525.Az

Dostumuz, igidimiz, şəhidimiz İlqar... - Nadir Rzalı yazır


 

Dostumuz, igidimiz, şəhidimiz İlqar... - <b style="color:red">Nadir Rzalı yazır </b>

Qış vaxtı zəhmətkeş, əlləri qabarlı bir valideyn, əyin-başı nazik olsa da, əlləri donsa da, şaxtadan üzü göynəsə də, axşam balaları üçün nəsə alıb gətirəndə sevincindən yerə-göyə sığmır. Amma yorğunluq onu əldən salır, canı qızışana qədər sızıltılar keçir bədənindən.

Müharibənin başlanması xəbərini eşidəndə biz də o vəziyyətdə idik. Sevincimizdən ağlayırdıq, amma bu ağlamağımızı bəzən "sevinc göz yaşları" adlandıraraq özümüzü aldadırdıq. Bu göz yaşlarının içərisində sevincdən əlavə, nigaranlıq, qorxu, təlaş var idi. Biri qardaşından ötrü, biri oğlundan, biri atasından, biri yaxın qohumundan ötrü gecə-gündüz fikir çəkirdi. Mən və dostlarım isə gecə-gündüz fikir çəkməyə macal tapmadıq, nigaranlığımız bir gün çəkdi, amma kaş nigaranlığımız 44 gün çəkəydi, biz də təlatümlə müharibənin gedişatını izləyəydik, ürəkdən sevinib hayqıra biləydik. Amma yox, biz bircə gün içində elə dərin iztirab yaşadıq ki...

Sentyabrın 27-si səhər yuxudan ayılanda adətim üzrə telefonu yandırıb Feysbuka daxil olmaq istədim. Baxdım ki, internet işləmir, amma ana səhifədə paylaşılanları görmək olur. Bəlkə də neçə illər idi, belə ürəkdən hönkürməmişdim, yığılıb qalmışdı hər şey. Dezinformasiya olsa da, "Füzuli artıq bizdədir!" statusu məni hönkürtdü. Bəlkə ölüncə yadımdan çıxmaz. Amma bu hönkürtümün içində İlqar var idi. Axı İlqar təhlükəli sahədədir, axı İlqarın gəlməyinə 3 ay qalıb, axı onun ayağı hərdən şişir, ağrıyır, birdən döyüş vaxtı ağrıyar, büdrəyər... Füzuli, torpaq, Vətən, Vətənin bütövlüyü fonunda bir anlıq bu düşüncələr kino lenti kimi beynimdən keçdi. Sentyabrın 28-i, gün batana yaxın digər sinif yoldaşımız Aqşinə zəng elədim. Telefonda onun da səsi durğun idi, mənim də, qorxa-qorxa danışırdıq:

- Aqşin, neçə gündü İlqar zəng edib eləmir, niyə əlaqə saxlamaq olmur ki?

- Mesajlaşıb evdəkilərlə... Yəqin bu yaxınlarda zəng edər.

- Nə xəbər olsa, mənə mütləq de.

- Dur gəl Yeni Yasamala.

- Yox, vaxtım yoxdu, görüşərik sabahda, birigündə.

- Di yaxşı, sağ ol.

Bu telefon zəngi adi zənglərdən deyildi, telefondan bir-birimizin ürək çırpıntılarını da eşidə bilirdik. Boğazımızın düyünü düz-əməlli danışmağa imkan vermirdi.

Axşam işdən çıxıb yoldaşlarla çay içməyə getdik. Saat 10 radələrində evə gəldim. Hər gün 3-də yatan adamam, həmin gün saat 11-də başımı qoydum yastığa. Elə bil hansısa xəbərdən, hansısa zəngdən sehirli bir qüvvə məni qaçırırdı. Mən o vaxt həmin qüvvənin qarşısında təzim edərdim ki, o qüvvə mənə bu xəbəri almağı rəva görməzdi. "Kəklik", "Şanapipik" əfsanəsindəki kimi, "Tanrı məni quş elə, daşlara yoldaş elə..." harayı ilə, yanğısı ilə yox olmaq istəyərdim. Təki, bu xəbəri eşitməyəydim.

Saat 12-nin yarısı digər sinif yoldaşımız Emindən zəng gəldi. Yuxudan oyatmışdı deyə çox acıqlı cavab verdim. Emin ağdamlıdı, Vətən həsrəti nədi yaxşı bilir, özü də soyuqqanlı adamdı, çox nadir hallarda kövrəldiyini görərdim ya görməzdim. "Alo" deyəndə gördüm səsi əsir:

- Emin, nolub, bu, nə vaxtın zəngidir?

- Nadir...

- De görək day...

- Ay Nadir...

- Eşidirəm, Emin.

- İlqar getdi...

- Bilirsən sərt karantindi, 9-dan sonra küçəyə çıxmağa icazə yoxdu, ona görə belə deyirsən. Zarafatlaşamağa başqa mövzu tapmadız? Gecən xeyrə!

Telefonu səssizə qoyub başımı balışa qoydum. Gördüm ki, gözümün yaşı balaşımın bir üzün tamam isladıb, o biri tərəfini çevirdim. Təkcə bir söz dedim: "Allah..!" Nitqimə ayrı bir söz gətirə bilmədim. Telefonu götürüb Aqşini yığdım, Emin deyənləri təkrar elədi. Yenə zarafat elədiklərini zənn edib ağzıma gələni dedim. Sonra ardınca Lətifi, Xəyyamı yığdım, gördüm ki, həmin sözləri deyirlər. İnana bilmədim...

Hövlnak, paltarımı geyinib aşağı düşdüm. 9-dan sonra icazə olmadığından, kimi tutsalar, bölməyə aparırdılar, bəzi icazəli taksilər işləyirdi. Gördüm ki, AzTU-nun yataqxanası ilə üzbəüz bir "07" dayanıb:

- Qardaş, məni Yeni Yasamala apara bilərsən? Sinif yoldaşım əsgərlikdədi, ondan nəsə xəbər var deyəsən. Mütləq getməliyəm.

- Otur gedək.

- Bəs polis saxlasa necə?

- Ona görə kim məni saxlayır saxlasın, mən səni, hara deyirsən, çatdıracam.

Sürücü cavan oğlan idi, onun bu hərəkəti ürəyimin ortasını oymuşdu, hələ də yollarda gözüm onu gəzir...

Emingilin məhləsinə getdim, 5-6 oğlan dayanmışdı. Həəə, onda bildim ki, bu xına o xınadan deyil. Uşaqlar mənə sarı gəlib qucaqladılar, qoşulduq bir-birimizə, elə ağladıq ki...

İlqarı Gəncəyə, öz doğma yurduna aparırdılar. Həmin gecə Eminin atası bizə bir maşın tapdı. Səhər üzü saat 7-də düzəldik yola. Qədim Gəncədən incik düşmüşdük elə bil. Axı biz bura belə gəlməli deyildik. İlqarın həmişə fəxr elədiyi Gəncə axı bizi belə qarşılamamalı idi. İlqarı gətirən tibbi yardım maşını bizdən 10 dəqiqə əvvəl həyətlərinə çatmışdı, İlqar bizi həyətdə "qarşıladı", axı o, hər şeyin qaydasınca olmağını sevirdi...

Biz həyətə girəndə bir cümlə eşitdik və o cümlənin ağırlığı o qədər çiynimizə çöküb ki, 6-cı aydır, o yükün altında özümüzü sıxılıb-əzilən hiss edirik: "Yol verin, dostları gəlib, qoyun çıxsınlar yuxarı". Bu söz deyilməyənə qədər donub qalmışdıq. Bu cümlə sərt sillə oldu bizə, ayıldıq. Heç bir dağ görməyən, sakit təbiətli uşaqlar İlqarı görüb dil açdı. Bizim lal dilimiz haray elədi. Elə haray elədi ki, axşam qayıdanda səsimiz çıxmırdı. İlahi, o boy-buxun bu balaca tabuta necə sığışa bilmişdi?! İlqar bayrağı üzərinə örtüb uyuyurdu. İlqarın gözlərinin eynisi olan bir cüt gözə zillənmişdi gözlərimiz, qardaşının, Tamerlanın gözlərinə. Həm İlqara ağlayırdıq, həm bir-birimizin ağlamağına, həm də Tamerlanın ağlamağına ağlayırdıq. Biz bu mənzərəni görməyi haqq edəcək nə günah işlətmişdik görəsən?!

İlqar bir İlqar idi ki... İnsan övladının üzündə, gözündə bir balaca eyib belə olmazmı? Yox idi onda. Boy-buxunu şümşad kimi idi. Heç nədən qorxmurdu, hər kəsin gözünün içinə dik baxmağı bacarırdı. Sanki şir ürəyi yemişdi. "Sonunu düşünən qəhrəman olmaz" deyirlər. İlqar da belə idi. 2012-ci ildə tanış olmuşduq, onda hələ ayrı-ayrı siniflərdə oxuyurduq. Həmin illərdə bir müddət İlqar üçün "poçtalyon" vəzifəsini də yerinə yetirirdim. Biz hələ məktub yazmaq ənənəsini itirməmişdik. Bu məktubların yazılıb çatdırılması prosesi bizi bir az da yaxınlaşdırdı. İlqar elə mehriban idi ki, az adam tapılardı ki, onunla münasibəti olmasın. Qızlar İlqarı çox sevirdi. Bir cüt göy gözlərinə hər şeyi qurban verməyə razı olanlar var idi. Hamıdan seçilirdi, hər kəsdən fərqlənirdi. Tale elə gətirdi ki, bir neçə il sonra yeni bir sinif yaradıldı və bizi ora yığdılar. Bu gün İlqarçün candan yanan dostları həmin sinifdə cəmləşdilər. Çox yox, 4-5 nəfər idik, bir-birimizə sıx bağlanmışdıq İlqarın xəbəri gələndə zəng elədiyim o insanlarla...

Hələ uşaq vaxtlarından əsl vətənpərvər idi İlqar. Əgər hansısa tədbirdə ayaq üstə bayrağı dalğalandırmaq lazım olurdusa, tez İlqar özünü qabağa atırdı. 2016-cı ilin Aprel döyüşlərində Mahir Quliyev şəhid olanda biz İlqarın nə vəziyyətə düşdüyünün şahidi olmuşduq. Mahirgilin məhləsində izdihamı görüb bir cümlə işlətdi: "Mən də şəhid olsam, bu qədər adam yığışacaq". Bu sözü qulaqardına vurduq, daha doğrusu, əqlimizə yaxın buraxmadıq. Zehnimizə yaxın buraxmaq istəmədiyimiz hadisə isə başımıza gəldi.

İlqar Vüqar oğlu Bürcəliyev 2020-ci il sentyabrın 27-də Talış döyüşləri zamanı şəhidlik zirvəsinə ucaldı. Qəhrəmanlıq salnaməmizdə öz şərəfli yerini tutdu, göstərdiyi şücaətə görə medallarla təltif olundu.

Martın 11-i İlqarın 20 yaşı tamam olurdu, yığışıb ziyarətinə getdik. Gəncənin Şəhidlər Xiyabanı büsbütün qırmızıya bürünmüşdü. Şəhid qəbirlərinin üstü gül-çiçəklə, səməni ilə bəzədilmişdi. İlqarın qara mərmərdən bizə zillənən gözlərinə baxdıqca dərdimiz-yaramız təzələnirdi. Əslində, heç köhnəlməmişdi ki...

Hamımız bir yana, Eminlə İlqarın münasibəti tamam başqa idi, evlərinə də ən çox o gedib-gələrdi. İlqarın atası Vüqar əmi dəfndən sonra Emini qucaqlayıb demişdi: "Məni yaddan çıxartma". Bu söz güllə olub ürəyimizə dəlmişdi sanki. Elə ona görə də qəbiristanlıqda Eminə baxanda daha artıq sızlayırdı ürəyim.

Bu gün İlqarın qoxusunu qardaşı Tamerlandan ala bilirik, bu mənada yeganə təsəllimiz də odur. Ancaq yenə də gözümüz hər yerdə İlqarı gəzir və bir gün qayıdacağına sanki qəribə bir gümanımız var. Gümansız-şübhəsiz əmin olduğumuz isə budur ki, vaxt yetişəndə İlqarla mütləq görüşəcəyik...

İlqar, əziz, unudulmaz dostumuz, nur simalı şəhidimiz! Çox gənc olsan da, sən yetkin bir insan ömrü, əsl qəhrəman ömrü yaşadın. Ruhun şad, məkanın cənnət olsun, şəhid qardaşım!

 





16.03.2021    çap et  çap et