525.Az

Qulaq çöpünün gizli təhlükəsi


 

Qulaq çöpünün gizli təhlükəsi<b style="color:red"></b>

Qulaq kanalımız özünü təmizləyən bir orqandır. Lakin qulağın kirini təmizləmək üçün pambıqlı qulaq çöplərindən istifadə edirik.

Mütəxəssislər bildirir ki, bu təmizləyici çöplərdə qulağın sağlamlığını ciddi şəkildə təhdid edən gizli təhlükələri var.  Ona görə də, ondan istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Həkimlər bildirir ki, qulaq kirini müəyyən fasilələrlə təmizləmək çox vacibdir, ancaq bunu edərkən qulaq sağlamlığınıza zərər verməməlisiniz.

Qeyd edək ki, qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Xarici qulaq kanalında yaranan qəhvəyi və ya narıncı rəngdə ola bilən qulaq kiri, xarici eşitmə kanalının dərisini qorumaq vəzifəsi ilə yanaşı xarici eşitmə kanalını təmizləməyə və nəmləndirməyə də kömək edir. Həm də mikroorqanizmlərdən qorunmanı təmin edir. Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün önəmlidir. Qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin, ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxanma yaranır.

Mütəxəssislər bildirir ki, qulaq çuxuru və çuxurun dərhal arxasındakı yeri təmizləməyin heç bir ziyanı yoxdur. Bunun üçün salfet və ya pambıqlı çubuqdan istifadə edilə bilər. Lakin onlar qətiyyən qulaq boşluğuna daxil edilməməlidir. Hər hansı bir əşyanı qulaq çuxuruna salmaqla biz xarici eşitmə kanalının dərisinin atmağa çalışdığı kirin yenidən içəriyə daxil olmasına şərait yaradırıq. Əgər təmizləmə zamanı  qulaqdan qan gəlirsə, bunun iki səbəbi ola bilər. Birincisi, xarici eşitmə kanalının dərisinin zədələnməsi, digəri isə qulaq pərdəsinin deşilməsi səbəbindən qanaxma.

Xarici qulaq kanalındakı dərinin zədələnməsi 5-7 gün ərzində bərpa oluna bilir. Qulaq pərdəsinin perforasiyası isə müvəqqəti və ya qalıcı ola bilər. Qulaq pərdəsinin deşilməsi 6-12 həftə müddətində əvvəlki vəziyyətinə gələ bilər, ancaq bu müddətdə qulağı su ilə təmasdan qorumaq lazımdır. Qulaq pərdəsinin bağlanmaması eşitmənin itirilməsinə səbəb ola bilər. Belə olduqda sağlamlığını bərpa etmək üçün əməliyyat tələb oluna bilər.

QEYD: Ani reaksiya və hərəkətləri olan uşaqların qulaqları heç vaxt pambıq çubuqla təmizlənməməlidir. Körpələr üçün xüsusi olaraq hazırlanmış, nazik uclu, ancaq başlığı qalın olan qulaq çubuqları var. Bunlardan qulaq boşluğu xaricində qulağı təmizləmək üçün istifadə edilə bilər, ancaq qulağı nəm bir bez ilə silmək daha təhlükəsizdir.

Qulaq tıxacının təmizlənməsi üçün həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxanmanın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür. Qulaq kirinin təmizlənməsi üçün əvvəlcə qulaqdakı tıxanmanı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxanma tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxanmanın hissəcikləri də xaric olunur. Çirk tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq lazımdır.

Afaq RZA

 





17.03.2021    çap et  çap et