525.Az

Rusiyada internet böhranı - Xaqani Cəfərlinin şərhi


 

Rusiyada internet böhranı - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Martın 10-da Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) Rusiya ərazisində Tvitter sosial şəbəkəsinin sürətini aşağı salmağa cəhd etdi.

Mütəxəssislər "Roskomnadzor"un bu addımını Rusiya hakimiyyətinin ölkə ərazisində interneti "İran modeli" üzrə məhdudlaşdırmaq cəhdi kimi dəyərləndirdilər. "Roskomnadzor" bu addımını Rusiya ərazisində qadağan olunmuş 3168 məlumatı Tvitter sosial şəbəkəsinin silməkdən imtina etməsi ilə izah edir. Daha doğrusu, Tvitter "Roskomnadzor"un tələbi üzrə həmin məlumatların bir qismini silsə də, 2862 məlumatı zərərli heç nə görmədiyi üçün ləğv etməyib. Bundan sonra isə "Roskomnadzor" inzibati tədbirə əl ataraq Rusiya ərazisində Tvitter sosial şəbəkəsinin sürətini aşağı salmağa qərar verib.

 "Roskomnadzor"un bu addımı tamamilə əks effekt verdi. Tvitter sosial şəbəkəsinin sürətini aşağı salınmasına edilən cəhd Kremlin, Dövlət Dumasının, Federasiya Şurasının, Nazirlər Kabinetinin, Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, Baş Prokurorluğun, Təhlükəsizlik Şurasının, İqtisadi İnkişaf Nazirliyinin, Rəqəmsal İnkişaf Nazirliyinin və digər dövlət qurumlarının rəsmi saytlarının qapanmasına səbəb oldu. Ən yüksək dövlət orqanları ilə yanaşı, müxtəlif qurumların saytları da faktiki olaraq fəaliyyətini dayandırdı. Kivi (Qivi) ödəmə sisteminin fəaliyyətində ləngimələr baş verdi. "Sberbank", "Alfa-Bank", VTB, "Tinkoff  Bank"ın müştəriləri də onlayn istifadə zamanı problemlə üzləşdilər. Rusiya rəsmiləri yaranmış problemi başqa səbəblərlə izah etməyə cəhd etsələr də, ictimaiyyəti inandıra bilmədilər. Rusiyada hər kəs anlayır ki, hakimiyyət interneti nəzarətə götürmək cəhdindən imtina etməyəcək və Tvitter sosial şəbəkəsinin sürətini aşağı salınmasına edilən cəhd bu istiqamətdə atılan ilk addımdır.

Rusiya mətbuatının məlumatına görə, bu məqsədə nail olmaq üçün 100 milyon dollarlıq texniki vəsait də alınıb. Mütəxəssislər isə bütün cəhdlərin əks nəticə verəcəyini bildirir və informasiya əsrində internetin qapadılmasının elektrikin kəsilməsi kimi ağır nəticələr doğuracağını bildirirlər.

Rusiyanın hakim dairələrində internetə və sosial şəbəkələrə qarşı mənfi münasibət yeni yaranmayıb. Rusiya prezidenti Vladimir Putin hələ 2014-cü ildə interneti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsi adlandırmışdı. Putin hesab edir ki, internet bu gün də MKİ-nin layihəsi olaraq qalır. Həmin dövrdən başlayaraq Rusiyanın hakim dairələri interneti nəzarətə götürməyə cəhd edirlər. Bununla bağlı bir neçə qanunvericilik aktı da qəbul olunub. Amma qanunvericilik aktlarının qəbulu nə qədər asan olsa da, onları həyata keçirmək bir o qədər çətindir. Bir çox mütəxəssislər bu vəzifənin öhdəsindən Rusiyanın yalnız tam qapalı ölkə modelinə keçməsi halında gəlinə biləcəyini qeyd edirlər. Ekspertlərə görə, bu istiqamətdə atılan bütün əks addımlar yarımçıq qalacaq və ölkəyə yalnız zərər verəcək. Rusiyanın isə Şimali Koreya kimi tam qapalı ölkə modelinə keçməsi hazırkı şəraitdə mümkün görünmür. Məsələ ondan ibarətdir ki, Şimali Koreya və keçmiş SSRİ-dən fəqli olaraq, Rusiya iqtisadiyyatı qapalı iqtisadiyyat deyil. Siyasi əlaqələrin əksinə olaraq, Rusiya Qərblə sıx iqtisadi əlaqələrə malikdir.

Digər tərəfdən, bir neçə aydan sonra "SpaceX" şirkətinin Amerika qitəsi ilə yanaşı, Avropanı da kabelsiz internetlə təmin etməsi gözlənilir. Qurucusu olduğu "SpaceX" və "Tesla" kimi şirkətlərlə texnoloji inqilaba yön verən amerikalı iş adamı və mühəndis İlon Mask bir neçə il əvvəl səmadan yayılacaq kabelsiz qlobal internet ideyası ilə çıxış edəndə, bir çoxları bu ideyanın reallaşacağını qeyri-mümkün sayırdı. Ancaq zamanla vəziyyət dəyişməyə başladı. "SpaceX" şirkətinin raket quruculuğunda qazandığı uğur vəziyyətin dəyişməsinin əsas səbəbi oldu. Bunun da nəticəsində interneti səmadan yerə yayacaq peyklərin kosmosa çıxarılması daha ucuz başa gəlməyə başladı. İlk dəfə 2019-cu ilin mayında Starlink internet layihəsi çərçivəsində peyklərin səmaya çıxarılması baş verdi. Həmin zamandan bu günə kimi "SpaceX" 22 dəfəyə 1323 peyki səmaya çıxarıb. Onlardan 62-si xətdən çıxarılsa da, 1261 peyk artıq təyinatı üzrə istifadə olunmağa başlayıb. "SpaceX"nin layihəsinə uyğun olaraq kabelsiz internetin ilk sınaqları ABŞ-ın Şimal ştatlarında və Kanadada həyata keçirilib və məlumatların 100 Mbit/s sürəti ilə yükləndiyi təsdiq olunub. Hazırda Böyük Britaniya, Almaniya və Yeni Zelandiyada da "Starlink"in testləri aparılır. İlon Mask fevral ayında verdiyi bir açıqlamada bu ilin sonuna kimi bütün Yer kürəsini internetlə təmin edəcəkləri barədə vəd verib. Qeyd edək ki, internetin sürətini 300 Mbit/s-yə yüksələcəyi nəzərdə tutulur.

İlon Maskın vədləri reallaşacağı halda hökumətlər internetə nəzarəti tam itərəcəklər. Buna görə də, Rusiya hakimiyyətinin interneti nəzarətə götürmək üçün sərf etdiyi külli miqdarda vəsaitin havaya sovrulduğu aydın görünür.

İnterneti bağlamaq texniki cəhətdən mümkünsüz olduğu kimi, siyasi-iqtisadi cəhətdən də zərərlidir. İnternetin qapanması Rusiyanın bank sistemi üçün çox ağır nəticələr doğura bilər. İlk növbədə ölkədə iqtisadi münasibətlər zəifləməyə başlayar. Ən əsası isə Rusiya əhalisinin böyük bir hissəsi internetin qapanmasına qarşı çıxa bilər. Sosiloqlar xüsusilə Z nəslinin internetin qapanmasına sərt reaksiya verə biləcəyinə diqqət çəkirlər. Bütün bunlar isə Rusiya hakimiyyətinin interneti qapatmağı nə qədər arzu etməsinə baxmayaraq, reallıqların buna imkan vermədiyini göstərir.

 





17.03.2021    çap et  çap et