525.Az

Çin dünya liderliyi iddiasında - Xaqani Cəfərli yazır


 

Çin dünya liderliyi iddiasında - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

ABŞ-ın sabiq prezidenti Donald Trampın təşviq etdiyi ticarət müharibəsinin və koronavirus pandemiyasının təsirləri altında Çin iqtisadiyyatı son bir ildə ciddi zərər görsə də, bu vəziyyət Pekini dünya lideri olmaq niyyətindən çəkindirməyib.

Əksinə, Çin dünya lideri olmaqda daha iddialı görünür. Pekinin kommunist rejimi hesab edir ki, ölkənin texnoloji inkişafı üçün qəbul olunmuş beşillik plan süni zəka və kvant hesablama texnologiyaları sahəsində Çinin önə çıxmasını təmin etməlidir. Bu isə öz növbəsində Çinin dünya liderliyinin təməli olacaq.

Süni zəka və kvant hesablama texnologiyaları sahəsində önə çıxan dövlətin dünyanın lideri olacağı isə artıq heç kimdə şübhə doğurmur. Bir müddət öncə Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, süni zəka sahəsində lider olan dövlət dünyanın hakimi olacaq. Buna görə də son illər bütün böyük dövlətlər süni zəka sahəsində tədqiqatlara xüsusi önəm verməyə başlayıb.

Çin bu sahəsə liderliyə nail olmaq üçün beşillik planla yanaşı, onillik strategiya da hazırlamaq niyyətindədir. Onillik strategiyanın hazırlanması ilə bağlı işlərin davam etdiyi bir zamanda Çin süni zəka və kvant hesablama texnologiyaları sahəsində fundamental tədqiqatlara ayrılan vəsaiti 10.6 faiz artırmağa qərar verib. Bu vəsait isə süni zəka, yarımkeçiricilər və kvant hesablamaları texnologiyaları sahəsində yeni elmi laboratoriyaların yaradılmasına, təhsil proqramlarının tətbiqinə yönəldiləcək.

Pekin nəzərdə tutduğu planları həyata keçirmədən də, digər ölkələrlə müqayisədə artıq bir çox sahələrdə önə çıxmağı bacarıb. Məsələn, Çin mikrosxemlərin satışında 2005-ci ildən dünya liderliyini qoruyub saxlayır. ABŞ-ın İC İnsights araşdırma şirkətinin məlumatına görə, ötən il Çində mikrosxemlərin satışında 9 faiz artım müşahidə olunub. Təkcə mikrosxemlərin satışı 143,4 milyard dollarlıq rəqəmə çatıb.

Süni zəka və və kvant hesablamaları texnologiyaları sahəsində bir sıra uğurlar əldə edən Çin kəşflərini istehsala tətbiq etməklə iqtisadi inkişafı sürətləndirməyə və təhlükəsizliyini gücləndirməyə çalışır.

İqtisadi yüksəliş və texnoloji üstünlük Çinin xarici siyasətinin də dəyişməsinə səbəb olur. Çinin xarici işlər naziri Van Yi ötən bazar günü keçirdiyi mətbuat konfransında Pekinin bundan sonra güzəştsiz siyasət yürüdücəyini bəyan edib. Çinli nazirin bu açıqlaması Pekinin Tayvan, Honkonq və uyğur məsələsində güzəştə getməyəcəyinin elanı kimi qəbul olunur. Eyni zamanda, Çin xarici işlər nazirinin açıqlaması Pekinin Yaponiya və Hindistanla mübahisəli ərazi məsələsində də güzəştə getməyəcəyindən xəbər verir.

 

Yaponiya ilə Çin arasında münasibətlər Şərqi Çin dənizində bir neçə adanın Tokionun nəzarətinə keçməsindən sonra gərginləşib. Hər iki tərəf həmin adalara iddia edir və maraqlarını hərbi güc hesabına qoruyacağını bildirir. Nazir Van Yi Yaponiyanı hərbi gücə əl atmaqdan çəkinməyə və Tokionu baş verə biləcək hərbi münaqişənin nəticələri barədə düşünməyə çağırıb.

Çinin xarici işlər naziri Hindistana da xəbərdarlıq edib ki, rəsmi Dehli mübahisəli ərazi məsələlərinin birtərəfli qaydada həll etməyə cəhddən əl çəkilməlidir.

Honkonq Çinin idarəçiliyinə keçsə də, Pekin hələ də bu ərazi üzərində tam suverenliyini təmin etməyib. Məsələn, Honkonq xüsusi inzibati ərazisində seçki sistemi Çinin ümumi sistemindən fərqlənir. Pekin bu fərqi aradan qaldırmağa çalışırdı. Nəhayət, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının martın 11-dəki iclasında Honkonq xüsusi inzibati ərazisində seçki sisteminin təkmilləşdirilməsinə dair qərar qəbul olunub. Honkonqun seçki sisteminin Çinin milli suverenliyi və təhlükəsizliyi çərçivəsində qiymətləndirilməsi də Pekinin bu xüsusi inzibati ərazi üzərində nəzarəti tam təmin etməkdə israrlı olduğunu göstərir.

Pekini ən çox narahat edən məsələlərin önündə ABŞ-ın və Kanadanın Çində uyğurların soyqırıma məruz qalmasını rəsmiləşdirməsidir. Məlum olduğu kimi, ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo səlahiyyətlərinin başa çatmasına bir neçə gün qalmış Çinin uyğurlara qarşı siyasətini soyqırım kimi tanımışdı. ABŞ-ın ardınca isə Kanada da Çinin uyğurlara qarşı siyasətini soyqırım kimi tanıdı. Məlumatlara görə, Avropanın bir neçə ölkəsinin də oxşar addım atacağı gözlənilir. Pekin Qərbin bu addımlarının Sincan Uyğur bölgəsində separatizmi gücləndirəcəyindən ehtiyatlanır.

Çində anlayırlar ki, bütün bu çağırış və təhdidlərə qarşı təkbaşına dayanmaq çətin olacaq. Süni zəka və kvant hesablama texnologiyaları sahəsində önə çıxmaqla dünyada liderliyini təmin etməyə çalışan Çin beynəlxalq aləmdə Rusiya ilə birgə hərəkət etmək niyyətindədir. Bunun üçün Pekin Moskva ilə əməkdaşlığını genişləndirmək əzmindədir. Çin xarici işlər naziri Van Yi bəyan edib ki, Pekin Moskva ilə qlobal sülhün və bir-birlərinin maraqlarının qorunmasına töhfə verən ortaqlıqları və strateji qarşılıqlı əlaqələri inkişaf etdirəcək. Çox maraqlıdır ki, çinli nazir "rəngli inqilablar"ın qarşısını almaq üçün Rusiya ilə səylərini birləşdirəcəyini də bəyan edib.

Çin və Rusiyanı dünyada sülhün və stabilliyin təminatçısı hesab edən Pekin iki ölkə arasında 20 il əvvəl imzalanmış mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin vaxtını uzatmaq niyyətindədir.

Aydın görünür ki, Çin artıq dünya liderliyinə gedən yola çıxıb və bu istiqamətdə qərarlı addımlar atmaqdan çəkinməyəcək. Pekinin bu niyyətini həyata keçirməsini isə ABŞ, Böyük Britaniya, Hindistan və Yaponiyanın sakitliklə izləyəcəyini gözləmək yanlışlıq olardı. Ona görə də Uzaq Şərqdə gərginliyin artan xətlə yüksələcəyini proqnozlaşdırmaq olar.

 





15.03.2021    çap et  çap et