525.Az

“Kreativ dərviş” - Müsahibə


 

"YAŞAMAĞA, GÖRDÜYÜM HƏR İŞDƏN, HƏYATDAN ZÖVQ ALMAĞA TƏLƏSİRƏM"

“Kreativ dərviş” - <b style="color:red">Müsahibə</b>

Sizə istedadlı bir gənc - rəssam, memar, dizayner, şair, səyyah, eyni zamanda, olduqca maraqlı, geniş dünyagörüşünə, fərqli düşüncə tərzinə malik  bir insan - Elmir Hüseynov haqqında söhbət açmaq istəyirəm.

Onun bu rəngarəng, zəngin dünyasına səyahət zamanı ən yaxşı bələdçinin elə Elmirin özü olacağı düşüncəsiylə onunla görüşmək, maraq doğuran sualların cavablarını məhz özündən, öz dilindən eşitmək qərarına gəldim. Məncə, söhbətimiz maraqlı alındı. Elə bu üzdən söhbəti sizlərə də təqdim etmək fikrinə düşdüm.

***

- Elmir, fəaliyyətinin miqyası çoxşaxəlidir deyə, düzü, səni təqdim etməkdə bir az çətinlik çəkirəm. Necə bilirsən, səni necə təqdim etsək, daha doğru olar?

- İlk növbədə insan kimi (gülür). Daha doğrusu, insan olmağa çalışıram.

- Rəssam, memar, dizayner, şair, səyyah... Bilmədiyimiz daha hansı bacarıqların var?

- Peşəkar olaraq bir də bilyard oynamaqla məşğul oluram. Tam peşəkar şəkildə. Bir çox yarışlarda iştirak etmişəm. Hobbilərim çoxdur, ancaq peşəkar şəkildə məşğul olduqlarım ancaq bunlardır.

- Bunların özü az deyil ki.

- Peşəkar şair olduğumu deyə bilmərəm, ancaq digər sadaladığınız sahələrlə ciddi məşğul oluram.

- Şeirlərini oxumuşam, hətta bir neçəsini rus dilindən tərcümə də etmişəm. Və düşünürəm ki, bu şeirlər heç də həvəskar birinin yazdığı mətnlərə bənzəmir.

- Ola bilər (gülür). Özümü daha çox kreativ insan adlandırardım. Əgər əvvəllər sadəcə evlərin və mənzillərin dizaynı ilə məşğul idimsə, indi  hər hansı mebel, avtomobil, velosiped, bütöv bir şəhər - bir sözlə, müasir və gözəl olan istənilən əşyanın, obyektin dizaynı ilə məşğul olmaqdan zövq alıram. Başqa sözlə, incəsənət aləmində kreativ bir insan olmağa çalışıram.

- Hansı sahə üzrə təhsil almısan?

- Bakalavr təhsilimi İnşaat və Memarlıq Universitetinin memarlıq fakültəsində, magistr təhsilimi  isə Dövlət Rəssamlıq Akademiyasında almışam. Ancaq heç birində dərslərə demək olar ki, qatılmamışam (gülür).

- Onda gəl öncə rəssamlıqdan danışaq. Adətən müsahibə zamanı verilən ilk sual belə olur: necə oldu ki, bu peşəni seçdiniz, ilk dəfə nə vaxt bu istedadınızın olduğunu hiss etdiniz və s. Mənsə sualı belə qoymaq istəyirəm: niyə rəsm çəkirsən?

- Everest zirvəsini ilk fəth edən alpinist Edmund Hillaridən nə üçün dağlara qalxdığını soruşanda, belə cavab vermişdi: ona görə ki, o dağlar mövcuddur.

Mənə elə gəlir ki, insan doğulanda təbiət ona hansısa bir sahədə müəyyən bir vergi, istedad verir. Məsələn, birində eşitmə orqanı, birində hissetmə duyğusu daha çox inkişaf edir. Məndə isə, düşünürəm ki, görmə qabiiyyəti, müşahidə etmək bacarığı daha güclüdür və məni də uşaqlıqdan yönləndirən elə bu xüsusiyyətdir.

- Amma məncə, burada irsi amil də müəyyən rol oynayır.

- Əlbəttə. Əgər insanın anası, atası, babası rəsm çəkirsə, bu qabiliyyət istər-istəməz onda da özünü büruzə verir. İlk vaxtlar bu məndə bir bioloji faktor idi. Mən dünyanı primitiv şəkildə vizual olaraq dərk edirdim deyə, bu da məni gördüyüm gözəllikləri əks etdirməyə yönəldirdi. İnsan gözəl şeyləri adətən paylaşmaq istəyir. Sonralar isə zamanla insan daha çox həyat təcrübəsi qazanır, daha dərin hiss və həyəcanlar, problemlər yaşayır, beləcə, bu iş səninçün bütün hiss və duyğularını. yaşadıqlarını əks etdirmək vasitəsinə çevrilir.

Gördüyun, yaşadığın hər şeyi danışa bilmirsən, ancaq onları rəsm çəkərək, yaxud  yazaraq ifadə edirsən və sanki rahatlaşırsan.

- Sən bir az məni qabaqladın. Mən elə bu haqda sual vermək isyəyirdim. Sən ilk başda gördüyün gözəllikləri çəkirdin, məsələn peyzaj, natürmort və s. Ancaq son dövrlərdə mənə elə gəlir, sən daha çox görmədiklərini çəkirsən - yəni düşüncələrini, hisslərini, həyata baxışını. Sanki bir etiraz, bir üsyan var sənin əsərlərində. Səncə, bu sənətdə inkişafla bağlıdır, yoxsa daha çox şəxsiyyətin formalaşmasından, dərinləşməsindən asılı olan bir şeydir?

- Böyük danışmaq istəmirəm, amma istər rəssam olsun, istər şair, yazıçı - tanıdığım bütün böyük sənətkarların hamısı üsyankar olublar. Bu, onların ideyaları ilə bağlıdır. Yəni onlar öz dövrlərində mövcud olan problemlərə öz əsərləri vasitəsilə etiraz ediblər və öz ideyalarından dönməyiblər, mübariz olublar.

İnsan ətrafında olub-bitənlərə laqeyd qala bilməyəndə bu problemlər, bu mübarizə ruhu onun daxilində şişir, qabarır və sən bu etiraz, bu üsyan hissindən öz yaratdıqların vasitəsilə azad olursan sanki.

Mən əvvəllər öz mentalitetimizlə heç vaxt barışa bilmirdim. Amma zaman keçdikcə, oturub dərindən düşündükcə, gördüm ki, burda çoxlu gözəlliklər də mövcuddur və hər şey sadəcə ağ-və qaradan ibarət deyil. Doğrudur, çatışmayan cəhətlər də az deyil, məsələn qeyri-səmimilik, ətrafdakılarn fikirlərindən asılılıq və s. Lakin düşünəndə ki, insanlar bunları ayaqda qala bilmək, problemlərlə başa çıxmaq üçün edirlər, sakitləşdim. Görünməyən şeyləri çəkməyə gəldikdə isə, mənimçün insanların yaşadığı müxtəlif psixoloji sarsıntılar, onların anomaliyaları, depressiyaları çox maraqlıdır. Bu müşahidələri kətana köçürəndə isə rəsmlərim bir qədər aqressiv alınır. Elə bil, həyatı, insanları daha yaxşı anlamaq üçün bir az daha dərinliklərə baş vurursan və gördüklərini çəkib onlara göstərirsən. Onların bunu qəbul edib-etməmələri isə artıq başqa mövzudur. Əslində, mən yenə də gördüklərimi çəkirəm, amma indi başqa cür görürəm.

- Rəssamlıq və memarlıq - ilk baxışdan nə qədər oxşar görünsə də, əslində, çox fərqli, demək olar, bir-birinə tam əks qütbdə dayanan sənət sahələridir. Rəssamlıqda insan nə qədər azad ruh, hərəkət, düşüncə, fikir sərbəstliyin içindədirsə, memarlıq  bir o qədər dəqiqlik, səlistlik tələb edən bir peşədir. Müşahidələrim deyir ki, sən azadlığına düşkün birisən. Bu mənada, memarlıqla məşğul olmaq çətinlik yaratmır ki?  

- Tam doğru dediniz. Əslində, bu məsələ illərlə mənə depressiyalar yaşadıb. Bu sahədə çalışarkən, özümü nəyəsə məcbur hiss edərkən uzun illər mənəvi cəhətdən çox sıxıntılar çəkmişəm. Amma maddi çətinliklər ucbatından bu işlə məşğul olmağa məcbur idim. İndi isə artıq memarlığın da sırf bədii hissəsilə məşğul oluram və özümü daha rahat, daha sərbəst hiss edirəm.

- Çəkdiyin rəsm əsərlərini satmaq barədə düşünmüsənmi heç?

-  Hə, əvvəllər, işləmədiyim zamanlarda olurdu. Lakin artıq daimi işim olduğu üçün əsərlərimi prinsipial olaraq satmıram. Onlar qurban vetdiyim azadlığımın mükafatıdır.

- Bəs şeirlər hansı hallarda yaranır.

- İçimdəkiləri ifadə etməyə fırçanın gücü çatmayanda. Bəzən elə hala düşürsən ki, sən bunu rəsm kimi görmürsən.

- Hər bir insan ünsiyyət qurduğu insanlarda müəyyən assosiasiya yaradır. Sənin məndə yaratdığın təəssüratı Nəsiminin məşhur  misrası ilə ifadə edərdim: "Məndə sığar iki cahan...”

- Razıyam. Bəzən elə olur ki, hər şey mənasını itirir - rəngkarlıq da, sənət də... Özünü heç yerə aid edə bilmirsən. Bir də, mənə elə gəlir, hər bir insanın daxilində bir neçə insan yaşayır. Hərdən çox müxtəlif, fərqli təbəqələrin insanları ilə ünsiyyət zamanı özümü onlarla eyni dalğada hiss edirəm. Mənə elə gəlir ki, bu insanların, bu xarakterlərin hərəsindən bir parça daşıyıram daxilimdə. Son vaxtlar mən insanların daxili aləminə, bir insan kimi məziyyətlərinə daha çox önəm verirəm, nəinki onların istedadına, sənətinə və ya bacarığına. Mənim üçün  yaxşı insan olmayan kəs yaxşı rəssam və ya şair deyil. Mən belələrinin sənətini qəbul etmirəm.

- Elmir, səyyahlıqla bağlı bir sual verim: səncə, sən səyyahsan, yoxsa dərviş?

- Kreativ dərviş (gülür).

- Çox maraqlıdır, necə oldu ki, velosipedlə dünyanın o biri başına səyahət etmək qərarına gəldin?

- Düşünürəm ki, bunun kökü uşaqlıqdan gəlir. Uşaq vaxtı, 6-7 yaşım olarkən bir dəfə dayəmlə parkda gəzməyə çıxmışdıq. Dayəmin baxdığı digər uşaqlarla oynayarkən belə bir fikir söylədim ki, xeyir həmişə şərə qalib gəlir. Mənim bu sözümə uşaqlar güldülər ki, bu nə danışır? Və tam əksini söylədilər. Sonra bunu  dayədən soruşduq və o da  mənə güldü. İlk dəfə ürəyini insanlara açan bir uşağın ürəyinə həmin insanlar tüpürməyə başladılar. Sonralar belə hadisələr dəfələrlə təkrarlandıqca bu ürək get-gedə yığılmağa, qapanmağa başladı və sonunda tamamilə özünə qapandı. Beləliklə, məndə insanlara, cəmiyyətə qarşı mənfi hisslər yarandı. Yəqin bu qərarı aldığım an elə o qapanmanın son noqtəsi idi və üstəlik, həm şəxsi, həm də sosial problemlər bu qərara təkan verən amillərdən oldu. Bir neçə il öncə bir dostumla dağlara getmişdik. Dağlarda əvvəllər də olmuşdum, ancaq bu qədər sərt, sıldırım dağlara ilk dəfə idi ki, gedirdim. O zaman başa düşdüm ki, mən nə qədər qorxaq adamam, öz həyatım üçün nə qədər həyəcan keçirir, ölümdən nə qədər çox qorxuram. Bunu dərk etdiyim an özüm-özümə nifrət etdim. Əslində, bu qorxaqlıq məndə uşaqlıqdan ən çox kompleks yaradan bir xüsusiyyət idi və məni rahat yaşamağa qoymurdu. Və fikirləşirdim, bir çarə axtarırdım ki, necə edim, bu qorxu hissindən, bütün varlığımı bürüyən bu nifrət hissindən azad olum. Mən bu qorxunun üstünə getməliydim mütləq. Bəzən dənizə girib İrana qədər üzməyi düşünürdüm. Bütün bunların üst-üstə yığılıb məni yaşamağa qoymadığı ağır günlərdən biri idi. Emalatxanada oturmuşdum. Sonra çıxdım gəzməyə, bu vaxt velosipedlə iki xanım üst-başları çirk içində qarşımdan keçdi. Deyəsən, Avropadan gəlmişdilər. Və həmin an ağlıma bu fikir gəldi. Sonra bir dostumla məsləhətləşdim, bir mədəni layihə kimi bu fikri Heydər Əliyev Fonduna təklif etdik. Beləliklə, fondun dəstəyilə həmin layihə baş tutdu.

- Marşrutu da özün seçmişdin?

- Hə, mən təklif etdim, onlar da düzəliş verdi və yeddi ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Rusiya marşrutu üzrə velosipedlə səyahətə çıxmağım qərara alındı.

- Aldığın qərardan peşman olmadın ki? Yəni qorxu hissi, filan.

- Təbii ki, tərəddüdlərim vardı. Yola çıxdığım ilk anlarda sual verirdim ki, Elmir, sən neynədin? Bu ağır missiyanın öhdəsindən gələ biləcəksənmi? Və əlbəttə ki, qorxu hissi də var idi. Ömrumdə ilk dəfə çöldə, meşədə, yolda bir çadırda gecələyəcəkdim. Bunların düşüncəsi belə ürküdücü gəlirdi ilk başda. Ancaq artıq geriyə yol yox idi. Doğrudur, çox çətinliklər yaşadım. Bəzən günlərlə yaş paltarlar əynimdən çıxmır, çirk-pas içində, ac-susuz qalırdım. Gecələr çadırda yatarkən heyvanların səsləri tük ürpədirdi. Amma bir müddət sonra alışdım.

- Səyahətdən əvvəki və sonrakı Elmir arasında fərq görürsənmi?

- Çox böyük fərq var. Düşünürəm ki, bu səyahət məni və həyatımı büsbütün dəyişdi. Mən insanları sevməyi öyrəndim, onların nə qədər xeyirxah, yardımsevər ola biləcəyini gördüm. getdiyim hər ölkədə insanların dəstəyini, qayğısını hiss etdim. Bütün bunlar illərdir, mənə əziyyət verən nifrət hissindən azad olmağıma kömək etdi.

- Bütün yaradıcı insanlar kimi, sən də daima axtarışda, daima bir narahatlıq içindəsən. Sanki  hansısa gözəgörünməz bir qüvvə səni harasa qovur, tələsdirir. Bildiyim qədərilə çox erkən ailə qurmusan. Artıq özün boyda övladların var. Bu yaşda çox şey əldə etmisən. Sanki etmək istədiklərini bir insan ömrünə sığdıra bilməməkdən qorxursan. Elmir, hara tələsirsən?

- Yaşamağa. Yaşamağa, gördüyüm hər işdən, ümumiyyətlə, həyatdan zövq almağa tələsirəm.

- Yaratdığın əsərlərlə, gördüyün işlərlə insanlara, cəmiyyətə, ümumiyyətlə, insanlığa hansı ismarıcı, mesajı vermək istəyirsən?

- Düşünürəm ki, dünyada ən çətin və ən qiymətli şey özün olmağı bacarmaqdır. Mən hər kəsə özü ola bilməyin xoşbəxtliyini yaşamağı və həyatdan zövq almağı arzulayıram.

- Elmir, söhbət üçün təşəkkür. Uğurların bol olsun.

- Çox sağ olun.

Şahrun SÜLEYMANOVA

 





17.03.2021    çap et  çap et