525.Az

Qadını susdurmaq və itirmək


 

Qadını susdurmaq və itirmək <b style="color:red"></b>

 

Bu yazını 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təbrik kimi də qəbul edə bilərsiniz. Bu gün Azərbaycan əhalisinin təxminən 50 faizdən artığına aiddir. Amma görək onların nə qədəri üçün bu gün bir bayramdı? Bu, sərhəddə yaşayan Azərbaycan qadını üçün erməni snayperi tərəfindən vurulan balasının ildönümü, kimisi üçün növbəti “kötək” hədiyyəsi aldığı gündür. Kimisi də sadəcə susmaqla bu günü yola verir- haray çəkən, amma qulaqların fizioloji olaraq qəbul edə bilməyəcəyi bir tezliyə köklənən sükutla... Əlbəttə, yəqin bu günü əsl bayram əhval-ruhiyyəsi yaşayanlar da az deyil... Allah bunu, bayram kimi yaşaya bilməyənlərə də nəsib eləsin...

 

Bəzən kişilər qadın və danışmaq məfhumlarını sinonimləşdirirlər. Qadının danışması, deyinməsi, kişilərin təbirincə desək, “dır-dır” etməsi haqqında o qədər danışılıb ki, hətta lətifə mövzusuna çevrilib. Amma doğrudan da qadın danışırsa, deməli, hələ gülümsəmək üçün əsas var. Vay o gündən ki qadın susa. Bunu psixoloji və fəlsəfi cəhətdən türk şairi Camal Sürəyya “qadınlar susaraq gedər” şeirində daha yaxşı təsvir edib, ona görə təkrarlayıb baş aparmaq fikrindən uzağam.  

 

Ancaq bir-iki məqamı vurğulamaq yerinə düşər. Kişilər qadının çox danışmasından, problemləri qabartmasından, deyinməsindən gileylənirlər. Amma fikirləşmirlər ki, əslində danışan qadın hələ də sevir, məhz buna görə də nələrisə tələb edir. Lakin qadın inadla susmağa başladısa, deməli, nələrisə geriyə qaytarmaq çox gecdi, artıq qatar keçib.

 

Qadının susması ən böyük etirazdı, ən güclü protestdi. Əgər indiyədək qadın döyülüb söyülməyinə rəğmən danışırdısa, deməli, hələ hər şey itirilməmişdi. Amma qadın yumruqlara və ürəyə xəncər kimi işləyən söyüş və təhqirlərə belə biganədirsə, deməli, artıq zorakılığa uğrayana yox, zorakılığı həyata keçirənə acımağın zamanıdır.

 

Vaxtilə sevgisini əldə etmək üçün ilan dili çıxaran, yalvaran, onu əldə etdikdən sonra isə ayağının altına salıb dəli inək kimi tapdalayan kişi qadının sükutunu çırpırsa, atdığı yumruqlar, püskürdüyü söyüşlər qadının sükutuna dəyirsə, o, artıq uduzub. Gec-tez özü də bunu hiss etməyə başlayır.

 

Hələ bu yaxınlaracan danışan qadına “mumla” deyib yerinə oturtduğu o günlər üçün görəsən niyə indi burnunun ucu göynəyir? Hələ indimi ağlına gəldi ki, deməli, danışırdısa, nə isə istəyirdisə, hansısa problemin həlli üçün müraciət edirdisə, tələb edirdisə, deməli, onu güclü sayırmış, ona güvənirmiş, inanırmış, onu bütün problemlərin və çətinliklərin fövqündə görürmüş? Məntiqlə fikirləşəndə, indi inadla susmağa başlaması nə deməkdir? Bəlkə artıq kişi hər an qadının başına endirmək üçün düyüb hazır saxladığı yumruğunu açıb, dilinin ucunda sıxdığı söyüşünü udub bu sualı özünə versin? Qadınmı sənə bəslədiyi bütün güvəni, inamı, ümidi itirib, ya bəlkə sən artıq o qadını birdəfəlik itirmisən? Bəlkə artıq önəmsəmədiyin o qadın sevgisini də ürəyinə qablayıb və ruhu artıq çoxdan birgə həyatınızdan  sivişib gedib? Qalan isə təkcə cismidir, uşaqlarının xətrinə səninlə bir dam altında sürünmək məcburiyyətində qalan cismi...

 

Yaponların ataları deyir: “Qadın evin açarıdır, gərək onu itirməyəsən”. İnkişafın pikində olmalarına rəğmən yaponların atalarının bizim atalarımızdan ağıllı olmasına inanmıram. Ona görə də bu misalı bütün atalarımızın və ata olmaq istəyən kişilərimizin bildiyinə əminəm: açarı itirmək qorxuludur, hələ bu, evin açarıdırsa, onda lap pis...

 

Bayramınız mübarək əziz xanımlar, bütün pis yaşantılarınız keçmiş olsun! Bayram arzum budur ki, Sizi itirməsinlər!
 





08.03.2014    çap et  çap et