525.Az

65 yaş dünənlərin sabahlara hesabatıdır - Yubiley yazısı


 

65 yaş dünənlərin sabahlara hesabatıdır - <b style="color:red">Yubiley yazısı </b>

Vətəni sevmək vətəndaşlıq borcudu. Heç kimin sinəsinə döyüb "Mən Vətəni sevirəm" deməyə haqqı yoxdu; kim "Mən anamı sevirəm" deyir ki?! Bu sevgilər bəşəri (və müqəddəs!) sevgi olduğuna görə onlara borcu kimsə heç zaman ödəyə bilməyəcək. Yəni bu sevgilərin başlanğıcı insanın özünüdərki (ruh amilini nəzərə alsaq, daha əvvəl) ilə bağlıdırsa, sonu son nəfəsdi. Xoşbəxtliyi bu borcları ödəmədə görənlərin ruh qardaşıyam...

Vaqif Məmmədovun bir şeirini xatırlayıram: belə yerdə nə var şair olmağa. Mahiyyəti sevgidi bu şeirin, təbiətə vurğunluqdu...

Zəngilanın Canbar kəndinin də ecazkar təbiəti var. Duruluq duyulur təbiətində. Bu səbəbdən bu kəndin havasını udanların, suyunu içənlərin çox böyük əksəriyyətinin yaşantıları dum-duru olur. Bu, təbiətlə insan xarakterinin koordinasıyasıdı bəlkə? Bəlkə insanın bu və ya digər baxımdan təbiətə bənzəmə istəyinin təzahürüdü? Bayram Heydər oğlu Canbar kəndində doğulub. 1956-cı ildə. Hansı ayda, ayın neçəsində? - adındadı bu sualların cavabı. Mart ayının 21-də. Ruhumuzun bayramı günündə. 1993-cü ilin noyabrından 2020-ci ilin noyabrına kimi yaşanılanlar onun da ruhunu pilələşdirmişdi, incələşdirmişdi. Pilələşən, incələşən ruhunun dönməzliyi də "Zəngilan!", "Canbar!" deyirdi, düşüncələri də, ürəyinin döyüntüləri də, gözlərinin həsrəti də. Hələ analı dünyası. Şair təbiətli anası Məstanın son nəfəsinə bükülən qəhəri. Anasının öyüdlərini dinləyə-dinləyə Bayram müəllim kimi tanındığı, sevildiyi, böyük bir sevgi ilə əhatələndiyi illərin harayı bu 30 ildə göyü yerə ələməliykən buna nədən qüdrəti çatmadı? Həsrətlilərin həsrətinin bitəcəyi günə inama görə...

Düşüncələrinə müharibədə, döyüşlərdə, ruhuna, qəlbinə, duyğularının nizamına-düzümünə döyüşlər səngiyən məqamlarda kəlmələşəndə bələd olmuşam. 93-ün payızında Zəngilana yüzlərlə yük maşını göndəriləndə, hərbi hissənin zabitləri, vətənsevərlər onların qarşısını kəsəndə, təxribata uyub köçənlərin, köçməyə meyillənənlərin düşüncələrini Vətən adından tərpədəndə mən də ordaydım. Kapitan Bayram Məmmədovun "Getdiyiniz mənzilə çatmamış peşman olacaqsınız. Onda yollar sizi geri qaytaracaqmı? Çətin ki, qaytarsın. Qaytarsa da, xəcalət-dən üzüləcəksiniz. Bu xəcalət son nəfəsinizəcən yaxanızdan əl çəkməyəcək..." Neçə-neçə yük maşını geri qayıtmışdı. Onlarla, yüzlərlə nəfəs gəlişin dönüşünə yol almışdı. Onda bir ağbirçəyin "Sürün yerisin, ay oğul. Bizi gor əzabından qurtardın. Arxamızca ağlar qalacaq ocağımızın qarğışından qurtardın..." demişdi. Onda Bayram Məmmədov ağbirçəyin ağ birçəyindən öpmüşdü. Onda kapitan Bayram Məmmədovun Vətən sevgisi, vətənpərvərliyi Zəngilanın aqibətini dolaşığa salmaq istəyənlərin muradını gözlərində qoymuşdu. Tanıdığım Bayram Heydər oğlunu onda daha duyğusallıqla, yenidən, daha əhatəli tanımışdım. Səhərisi gün Şükürataz yüksəkliyində bu haqda söz düşəndə əsgərlərin əlinin avtomatın qundağını necə sıxdığını görəndə zabitlərdən biri pıçıldamışdı: "Tanıyanlar ki, tanıyıb, tanımayanlar onun dediklərini nəsilin-kökün ilkinlərinin ruhunun qınağı bilib..."

Onda bir daha əmin olmuşdum ki, həqiqətən də "El sevəni aləm sevir".

Bayram Məmmədov ərazi özünümüdafiə taborunun komandiri olduğu vaxtlarda döyüşlərdə özü də iştirak edirdi. Ona döyüşlərə getməməyi nəsləhət görənlərə "Döyüşçülər döyüşdən dönə-nə kimi çəkdiklərim məni üzər. Yanlarında olanda, əsgərlərlə nəfəs-nəfəsə döyüşəndə ruhən rahatlıq tapıram...", - belə deyərdi. "Döyüşən komandirin" döyüşə, döyüşənlərə bu biçim münasibəti digər zabitlərə də sirayət edərdi və bu səbəbdən taborda zabit - əsgər münasibətləri həmişə yüksək səviyyədə olardı.

 

Zəngila rayon ərazi özünümüdafiə taborunun komandiri, taborun komandir müavini, Silahlı Qüvvələrin Arxa Cəbhə idarəsində kadrlar bölməsinin baş zabiti, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Hərbi attaşelər və hərbi nümayəndəliklərlə iş şöbəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olmuş ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədov ruhən hərbçidi. Ehtiyata buraxıldıqdan sonra da hərbi qurumlarda işləyib. Amalına təsəlli, ruhuna ruh kimi. 2006-cı ildə ehtiyata buraxıldıqdan sonra həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini - baş müəllimi, Milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi - dosent, xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-german dilləri bölməsinin baş müəllimi vəzifəsində işləyib. Hazırda Milli Məclisdə işləyir (vətənpərvərliyinin, savadının, erudisiyasının, hadisə və faktlara milli ruhun işığından baxmaq qabiliyyətinin zəmanəti ilə!).

Tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanovun yazdıqlarına da istinad etmək istərdim: "2001-ci ildə mən onunla Amerika Birləşmiş Ştatlarında fövqəladə halların idarə edilməsi üzrə təşkil edilmiş beynəlxalq seminarda MDB üzvü olan respublikaların nümayəndələri iştirak edirdilər. Ermənistanın Xarici İşlər Nazirliyinin nümayəndələri də bu seminara qatılmışdı. Onlar diplomat olmalarına baxmayaraq, Bayram müəllimlə təmaslar zamanı sifətlərinin necə ağarıb-bozardığını gizlədə bilmirdilər.

Yadımdadır, digər ölkələrdən olan nümayəndələr tez-tez Bayram müəllimin ətrafında toplaşar, Azərbaycanda baş verən hadisələrin mahiyyəti haqqında ondan ətraflı məlumat alardılar. Ən önəmlisi onun bu tədbirdə iştirak edən yerli televiziya kanalı əməkdaşına verdiyi maraqlı müsahibəsi, suallara tutarlı və əsaslı cavabı oldu. Bu müsahibənin bir neçə saatdan sonra televiziyada verilməsi maraqla qarşılandı, nəinki MDB ölkələrindən olan, həm də digər ölkələrin nümayəndə heyəti və beynəlxalq ekspertlər arasında Azərbaycan nümayəndəsinin yüksək hazırlığının bariz nümunəsi oldu".

Bayram Heydər oğlu həm də SÖZün əsgəridi. Yazdığı oxunaqlı məqalələr təkcə informasiya kimi deyil, informasiyanın işlənilməsi baxımından da diqqəti çəkir. Onun məqalələri dilimizin zənginliyinin, poetikasının "sərgi salonudu" desək, yanılmarıq. Üç məqalədən üç zəmanət fikri fikir söykəncim olsun.

Zəfərdən sonra Zəngilana xitabən yazdığı məqalədən:

"Qaçqınlığın nə olduğunu doğma yurdumuzdan çıxdığımız gecə anlamağa başladıq. Qaçqınlıq ağrı-acıymış, sıxıntıymış, gümanlarıymış, üzülməyən, süzülməyən inamıymış. Doğma ocaqdan uzaqda kəsilən çörək doğma yurdda yeyilən bir tikə çörəyin tamını vermir; doğma yurdun mehr-ülfəti yaşadır insanı. Bu mehr-ülfətə tanrının verdiyi qüdrət deyərdim. Biz illərlə bu qüdrəti bağrımıza basmaq, gözümüzə sürtmək istəmişik. İstəmişik ki, bizi yaşadanı yaşadaq, özümüzdə yaşadaq, ruhumuzda yaşadaq. Yaşadaq ki, Vətən yaşasın. Yaşadaq ki, Azərbaycanımızı dünyanın göyqurşağı bilənlərə qardaş olaq, qardaş olaq ki, bu qardaşlıq da qüdrətə dönsün!.. ("Böyük qələbəyə yaxınıq, Vətən!").

Bacısı haqqında yazdığı məqalədən:

"Anam yadıma düşüb. Mənə elə gəlir ki, əlləri yenə saçlarımda gəzişir... İllərin insafı olmur. İnsafsız illər hamını körpəliyindən uzaqlaşdırır, sonra yeniyetməliyindən, sonra gəncliyindən. Körpəliyimdə bacısında ana qayğısı görən bəxtəvərlərdənəm. Bacım körpəliyindən işə-gücə yarayan olub. Anam həmişə deyərmiş ki, qulluqdar olan qız uşağı böyüyəndə ailəcanlı olur. İmkanım olsa, onu hər gün görərdim. Əlini əlimdə isidərdim. Doymadan üzünə baxardım. Bu duruşla ikimiz də anamızı xatırlayardıq. Üzümə iki damcı göz yaşı düşərdi..." ("Anasızlığımı mənə bacım unutdurur...")

Anası haqqında yazdığı məqalədən:

"Cəmil Əlibəyovun "Mənim analı dünyam" romanını neçə dəfə oxumuşam. Zaminin düşüncələrini düşüncələrimə tən bilmişəm. Əsəri hər oxuyanda bir daha əmin olmuşam ki, hamının analı dünyası ruhunun dünyasıdı. Bu dünyanın səyyarəsi səyyarələrə bənzəmir. Ayları-illəri bütün yaşlarda oğulların-qızların ömrünün beşiyidi. Mənim analı dünyam son nəfəsiməcən işığını uğurumdan - yolumdan, yaşantılarımdan-ömrümdən, közünü - közümdən, sözünü - sözümdən əsirgəməyəcək. Analı dünyam ona görə müqəddəsdi... ("Ruhun ruhumun göy qurşağıdı!..")

Vətən müharibəsində oktyabrın 20-də Zəngilan işğaldan azad edildi. Oktyabrın 20-sini didərgin ruhun doğmalığa dönüşü bilənlərdən biridi Bayram Heydər oğlu. "Zəngilanlılar bu günə son yüz ilin ən gözəli deyir" - Bayram müəllimin etirafıdı. Mənə elə gəlir ki, bu kəlamı ilk dəfə o səsləndirib; bu kəlam müqəddəsliyə müqəddəs sevginin ifadəsidi...

Ana adı gələndə salavat çevirsək, Allaha da xoş gedər... ("Ruhun ruhumun göy qurşağıdı!..")

Belə oxunaqlı, düşündürücü, müəyyən mənada, hadisə və faktlara qeyri-adi yardıcılıq ülgüsü ilə yanaşmanın nəticəsidir ki, Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bayram Məmmədov bu günlərdə "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb...

Bayram Heydər oğlu Məmmədovun ən böyük mükafatı zəngilanlıları, Zəngilanın timsalında Azərbaycanı sevənlərin sevgisidi...

65 rəqəmi yaş olaraq ahıllığın astanasıdı...

65 rəqəmi yaş olaraq dünənlərdən bu günlərə (və sabahlara!) hesabatdı...

Görəsən, Canbar kəndi 37 yaşlı Bayram Heydər oğlunu 65 yaşında görəndə tanıyacaqmı?!

Torpağına üz sürtəndə tanıyacaq, "Taleyimin düyününü döyüşənlər açdı, siz nəfəsinizlə ruhumu titrəyişdən xilas etdiniz...", - deyəcək Canbar. Bayramın, Bayramların şükranlığı göy üzünü bürüyəcək. Həm də 65 yaşında. Bayram günündə...

 





18.03.2021    çap et  çap et