525.Az

Gəncənin yaradıcı gənclərindən xeyriyyəçi addım


 

Gəncənin yaradıcı gənclərindən xeyriyyəçi addım<b style="color:red"></b>

Son iki-üç ildə respublikamızın ikinci şəhərinin bilikli və bacarıqlı gənclərinin cəmiyyətimizə daha faydalı olmaq üzrə təşkilatlanma təşəbbüslərinin artdığı müşahidə olunmaqdadır. Onların hansısa göstərişlər ilə deyil, necə deyərlər, öz könüllərinin səsi ilə əməli iş görüb, sadə vətəndalara gərəkli olmaq arzuları təqdirəlayiqdir. 

Şəhərdə iki ilə yaxındır ki, yaradılan və öz maarifçi və xeyriyyəçi fəaliyyəti ilə seçilən Gəncə Maarif Evi, eləcə də yerli yaradıcı gənclər tərəfindən formaladırılmış "Art Garden Ganja" və "Gəl, danış" gənclər qruplarının birgə təşkilatçılığı ilə xeyriyyə yarmarkası keçirmək artıq ənənə halını alır. Sevindirici haldır ki, bu günlərdə baş tutan növbəti yarmarkaya Gəncə ilə yanaşı, paytaxtdan, eləcə də digər bölgələrimizdən olan 40 nəfərdən çox sənətkar və işgüzar gənclərin əl işləri - geyim, məişət əşyaları, suvenirlər, incəsənət nümunələri, kitablar, hətta yeyinti məhsulları kimi mallar çıxarılıb. 3 gün davam edən yarmarkanın gedişi zamanı gənclər maarifçi görüşlərə də qatılıblar.

"Budəfəki, sayca ikinci xeyriyyə satış tədbirimiz daha nizamlı keçdi və bir neçə gün çəkdi. Qürur doğuran odur ki, gənclər təmənnasız olaraq, öz əlləri ilə yaratdıqları nümunələrin imkansız vətəndaşlarımızın hansısa problemlərinin həllində kömək edəcəyindən sevinc hissi keçirirlər. Bu dəfə yarmarkadan əldə olunan gəlir Gəncə, Tərtər, Zaqatala, Masallı və Bakıda yaşayan aztəminatlı ailələrin müəyyən ehtiyaclarının qarşılanmasına sərf olunub. Belə ki, Tərtərdə 60, Gəncədə 10, Zaqatala da isə 6 kasıb ailəyə qida məhsulları, geyim, uşaqlar üçün kitab, dərslik və məktəb ləvazimatları çatdırılıb. Bununla yanaşı, Bakı, Zaqatala və Masallıda bir neçə gəncin fərdi tədris hazırlıqlarının haqlarını ödəmişik", - deyə Gəncə Maarif Evinin rəhbəri Gülnar Məmmədova bildirir.

Müsahib həmçinin qeyd edir ki, xeyriyyə yarmarkalarını mütəmadi keçirməyi düşünürlər.

Təşəbbüskar gənclər həmçinin, Vətən müharibəsində şəhid olan gəncəli igidlərimizin ailələrinə də baş çəkərək, onların övladlarını müxtəlif hədiyyələrlə sevindiriblər.

Zakir MURADOV
Gəncə

 





16.03.2021    çap et  çap et