525.Az

Serhat Turak: "Qardaşlıq dastanı" birliyimizin və zəfərimizin səhnə təcəssümü olacaq"


 

Serhat Turak: "Qardaşlıq dastanı" birliyimizin və zəfərimizin səhnə təcəssümü olacaq"<b style="color:red"></b>

Türkiyə ilə Azərbaycanı birləşdirən daha bir layihənin - "Qardaşlıq dastanı" müzikli üzərində işlər başa çatmaqdadır. Müsahibimiz bu günlərdə həm Türkiyə, həm də Azərbaycan gündəmində ciddi rezonansa səbəb olan, hər kəsin maraq və intizarla gözlədiyi "Bir millət-iki dövlət: Qardaşlıq dastanı" müziklinin müəllifi, tanınmış rəqqas, "Anadolu ateşi" rəqs qrupunun üzvü Serhat Turakdır. O, yeni layihənin yaranma ideyası, hazırlıq mərhələləri və tanıtımı ilə bağlı suallarımızı cavablandırdı:

- Serhat bəy, "Qardaşlıq dastanı" layihəsinin ana fikri nədən və necə qaynaqlandı?

- Mənim Azərbaycan əsilli olmağım və həm Türkiyə, həm də Azərbaycana bağlı köklərimin olması məni keçmişdən bu günümüzə qədər ortaq dəyərlərimizi araşdırmağa yönləndirdi. Ta qədimdən bu dövrümüzə qədər apardığım bütün araşdırmalarda iki dövlətin həqiqətən də bir millət olduğunu gördüm. Ortaq dilimiz, dinimiz, tariximiz var. Dastanlarımız, mahnılarımız, folklorumuz, bayramlarımız var. Ən çətin məqamlarda bir-birimizə dəstək olduğumuz anlarımız var. Sevinclərdə, zəfərlərdə birgə qürurlanan, ağrılarda, acılarda birgə ürəkləri dağlanan bir millət var. Bu nədir? Qardaşlıqdır, əlbəttə! Odur ki, layihəmizin adı da "Bir millət-iki dövlət: Qardaşlıq dastanı" oldu. Bu, birliyimizin və zəfərimizin səhnə təcəssümü olacaq. Düşünürəm ki, qardaşlığımızın gələcək nəsillərə ötürülməsi, bir sənətçi kimi, mənim də vəzifəmdir.

 

Tarixdən xronoloji olaraq bu uca qardaşlığın ən gözəl örnəklərini və dəyərlərini, sənətin bənzərsiz anlatmaq vasitəsilə səhnədə canlandırılması fikri ürəyimdə bir atəş kimi həmişə vardı. İnşallah, qısa zamanda bu fikir gerçəyə çevriləcək.

- Bu layihənin ideyasını ilk zamanlarda kimlərlə bölüşdünüz? Türkiyə və Azərbaycandan necə reaksiyalar aldınız?

- Layihəni başlarkən ilk vaxtlar düşüncəmi heç kimlə bölüşmədim, əlbəttə, həyat yoldaşım xaric (gülür). Tarixi araşdırmalarımdan sonra işləyəcəyim mövzuları müəyyən edib, işinin peşəkarı olan tarixçilərlə danışaraq onların fikirlərini aldım. Sonra Azərbaycan və Türkiyədən bir çox üst səviyyəli insanlara bu layihədən bəhs etdim və fikirlərini aldım. Onlar da layihədən çox məmnun qaldılar, çox bəyəndilər. Beləcə, Azərbaycanda və Türkiyədə müziklin çıxmasını gözləyən yüz minlər, milyonlar var.

- Beş ildir üzərində çalışdığınız müzikldə sizə ən çox çətinlik yaradan nələr oldu? Necə bir yoldan, hazırlıq prosesindən keçdiniz?

- Mənə ən çox çətinlik yaradan işlədiyim mövzular oldu. Tarixi mövzular olduğu üçün yüz ölçüb-bir biçmək məcburiyyətində idim. Çünki bir çox mövzu minlərcə il qabağa aiddir və səhv etmək şansım yox idi. Buna görə də ən incə detalına qədər, demək olar ki, bütün önəmli tarixçilərin bilgilərindən istifadə etdim, mövzularla bağlı faktları dinlədim, söhbətlərinə qulaq asdım. Və bacardığım qədər tarixi məkanları, muzeyləri gəzdim, araşdırdım. Bütün bunlar mənə çox çətinliklər yaşatdı. Sonunda aldığım bu bilgiləri, mövzuları ssenaristimizlə birlikdə günlərcə səhərə qədər oturub ssenari halına gətirdik.

Müzikldə hər iki ölkədən 100 nəfərə qədər sənətçi səhnəyə çıxacaq. Rəqs, teatr hesabına iki ölkənin qardaşlığının hansı səviyyədə olduğunu göstərəcəyik. Demək olar ki, 5 ildir bunun üzərində çalışıram. Dünyada bənzəri olmayan bir müzikldir. Burda hər şey ən xırda detalına qədər düşünülüb.

 

- Deməli, müzikl vahid ssenari üzərində qurulub?

- Bir ssenarimiz var, əlbəttə. Lakin bu ssenarini qurarkən tarixi xronologiyanı izlədik. Bu sıralamada keçmişdən bu günə qədər qardaşlığımızın nə qədər ünsürləri varsa, göstərməyə çalışdıq. Əslində, vahid bir ssenari demək də yanlış olar. Tema baxımından 10-dan çox tablodan ibarət və hər bir tablo ayrı bir dönəmdən bəhs edən zəngin bir məzmuna sahibdir.

- Layihədə yer alan sənətçilər içərisində Türkiyə və Azərbaycandan olanlarla yanaşı, digər türkdilli ölkələrdən də kimsə varmı?

- Digər türk dövlətlərini də maraqlandıran ortaq dəyərlər və tarix var, təbii ki. Lakin mövzu Türkiyə və Azərbaycan olduğu üçün sadəcə bu iki ölkənin sənətçiləri layihəmizdə yer almaqdadır.

- Müzikldə bir çox tarixi şəxsiyyətlər canlandırılacaq. Onları necə seçdiniz? Yəni niyə məhz onlar?

- Düzünə qalsa, türk tarixinə damğasını vurmuş şəxsiyyətləri seçmək elə də çətin olmadı. Çünki onlar millətinə, xalqına yön verən, cəsarət verən, milli ruh aşılayan, vətənsevər, önəmli insanlardır. Dədə Qorquddan Koroğluya, Nizami Gəncəvidən Mövlana Cəlaləddin Rumiyə, Tomrisdən Sarı Gəlinə, Nuri Paşadan Mübariz İbrahimova, Alparslandan Cavanşirə, Şəhriyardan Aşıq Veysələ, Nəcib Fazildən Bəxtiyar Vahabzadəyə və daha bir çox şəxsiyyətə qədər, tariximizdə önəmli iz qoymuş, milli düşüncənin yaranıb özləşməsində mühüm rol oynamış şəxsiyyətlərdir.

- İllərlə xəyalını qurduğunuz bir layihə, demək olar ki, artıq hazırdır. İndiki xəyalınız nələrdir?

- İllərdir hər an içimdə və ürəyimdə hiss etdiyim "Bir millət-iki dövlət: Qardaşlıq dastanı" müziklindəki iki ölkənin dəyərlərinin performans sonrası tamaşaçıda buraxacağı sevinci, həyəcanı, qüruru, xoşbəxtliyi və cəsarəti görmək istəyirəm. Tamaşaçının gözündə və bədənindəki o görüntünü görməyi xəyal edirəm və çox həyəcanlanıram. Qala gününü mən və rəqqas dostlarım böyük bir həyəcanla gözləyirik.

8 noyabr Şuşanın işğaldan azad edildiyi gündür. Bu layihəni də qismət olarsa, həmin tarixdə Qarabağın mədəniyyət beşiyi olan Şuşada təqdim etməyi planlaşdırırıq. Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da müzikli təqdim etməyi düşünürəm.

- Gənclik xəyalınız, beş il üzərində çalışdığınız bir layihə möhtəşəm bir zəfər zamanına hazır oldu. Bu layihəni qərarlaşdırarkən, planlayarkən belə bir maraqlı və önəmli təsadüf ağlınıza gələrdimi? Bu, sizə nələr hiss etdirdi və sonradan ssenariyə əlavə edildimi?

- Layihəni düşünərkən də, hazırlıq prosesində də içimizdə, ürəyimizdə qanayan bir yara vardı - Qarabağ... İlk ssenaridəki hədəfimiz bu ağrı-acını əks etdirmək və zəfərin bir gün gələcəyini bilərək bu ümidi göstərməkdi. Amma layihə həyata keçmədən ümid gerçəkləşdi. Zəfər bizim oldu. Onsuz da layihənin bir qismini anladarkən ürəyim çox buruq idi. Amma zəfər həm ssenarini dəyişdirdi, həm də hər türk övladı kimi bizi də qürurlandırıb, sevindirdi. Acılarımızı unutmadan bir gün qələbənin bizim olacağına inancımı heç itirmədim. Beləliklə, nəhayətdə birlikdə qürurlandıq.

Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə də sağlamlıq, uzun ömür diləyirəm. Bizim onlara əbədi mənəvi borcumuz var!

Şahanə MÜŞFİQ

 





16.03.2021    çap et  çap et