biləcəyini söyləmişdi. Biz həmin 1-in yanına 0 da artırıb indi jurnalımızın 10 yaşını qeyd edirik".

Qeyd olundu ki, jurnalın 10 illik yubileyilə əlaqədar 10 tədbir keçirilməsi, bu tədbirlərin bölgələri də əhatə etməsi nəzərdə tutulub.

Bir neçə gün sonra Nahid Hacızadənin 85 illiyi tamam olacaq deyə, tədbirdə "Yada düşdü" jurnalının 10 illiyi ilə bağlı təbriklərlə yanaşı, mərhum ədib haqqında da xeyli fikirlər səsləndi.

Şair-publisist Əbülfət Mədətoğlu "Yada düşdü" jurnalının nəşrinin çox sevindirici hal olduğunu vurğuladı: "Nahid Hacızadənin 75 yaşının tamamında bu jurnalın xeyir-duasını biz "Ədalət" qəzetinin redaksiyasında birlikdə vermişdik. Jurnalın səhifələrində mənim də yazılarım yer alıb. Redaksiya heyətinə yeni uğurlar arzu edirəm".

Nasir, alim və publisist Yasif Nəsirli "Yada düşdü" jurnalının qısa zamanda böyük rəğbət qazanmasından söz açaraq dedi: "Birinci nömrədən bu jurnala abunəçiyəm. Hər dəfə böyük həvəslə jurnalın çap olunmasını gözləyirəm. Elə yazı olmayıb ki, onu axıra qədər oxumayım. Bu jurnal məni keçmişə qaytarır, eyni zamanda, bu gün və gələcək haqqında düşündürür".

Şair Şöhlət Əfşar qeyd etdi ki, "Yada düşdü" jurnalı adı, məzmunu ilə bərabər, daşıdığı mənəvi dəyərə görə də fərqlənir: "Çünki bu işə ürək qoyulur. Belə bir mühitdə bəlkə də kimlərsə olardı ki, usanardı, deyərdi ki, "daha bəsdir". Ancaq Nəzakət xanım və redaksiya heyəti əzmlə bu işi davam etdirir. Bölgələrdə də bu jurnala böyük maraq göstərilir, onun hər sayı rəğbət doğurur. Çox təşəkkür edirəm ki, zaman-zaman mənə də bu jurnalda yer ayırmısınız".

Hərbi araşdırmaçı və publisist Şəmistan Nəzirli, tanınmış söz adamları Vasif Quliyev, Əlirza Xələfli və Balayar Sadiq də jurnal barədə düşüncələrini bölüşüb, yaradıcı kollektivə xoş arzularını çatdırıblar.

Sonda baş redaktor Nəzakət Məmmədli çıxış edərək, tədbirə qatıldıqlarına və  xoş sözlərinə görə qonaqlara minnətdarlığını bildirib.

"525-ci qəzet"in kollektivi də "Yada düşdü"nün redaksiya heyətini jurnalın 10 yaşı münasibətilə təbrik edir və dəyərli həmkarlarımıza yeni yaradıcılıq uğurları diləyir.

Nadir RZALI

 





14.03.2021    çap et  çap et