525.Az

Savaş ədəbiyyatı - Orxan Arasdan yeni yazı


 

Savaş ədəbiyyatı - <b style="color:red">Orxan Arasdan yeni yazı </b>

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki 44 günlük zəfəri tədricən ədəbiyyatı da ortaya çıxmağa başladı. Savaşda əsgər kimi yer alan Emin Pirinin qəzetlərdə və sosial mediada yayımladığı yazıları, digər yazıçıların ön və arxa cəbhədə baş verən hadisələrlə bağlı yazdıqları Azərbaycan tarixi üçün çox dəyərli olan bu dönəmin ədəbiyyatda əksi baxımından çox əhəmiyyətlidir.

Mərmərə Universitetinin əməkdaşı, professor Harun Dumanın "Savaş ədəbiyyatı" yazısında dünya ədəbiyyatında savaşla bağlı məsələlər dəyərləndirir. Məqalə müəllifi professor Auerbaxın "Savaş ədəbiyyatı"nı iki kateqoriya üzrə səciyyələndirir. Professor Auerbaxa görə, birinci növ savaş ədəbiyyatı savaş vaxtı yaranan ədəbiyyatdır. Bunlar daha çox qısa qeyd və ya şeirlərdən ibarətdir. Düşməni ələ salan satirik yazılar, əsgərləri tərifləyən xalq mahnıları bu ədəbiyyatın içində yer alır. İkinci növ ədəbiyyat isə sənət baxımından daha vacibdir: məsələn, Lev Tolstoyun "Hərb və sülh", Emil Zolyanın "Çöküş", Stiven Kreynin "İgidliyin qızıl nişanı", Ernest Heminqueyin "Çanlar kimin üçün çalınır?" əsərləri kimi.

Azərbaycanda qısa zamanda yazılan əsərlərə baxanda görürsən ki, müharibənin atəşilə yaşanan coşğulu duyğular bədii nümunələr kimi də ortaya çıxmağa başlayıb. Emin Pirinin qəzetlərdə yayımladığı mətnlər hekayə şəklində yazılsa da, onları müharibə xatirələri kimi də dəyərləndirmək olar. Gənc yazıçı bu notlardan yola çıxaraq gələcəkdə sənət baxımından çox dəyərli roman və hekayələrə imza ata bilər. Onun müharibə zamanı və ondan sonrakı qeyd və yazılarda incəsənətin işırtıları özünü göstərir.

"...Evlərə giririk. Bu evə isə tək girmişəm. Bilmirəm, hansı düşüncə məni bu evə salıb. Bəlkə də, içimdə yatan vəhşi ruh oyanıb, qənimət istəyi məni o evə salıb. İnsanam da... Amma şair ruhum o vəhşinin nəfsinə yenilərək ardıyca addımlayır. Otaqlardan birinə girirəm. Ortalığa dağılmış uşaq geyimləri və beşik. Uşaq otağı imiş. Stolda fotoalbom var. Vərəqləyirəm fotoları" (Modern.az).

Müəllif bu mətni ilə oxucunu bir evə aparır. Duyğuları qarmaqarışıqdır. Savaşın içindəki bu qarmaqarışıq duyğular onun diqqətini gah bir əsgərə, gah da bir yazıçıya yönləndir: "Bir anlıq ruhumdakı vəhşi yoxa çıxır. Hara gedib, bilmirəm. İndi Emin Piri ilə birgəyəm bu otaqda və qarşımda albomdan mənə boylanan uşaq..." (Modern.az).

Qarabağ müharibəsi mövzusunda diqqətimi çəkən ikinci yazıçı Azad Qaradərəli oldu. Kulis.az saytında ilk bölümü yayımlanan "Cəbrayıl Dövlətzadə" romanı dil baxımından axıcı, estetik baxımından diqqətçəkici idi: "Nə olacaq əcaba? Guya bilmirlər. Şimşək sönəcək, ardınca qorxunc göy gurultusu eşidiləcək... İlk baxışda adi bir təbiət hadisəsi. Burada nə var ki? Göydə alov parladı, sonra gurultu... Yəni bir ocaq işartısı kimi, qaynaqçı aparatından qopan qığılcımlar kimi..."

Roman yazıçının bütün diqqətini savaşa və savaşın gətirdiyi dedi-qodulara, əfsanələrə, xəbərlərə yönəldərək başlayır. Müəllifin qulağı səsdədir. Ən kiçik xəbər və ya mövzu diqqətini çəkməkdə, adətən o səsin ardınca qaçmaqdadır. Küçədəki uşaqlar, qəzetlərdə əks olunan xəbərlər, danışılanlar onu müharibəyə sövq etməkdə və axtardığı mövzunu tapmamaqdadır. Sonra 19 yaşındakı qəhrəman bir əsgərin müharibədəki mücadiləsi, vəfatı xəbəri bir əfsanə kimi qulaqlara axır. Hadisəni əfsanələrdən qurtarmaq üçün yazıçı bu dəfə gerçəyin ardınca düşür: "Ta ki nənəsi ilə danışanacan... Onun həqiqətən əfsanə deyil, real insan olduğuna əmin olanacan. Bundan sonra baxdım ki, bir hekayəylə bu məsələdən yaxamı qurtara bilməyəcəyəm".

Yazıçı romanın girişini o qədər sadə və axıcı bir şəkildə yazır ki, sanki özüylə birlikdə oxucu da xəbəri olmadan romanın içinə dalır. O andan etibarən artıq yazıçı Qaradərəli bir müəllif olaraq kənara çəkilir: onu gah "Nanə"nin, gah "Cəbrayıl"ın, gah "ana"nın, gah da "bacı"nın yanında görmək olur. Amma o, sadəcə söyləyəndir. Həm də müəllif yazarkən süni bir tərz seçmir. Bir Azərbaycan nənəsi necə sözə başlarsa, elə başlayır mətni: "Yazmağına yazırlar e... Şeir yazan, məqalə yazan... Bilirəm, hamı ürəyini soyudur, bizə təskinlik üçün yazırlar. Mən bu işləri o qədər də yaxşı anlamıram. Hansı yaxşıdı, hansı pisdi... Bilmirəm ki?.."

Xalqın dilini və ifadə tərzini ustaca qələmə alan yazıçı deyimlərdən, atalar sözlərindən, əfsanələrdən, xalqımızın yuxusuna girən ağsaqqal müdriklərdən yararlanır: "Gecələr ağ saqqallı, ağ geyimli, qoltuğunda kitab bir insan girir yuxuma. Mənə nələrsə deyir, deyir, deyir. Mənsə onun dediklərini anlamıram. Əcəba, dilinimi bilmirəm? Xeyr. Bizim dilimizdə danışır. Bəlkə, çox astadan danışır? Yenə xeyr: səsini aydınca eşidirəm. Bəs?.."

Təəssüf ki, Azad Qaradərəlinin çox az əsərini oxumuşam. Mənə göndərdiyi, Türkiyədə nəşr olunan "Neft tarlaları" adlı romanından və böyük yazıçımız Sabir Əhmədli haqqında yazdığı kiçik bir kitabından xəbərdaram. Axıcı üslubu o zaman da diqqətimi cəlb etmişdi. Yazdığı bu son romanda isə ölkəmizdəki insanların ruh halını, düşüncəsini, müharibə və ölüm qarşısındakı duyğularını sənət diliylə yazıya köçürüb. Ümid edirəm ki, Azad Qaradərəli kimi yazıçılar müharibənin ədəbi yönünü gələcəyə ötürərkən universitetlərimiz də boş dayanmaz, gənc tədqiqatçılar sonuncu müharibə dövründə ortaya çıxan sənət baxımından əhəmiyyətli materialları toplamağa başlayar və onu bir külliyyat halına gətirməyə nail olar.

 





18.03.2021    çap et  çap et