Ekzema dərinin allergik mənşəli, tez-tez kəskinləşən və uzunmüddətli xroniki gedişə malik iltihab xəstəliyidir.
Statistikaya görə, dəri xəstəliklərinin 30-40 faizini ekzema təşkil edir. Xəstəlik bütün yaş qruplarında inkişaf edə bilir. Adətən ilk dəfə ekzema insanda uşaq yaşlarında başlayır. Bu xəstəlik üçün qızartı - düyün, qovuqcuq - sulanan eroziya, qartmaq - qabıqlanma kimi üç ardıcıl mərhələdən ibarət polimorf səpkilər xarakterikdir. Lakin xəstələr səpgi ilə yanaşı, qaşınma və göynəmə hissindən də şikayət edirlər. Həmçinin, qaşınma ilə birlikdə dəridə ikincili irinli infeksiyaların da yaranma ehtimalı yüksək olur. Ekzema xəstəliyinin ağırlaşmış gedişi nevroza gətirib çıxarır, yuxusuzluq, əsəbilik meydana çıxır, eləcə də dəridə kosmetik pozulmalar (qüsur) dərinləşir. Xəstəliyin etiopatogenezi sona qədər öyrənilməsə də, onun müalicəsi yaranan forma və gedişatından asılıdır. Yaxın qohumlarda ekzemanın aşkarlanması, endogen və ekzogen amillərin təsiri bu xəstəliyin yaranma səbəbləri arasında ön sırada dayanır. Həmçinin, neyroendokrin və immunoloji dəyişikliklər də ekzemanın inkişafına təkan verə bilər. Müasir dermatologiyada ekzemanın bir neçə forması ayırd edilir: həqiqi, mikrob mənşəli, seboreyalı, uşaqlarda rast gəlinən və peşə ekzeması. Onların hər birinin özünəməxsus klinik xüsusiyyətləri var. Qeyd edək ki, ekzemanın həqiqi əmələ gəlmə səbəbləri tibdə hələ ki, məlum deyil. Lakin bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər:
- Şəkərli diabet. Şəkərli diabet zamanı kiçik kapilyarlar zədələnir, dərinin qanla təchiz olunması pozulur və nəticədə ekzema inkişaf edə bilir.
- İrsiyyət faktoru. İnsanın yaxın qohumları (ana, ata, nənə, baba və b.) arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, ekzemanın yaranması və inkişafı riski artmış olur.
- Psixiki travmalar. Ağır stress, gərginlik və psixiki travmalar insanda müxtəlif xəstəliklərin, o cümlədən, dəri xəstəliklərin inkişafına ciddi təkan verir.
- Həzm sistemi xəstəlikləri (qastrit, kolit, qara ciyər və öd kisəsi xəstəlikləri və s.) ekzemaya təkan verən amillərdəndir.
- Qalxanvari vəzi xəstəlikləri (hipertireoz).
- Varikoz xəstəliyi. Varikoz zamanı ayaqlarda qan dövranı pisləşir ki, nəticədə ayaq dərisində tez-tez ekzema əmələ gəlir.
- Digər allergiyalar (qidaya, bitki tozcuqlarına, heyvan tükünə və s.) da dəridə ekzema üçün münbit başlanğıc rolunu oynaya bilər.
- Daimi kimyəvi maddələrlə (boyaq maddələri, yuyucu vasitələr və s.) ərzində təmasda olmaq. Bu ekzemaya kənar təsirlər arasında ən çox rast gəlinən faktordur.
- Mikroblar, göbələklər. Əgər insanın dərisində uzun müddətli iltihab prosesi varsa, bu prosesin fonunda dəridə ekzema inkişaf edə bilər.
Xəstəliyin simptomları onun növündən və mərhələsindən asılı olaraq fərqlənir, lakin ümumiyyətlə, bütün simptomlar oxşardır. Bu simptomlara aiddir:
- Dərinin bir hissəsində qızartı əmələ gəlməsi və həmin yerdə dərinin qalınlaşması.
- İltihablaşmış yerdə səpgilər əmələ gəlməsi. Səpgilər ekzemanın növündən asılı olaraq müxtəlif formada ola bilir.
- Qaşınma əmələ gəlməsi. Bəzən qaşınma o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur.
- Yaranan səpgilərin qabarcıqları deşilir və yerində kiçik ağrılı yaralar, çatlar, dəridə pulcuqlar əmələ gəlir.
- İltihab azaldıqda zədələnmiş yerdə dəri quru olur və çatlayır.
Əksər hallarda ekzema üzdə, əllərdə və ayaq pəncələrində əmələ gəlir, lakin iltihab digər yerlərdə də inkişaf edə bilər. Nadir hallarda olsa da, ekzema insanın bütün dərisinə (cinsiyyət orqanına) yayıla bilər. Bu, çox təhlükəli ağırlaşma hesab edilir. Xəstəliyin diaqnostikası və müalicəsi ilə dermatoloq məşğul olur. Müalicə zamanı allergiya və iltihab əleyhinə preparatlar, xüsusi məlhəmlər və antiseptik məhlullar, fizioterapiya istifadə olunur. Xəstəliyin daha ağır formalarında xəstəyə hormonlar təyin olunur. Həmçinin, xəstə öz həyat tərzində də müəyyən dəyişikliklər etməlidir - yaxşı qidalanmalı, allergiyaya səbəb olan kimyəvi maddələrlə təmasda olmamalı, kifayət qədər dincəlməli və yatmalı, streslərdən uzaq olmalıdır.
Afaq RZA