525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

Ömərli Kənan Elxan oğlu 8 mart 1999-cu ildə Göyçayın Cəyirli kəndində anadan olub. 2014-cü ildə həmin kəndin orta məktəbini bitirərək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2018-ci ildə kolleci "Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üzrə bitirən Kənan həmin il hərbi xidmətə çağırılıb və Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib. O, hərbçi olmaq istəyini tez-tez dilə gətirərdi, bu sahəni çox sevdiyi üçün müddətdən artıq hərbçi kimi Vətənə xidmət etmək istədiyini bildirib. Lakin valideynlərinin təkidi ilə 2020-ci ilin yanvar ayında hərbi hissə komandirinin təltif etdiyi "Təşəkkürnamə" məktubu ilə evinə qayıdıb.

O, elə həmin ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək döyüşlərdə iştirak etmək üçün könüllü ordu sıralarına yazılır. General Polad Həşimovun şəhidlik xəbərini eşidən Kənan düşmənə qarşı daha da qəzəbli olur, ermənilərdən qisas almaq üçün döyüşə gedəcəyi anı səbirsizliklə gözləyirdi.

O, ötən ilin yayında ali məktəblərə keçirilən qəbul imtahanında yaxşı nəticə göstərərək Gəncə Dövlət Texnologiya Universitetinin "Nəqliyyat mühəndisliyi" fakültəsinə qəbul olunsa da, tələbə olduğunu rayon hərbi komissarlığına bildirmir və sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü yollanır. Sentyabrın 29-da düşmənin hücumlarına qarşı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə başlayan K.Ömərli oktyabrın 6-da Ağdam ərazisində qəhrəmancasına şəhid olub. Kənan Ömərli şəhadətindən sonra "Cəsurluğa görə" medalı ilə təltif edilib.

***

 

Mirzağa Məmmədbağır oğlu Əliyev 1996-cı il iyunun 15-də Neftçalanın Xıllı qəsəbəsində doğulub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R.Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi. Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində taqım komandiri vəzifəsində xidmət edirdi.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-də Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Mirzağa Əliyev şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Natiq Məmmədov İltifat oğlu 1993-cü il 20 iyul Neftçalada anadan olub. 1999-2010-cu illərdə Neftçala rayon Bankə qəsəbəsi 2 saylı orta məktəbdə təhsil alıb. 2011-ci il iyul ayının 20-dən 2013-cü ilin yanvar ayının 4-dək Mingəçevir N saylı hərbi hissəsində rabitəçi vəzifəsində qulluq edib. Əsgərliyi müddətində nizam-intizamı ilə fərqlənib və xidmətini Təşəkkürnamə ilə başa vurub. 2020-ci il 30 sentyabrdan II Qarabağ müharibəsinə yollanıb. Füzuli, Zəngilan, Laçın, Qubadlı istiqamətlərində rəşadətlə vuruşub. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar silahdaşları tərəfindən qürurla dilə gətirilir. O, Qubadlıda qəhrəmancasına şəhid olub. Noyabrın 8-i Neftçalanın Fəxri Xiyabanında dəfn olunub. Subay idi. Natiq Məmmədov şəhadətindən sonra "Qubadlının azad edilməsinə görə" medalı ilə təltif olunub.

***

 

Rəşidov Ziyəddin Arzu oğlu 28 avqust 1997-ci ildə Bakıda doğulub. Evin ən kiçik övladı olduğundan ərköyünlüyü və dəcəlliyi ilə seçilirdi. 2003-cü ildə Xırdalan şəhər 1 nömrəli məktəbdə orta təhsilə başlayıb və 9 il həmin məktəbdə təhsil alıb. Məktəb zamanından idmanı çox sevib. 9 illik təhsilini başa vurduqdan sonra öz istəyiylə Peşə Məktəbinə daxil olub və 2 il həm təhsil alıb, həm də işləyib. 2015-ci ildə Beyləqanda yerləşən N saylı hərbi hissədə sinayper kimi xidmət edir. 2016-cı il Aprel döyüşlərində iştirak edərək, 3-cü dərəcəli döş nişanı ilə təltif olunur. 2017-ci ilin aprel ayında xidmətini başa vurub geri dönsə də, hər zaman döyüşlərdə itirdiyi silah dostlarını xatırlayıb, düşməndən onların qisasını almağa tələsib.

Bacısı Aidə danışır: "Biz ona ad günü keçirməyi heç vaxt imkan edə bilmirdik. 2020-ci ilin 28 avqustunda qardaşımın 23 yaşını ailə içində qeyd elədik, xatirə şəkilləri çəkdirdik, bir süfrə arxasında oturduq. Onun ilk və axırıncı ad gününü beləcə qeyd elədik. Sentyabr ayında səfərbərlik sıralarına adını ilk yazdıranlardan olur. Sentyabrın 20-də atama Hərbi Səfərbərlik Xidmətindən zəng gəlir ki, oğlun adını könüllü yazdırıb. Atam da razı olduğunu deyib. Ertəsi gün - 21 sentyabrda gedişi elə ani oldu ki. Tələsik valideynləriylə görüşüb, "gələcəm" deyib yola düşüb". 

Bir həftəlik təlim zamanında Ziyəddin Rəşidov gizir rütbəsi alır və 27 sentyabrda müharibəyə gizir kimi qatılır. Axırıncı dəfə ailəsiylə oktyabrın 3-də danışan Ziyəddin harda olduğunu gizlətsə də, ondan narahat olmamağı tapşırır, hər şeyin yaxşı olduğunu deyirdi. Oktyabrın 30-da qəhrəman gizirin nəşi Xırdalanda yaşadığı evə gətirilir. Döyüş yoldaşları Ziyəddini cəsur, qorxmaz döyüşçü kimi xatırlayırlar. Yaralanan komandirinə də ilk yardımı Ziyəddin göstərir, onun əl-üzünü yuyaraq təhlükəsiz yerə çıxarır.

Şəhadətindən sonra Ziyəddin Rəşidov "İgidliyə görə", eyni zamanda, Cəbrayılın, Füzulinin, Xocavəndin və Zəngilanın azad edilməsinə görə medalları ilə təltif edilib.

***

 

Atayev Nicat Habil oğlu 5 mart 1994-cü ildə Mingəçevirdə doğulub. 2000-ci ildə Bakıda 200 №li məktəbdə təhsilə başlayıb. 10-cu sinifdən təhsilini Gəncədə 55 №li Kəlbəcər məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan şəhəri N saylı hərbi hissədə keçib. 2013-cü ildə xidmətini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin fiziki hazırlıq fakültəsinə daxil olub. Ali təhsili bitirdikdən sonra sənədlərini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə verib. 2019-cu ildə 3 aylıq zabitlik kursunu başa vurduqdan sonra Füzulidə N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrında başlanan II Qarabağ müharibəsində fəal iştirak edib, döyüşə ilk atılanlardan olub. Elə ilk gün şəhadətə yüksələn Atayev Nicat II Qarabağ müharibəsinin ilk şəhidlərindəndir.

Son dəfə qardaşı Ülviylə sosial şəbəkədə yazışan Nicat vəziyyətin gərginliyini ona bildirib və son tapşırıqlarını verib.

***

 

Fariz Şahin oğlu Həsənov 12 fevral 1987-ci ildə Qazaxın Dağ Kəsəmən kəndində doğulub. Doğma kəndində orta təhsilini başa vurduqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əsgər F.Həsənov hərbi biletinə şərəf və ləyaqətli xidməti ilə sahib çıxıb. Lakin bir müddət sonra Farizin vətəninə və elinə olan sonsuz sevdası onu 2008-ci ildə yenidən MAXE kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşur. O, hərbiyə müvafiq kursu uğurla keçərək çavuş kimi qayıdır. Ailəli idi. Bir oğlan və bir qız övladı var. Fariz Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Füzuli rayonu ərazisində çiynində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən artıq hərbçisini və 2 hərbi vəzifəlisini məhv edib. Şəhadətindən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub. Şəhidimiz doğma Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

***

 

Toğrul İlqar oğlu Feyzizadə 2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-2019-cu illərdə Səbail rayonunun A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbində təhsil alıb. Nişanlı idi.

T.Feyzizadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədidə yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan T.Feyzizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Binə qəsəbəsində dəfn olunub.

Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Tərlan Gölişad oğlu Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlının Zevin kəndində doğulub. 2010-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini əsgər kimi başa vurduqdan sonra könüllü olaraq Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində çavuş rütbəsində hərbi xidmətə davam edib. O, dəfələrlə uğurlu xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən təşəkkürnamə alıb.

Çavuş Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Eyniyev oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

İsmayılov Nizaməddin İsmayıl oğlu 1981-ci il yanvarın 10-da Füzulinin Bala Bəhmənli kəndində doğulub. Ailədə dörd qardaş, bir bacı olublar. O, uşaqlıqdan vətəni sevən, vətənə bağlı biri olub. 1999-cu ildə "N" Saylı hərbi hissədə xidmətə başlayıb və həqiqi xidmətini başa vurduqdan sonra gizir olaraq xidmətinə davam edib. Baş gizir N.İsmayılov 2003-cu ildən 2008-ci ilə qədər İraqda xidmət edib. Qüsursuz xidmətlərinə görə dəfələrlə müxtəlif medal və fəxri fərmanlarla təltif olunub. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 90 illik, 100 illik yubiley medalları, "10 il qüsursuz xidmətə görə 3-cü dərəcəli medal", "15 il qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, "20 il qüsursuz xidmətə görə" medallarına layiq görülüb.

10 illik evli olan Nizaməddin İsmayılovun 2 oğlu Vətənə əmanət qalıb. Böyüyünün 9 yaşı var.

II Qarabağ müharibəsində şərəflə vətənin müdafiəsinə atılan baş gizir N.İsmayılov 27 sentyabr 2020-ci il - müharibənin ən gərgin anlarında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Anası Nabat İsmayılova deyir ki, Nizaməddin 23 il vətənə layiqincə xidmət edib. 23 ilin 4 ilə yaxınını İraqda xidmət edib, sülhməramlı olub. Bir il öncə təqaüdə çıxmalı imiş, amma bunu istəməyib və xidmətini daha 2 il müddətinə artırıb: "Elə bil əsgər kimi gəlmişdi dünyaya, elə əsgər kimi də getdi. Təqaüdə çıxmaq istəmədi. İraqdan qayıdandan sonra Füzuli rayon Şükürbəyli kəndindəki N saylı hərbi hissədə xidmət etməyə başladı. Vətən müharibəsinin ən fəal iştirakçılarından olub Nizaməddin. Yanına qrad mərmisi düşüb. Onu ayağından və kürəyindən yaralayıb. Elə orada da həyatını itirib. Tək olmayıb, 3 əsgəri ilə birgəymiş. İkisinin həyatını xilas edə bilib, özü və yanındakı əsgərlərdən biri isə şəhid olub".

Nabat xanım deyir ki, oğlunun ən böyük arzusu Qarabağa Azərbaycan bayrağını sancmaq olub: "İnanıram ki, onun ruhu bunu duyacaq. Yoxsa, mənə də dözmək çətin olar. Qarabağ alındı, bilirəm ki, oğlumun ruhu şaddır. Məni, balalarını, xanımını gözüyaşlı qoyub getdi. Nə deyim, o yolu seçmişdi, vətən yolunda da şəhid oldu".

Nizaməddin İsmayılov şəhadətindən sonra "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın 6-da Bakıda anadan olub. Əslən Qafanın Atqız kəndindəndir. 1999-2006-cı illərdə Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. Cavid Həsənov 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Tələbəlik illərindən çalışmağa başlayıb.

Cavid Həsənovun atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir. 2014-cü ildə ali təhsilini başa vuraraq, 2014-2015-ci illərdə Gəncə şəhərində həqiqi hərbi xidmət keçib. 2015-ci ildə Xəzər Universitetində İqtisadiyyat və menecment sahəsində magistr pilləsinə qəbul olsa da, 2016-cı ildə təhsilini dondurub.

Cavid Həsənov 2011-2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016-2018-cı illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə "EasyDrill" LLC-də qazma mühəndisi vəzifəsində çalışıb. 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də mühəndis vəzifəsində çalışan azsaylı azərbaycanlılardan biri olan Cavid Həsənov ingilis və rus dillərini sərbəst bilir, müxtəlif layihələrdə iştirak edirdi.

Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Cavid Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadurt və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Lakin ailəsi bu xəbəri gec bilib. Cavid Həsənov noyabrın 18-də II Fəxri Xiyabanda dəfn olunub. Şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovnə qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda N saylı hərbi hissədə ön xətdə xidmət keçib.

Erkən yaşlarında hər iki valideynini itirən İbrahim II Qarabağ müharibəsinə könüllü olaraq sentyabrın 29-dan qoşulub. Silah yoldaşlarıyla birgə Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-ü - ad günündən bir gün sonra Zəngilan uğrunda döyüşlərdə şəhadətə ucalıb.

***

 

Ağaəli Vaqif oğlu Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. Təhsilini Xəzər rayon 181 saylı məktəbdə alıb.

Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.

Ağaəli Yusifov şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Ramil Mərdan oğlu Ağayev 20 dekabr 1984-cü ildə Lerikdə doğulub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. 1990-2001-ci illərdə Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənədlərini versə də, imtahandan keçə bilməyib. 2002-ci ildə yenidən sənədlərini verərək imtahandan keçib. Burda Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisasını oxuyub və 26 iyun 2006-cı ildə məzun olub. Ramil 2006-cı ildə ailə həyatı qurub və işi ilə əlaqədar uzun müddət kirayə qalıb. 2013-cü ildə Sumqayıt şəhərində ev alaraq ailəvi ora köçürlər. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi alır və Mingəçevirdə N saylı hərbi hissəyə göndərilir. 2007-2010-cu illərdə burda xidmət edir. 2009-cu ildə baş leytenant rütbəsi alır. 2010-cu ilin fevral ayından noyabr ayına qədər Gəncə N saylı hərbi hissədə xidmət edir. 2010-cu ilin noyabrından 2016-cı ilin mayına qədər Murovdağ silsiləsində xidmət edir. 2015-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə qalxır. 2016-cı il may-noyabr aylarında Naftalan N saylı hərbi hissədə xidmət edir. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi xüsusi qəhramlığına görə 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən baş leytenant Ramil Ağayevə vaxtından əvvəl mayor rütbəsi verilir.

2016-cı ilin noyabr ayından 2017-ci ilin dekabr ayına qədər Beyləqan N saylı hərbi hissədə xidmət edir. 2017-ci ilin dekabrından 2020-ci ilin yanvarına qədər Ağcabədi N saylı hərbi hissədə Divizyon Qərərgah rəisi vəzifəsində xidmət edir.

2020-ci il yanvardan Beyləqan N saylı hərbi hissədə xidmətini davam etdirməyə başlayır. 27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsində divizionun qərargah rəisi mayor R.Ağayev də döyüşə qatılır, Cəbrayılın alınmasında xüsusi qəhrəmanlıq göstərir. Düşmənin 12 tankını və xeyli sayda canlı qüvvəsini məhv etmiş igid komandir Ağayev Ramil 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Ramil şəhid olmamışdan öncə ailəsinə "əgər mən şəhid olsam, məni doğulub boya-başa çatdığım Lerik şəhərində torpağa tapşırarsınız" - vəsiyyətini etmişdi. Şəhidimizin nəşi öz vəsiyyəti ilə 9 oktyabrda Lerikə gətirilir və orada torpağa tapşırılır. Şəhid Ramil 2 qız övladını - 2007-ci il doğumlu Aysu və 2008-ci il doğumlu Zəhranı xalqımıza əmanət qoyub.

Divizion Qərərgah rəisi, mayor Ramil Mərdan oğlu Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdi.

Sumqayıtda onun xatirəsinə həsr olunmuş "Şəhid bulağı" yaradılıb. Açılışda şəhidin 14 yaşlı qızı Aysun Ağazadə də iştirak edib.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri şəhadətə qovuşduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





18.03.2021    çap et  çap et