Taleyimdən razıyam ki. dünya duyumu, insansevərliyi, el-obaya mehri ilə sevilən insanlarla ünsiyyətdə də olmuşam və işləmişəm.
Bu, xarakterimin formalaşma-sında da əhəmiyyətli olub; öyrənmək, dərk etmək şəxsiyyət kimi formalaşmaq fəlsəfəsi. Bu gərəkli fəlsəfə həyat yolumu müəyyənləşdirəndə, illəri ömürləşdirəndə, ömrü Vətənə üzərlik biləndə, erməniliyə qarşı döyüşlərə qatılanda, döyüşəndə, özümün özümə hesabatımın güzəşt nə olduğunu bilməyən opponentimə çevrilib. Bugünkü Bayram olduğuma görə ata-anama, müəllimlərimə, bir də o insanlara minnətdaram. Mürsəl Qocayev də o duru ömürlülərin sırasındadı...
Mürsəl müəllim həmişə, hər yerdə sözün qədrini bilənlərin əzizi olub; sözü dinlənilib, mətləbi eşidilib, el-oba adına iltiması yerinə yetirilib. Hansı yaşda olursa-olsun, belə adamlara ağsaqqal deyilib....
Jurnalist haqqında nəsə yazmağın məsuliyyətini bilsəm də, ürəyimin hökmünü yerinə yetirməməyə gücüm çatmaz; atamın bir kəlamını xatırlayıram: deməli olduğun sözü deməmək özünə xəyanətdir, cəmiyyətə hörmətsizlik. Mürsəl müəllim haqqında düşüncələrimi illərdi deməli olduğum söz bilirəm. Özünü də yaxından tanımışam, sözünə də yaxından bələd olmuşam. Bu bələdlik mənim də düşüncələrimin xeyir-duası olub. Poetik söz peyğəmbəri Məhəmməd Füzulinin "Söz" qəzəli zamanında da düşüncələrimi tərpətdiyindən könlümü telləndirib, mənə indi də eyni ovqatı yaşadır:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdari söz.
Söz sərrafı haqqında söz demək bu baxımdan məsuliyyətlidir - sözün qədrini artıra biləcəmmi? Mürsəl müəllimin adına layiq söz deyə biləcəmmi?..
Mürsəl Qocayev 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına APU-nun) dil-ədəbiyyat fakültəsini bitirib, filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
Zəngəzurda əsası 1884-cü ildə qoyulan, diqqətəlayiq ənənəsi olan Qubadlı orta məktəbində müəllim, 1953-cü ildən isə tədris hissəsi üzrə direktor müavini işləyib. Təşkilatçılığı, iti zəkası ilə seçilən Mürsəl Qocayev 1955-ci ildə Qubadlı rayon partiya komitəsində ideoloji şöbənin müdiri vəzifəsinə irəli çəkilib.
Jurnalistikaya marağı (və qabiliyyəti!) olan Mürsəl müəllimin məqalələri müxtəlif mətbu orqanlarda dərc edilir. Sözü sözdən seçmə qabiliyyəti onun həyat yolunun axarını jurnalistikaya yönəldib, 1957-ci ilin oktyabrından "Avanqard" qəzetinin redaktoru təyin olunub. 1961-ci ildən 1963-cü ilin mayına kimi Azərbaycan KP MK və Azərbaycan Nazirlər Sovetinin rayonlararası "Kolxozçu" qəzetinin Qubadlı və Zəngilan rayonları üzrə xüsusi müxbiri işləyib. 1963-cü ildən isə Zəngilan rayonunda nəşr olunan "Kənd həyatı" qəzetinə redaktor təyin olunub, 1989-cu ilə kimi bu qəzetə rəhbərlik edib.
Təqauddə olsa da, jurnalistikaya sevgisi onu sözün cazibəsindən uzaqlaşmağa qoymayıb. Zəngilanın işğalından sonra "İki sahil", "525-ci qəzet", "Yeni Azərbaycan", "Vətən səsi", "Ədalət" və digər qəzetlərdə ədəbi-bədii, publisistik məqalələri dərc edilib.
Mürsəl Qocayev o illərdə gənclərə göstərdiyi qayğı ilə də sevilib. Gənclərə qayğını bilavasitə dövlətə qayğı bilirdi bu söz cəfakeşi. Milli Məclisin deputatı İmamverdi İsmayılov, tarix elmləri doktoru, professor Nəsiman Yaqubov, taninmış jurnalist və yazıçı-publisistlər Lətif Şüküroğlu, Salam Cavadov, Şükufə Əliyeva, Solmaz Əh-mədova, İbrahim Əsədov, mərhum Adif Ağayev və Xanoğlan Talıbov ilk dəyərli məsləhəti bu müdrik və ağsaqqal redaktordan almış, onun zəmanəti ilə jurnalist ixtisasına yiyələnmışlər. Onların böyük əksəriyyəti M.Qocayevin zəmanəti ilə AJB-nin üzvü olmuşlar və uzun müddət onun rəhbərliyi altında jurnalistlka sənətkarlığını öyrənmişlər.
Bu gün Zəngilanda və qonşu rayonlarda onu tanıyanların hamısı Mürsəl müəllim barədə ancaq xoş sözlər deyər.
Qaçqınlıq ağrılarını hər qaçqınla nəfəs-nəfəsə yaşayırdı Mürsəl müəllim. Zəngilanın işğalı günü Vətənə ad olan təəssüfü, heysiyyəti Arazın dalğalarına qarışmışdı. Mürsəl müəllim Çadır şəhərciklərində gördüklərini fotoaparatının yaddaşına, qeyd dəftərçəsinə köçürərdi, az sonra bu qeydlər ağrılı məqalələrə çevrilərdi. Sərraf oxucular, işğalın tarixi ilə maraqlananlar bütün hadisələrə, faktlara jurnalist duyumu ilə baxan Mürsəl müəllimin məqalələrini işğala ittiham kimi oxuyurdu. "Didərgin qayğıları, didərginə qayğılar" rubrikasıyla dərc edilən məqalələr təkcə didərginliyin - qaçqınlığın sıxıntılarının söz təsviri deyildi, həm də gənc nəslin xarakterinin Vətən sevgisi əsasında formalaşmasında əhəmiyyətli mətbu vasitə idi. Bu baxımdan, Mürsəl müəllim jurnalistika vasitəsilə pedaqoji məharətini uğurla davam etdirib...
Mürsəl Qocayev dumduru ömür yaşadı. Bu duruluq ustada ehtiram kimi, qədirbilənlik kimi xatırlanır. Müəllim öyrədəndi, şagird öyrənən. Müəllim, bu baxımdan ustaddı. Mürsəl müəllim zamanında ona dərs demiş müəllimlərini həmişə ehtiramla xatırlayıb, bu düşündürücü xatırlama sözə çevrilib, sözlər məqalələşib; jurnalist Mürsəl Qocayev ustadları haqqında silsilə məqalələr yazıb. Mənəvi borcödəmə kimi. Akademik Ə.Seyidov, M.Mehdizadə, professorlar Ə.Dəmirçizadə, Əli Sultanlı, eləcə də İ.Əfəndiyev, Z.Tağızadə, M.C.Bağırov və başqaları haqqındakı xatirələr - gərəkli məqalələr səmimiyyətlə yazılıb, oxunaqlığı ilə, tarixiliyi ilə, bir də hamımızın yaşamımızın ağ işığı olan azərbaycançılığı ilə səciyyəvidir. Bu məqalələr diqqəti çəkən bir rubrika ilə təqdim edilib: Nurlu simalar. Məqalələri nur kəlməsinin ifadə etdiyi məzmun ümumiləşdirir. Mənə belə gəlir ki, Mürsəl müəllim bu məqalələri özünə hesabat kimi yazıb. Ömrünə düşən işıqlara görə o işıq yiyələrinin ruhundan halallıq üçün yazıb. Nürsəl müəllim təkcə müəllimlərinin deyil, tələbə yoldaşı olmuş təxəyyül sahibləri, Xalq şairi Qabil, yazıçı Hüseyn İbrahimov, elmlər doktoru Sədi İmanov haqqında da səmimi məqalə yazıb. Oxuyanlar jurnalistin söz dünyasına həsəd aparır.
Böyük Vətən müharibəsi ədəbiyyatın da, jurnalistikanın da mənəvi borcödəmə mövzularından olub. Bu müharibənin ağrılarını yaşayan, əzizini itirənlərin ağılarını eşidən, o illərdə cəbhədən qələbə gözləyənlərin dərdini öz dərdi bilən Mürsəl Qocayev müharibə illərində tarixlər yazan 416-cı Taqanroq diviziyasının döyüşlərindən, qəhrəmanlıqlarından, qəhrəmanlarından silsilə məqalələr yazıb. Azərbaycana, azərbaycançılığa ehtiram kimi. Mayor Mirağa Əliyev, kapitan İsmayıl Sayılov, kapitan Məhəmməd Heydərov haqqında yazdığı oçerklər təkcə müharibənin tarixi haqqında informasiya kimi deyil, həm də jurnalist sənətkarlığı baxımından diqqəti çəkir...
Ədəbiyyat fənnini tədris etmək ədəbiyyatçı olmaq, ədəbiyyatşünas olmaq demək deyil; ədəbi proseslərə yaxından bələd olmayan, poetik sözü. bədii sözü adilərdən seçə bilməyən istər poeziya, istərsə də nəsr haqqında təhlilə söykənən məqalə yaza bilməz. Yazsa da, ədəbi prosesin diqqətini çəkə bilməz. Mürsəl Qocayevin yazdıqları tarixdir. Xalq şairi Səməd Vurğun, Xalq yazıçısı Süleyman Rəhimov, Xalq yazıçısı Əli Vəliyev, yazıçı Cəmşid Əmirov haqqında yazdığı məqalələr bu baxımdan ədəbiyyat haqqında düşüncələrdir. Bu məqalələrə tam məsuliyyəti ilə jurnlistika ilə ədəbiyyatın sintezi deyə bilərik, həm də özündən sonra yazılmış məqalələr üçün gözçəkən işıq misallı.
Jurnalistika ədəbiyyatdan daha çevikdir. Jurnalistika cəmiyyətdə baş verənlərə ədəbiyyatla müqayisədə daha çevik reaksiya verir.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Digər rayonlar kimi Zəngilanda da ərazi özünümüdafiə taboru yaradıldı. Düşmənin həmlələrinin, hücumlarının qarşısıını taborun şəxsi heyəti ilə birlikdə əhali alırdı. Müharibədə mənəvi dəstək döyüşənlərin qələbə ruhunu yüksəldən amillərdən idi. Mətbu söz də mənəvi dəstəkdir, bəlkə də ən gözəl, ən təsirli mənəvi dəstəkdir. Mürsəl Qocayevin məqalələri işğala qədərki dövrdə sözün nizami əsgəri kimiydi; döyüşənlərin gücünə güc idi, inamına inam, sevgisinə sevgi...
Mürsəl müəllimin şəhidlər haqqında yazdığı məqalələr təəssüflə qüruru qoşa yaşatmağa qadir olan jurnalist sözü idi. Onun məqalələri şəhidlərin ruhunun döyüşənlərin sırasında olduğuna jurnalist zəmanəti idi; oxucu da, şəhidlərin əzizləri də, döyüşənlər də bu amili müharibəaparma qüdrətinin tərkib hissəsi bilirdi...
Mürsəl Qocayev vətənsevər jurnalist idi...
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı. Zəngilan oktyabrın 20-də işğaldan azad edildi. Mürsəl müəllim Zəngilanın işğaldan azad edildiyi günü görə bilmədi. O sevinci yaşasaydı, yazdıqları sevincin sözlə ifadə edilmiş abidəsi olardı...
Bacarıqlı, tələbkar, peşəkar, müdrik, ustad redaktor, jurnalistikanın inkişafı üçün özünəməxsus yaradıcılığı ilə silinməz iz qoymuş təvazökar və səmimi Mürsəl Qocayev doğru sözün, dürüst sözün cəfakeşlərindən olub. Hadisələr, faktlar tünlüyündə yaşadılmalıları, tarixləşdirilməliləri peşəkarlıqla, əsl vətəndaş heysiyyətiylə düşüncələrinə, düşüncələrindən ürəyinə, ürəyindən kağıza köçürürdü. Köçürdükləri hadisənin, faktın "söz eksponatı" olurdu. Çağdaş jurnalistikamızın, dünənələrin jurnalistikasını heysiyyətlə öyrənməsini gərəkli bilənlərin sırasındaydı; dünənlərə ehtirama sabahlara qayğı deyənlərdən biri də o idi...
Bayram MƏMMƏDOV
Əməkdar müəllim
çap et