525.Az

“Hərbi münaqişədə itkin düşmüş şəxslərin axtarışı ilə məşğul oluruq”


 

Qırmızı Xaçın nümayəndəsi Donbas müharibəsindən və itkinlərin axtarışı haqda danışıb

“Hərbi münaqişədə itkin düşmüş şəxslərin axtarışı ilə məşğul oluruq”<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib. Humay Quliyeva martın 13-də dünyasını dəyişib. 

Humay Quliyeva müxtəlif illərdə BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib.

 Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi, o, dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar göstərən missiyanın tərkibində fəaliyyət göstərib. 2015-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı humanitar missiyanın ilk nümayəndələrindən olan Humay Quliyeva daha sonra təşkilatın Mərkəzi Afrika ölkəsindəki nümayəndəliyində çalışıb. O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub.
Qeyd edək ki, Humay Quliyevanın ötən illərdə “525-ci qəzet”lə də müəyyən əməkdaşlığı olub. Hələ Azərbaycan neftinin Avropaya nəql olunmağa başladığı ilk dönəmlərdə Humay xanımın bu məsələ ilə bağlı qəzetimizdə maraqlı bir reportajı dərc olunmuş, maraqla qarşılanmışdı.

2015-ci ilin sentyabrında isə Ukraynanın "Donbas" qəzetində və eyniadlı saytda o vaxtlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mariopol şəhərindəki nümayəndəsi vəzifəsində çalışan Humay Quliyeva ilə geniş müsahibə dərc olunmuşdu. O günlər Donetsk vilayətinin cəbhəyanı bölgədə və neytral zonada yerləşən yaşayış məntəqələrində məskunlaşmış dinc əhalinin ən köməksiz  təbəqələrinin humanitar yardımla təmin olunması sahəsində çalışan Humay Quliyeva “Donbas”ın müxbiri ilə söhbətində Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin fəaliyyət xüsusiyyətlərindən danışmışdı. Həmin müsahibə o vaxtlar Azərbaycan dilində “525-ci qəzet”də də işıq üzü görmüşdü.

Bu acılı günlərdə həmin müsahibəni yenidən “525”in oxucularına təqdim edir, Humay xanıma Tanrıdan rəhmət, ailəsinə və doğmalarına isə səbr diləyirik.

Allah rəhmət eləsin!

***

Humay Quliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsində işləyən dörd azərbaycanlıdan biridir.  Gənc olsa da, beynəlxalq qurumlarda iş təcrübəsi böyükdür. Bilkənt Universitetində (Ankara) bakalavr, Kolumbiya universitetində (Nyu-York) magistr təhsili alıb. bp-nin Bakı ofisində, Dünya Bankında (Vaşinqton) çalışıb, məşhur "Financial times" qəzeti ilə əməkdaşlıq edib.

Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mariopol şəhərindəki nümayəndəsidir. Bu günlərdə Ukraynanın "Donbas" qəzetində və eyniadlı saytda həmyerlimizlə müsahibə dərc olunub. Maraq doğuracağını nəzərə alıb həmin müsahibənin mətnini "525-ci qəzet"in oxucularına təqdim edirik.

Humay Quliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsidir. Ukraynaya bir neçə il bundan əvvəl oxşar müharibənin tüğyan etdiyi Azərbaycandan gəlib. Donbas onun BQXK-da ilk missiyasıdır. Ona görə şahidi olduqlarından aldığı təəssürat da xüsusidir. “Mənə elə gəlir ki, belə şeylərə öyrəşmək mümkün deyil. İnsan normal şeylərə öyrəşir, müharibə isə tam anormal bir hadisədir” – deyə Humay fikirlərini bizimlə bölüşür. Həmkarları ilə birlikdə o, Donetsk vilayətinin cəbhəyanı bölgədə və neytral zonada yerləşən yaşayış məntəqələrində məskunlaşmış dinc  əhalinin ən köməksiz  təbəqələrinin humanitar yardımla təmin olunması sahəsində çalışır.

Humay Quliyeva “Donbas”ın müxbiri ilə BQXK nümayəndələrinin fəaliyyət özünəməxsusluqları, hərbçilər və yerli özünüidarəetmə orqanlarının əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın necə həyata keçirilməsi haqqında danışıb. 

“Əsasən bufer zonada işləyirik”

- Humay, zəhmət olmasa deyin, Beynəlxalq Qırmızı Xaç Komitəsi Mariopolda nə zamandan fəaliyyət göstərir?

- Burada keçən ilin avqustundan işləyirik. Avqustda ofisimizi açıb lazımi avadanlıqlarla təchiz etmişik. Bundan sonra isə gündəlik işimizə başlamışıq.

- Sizin vəzifələriniz sırasına nə daxildir? Humanitar yardımı hara aparırsınız? Birinci növbədə kimlərə yardım göstərilir?

- Qırmızı Xaç Komitəsi beynəlxalq miqyaslı, neytral, müstəqil və tərəfsiz humanitar təşkilatdır. Biz həm Ukrayna hakimiyyətinin, həm də qarşı tərəfin nəzarətində olan ərazilərdi əhatə edirik. Mariopol ofisi Ukraynanın nəzarətindəki yaşayış məntəqələrində işləyir, Donbas ofisi isə vilayətin qalan hissələrində fəaliyyət göstərir. İşlərimizi əsasən bufer zonalarda, məsələn, cəbhə xəttinə yaxın olan Marinka, Krasnoqorovka kimi şəhər və kəndlərdə qururuq. Oradakı əhaliyə ərzaq bağlamaları və gigienik komplektlər, dağıdılmış evlərin bərpası üçün  tikinti materialları, taxta-şalban, brezent çadırlar, plastik örtülər aparırıq. Nisbətən dinc vəziyyətin hökm sürdüyü Mariopol şəhəri maraq dairəmizə o qədər də daxil deyil. Çünki, fikrimizcə, daim atəş altında qalan şəhər və kəndlərin sakinləri diqqətə və yardıma daha çox möhtacdırlar. Lakin on gün əvvəl biz Azov bölgəsinin paytaxtı sayılan Mariopoldakı köçkün ailələri əhatə edən ayrıca proqram həyata keçirməyə başlamışıq. Bu da hər şeylərini itirmiş insanlara nəqd pulla yardım proqramıdır. Doğrudur, həmin əməliyyatın miqyası hələlik o qədər də böyük deyil. Yaxın gələcəkdə biz Ukrayna Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq şəraitində bu tipli təxirəsalınmaz yardımlar göstərilməsinin əhatə dairəsini daha da genişləndirəcəyik.

24 mindən çox ərzaq bağlaması

- Yardıma kimin daha çox ehtiyacı olduğunu necə müəyyən edirsiniz? Axı hamıya kömək etmək  mümkün deyil.

- Bizim xüsusi nümayəndələrimiz var. Onlar kəndlərə, qəsəbələrə gedir, əhali ilə, yerli hakimiyyət təmsilçiləri ilə görüşüb vəziyyəti öyrənirlər, kimin daha çox çətinlik və ehtiyacla üzləşdiyini müəyyən etməyə çalışırlar. Vəziyyət müxtəlif yerlərdə fərqlidir. Elə yaşayış məntəqələri var ki, orada aylarla pensiyalar ödənilmir. Təbii ki, belə yerlərdə pensiyaçılar hamıdan çox əziyyət çəkirlər. Elə yerlər də var ki, pensiyaçıların müavinəti vaxtında verilir, lakin hərbi vəziyyətə görə müəssisələr bağlandığından əmək qabiliyyətli əhalinin böyük bir hissəsi işsizlikdən əziyyət çəkir. Deməli, burada yardım daha çox işsizlərə ünvanlanır. Bir sözlə, hər şey konkret yaşayış məntəqəsinin spesifikasından asılıdır. Bizim işimizdə hər hansı kateqoriyaya daxil olan insanlara – məsələn, təkbaşına övlad böyüdən analara, pensiyaçılara, Çernobıl əlillərinə daimi üstünlük vermək tendensiyası mövcud deyil. Hər dəfə konkret situasiyadan çıxış edirik.

- Bir il ərzində nə qədər ərzaq bağlamaları paylandığının hesabatı aparılıbmı? İndiyə qədər nə qədər adama kömək etmisiniz?

- Əlbəttə, bizdə belə statistika mövcuddur. İl ərzində 24 min 241 ərzaq bağlaması paylamışıq. Onlardan dörd mini ailəvi təyinatlıdır. Ümumi çəkisi 60 kiloqram olan belə ərzaq bağlamaları üç nəfərdən ibarət ailə üçün nəzərdə tutulur. Əvvəllər bizdəki bütün ərzaq ehtiyatı ailəvi bağlamalar şəklində idi. Lakin iş prosesində çətinliklə üz-üzə qalan çox sayda tənha  insanlara təsadüf etdik. Ona görə də indi əsasən  fərdi ərzaq bağlanmalarının paylanmasına üstünlük veririk. Bunlar bir nəfər üçün nəzərdə tutulmuş 20 kiloqramlıq bağlamalardır. İndiyə qədər əhaliyə 645 ton ərzaq vermişik. Bura yağ, un, düyü, qarabaşaq, duz, çay, şəkər, habelə müxtəlif konservlər daxildir.

“Hər şeyi gözünlə görmək çox vacibdir”

- Humanitar yardımların paylanması necə həyata keçirilir? Yerli hakimiyyət orqanları sizə kömək edirlərmi?

- Təbii ki, biz ilk növbədə yerli icra strukturları ilə işləyirik. Situasiya imkan verdiyi, təhlükəsizliklə bağlı lazımi tədbirlər görüldüyü hallarda özümüz yaşayış məntəqələrinə getməyi daha üstün tuturuq. Məncə, bu çox vacibdir. Çünki belə hallarda bu və ya digər kənddə, yaxud qəsəbədə nə baş verdiyini gözümüzlə görmək, müşahidə etmək imkanı qazanırıq. Kimin nə aldığını görürük, adamların suallarına cavab veririk. Belə hallarda birbaşa ilkin mənbədən əldə etdiyimiz məlumat da çox olur. Əgər getdiyimiz yerdə vəziyyətin düşündüyümüzdən pis olduğunu müşahidə ediriksə, növbəti dəfə ora daha böyük həcmdə yardım aparırıq. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Eyni zamanda vəziyyətin çox gərgin olduğu məqamlarda sadəcə humanitar yüklə dolu maşınları göndərməklə kifayətlənirik. Lakin belə hallarda da maşını yola salmamışdan əvvəl yerli sakinlərin hansı kateqoriyasının yardımla ilk növbədə əhatə olunması barəsində müzakirə aparır, təlimatlar veririk.

“Hərbçilərin köməyi olmasa işimiz çox çətinləşərdi”

- Hərbi qurumların nümayəndələri sizinlə əməkdaşlığa maraq göstərirlərmi?

- Biz mülkü əhali ilə işləsək də, hərbi qurumların yardımı olmasa, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməzdik.  Xüsusilə bölgələrə səfərlərimizin çox dəqiq işlənmiş qaydaları var. Yəni heç zaman blok-postlarda birdən-birə peyda olmuruq. Hərbi hakimiyyət nümayəndələrini nə zaman, hansı yollarla hərəkət edəcəyimiz, hansı xarakterli yük aparacağımız barəsində əvvəlcədən xəbərdar edirik. Həm özümüzü, həm də bizimlə birliklə işləyən texniki personalı, sürücüləri meydana çıxa biləcək təhlükələrdən qorumaq üçün təhlükəsizlik məsələlərinə həmişə maksimum dərəcədə diqqət yetiririk.

“İtkin düşmüş adamların axtarışı illərlə uzana bilər”

- Siz həm də mülki əhalinin qorunması istiqamətində iş aparırsınız. Bura hansı vəzifələr daxildir?

 

- Biz hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin axtarışı ilə məşğul oluruq. Cəbhənin əks tərəflərində qalmış ailə üzvləri, yaxın və doğmalar arasındakı əlaqələrin bərpasına da yardım göstəririk. İş prinsipi belədir: bizə itkin düşmüş şəxs barəsində məlumat daxil olan kimi xüsusi qovluq açırıq və axtarış hər hansı bir nəticə ilə yekunlaşana qədər onu bağlamırıq. Belə proses bəzən illərlə uzana bilər. Fəaliyyətimizin başqa bir istiqaməti hərbi münaqişə nəticəsində cəza çəkmə yerlərinə düşmüş dustaqlara mütəmadi baş çəkmək, onlara qarşı sərt rəftarın, qeyri-insani davranışın qarşısını almaqdır. Mülkü əhalinin kifayət qədər müdafiə olunmadığı halları sənədləşdirmək və təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq qurumlarla müzakirələr aparmaq da işimizin başqa bir tərəfidir. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsi hərbi əməliyyatların aparılma qaydaları ilə bağlı Cenevrə konvensiyasının əsas təminatçılarından biridir. Bütün dəhşət və faciələrinə baxmayaraq müharibənin özünün də qayda-qanunları var və dinc əhalini onun ağır nəticələrindən maksimum dərəcədə qorumaq lazımdır. Bu baxımdan hərbçilərin köməyinə arxalanmaqla birlikdə onlara müəyyən dərəcədə nəzarət funksiyası da həyata keçiririk. Məsələn, blok-postların mülki tikililərə həddən artıq yaxın olması, yaxud təcili tibbi yardım maşınlarının postlardan keçmələrinə maneə törədilməsi ilə bağlı halları sənədləşdiririk, hərbçilərin məktəb, yaxud xəstəxana binalarından baza kimi istifadə etmələrinə imkan vermirik.

“Əsas məsələ insanlarla ünsiyyət bacarığıdır”

- Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı hansı keyfiyyətlərə malik olmalıdır? Hansı ixtisasa yiyələnməsi daha vacibdir?

- Bizdə müxtəlif peşə sahibləri – mühəndislər, iqtisadçılar, humanitar sahə üzrə mütəxəssislər çalışırlar. İşimizdə ən mühüm amil ixtisas deyil, insanlarla dil tapmaq, ünsiyyət yaratmaq, onları dinləməyi bacarmaq keyfiyyətidir. Biz humanitar təşkilatıq, fəaliyyətimiz qaynar nöqtələrlə bağlıdır. Bizim silahımız yoxdur, zirehli maşınlarda gəzmirik. Zirehli gödəkcə geyinmirik. Düşünürük ki, bizi qoruyan təşkilatımızın missiyasıdır, rəmzlərimizdir, xeyirxah fəaliyyətimizdir. Adamların başa düşməsi, etimad göstərməsi üçün bütün bu vasitələrdən yerində və bacarıqla istifadə etmək zəruridir.

- Ərazidə olarkən güllə yağışına düşməkdən qorxmursunuz ki?

- Qarşıya çıxa biləcək hədə və riskləri minimuma endirmək üçün biz əvvəlcədən bütün əlaqəli strukturlara hansı ərazidə olacağımız və humanitar yük aparacağımız barədə məlumat veririk. Münaqişə tərəflərini ayıran xəttə xüsusi ilə yaxın olduğumuz təsadüflərdə qarşı tərəfdəki həmkarlarımızı bu barədə xəbərdar edirik. Bu cür önləyici tədbirlər görüldükdən sonra hərbçilər də ərazidə Qırmızı Xaç missiyasının işlədiyini bilirlər.

Xoşbəxt gün gələcək!

- İndiki vəziyyəti necə qiymətləndirirsiniz?

- Biz  sülhə ümid bəsləyirik. Hamımız deyirik ki, həyatımızın ən xoş günü çalışdığımız ofisin bağlanacağı gün olacaq. Çünki bu artıq Ukrayna torpağına sülh gəlməsi və bizim fəaliyyətimizə ehtiyac qalmaması deməkdir.

Sülh gətirin!

- Yerli sakinlər təbii ki, yardım aldıqlarına görə razıdırlar, - deyə Humay Quliyeva vurğulayır. – Onların minnətdarlıq hisslərini üzlərindən, gözlərindən oxumaq mümkündür. Lakin eyni zamanda hamı istəyir ki, vəziyyət tezliklə sabitləşsin, onlar özləri işləsinlər və heç bir humanitar yardımdan asılı olmasınlar. Yardım apardığımız kəndlərdə, qəsəbələrdə deyirlər: Siz yaxşısı budur sülh gətirin. Yeganə istəyimiz əmin-amanlıqdır. Təki sülh olsun, onda bizim də heç bir humanitar yardıma ehtiyacımız qalmaz.

Eyni zamanda yardıma görə də çoxlu minnətdarlıq sözləri eşidirik. Bu günlərdə Pavlopola ərzaq bağlamaları aparmışdıq. Adamlar yaxınlaşırdılar, əlimizi sıxırdılar, təşəkkür sözləri deyirdilər. Bunu görmək, eşitmək çox xoşdur.

Liza MURZAEVA

4 sentyabr 2015-ci il

 





15.03.2021    çap et  çap et